Azərbaycanda reallaşdırılan uğurlu sosial siyasət əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəldilib. Bu vacib məsələni dövlətin inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən Azərbaycan Prezidenti İlham Əliyev son illərin qlobal maliyyə böhranı şəraitində də bu siyasəti uğurla davam etdirir, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması ilə bağlı vacib sənədlər imzalayır.
Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibə nəticəsində ev-eşiklərindən didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli, onları hərtərəfli dövlət qayğısı ilə əhatə etməkdən ibarətdir. Təsadüfi deyil ki, “Qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri bizim üçün həmişə gündəlikdə bir nömrəli problemdir” – deyən dövlət başçısı İlham Əliyev 2004-2016-cı illərdə qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən müxtəlif tədbirlərdə 31 dəfə, o cümlədən yeni salınmış yaşayış qəsəbələrinin və məhəllələrinin böyük əksəriyyətinin açılışında şəxsən iştirak edib. Eyni zamanda, ölkə ərazisində istismar müddəti başa çatmış 16 fin tipli qəsəbə ləğv edilib və orada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülüblər.
2004-cü ildə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” isə ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü idi. Xatırladaq ki, proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün ölkəmizin müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşasına başlanılıb. Sonrakı illərdə isə proqrama edilmiş əlavələrə uyğun olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib. Həmin tədbirlərin nəticəsi olaraq qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınıb, yeni yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi məktəbi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 olimpiya idman kompleksi tikilib, 718 kilometr yol çəkilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ötən illər ərzində məcburi köçkün qəsəbələrinin elektrik enerjisi, qaz, su və rabitə təminatının yüksək səviyyədə təşkili istiqamətində mühüm işlər görülüb. Belə ki, məcburi köçkün qəsəbələrində və yaşayış komplekslərində 960 kilometr su, 1605 kilometr hava elektrik, 442 kilometr qaz xətti çəkilib, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Bütövlükdə isə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 21 ildə 6,2 milyard manat vəsait sərf edilib.
Yeri gəlmişkən, cari ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkədə sosial sahədə həyata keçirilən işlərdən bəhs edərkən demişdir: “ Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq”.
Məlum olduğu kimi, hazırda “Dövlətqaçqınkom”un sifarişi ilə Tərtər rayonu ərazisində 1170 məcburi köçkün ailəsi üçün zəruri sosial infrastrukturu olan 34 ədəd yaşayış binasından ibarət yeni şəhərcik salınır. Şəhərcikdə məktəb, uşaq bağçası, həkim məntəqəsi, inzibati binalar, iki ədəd qazanxana və digər obyektlər tikilir. Yeni şəhərciyin salınmasında “Tunel-Metro İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) də yaxından iştirak edir. Yeri gəlmişkən, tanınmış inşaatçı, “Əməkdar mühəndis” Qərib Dadaşovun rəhbərlik etdiyi bu tikinti təşkilatı 2002-ci ildən başlayaraq respublikamızın ayrı-ayrı yerlərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasında xüsusi fəallıq göstərib. İnşaat sahəsində zəngin təcrübəyə malik peşəkar mütəxəssislərin cəm olduqları bu kollektivə etimad ildən-ilə artıb. Məhz bunun nəticəsidir ki, Tərtər rayonunda salınan yeni yaşayış məhəlləsinin qaz təchizatı sisteminin və istilik şəbəkəsinin qazanxana ilə birlikdə tikintisi bütünlüklə “Tunel-Metro İnşaat” MMC-nin kollektivinə etibar edilib. Xatırladaq ki, layihə çərçivəsində şəhərciyi “mavi yanacaq”la təmin edən 10 kilometrlik xarici və qəsəbədaxili qaz kəmərlərinin, hər birində 4 ədəd qazan olmaqla iki ədəd qazanxananın istilik şəbəkəsi ilə birlikdə tikintisi, eləcə də servis xidməti binasının inşası nəzərdə tutulur. Tikinti işləri çərçivəsində, həmçinin 20 kilometr uzunluğunda paylayıcı istilik kəməri çəkiləcək. Kollektiv 2016-cı ilin dekabr ayında layihənin icrasına start verildiyi gündən indiyədək xeyli iş görməyə də nail olub. Artıq şəhərciyə gələn qaz xəttinin çəkilişi başa çatdırılıb. Hazırda daxili xətlərin çəkilişi sürətlə davam etdirilir. Qazanxanaların və servis xidməti binasının tikintisi isə başa çatmaq üzrədir.
Bununla yanaşı, şəhərcikdə dörd mərtəbəli 36 mənzilli iki ədəd yaşayış binasının tikintisi də “Tunel-Metro İnşaat” MMC-nin kollektivinə həvalə edilib. Hazırda həmin binaların tikintisi sürətlə davam etdirilir. Artıq hər iki binanın birinci mərtəbəsində dəmir-beton işləri uğurla başa çatdırılıb. Sözügedən binaların tikintisinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. 72 ailənin rahat mənzillərə vaxtında köçməsi isə inşaatçılardan çox asılıdır. Məhz bu sadə həqiqəti dərk edən fədakar inşaatçılar Şövqi Seyfullayev, Kamandar Bayramov, Kərim Kərimov və onlarla birlikdə çiyin-çiyinə, gecə-gündüz yorulmaq bilmədən çalışan digər iş yoldaşları bu mühüm vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün imkanları səfərbər edirlər.
Rauf Dadaşzadə gəncdir, inşaat sahəsində ilk addımlarını atır. Azərbaycan Memarlıq və İnşaat Universitetini inşaat mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra“Tunel-Metro İnşaat” MMC-də əmək fəaliyyətinə başlayıb. Ali məktəbdə aldığı mükəmməl savad və peşəsinə hədsiz vurğunluğu ona yüksək etimadın göstərilməsinə səbəb olub. Elə Tərtər rayonu ərazisində salınan yeni şəhərciyin infrastruktur təminatı və iki yaşayış binasının tikintisinə rəhbərliyin ona həvalə edilməsi də məhz bu etimadın nəticəsidir. R. Dadaşzadə deyir ki, son illər dövlət başçısı cənab İlham Əliyev ölkə gənclərinə həmişə diqqət və qayğı ilə yanaşır, onlara yüksək etimad göstərir. Bu da gənclərimizdə ölkəmizin xoşbəxt gələcəyinə inamı getdikcə möhkəmləndirir, onlarda məsuliyyəti birə-beş artırır. O, söhbət əsnasında bildirdi ki, möhtərəm Prezidentimizin bu yaxınlarda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq göstərişindən sonra doğma Qarabağa böyük qayıdışın əsası qoyulub. Bununla da bütün gənclər kimi onda da belə bir inam yaranıb ki, Azərbaycanın işğal altında olan torpaqları gec-tez azad olunacaq və bu ərazilərdə tikinti-quruculuq işlərinə başlanacaq. Elə gənc Raufun da ən böyük arzusu ondan ibarətdir ki, gələcəkdə Qarabağda aparılacaq tikinti-quruculuq işlərində fəal iştirak etsin.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.