Qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, 2016-cı ildə ölkəmizdə sosial və infrastruktur layihələrinin icrası davam etdiriib, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə zəruri tədbirlər həyata keçirilib. Bu və digər məsələlər barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ətraflı söhbət açılıb.
İclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 2016-cı ildə ölkə üzrə 1 milyon 413 min abonentə içməli su təchizatı və kanalizasiya xidmətləri göstərilib, istehlakçılara 639 milyon kubmetr su satılıb. Hesabat ilində 745 kilometr içməli su, 435 kilometr kanalizasiya xətləri çəkilib, 15 ədəd su anbarı tikilib, 26 subartezian quyusu qazılıb, 116 min sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində 143 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 134 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakı şəhərində 80,6 faizə, ölkə üzrə isə 65,6 faizə yüksəlib. Ölkə Prezidenti İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq 2016-cı ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın şəhər və rayon mərkəzlərində, kəndlərdə mühüm layihələrin icra edildiyini diqqətə çatdıran natiq dövlət başçısının iştirakı ilə Tərtər, Beyləqan və Qusar şəhərlərində su və kanalizasiya sistemlərinin açılış mərasimlərinin keçirilməsini ilin əlamətdar hadisələri kimi səciyyələndirib. Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə magistral su xəttinin çəkilməsi, Şirvan şəhərinə isə yeni birləşmə verilməsi nəticəsində hər iki şəhərdə istehlakçılar keyfiyyətli içməli su ilə təmin olunub.
Hazırda Gədəbəy, Daşkəsən, Xaçmaz, Qobustan, Şamaxı, Ağdaş şəhərlərində su və kanalizasiya şəbəkələrinin inşasının yekunlaşma ərəfəsində olduğunu deyən “Azərsu” ASC-nin sədri ötən il Ağcabədidə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin, Şəki şəhərində həyata keçirilən layihənin növbəti mərhələsinin icrasına başlanıldığını diqqətə çatdırıb. Hesabat ilində, həmçinin 23 kənd və qəsəbədə görülmüş işlər nəticəsində 30 minədək sakinin içməli su problemi həll edilib.
Bakı şəhəri və Abşeron yarımadasında həyata keçirilən layihələr barədə məlumat verən Q. Hüseynov Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin dünyada ilin 4 böyük və önəmli su layihəsindən biri seçilməsini qürurverici hadisə adlandırıb. Ötən il Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilib, Nizami rayonunda 25 kilometr şəbəkə və məhəllədaxili xətt yenidən qurulub, 16,6 min sayğac quraşdırılıb. Nərimanov rayonunda isə 54 nasosxananın fəaliyyəti dayandırılıb, 23 min nəfər fasiləsiz su ilə təmin edilib.
Daha sonra “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, sədr müavini Köçərli Həsənov, iqtisadiyyat və uçot idarəsinin rəisi Yaşar Kəlbiyev, informasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Emil Əhmədov, texnoloji proseslərə nəzarət və ekologiya şöbəsinin rəisi Zahid Qasımov çıxış edərək müvafiq sahələr üzrə 2016-cı ildə görülmüş işlər barədə ətraflı məlumat veriblər.
İclasa yekun vuran “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verib. Qeyd olunub ki, 2017-ci ildə Xırdalan və Qazax şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılacaq, Gəncə, Şəki, Beyləqan, Ağcabədi, Tərtər, Gədəbəy, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində tullantı sutəmizləyici qurğuları tikiləcək. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində 20 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə yeni layihələr həyata keçiriləcək. Zərdab rayonu ərazisində Kür çayından saniyədə 3 kubmetr su götürmək üçün sugötürücü qurğu və nasos stansiyası tikiləcək, 15 kilometr uzunluğunda kəmər çəkiləcək. Artıq bu istiqamətdə tikinti-quraşdırma işlərinə başlanılıb. Hacıqabul rayonunun Talış kəndindəki təmizləyici qurğunun imkanlarından istifadə etməklə Padarçöl ərazisinə 27 kilometr xətt çəkiləcək.
İclasda məcburi köçkünlərə şamil olunan güzəştlərin vahid müavinətlə əvəzlənməsindən irəli gələn məsələlərin qısa müddətdə həll edilməsi, debitor borcların azaldılması məqsədilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması sahəsində ciddi tədbirlərin görülməsi tapşırılıb. Səhmdar cəmiyyətin sədri, həmçinin 2017-ci ildə Bakı şəhərində birinci Bakı beynəlxalq su həftəsi, “Formula-1” Azərbaycan Qran-prisi, İslam Həmrəylik Oyunları və digər beynəlxalq tədbirlərin keçirilməsi nəzərə alınaraq göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı tapşırıqlar verib.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.