Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Azərbaycan qadınları hazırda dünyanın taleyüklü milli məsələlərinin həllinə sanballı töhfələr verirlər...
Müasir dövrün bir çox Qərb futuroloqları (Nesbitt, Şaff, Toffler və s.) bəşəriyyətin özünü qoruması üçün ictimai həyatın bütün sahələrində qadının rolunun mütləq şəkildə artmasına ehtiyac olduğunu qeyd ediblər. Lakin bu, qadınların hüquqi azadlığı məsələsinin ilk dəfə Qərbdə meydana gəlməsi demək deyil. Qurani-Kərimdə və müqəddəs hədislərdə qadınların hüquqlarına hörmətlə yanaşmaq kişilərin qarşısında mənəvi öhdəlik kimi qoyulub. Qərbdə isə bu proses xeyli sonra vüsət alıb. Cəmiyyətlərdə müşahidə olunan böyük siyasi, iqtisadi və sosial dəyişikliklərlə bağlı XX əsrin ikinci yarısında dünyanın müxtəlif ölkələrində 200-dən artıq qadın təşkilatı yaranır. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın rolu böyük olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini veriblər. Onların adları çoxəsrlik tariximizin səhifələrinə yazılıb.
XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını da bu dövrdə-- istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. Birinci Dünya müharibəsindən sonra qadınların səsvermə hüququ 21 ölkədə tanınıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Müqayisə üçün qeyd edək ki, qadınlar ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə səsvermə hüququ qazanıblar.
Sovet hakimiyyəti illərində Azərbaycan qadını həm elm, həm də mədəniyyət sahələrində bir sıra nailiyyətlər qazanıb və qısa müddət ərzində böyük inkişaf yolu keçib. Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına çalışan sovet rəhbərliyinə etiraz edən insanların, müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında Azərbaycan qadınları da var idi. Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsindən sonra qaçqınlıq və köçkünlük həyatının ağırlığı daha çox qadınların üzərinə düşdü. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadının cəmiyyətdəki fəallığının artırılması üçün qadın hərəkatına dövlət tərəfindən qayğı və dəstək xeyli gücləndi. 1995-ci ildə Konstitusiyanın qəbulundan sonra onların bir sıra hüquqları artdı. Respublikamızda ümummilli lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət idi.
2000-ci ildə ümummilli lider Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna nəzər yetirildi, respublikamızda qadın hərəkatının inkişafına yüksək qiymət verildi. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı. 2000-ci ildə, həmçinin Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı.
Bu gün respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Ölkə başçısı əmindir ki, savadı, yüksək intellekti, vətənpərvərliyi ilə seçilən Azərbaycan qadını xalqımızın ailə dəyərlərinin qorunub saxlanması üçün ölkəmizin davamlı inkişafı və tərəqqisi naminə bütün enerji və bacarığını səfərbər etməyə qadirdir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Azərbaycan bu gün tanınan, sayılan, hörmət və rəğbət bəslənən bir ölkədir. Ona görə də Azərbaycan qadınının səsi bu gün ən yüksək tribunalardan – Milli Məclisdən, AŞPA-dan, dünyanın müxtəlif ölkələrində keçirilən konfrans salonlarından gəlir. Azərbaycan qadını həmin tribunalardan istifadə edərək haqq səsimizi dünyaya bəyan edir. Qadınlarımızın müasir cəmiyyətimizdə tutduğu mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyi səylər, həmçinin mötəbər qurumlarda təmsil olunması fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdəndir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın beynəlxalq aləmdə gördüyü misilsiz işlər, siyasi və mədəni fəaliyyəti ölkə qadınlarının adını daha yüksək zirvələrə qaldırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Mehriban xanımı Birinci vitse-prezident postuna təyin etməsi təkcə onun gücünə, bacarığına, gördüyü işlərin miqyasına, əldə etdiyi uğurlara söykənmir, həm də mətin, mübariz, dəyanətli bir Azərbaycan xanımına inam və etibardan qaynaqlanır. Çünki Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva əvvəl Milli Məclisin deputatı kimi, indi isə Birinci vitse-prezident kimi istər ölkəmizdə, istərsə də Vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz fəaliyyəti ilə həmişə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edib və onların nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübuta yetirib.
BMT-nin Azərbaycandakı nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə iyunun 9-da Bakıda “Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və İnkişaf” mövzusunda konfrans keçirildi. Konfransın əsas məqsədi Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması üçün qadınların cəmiyyətdə iştirakının daha da artırılmasına və gender bərabərliyini nəzərdə tutan qadınlara aid hədəf və göstəriciləri müzakirə etmək idi. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov konfransda bildirdi ki, 2015-ci ilin sentyabr ayında BMT tərəfindən 2030-cu ilə qədər dünyanın dayanıqlı inkişafını təmin etmək məqsədilə “Dünyamızı dəyişdirmək” devizi altında qəbul olunmuş Dayanıqlı İnkişaf Gündəliyinin qəbul edilməsində əsas məqsəd ümumbəşəri problemlərin BMT-nin təşəbbüsü ilə milli dövlətlər tərəfindən aradan qaldırılması istiqamətində səylərin artırılmasına nail olmaqdan ibarətdir. Prezident İlham Əliyevin fərmanı ilə ölkəmizdə yaradılan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Milli Əlaqələndirmə Şurası artıq bu istiqamətdə mühüm səylər həyata keçirməkdədir. Qadınların siyasi və ictimai sferada yüksək fəallıq nümayiş etdirdiklərini vurğulayan Ə.Əhmədov hazırda dünyada qadınlar və kişilər arasında bərabərliyin tam təmin olunmadığını diqqətə çatdırıb. Qeyd edilib ki, beynəlxalq təşkilatların hesablamalarına görə, dünyada kişilərin 70 faizi, qadınların isə 46 faizi ictimai fəaliyyətə cəlb edilib. Cəmiyyətdə bütün işlərin üçdə ikisinin qadınlar tərəfindən icra edilməsinə baxmayaraq, hesablamalara görə, zərif cinsin nümayəndələrinə yaradılan dəyərdən cəmi 10 faiz pay düşür. Hazırda dünya ölkələrində gender bərabərliyinin təmin edilməsi sahəsində mühüm proqramlar həyata keçirilir və artıq 140-dan çox dövlətdə qadınların və kişilərin hüquq bərabərliyi konstitusiyada təsbit olunub.
2015-ci ildə Dünya İqtisadi Forumu tərəfindən dünyanın 144 ölkəsində gender bərabərliyi üzrə reytinqin müəyyənləşdirilməsi zamanı bu göstəricinin daha çox təmin olunduğu dövlətlərin siyahısında inkişaf etmiş, insanlar üçün daha yaxşı həyat tərzi yaradılmış ölkələrdə yüksək səviyyədə olması aşkar edilmişdir. Az inkişaf etmiş ölkələrdə isə gender bərabərliyi indeksi problemi daha qabarıq nəzərə çarpmışdır.
Etiraf edək ki, dünyanın mövcud insan potensialının, intellektual potensialın yarısı qadınlarda cəmləşib. Həmin potensialdan daha çox istifadə edən ölkələrdə yüksək iqtisadi inkişafa nail olunur, nisbətən az istifadə edən ölkələrdə isə bunun tam əksi müşahidə edilir. Gender bərabərliyinin təmin olunması qadınların potensialından istifadə imkanlarını yaradır ki, bu mənada cəmiyyətin inkişafı qadının inkişafından kənarda mövcud ola bilməz.
Azərbaycan cəmiyyətinin dünyanın ayrılmaz bir hissəsi kimi bütün bu məsələlərə kifayət qədər həssaslıqla yanaşdığını bilirik. Tarixən bir çox mədəniyyətlərdə qadına xüsusi hörmət bəslənilib, qadın hüquqlarının qorunması fəlsəfəsi mövcud olub. Fərq yalnız ondan ibarətdir ki, vaxtilə qadın hüquqlarının qorunması, qadına hörmət kimi başa düşülən bu cür yanaşmalar indiki əxlaqi yanaşma ilə üst-üstə düşmür. Bu da baxışların dəyişməsi ilə bağlıdır. Qadının ictimai işlərdən kənarda saxlanılması 200 il bundan əvvəl qadın hüququnun pozulması kimi deyil, əksinə qadına olan hörmətin ifadəsi kimi qəbul olunurdu. Amma indiki əxlaq baxımından yanaşdıqda, qadının istər ailədə, istər ictimai və siyasi həyatda, istərsə də həyatın bütün sferalarında kişilərlə bərabərliyin təmin edilməsi yeni bir əxlaqın, yeni bir mədəniyyətin yanaşmasını ortaya qoyur. Bu da təbiidir. Çünki cəmiyyətin inkişafını bu əxlaqdan, bu mədəniyyətdən, bu yanaşmadan kənarda təsəvvür etmək mümkün deyil. Bu mənada gender bərabərliyi, qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi hər bir müasir cəmiyyətin, o cümlədən Azərbaycan cəmiyyətinin qarşısında duran çox əhəmiyyətli bir vəzifədir. Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan cəmiyyətində qadınların ictimai, siyasi həyatda fəallığının yüksəldilməsi sahəsində həyata keçirilmiş tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycanda qadınlar bir çox sahələrdə kişilərdən daha çox fəallıq göstərirlər. Ölkəmizdə təhsil və səhiyyədə çalışanların 70 faizindən çoxu məhz qadınlardır. Bu, ölkəmizdə qadınların təhsil səviyyəsinin kifayət qədər yüksək olmasından xəbər verməklə yanaşı, həm də onların iqtisadi fəaliyyət sferasındakı fəallığını sübut edir. Hazırda Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının böyük bir hissəsi qadınlar tərəfindən idarə olunur. Bununla yanaşı, qadınlar əvvəlki dövrlərə nisbətən parlamentdə, bələdiyyələrdə daha çox təmsil olunur, onların sayı iqtisadi sferada, sahibkarlıqda getdikcə artır ki, bu da xanımlarımızın ictimai fəallığını sübut edir. Qeyd etmək lazımdır ki, “Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və İnkişaf” mövzusunda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfrans 2030-cu ilədək seçilən başlıca hədəflərə çatmaqda mühüm rol oynayacaq.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai həmin konfransda bildirib ki, BMT Azərbaycanda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsinə daim maraq göstərəcək. O, bu dəstəyin gələcəkdə də davam edəcəyini düşünür və əmindir ki, gender bərabərliyi bütün inkişaf məqsədlərində tərəqqiyə aparan gücdür.
Gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi ölkə siyasətinin mühüm prioritetlərini təşkil edir. Bu baxımdan ötən müddətdə qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda güclü hüquqi qanunvericilik bazası yaradılıb, “Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul olunduqdan sonra bütün qanunlar gender ekspertizasından keçirilib.
Son illər ölkəmizdə hər bir ailənin sosial rifahını yüksəltmək, qadınlar arasında yoxsulluğun aradan qaldırılması və məşğulluğun artırılması sahəsində görülən mühüm işlər, aparılan iqtisadi islahatlar və bu istiqamətdə qəbul olunan dövlət proqramları, sahibkarlığın, o cümlədən, qadınlar arasında sahibkarlığın inkişafına təkan verib. 2012-ci ildə sahibkar qadınların iqtisadiyyatda xüsusi çəkisi 17 faiz təşkil edirdisə, bu ilin əvvəlinə bu göstərici 21 faizə çatmışdır.
Fəxrlə deyə bilərik ki, milli varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrimizin bu günlərədək layiqincə yaşadılmasında misilsiz xidməti olan Azərbaycan qadınları bu gün cəmiyyətimizin tamhüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, həm də çalışdıqları sahədə uğurlar əldə edirlər. Son olaraq onu deyə bilərik ki, qadınların nə dərəcədə inkişaf komponenti kimi çıxış etməsinə diqqət yetirmək lazımdır. Onlar cəmiyyətin ayrılmaz hissəsidir.
Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.