Əmək bazarının inkişafı və hər bir əmək qabiliyyətli vətəndaşın səmərəli məşğulluğuna şərait yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə güclü iqtisadi potensiala və yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına yönələn sosial-iqtisadi siyasətinin strateji hədəfləri sırasında yer alıb.
Bu siyasətin icrası olaraq, ölkədə iqtisadi şaxələndirmə şəraitində əmək tutumlu sahələrin yaradılması və çoxsaylı iş yerlərinin açılması əmək resurslarının səmərəli məşğulluğunun təminatında əhəmiyyətli rol oynayır. Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamı isə dövlət məşğulluq siyasətində vətəndaşların özünüməşğulluğuna şərait yaradılmasını nəzərdə tutan yeni bir keyfiyyət mərhələsi açıb. Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb və ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlanılıb.
Proqram çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində ilk tədbir olaraq Tərtər, Hacıqabul və Laçın rayonları üzrə bir qrup işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim edilib. Tədbirdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Olqa Kulayeva videomüraciətlə Azərbaycanda aktiv əmək bazarı proqramlarının genişləndirilməsini yüksək dəyərləndirdiyini bildirib və ölkəmizdə özünüməşğulluq proqramının icrasının BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıb. O, proqramın uğurlu nəticələr verəcəyinə, mal və materiallarla təmin olunan insanların fərdi təsərrüfatlarını inkişaf etdirərək gələcəkdə uğurlu ailə bizneslərini quracaqlarına əminliyini ifadə edib.
Çıxışlarda bildirilib ki,
Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamının icrası istiqamətində “İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili tələbləri” əsasında mərhələli şəkildə işlər aparılıb. İlk mərhələdə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən, 2016-cı ilin aprelinədək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər seçilərək biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Kurslarda BƏT-in baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən iştirakçılara biznes fəaliyyətinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib. İştirakçılardan 1789 nəfəri kursları uğurla başa vurub. Onların hazırladıqları biznes-planların qiymətləndirilməsi biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyektiv və tam şəffaf şəraitdə keçirilib. Kursları bitirənlərdən 80 faizinin biznes planları müsbət dəyərləndirilib. Uğurlu hesab edilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrinə aiddir.
Artıq 10 rayon (Laçın, Tərtər, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay) üzrə 126 nəfər iştirakçının biznes planlarının reallaşdırılması üçün tələb olunan aktivlərin alınaraq iştirakçılara təqdim olunması prosesinə başlanılıb. Laçın rayonu üzrə 12 nəfər, Tərtər rayonu üzrə 11 nəfər, Hacıqabul rayonu üzrə 8 nəfər iştirakçıya biznes planlarına uyğun olaraq fərdi təsərrüfatlarının qurulması üçün mal və materiallar alınıb verilib. Bu proses ölkənin digər rayon və şəhərlərində də davam etdiriləcək.
Tədbirdə özünüməşğulluq proqramının iştirakçısı olan II qrup Qarabağ müharibəsi əlili Ə.Əsədov bildirib ki, ailəsi 7 nəfərdən, o cümlədən 2 nəfər azyaşlı uşaqdan ibarətdir: “Bu sərəncam bizlərə ailə gəlirlərimizi artırmaq üçün güclü dəstəkdir. Çalışacağıq ki, bu imkandan maksimum faydalanaq, verilmiş mal və materiallardan səmərəli istifadə edək. Ailə biznesimizi qurmaq üçün bizlərə belə bir imkan yaratdığına görə Prezidentimizə təşəkkürümüzü bildirir və əmin edirik ki, səy və zəhmətimizlə öz təsərrüfatımızı genişləndirəcəyik”.
Tədbir iştirakçıları Tərtər rayonunun Seydimli kənd sakini S.Məmmədova, L.Abdullayeva, Qaradağlıda M. Məmmədov, Təzəkənddə H.Zalovun özünüməşğulluq proqramı çərçivəsində yeni qurulmuş fərdi heyvandarlıq təsərrüfatları ilə tanış olublar. Yeni fərdi təsərrüfata sahib olan iştirakçılar onların özünüməşğulluğunun təmin olunması, ailə gəlirlərinin artırılması, ümumən biznes imkanlarına malik olmaları üçün yaradılan şəraitə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Mal və materialların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini M.Kərimli, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı M.Məmmədov, Milli Məclisin deputatı S.Alıyev, BƏT-nın baş təlimçisi A.Rəhimov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri U.Rəhimoğlu və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Proqram çərçivəsində növbəti tədbir Hacıqabul rayonunda keçirilib. Mal və materiallarla təmin olunmuş Qarabağ müharibəsi veteranı A.Qədirov, F.Mehdiyev və F.Nuriyevanın fərdi təsərrüfatları ilə tanışlıq olub. A.Qədirov 4 nəfərlik ailəsinin bu yeni təsərrüfatı inkişaf etdirmək üçün yaxşı imkanlarının olduğunu vurğulayıb: “Rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatda idim. Özünüməşğulluq proqramı barədə öyrənəndən sonra həmin proqramda iştirak etmək üçün mərkəzə müraciət etdim. Çox obyektiv və ədalətli şəkildə seçim edildi və mən iki aylıq kursa cəlb olundum. Fermer təsərrüfatı qurmaq və onu inkişaf etdirmək üçün bu kursda çox şey öyrəndim. Artıq mənim ailəmin öz fərdi təsərrüfatı var. Belə böyük diqqət və qayğıya görə dövlət başçımıza təşəkkür edirik”.
F.Mehdiyev və F.Nuriyeva da onlara öz ailə təsərrüfatlarını qurmaları üçün geniş imkan yaradılmasına görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar verilən mal və materiallar müqabilində uğurlu ailə biznesi quracaqlarına əmin olduqlarını vurğulayıblar.
Qeyd edək ki, özünüməşğulluq proqramı çərçivəsində 1500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə biznesinin qurulması yolu ilə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğu təmin olunacaq. Həmin insanların ailə bizneslərinin təşkilindən sonrakı dövrdə təsərrüfatlarını necə idarə etdikləri müşahidə altında saxlanılacaq. Müvafiq hallarda onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün lazımi məsləhətlər, tövsiyələr veriləcək, bunun üçün zəruri institusional işlər aparılacaq.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.