Deyirlər, o insan xoşbəxtdir ki, həyatdan köçəndən sonra da xeyirxah əməlləri daim xatırlanır, özündən sonra gələn nəsillər üçün örnək olur. Belə insanlardan biri də Sabir Əkbər oğlu Ələkbərovdur. Bilik və bacarığı, zəhməti, bitib-tükənməyən arzuları ilə minlərlə insanın qəlbində öz heykəlini ucaldan Sabir Ələkbərovun mənalı ömrü tutduğu vəzifələrindən asılı olmayaraq Vətənə, xalqa xidmətdə keçib.
Yüksək insani keyfiyyətləri
ilə özünə əbədiyaşarlıq qazanan Sabir Ələkbərov 1947-ci il sentyabr ayının 15-də Qərbi Azərbaycanda qədim Göyçə mahalının Cil kəndində doğulub. 1965-ci ildə Ardanış kənd orta məktəbini bitirib və Azərbaycan Politexnik İnsitutuna daxil olub. O, gündüzlər işləyir, axşam şöbəsində oxuyurdu. Ali təhsilini tamamlayıb bir il Qara dəniz sahilində yerləşən Gəlincik şəhərində hərbi xidmət keçdi, sonra isə mikroelektronika sahəsində mühəndislik fəaliyyətinə başladı. Bu dövrdə Politexnik İnstitunun aspiranturasını bitirdi, hətta bir müddət həmin ali təhsil müəssisəsində dərs də dedi.
S. Ələkbərov 1982-90-cı illərdə Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşan, geniş texnoloji bazaya malik yeganə müəssisə sayılan “Azon” zavodunda partiya komitəsinin katibi, sonra isə “Alunit” müəssisəsində baş mühəndis işlədi. Çalışdığı bütün sahələrdə göstərilən etimadı doğruldan S. Ələkbərova 1993-cü ildə daha mühüm vəzifə – Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi (indiki Müdafiə Sənayesi Nazirliyi) sədrinin birinci müavini vəzifəsi etibar edildi. Bir neçə il həm də komitə sədrinin səlahiyyətlərini icra edən S. Ələkbərov 2005-ci ilə, ömrünün sonuna kimi bu vəzifədə çalışdı.
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq yerinə düşər. İyirminci əsrin sonlarına doğru tale Azərbaycan xalqının üzünə güldü, on illərlə ürəklərdə yaşanan istiqlaliyyət arzusu yenidən gerçəkləşdi. Amma tarix bu dəfə də xalqımızı sınağa çəkdi, respublikada yaşanan xaos, iqtisadi tənəzzül, fəaliyyətləri iflic olmuş dövlət qurumları, hakimiyyətə gəlmiş qüvvələrin səriştəsizliyi, Ermənistanın işğalçılıq siyasəti, torpaqlarımıza aramsız hücumları həm dövlət quruculuğunu, həm də nizami ordu yaradılması prosesini çətinləşdirmişdi. Belə bir şəraitdə ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın və müstəqilliyimizin taleyində yeni bir mərhələ oldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası da məhz həmin dövrdən başladi. Prezident, Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin hərbi-elmi prinsiplər əsasında yaradılması, vahid komandanlığa tabe olması, qeyri-peşəkarların hərbdən kənarlaşdırılması, ordu sıralarına yalnız sağlam qüvvələrin cəlb edilməsi, nizami hərbi hissələrin formalaşması tezliklə öz bəhrələrini verdi. Qısa vaxtda formalaşan Azərbaycan Ordusu 1994-cü ilin əvvəllərində öz gücünü göstərdi-Füzuli-Horadiz istiqamətində düşmənə sarsıdıcı zərbə endirildi, işğalçılar qırx kilometrlik məsafədə ərazimizdən uzaqlaşdırıldı. Hərbi təhsil sisteminin təkmilləşdirilməsi, NATO standartlarına uyğunlaşma, bir sıra ölkələrlə qarşılıqlı hərbi əlaqələrin qurulması, gənc zabit kadrlarının hazırlanması məqsədilə geniş hərbi təhsil müəssisələri şəbəkəsinin yaradılması, eləcə də maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində görülən işlər daim dövlətin diqqət mərkəzində idi. Buna görə də hərtərəfli qayğı ilə əhatə olunan Silahlı Qüvvələrimiz çox qısa zaman ərzində yeni inkişaf mərhələsinə qədəm qoydu.
Sabir müəllim o dövrdə istər Xüsusi Maşınqayırma və Konversiya Komitəsi sədrinin birinci müavini kimi işləyərkən, istərsə də komitə sədrinin səlahiyyətlərini icra edərkən müstəqil Azərbaycan dövlətinin yaşaması üçün iqtisadi potensialın, güclü ordunun və müdafiə sənayesinin prioritet vəzifə kimi qarşıda durduğunu yaxşı bilirdi. Özü də bu barədə söz düşəndə xatırladırdı ki, müasir milli ordu və güclü müdafiə sənayesi yaratmadan müstəqilliyimizin qorunmasından və möhkəmlənməsindən, ölkəmizin bölgədə geopolitik güc mərkəzi kimi özünü təsdiqləməsindən danışmaq sadəlövhlükdür.
Sabir Ələkbərov müharibə şəraitində yaşamağa məcbur olan Azərbaycanda milli ordu quruculuğu və müdafiə sənayesinin formalaşdırılması sahəsində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini yüksək dəyərləndirirdi. Ulu öndərimizin hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970–1980–ci illərdə bu sahədə çox böyük işlər gördüyünü, müstəqillik illərində isə, sözün həqiqi mənasında, ölkəmizdə güclü milli ordunun formalaşdırılmasına mühüm önəm verdiyini bildirirdi. O, 2003–cü ildə ümummilli liderimiz Heydər Əliyevin sərancamı ilə “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003–2005–ci illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə hərbi müdafiə sahəsində yeni mərhələnin əsasının qoyulduğunu vurğulayır, bu istiqamətdə komitənin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün var qüvvə ilə çalışırdı.
Sabir müəllim MDB məkanında sayılıb-seçilən mütəxəssislərdən idi. İlk hərbi sənayemizin yaradılmasında böyük zəhmət çəkmişdi. İndi onun yetirmələrinin çoxu müdafiə sənayesinin inkişafında fəal iştirak edir.
“Azon” və “Alunit” müəssisələrində, habelə keçmiş Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsində Sabir müəllimlə işləyən əməkdaşlar, dərs dediyi tələbələr onu həmişə böyük hörmətlə yad edir, yüksək şəxsi keyfiyyətlərə malik bir şəxsiyyət, mədəniyyət və etik davranış nümunəsi kimi dəyərləndirirlər. Bildirirlər ki, o, sənayenin bu vacib sahəsindən gözəl baş çıxaran təşkilatçı idi, yorulmaq nə olduğunu bilməzdi. Respublikamızda və o zamankı SSRİ məkanında çox böyük nüfuza, hörmətə malik idi. Özünə və tabeliyində olanlara eyni dərəcədə tələbkarlıqla yanaşırdı. Nə qədər ciddi idisə, o qədər də həssas və qayğıkeş idi. İnsanlara əl tutmaq, onların qayğısına qalmaq, dərd–sərinə həyan olmaq Sabir müəllimin həyat amalı idi. İnsanlarda dürüstlüyə, səmimiliyə və etibarlılığa yüksək qiymət verirdi, çünki özü də düz, səmimi və etibarlı adam idi. Həyatı yaxşı bilirdi, hadisələri doğru-düzgün təhlil etməyi bacarırdı. İşi, necə deyərlər, işbilənə, bacarana tapşırırdı, gənc kadrlara diqqət və qayğı ilə yanaşırdı. Xeyirxah və sədaqətli insan, gözəl ailə başçısı idi, həyatda ondan öyrəniləsi çox şey vardı...
Sabir Ələkbərov digər vəzifə sahiblərindən üstün cəhətləri ilə fərqlənirdi; ona tapşırılan işi yüksək səviyyədə və keyfiyyətlə icra etməklə yanaşı, insan amilinə də böyük dəyər verirdi. İstər “Azon” və “Alunit” zavodlarında işləyərkən, istərsə də Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi sədrinin səlahiyyətlərini icra edərkən tabeliyində işləyənlər Sabir müəllimi yüksək dəyərləndirir, nəcib insan, bacarıqlı, prinsipial və təmənnasız mövqeyi olan, ətrafındakılara münasibətdə xoş simalı, mülayim, həyatsevər bir şəxsiyyət kimi xarakterizə edirdilər.
S.Ələkbərov işinə, peşəsinə o qədər bağlı adam idi ki, çox vaxt sağlamlığını, şəxsi həyatını belə unudurdu. Bir vaxtlar ürəyində dərin xalq məhəbbətini, tükənməz el-oba sevgisini şərəflə daşıyan S. Ələkbərov bu gün böyük ehtiramla xatırlanır.
Sabir müəllim gözəl ailə başçısı idi. Üç övladı var. Övladlarının hər üçü cəmiyyətimizə, el-obamıza fayda verən insanlardır.
Böyük vətəndaş adını öz əməyi, zəhməti, yüksək şəxsi keyfiyyətləri ilə qazanmışdı. Sabir Ələkbərov ölkəmizin ictimai-siyasi həyatında həmişə fəal iştirak edirdi. 1990-cı illərə qədər dəfələrlə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdi, xalqa, ictimaiyyətə açıq adam kimi tanınırdı.
Sabir Ələkbərov kimi insanlar heç vaxt unudulmur, daim xatirələrdə yaşayırlar.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.