Kənd təsərrüfatının inkişafı suvarma sistemlərinin təkmilləşdirilməsindən asılıdır

Kənd  təsərrüfatının  inkişafı ölkədə prioritet  sahələrdən biridir. Ona görə də  Azərbaycanda  bu  sahənin inkişaf etdirilməsi  üçün  bütün lazımi tədbirlər  görülür. Bunun  üçün ölkədə  suvarma və meliorasiya işlərinin  genişləndirilməsi də əsas məsələdir. 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası  regionlarının 2014-2018-ci illərdə  sosial-iqtisadi inkişafı Dövlət  Proqramı”nın üçüncü ilinin yekunlarına həsr olunmuş  konfransdakı nitqində  bu  məsələyə xüsusi önəm verildiyini bildirmişdir: “Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülmüşdür. Yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılmışdır. Dörd su anbarı tikilmişdir. Xüsusilə, onların arasında ən böyük Taxtaköprü və Şəmkirçay su anbarlarını qeyd etmək istəyirəm. Tovuzçay, Göytəpə su anbarları tikilmişdir. Bu da çox böyük vəsait tələb edən məsələlərdir, amma çox lazımdır. Çünki əfsuslar olsun ki, bizim su ehtiyatlarımız ölkəmizin hüdudlarından kənarda formalaşır. Ona görə biz sudan səmərəli istifadə etməliyik və ölkə daxilində elə imkanlar, elə infrastruktur, rezervuarlar yaratmalıyıq ki, həm ehtiyatımız olsun, həm də biz əkin sahələrini genişləndirə bilək”.

Bütün bölgələrdə olduğu kimi,  Abşeronda da  kənd təsərrüfatı məhsullarının  istehsalı  üçün münbit şərait mövcuddur.  Abşeron iqtisadi rayonunda kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük, gülçülük və quru subtropik meyvəçilik təşkil edir. İqtisadi rayonda aqroiqlim şəraiti zeytun, zəfəran, püstə, badam, əncir, ağ şanı və qara şanı üzüm sortlarının, qarpız və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verir.

 Bu gün Abşeron ya-rımadasında əncir, zeytun və badamın becərilməsi ilə məşğul olan ixtisaslaşdırılmış bitkilər yetişdirilməsinə  diqqət artırılır. Məlumdur ki, Abşeron yarımadası ölkəmizin əsas zeytunçuluq bazasıdır. Burada zeytunun və əncirin meyvələrindən emal olunmuş məmulatlar dünya bazarında və sərgilərdə yüksək qiymətləndirilir və mükafatlara layiq görülür. Kənd təsərrüfatının başqa  sahələrinin də burada  inkişaf  etdirilməsinə  geniş imkanlar var.  Bunun  üçün  suvarma sistemlərinin yenidən  qurulması  mühüm əhəmiyyət kəsb edir.

Möhtərəm Prezidentimiz  konfransda  meliorasiya  və suvarma  sistemləri ilə  bağlı  görüləcək işlərdən  bəhs edərkən demişdir: “Bu sahənin inkişafı bizim həm ərzaq təhlükəsizliyimizin təmin olunmasına, həm də ixrac potensialımızın artırılmasına xidmət göstərir. Bu il təqribən 150-160 min hektar torpağa suyun verilməsi təmin edilməlidir. Bu, çox böyük rəqəmdir. Biz buna nail olmalıyıq. Buna nail olmaq üçün imkanlar var. Müvafiq göstərişlər verilibdir. Bu layihələrin icrası nəticəsində bizim ixrac potensialımız böyük dərəcədə artmalıdır. İndi yeni suvarılacaq torpaqlarda hansı məhsulların əkilməsi ilə bağlı işlər gedir. Elə etməliyik ki, ilk növbədə, öz daxili tələbatımızı ödəyək və eyni zamanda, güclü ixrac potensialı da yaratmalıyıq”.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin reallaşması  burada kənd təsərrüfatının inkişafına da  yeni perspektivlər yaratmışdır. İndi Abşeronun əkin üçün yararlı  bütün  torpaqlarının suvarma suyu ilə təmin edilməsi imkanları mövcuddur. Bunun  üçün  “Meliorasiya  və  Su Təsərrüfatı”  ASC  bizə hər cür imkanlar yaradıb. Calışacağıq ki, Abşeronda  kənd təsərrüfatının  suvarma suyu ilə tam təchiz olunmasını təmin edək.

Yusif  ƏLƏSGƏROV, 
Abşeron  Suvarma Sistemləri İdarəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında