Naxçıvanın “7 möcüzəsi” – muxtar diyarın turizm xəritəsinə işıq salan mayak

 

 

Təbiətin və tarixin möcüzə təsiri bağışlayan qəribəlikləri bütün dövrlərdə maraq dairəsi geniş olanların diqqətinə hakim kəsilib, bəşəri biliklər sistemində yer alaraq günümüzə gəlib çatıb. Şübhəsiz, qədim dünyanın “7 möcüzəsi” bu sırada birinciliyini qoruyub saxlamaqdadır.

Sən demə, Yer üzünün ən qədim yaşayış məskənlərindən olan, təbiətinin və tarixinin zənginliyi ilə seçilən Naxçıvan diyarının da öz “7 möcüzəsi“ var imiş. Muxtar respublikanın turizm potensialında bu 7  obyektin çəkisini və rolunu nəzərə alıb mülahizələrimi “Xalq qəzeti”nin oxucuları ilə bölüşürəm.

Neft sektorundan sonra ölkəmizdə prioritet inkişaf istiqamətlərindən olan turizmin inkişafı, əsasən, iki amillə bağlıdır. Birincisi, hər hansı ölkəyə və regiona turistlərin cəlbi üçün yetərli infrastruktur olmalı, onların rahatlığı və  təhlükəsizliyi təmin edilməlidir. İkincisi, gəldiyi ölkə turistlər üçün fərqliliyi, xüsusən qəribəliyi ilə seçilməli, onlarda maraq doğuran görüntü və təzahürlərdən doğan “niyə” sualı mütləq cavablandırılmalıdır. Yəni, hər bir şəxs səyahət edəcəyi məkanı seçərkən beynində istər-istəməz belə bir sual doğur: mən bu əraziyə niyə getməliyəm?

Heç də təsadüfi deyil ki, inkişaf etmiş turizm sənayesi olan ölkələrə gələn çoxsaylı əcnəbi üçün həmin yerin təbiətinin, tarixinin nadirliyi, adət-ənənəsinin özünəməxsusluğu daha böyük maraq doğurur. Elə buna görə də ölkəmizlə, eləcə də onun zəngin tarixi, nadir təbiəti olan və ildən-ilə yetərli həddə çatan turizm infrastrukturu yaradılan Naxçıvan Muxtar Respublikası ilə maraqlanan xaricilərin diqqətini cəlb etmək istəyiriksə, biz də, ilk növbədə, onların beynindəki niyə sualını cavablandırmalıyıq.

Təcrübə göstərir ki, bu sualı cavablandırmaq üçün təkcə tarix və təbiət abidələri haqqında ümumi məlumat vermək yetərli deyil. Çünki, təbiət və tarix abidələri dünyanın, demək olar ki, hər bir ölkəsində var. Deməli, biz turistlərə və muxtar respublikamıza gələn qonaqlara tariximiz və təbiətimizlə bağlı ümumi məlumatı yox, həm də nadir abidələrin fərqli cəhətlərini çatdırmalıyıq. Bu baxımdan Naxçıvanın “7 möcüzəsi”nin dünyaya tanıdılmasının önəmli təsiri ola bilər. 

1. Sədərək – dörd ölkənin qovuşduğu ərazi

Doğrudur, muxtar respublikanın turizm potensialından danışılarkən burada Sədərək rayonunun yeri və rolu o qədər də fərqləndirilmir. Lakin Sədərəyin yerləşdiyi ərazinin coğrafi xüsusiyyəti turistləri cəlb etmək üçün az maraq doğurmaz. Dünyada çox az yerlər var ki, o nöqtədə dayanmaqla bir neçə ölkənin ərazisini eyni anda görmək imkanı olsun. Məhz Sədərək rayonunun ərazisi bu xüsusiyyətinə görə dünyanın seçilən nöqtələrindən biri hesab edilə bilər. Burada 4 dövlətin - Azərbaycanın, Türkiyənin, İranın və Ermənistanın ərazisi nadir coğrafi qovşaq yaradır. Beləliklə, Naxçıvana səfər edəcək turistin diqqətini, hər şeydən əvvəl, bu cəhətə yönəltməliyik.

2. “Gəmiqaya” muzeyi

Dünyada muzeylər çoxdur. Onların hər biri bir xüsusiyyətinə görə fərqlənir. Roma, Paris muzeyləri antik və intibah dövrünə aid ən zəngin eksponatları olan saxlanclar hesab edilir. Müxtəlif mədəniyyətlərə aid 300 mindən artıq eksponatın saxlanıldığı Fransadakı “Luvr” dünyada  ən böyük muzey sayılır.

İtaliyadakı “Uffizi qalereyası” da ən populyar və ən qədim sənət əsərlərinin saxlanıldığı muzeylər sırasındadır. ABŞ-dakı “Metropolitan” isə 2 milyondan artıq əsəri qoruyub sərgiləməklə dünya muzeyləri sırasında adını fərqləndirir və turistləri özünə daha çox cəlb edir. Türkiyədəki “Topqapı”, Rusiyadakı “Ermitaj” da dünyanın zəngin və böyük muzeylərindəndir.

Naxçıvandakı “Gəmiqaya” təbiət və tarix muzeyi isə turistlər üçün iki cəhətdən maraqlı ola bilər. İlk növbədə, xaricilər üçün maraqlıdır ki, bu ərazi ümumdünya tufanından sonra insanlığı bəladan qurtaran Nuhun gəmisinin torpağa toxunduğu ilk nöqtədir. Bu ərazidə yaradılmış muzey həm də dünyada dəniz səviyyəsindən çox  yüksək nöqtədə yerləşən  muzeylərdən biridir.

3. Nuh peyğəmbərin əbədiyyət ünvanı

Dini turizm dünyada ən böyük sektorlardan sayılmaqdadır.  Araşdırmalar göstərir ki, hələ də Vatikana, Qüdsə, İstanbula və yaxud Tibetə səfər edən bir çox turist üçün bu ərazilərin dini qaynaqları çox önəmlidir və insanları oraya gətirən də məhz müqəddəsliyə sitayiş ehtiyacıdır. Və yaxud hər il dünya müsəlmanlarının qibləgahı sayılan Məkkə şəhərindəki Kəbəni və Mədinə şəhərindəki Məhəmməd peyğəmbərin məzarını milyonlarla insan ziyarət edir. Bu ibadətləri gerçəkləşdirən hər bir xarici ölkə vətəndaşı həm də turist-zəvvar olaraq həmin ölkələrin büdcəsinə xeyir verir.

Qeyd etmək lazımdır ki, bu cəhətdən də Naxçıvan fərqliliyi ilə seçilir. Əgər Vatikana, Qüdsə, Məkkəyə fərqli inancların daşıyıcıları gedirlərsə, Nuh peyğəmbər bütün təkallahlı dinlərin tərəfdarları üçün müqəddəs sayılır və bu səbəbdən bəşərin ulu babasının Naxçıvan şəhərindəki əbədiyyət ünvanı – məzarüstü türbəsi bütün dinlərdən olanlar  üçün müqəddəsdir.

4. Əshabi-Kəhf – “Qurani-Kərim”də adı çəkilən ünvan

Bu gün Əshabi-Kəhf möcüzəsinin Naxçıvana ən çox turist cəlb edən amillərdən biri, bəlkə də, birincisi olduğu şübhəsizdir. Müqəddəs “Qurani-Kərim”də adı çəkilən mağaralardan birinin də məhz Naxçıvanda yerləşməsi qonşu müsəlman ölkələrinə məlum olsa da, bunu digər İslam ölkələrinə də çatdırmaq daha çox turist axınına səbəb ola bilər.

Qarşıdan gələn 2018-ci ildə Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” olması bunun üçün əla fürsətdir.

5. Ən qədim duz mağarası

“Duzdağ” mağarası və insanların sağlamlığı üçün qurulmuş Duzdağ Fizioterapiya Mərkəzi də sağlamlıq turizmi ilə bağlı Naxçıvanı dünyada tanıtmaq üçün tutarlı resursdur. Duzdağın heyrətamiz şəfası, cana düşərliyi muxtar respublikaya gələn insanlara necə böyük təsir edirsə, gedib başqalarını da ora göndərirlər.

6. Batabat gölündə üzən ada

Batabat uçqun və sürüşmə nəticəsində yaranan onlarca bənd göllərindən biridir. Lakin onu fərqləndirən bir məqam var. Bu göl dünyanın yeganə “üzən ada”sının mövcud olduğu bənd gölüdür. Bu torf adanın saatlar ərzində gölün bir tərəfindən digər tərəfinə getdiyini müşahidə etmək insana qəribə bir rahatlıq bəxş edir. Naxçıvan şəhərindən 65 kilometr məsafədə, dəniz səviyyəsindən 2445 metr hündürlükdə olan Batabat gölünü məhz bu cəhətinə görə hər bir turist görmək istəyər.

7. Dünya fatehinə baş əyməyən Əlincə qalası

Şərqdən Qərbə hər yeri ayaqlayıb gələn Əmir Teymur 1370-ci ildən 1405-ci ilə qədər davam edən 35 illik yürüşləri ilə adını dünya fatehləri sırasına yazmışdır. Orta əsrlər cahangiri Orta Asiyanı, Rusiyanın cənubunu, Xorasanı, İranı, Gürcüstanı, İraqı, Suriyanı, Anadolunu, Hindistanı və s. ələ keçirmişdi. Bunu bütün dünya bilir. Dünyada hələ çoxunun bilmədiyi bir məqam isə Teymurun 14 il yaxın düşə bilmədiyi Əlincə qalasının Naxçıvanda yerləşməsidir.

Bu qalanı dövlətimiz ən yüksək səviyyədə restavrasiya edib. Onu daha çox tanıtmaq isə digər məlumatlandırma yolları ilə yanaşı, həm də bura turist axını yaratmaqla mümkündür.

Ümumiyyətlə, Naxçıvanın “7 möcüzəsi” Azərbaycanın bu qədimdən-qədim, ulu türk yuvası olan diyarını dünyada layiqincə tanıtmaqda, ona göz dikən xain gözlərə mil çəkməkdə misilsiz vasitədir.

Elnur KƏLBİZADƏ,
AMEA Naxçıvan Bölməsi  Tarix, Etnoqrafiya
və Arxeologiya  İnstitutunun elmi işçisi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında