Xaçmazda içməli su təchizatı layihəsinin icrası davam edir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Xaçmaz şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri  intensiv şəkildə həyata keçirilir.

Xaçmaz şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində, həmçinin rayonun  Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 11 min nəfərin su təchizatı yaxşılaşdırılacaq.

Xatırladaq ki, Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanıb. Birinci mərhələdə şəhərin əsas su mənbəyi sayılan Uçqun bulağı bərpa olunub, mənbədən anbar kompleksinə qədər 2 kilometr uzunluğunda magistral, 1,6 kilometr anbarlararası su xətləri çəkilib və ümumi tutumu 10 min kubmetr olan iki ədəd su anbarı inşa edilib.

Layihənin növbəti mərhələsində isə Xaçmaz şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi həyata keçirilir. İndiyədək layihədə nəzərdə tutulan 142,6 kilometr su şəbəkəsinin 88 kilometrlik hissəsində işlər başa çatdırılıb, 3095 ünvana birləşmə verilib. Eyni zamanda, 148,5 kilometr kanalizasiya şəbəkəsinin 110 kilometrlik hissəsində işlər yekunlaşıb və 5727 ünvan şəbəkəyə qoşulub. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi üçün 1400 millimetr diametrli borularla 1,3 kilometr uzunluğunda kanalizasiya kollektorunun inşası başa çatdırılıb.

Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və sutkalıq məhsuldarlığı 70 min kubmetr olacaq qurğuda təmizlənib zərərsizləşdiriləcək. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları  həmin qurğuya yönəldiləcək.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”  çərçivəsində Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xızı, Qobustan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.  Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi  başa çatdırılıb, digər rayonlarda isə işlər davam etdirilir. 

M. YAQUBZADƏ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında