Nardaranda “Erkən nikahlara yox deyək” dərsi

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi və Nardaran Bilik evinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisləri Aysel Əkbərzadə və Cəmilə Kərimova Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə “Erkən nikahlar və onların fəsadları” mövzusunda maarifləndirici söhbətlər aparıblar.

Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə erkən nikahların həm sosial, həm mənəvi, həm də insan sağlamlığı baxımından ziyanlı təsirlərinə dair geniş müzakirə açılıb.    

İSİM-in əməkdaşı bildirib ki, yeniyetmə yaşında ailə quran insan həyatın ritmini pozmuş olur. Orta məktəbi bitirmək, ali məktəbə qəbul olmaq, mütəxəssis kimi yetişmək, bilik və bacarıqları cəmiyyətin inkişafı istiqamətində yönəltmək hər bir insanın strateji hədəfi olmalıdır. Erkən nikahlar bu hədəfə çatmaqda ən böyük maneədir.

Erkən yaşda evliliyin ağır fəsadlar törətdiyinə müxtəlif  həyati misallarla aydınlıq gətirən A.Əkbərzadə məktəblilərə uşaq hüquqları haqqında beynəlxalq konvensiyalar  və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu barədə ətraflı məlumat verib. Bildirib ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməklə yanaşı, ailədaxili zorakılıq hallarına gətirib çıxarır. Dünyagörüşü 18 yaşdan sonra formalaşmağa başlayr. İnsanda bu yaşa qədər ailə haqqında təsəvvürlər ya olmur, ya da yanlış ştrixlərlə əhatələnir. Belədə ailənin idarə olunmasında ciddi səhvlər yaşanır. Son dövrlərdə artan intihar hadisələri, qadınlara qarşı şiddət hallarının böyük əksəriyyəti məhz müqəddəs ailə prinsiplərinin dağılmasının nəticəsidir. 

İSİM-in mütəxəssisi Cəmilə Kərimova erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşanmasından, ana və uşaq ölümlərindən danışıb. Onun sözlərinə görə, son illərdə Azərbaycanda  həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artıb. C.Kərimova qeyd edib ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Mütəxəssis yeniyetmə orqanizminin davamlı inkişafda olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini vurğulayıb.

Bundan başqa, natiq erkən ailə quran yeniyetmələrin təhsil almasının da sual altında qaldığına diqqət yönəldib: “Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır. Çünki onlar özləri də hələ uşaqdırlar”.

Təlimlərdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verilib.

Bilik Fondununn informasiya təminatı sektorundan bildiriblər ki, interaktiv formada keçirilən tədbirin sonunda mövzu ilə əlaqədar slayd nümayiş olunub, iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.

Nardaran Bilik evində keçirilən tədbir Bilik Fondu və İSİM arasında 22 iyun 2016-cı il tarixində imzalanmış Əməkdaşlıq Sazişinə əsasən təşkil olunub.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında