“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş tədbirlər uğurla yerinə yetirilir. Hazırda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) yenidən qurulması işləri aparılır.
Xatırladaq ki, layihəyə uyğun olaraq 154,4 kilometr uzunluğu olan avtomobil yolunun yenidən qurulması Mingəçevir-Mingəçevir stansiyası, 2-ci Aran-Qarağacı və Qarağacı-Bəhrəmtəpə hissələri üzrə həyata keçirilir. 16,4 kilometrlik Mingəçevir-Mingəçevir stansiyası hissəsində yenidənqurma işlərinə ötən il start verilib və işlərin bu ilin yay aylarında yekunlaşdırılması planlaşdırılır. Yolun bu hissəsi 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə əsasən, yolun hərəkət hissəsinin eni 7,5 metr olmaqla ümumi eni 15 metr təşkil edəcək və iki hərəkət zolağından ibarət olacaq. Hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr təşkil edəcək. Hazırda sözügedən hissədə torpaq işləri yekunlaşmaq üzrədir. Təqribən 11 kilometrlik ərazidə əsasın alt layı və qırmadaş lay, 9,5 kilometrlik ərazidə isə bitumlu əsas lay və əlaqələndirici lay inşa edilib. Bundan başqa, Kürəkçay üzərində 1 aşırımlı və 18 metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də aparılır. Artıq layihə üzrə işlərin 60 faizi tamamlanıb.
Yolun 26 kilometrlik Aran-Qarağacı hissəsi iki hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin sonunda başlanılıb. Layihə üzrə yolun ümumi eni 12 metr olacaq. Bura 7 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə çiyinlərin eni 2,5 metr təşkil edəcək. Hazırda sözügedən hissədə mobilizasiya işləri tamamlanmaq üzrədir. Ötən müddətdə 4,5 kilometr ərazidə torpaq yatağının tikintisi, 7,5 kilometr ərazidə isə bitki qatının çıxarılması və 8 kilometr mövcud asfaltın frezlənməsi işləri aparılıb. Bundan əlavə, layihə çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna avtonəqliyyat vasitələrinin rahat və maneəsiz keçidini təmin etmək məqsədilə iki aşırımlı və 63 metr uzunluğunda qovşağın, həmçinin yolun 9,3-cü kilometrində-- İncəçay üzərində bir aşırımlı və 33,8 metr uzunluğunda avtomobil körpüsünün, 5 ədəd yeraltı keçidin və 82 ədəd müxtəlif ölçülü boruların inşası işləri aparılır.
111,9 kilometr uzunluğunda olan Qarağacı-Bəhrəmtəpə hissəsi üzrə də yol iki hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin əvvəllərində başlanılıb və iki il müddətində tam olaraq yekunlaşdırılması planlaşdırılır. Hər bir zolağın eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni 7 metr, ümumi yol yatağının eni isə 12 metr təşkil edəcək. Bura hər bir istiqamət üzrə 2,5 metr enində çiyin hissələr də daxildir. Artıq 24,3 kilometr hissədə torpaq işləri görülüb, körpü, boru və yeraltı keçidlərin tikinti işləri aparılır. Layihə üzrə yolun keçdiyi Tərtər və Xaçın çayları üzərində avtomobil körpüləri inşa edilir. Bununla yanaşı, yol boyu nəzərdə tutulan 17 yeraltı keçiddən 7-si, 243 ədəd müxtəlif diametrli borudan 45-i tikilib, digərlərinin inşası isə davam etdirilir.
Bütövlükdə isə yolun inşası “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Xatırladaq ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.
M.YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.