Regionlarda su təchizatı sistemləri yenidən qurulur

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir.  Artıq Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilmişdir.

Xatırladaq ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin  su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində 10 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmaqla ümumilikdə layihədən 58 min nəfər faydalanacaqdır.

Mərhələli şəkildə həyata keçirilən layihənin icrasına 2012-ci ilin aprel ayında başlanılmışdır. Birinci mərhələdə su mənbəyi kimi seçilmiş Uçqun bulağı bərpa olunmuş və məhsuldarlığı saniyədə 230  litrə çatdırılmışdır. Su mənbəyindən anbarlaradək 400 millimetr diametrli  borularla 2 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan 4 ədəd (2 ədəd 3 min kubmetrlik və 2 ədəd 2 min  kubmetrlik) su anbarı, 1,6 kilometr uzunluğunda anbarlararası su xətti inşa edilmişdir.

Layihənin ikinci  mərhələsində Xaçmaz şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılmasına başlanılmışdır. Şəhər üzrə layihələndirilmiş 142,6 kilometr içməli su  şəbəkəsinin 76  kilometrlik hissəsi inşa edilmiş, 2980  ünvana  birləşmə verilmişdir. Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır. Layihədə nəzərdə tutulan 149 kilometr kanalizasiya şəbəkəsinin 106,6 kilometrlik hissəsində işlər yekunlaşmış, 5307 ünvana ev birləşməsi verilmişdir. Bundan əlavə, diametri 1400 millimetr, uzunluğu 1,2 kilometr olan kanalizasiya kollektorunun inşası da  tam yekunlaşmışdır.

Şəhərdə yaranacaq tullantı suları  Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 70 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları bu qurğuda təmizlənib zərərsizləşdiriləcəkdir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında