Bakıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfrans keçirilib.
Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və digər qurumların təşkilatçılığı ilə baş tutub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının qadınların həyatında müstəsna rolunu vurğulayıb. Bildirib ki, kampaniya çərçivəsində ölkəmizdə “Qadınlara qarşı zorakılığa yox deyək!” layihəsi üzrə bir sıra tədbirlər həyata keçirilir. Bu tarix gündəlik həyatında istənilən zorakılığa məruz qalan çoxsaylı qadınlar adından bir çağırışdır. Zorakılığın ən ağır formalarından biri də hərbi münaqişələr zamanı qadınların kütləvi şəkildə hüquqlarının pozulmasıdır. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Dövlətimizin və beynəlxalq təşkilatların səylərinə baxmayaraq, hələ də əsirlikdə qalan, itkin düşən qadınlarımızın taleyindən heç bir xəbər yoxdur. Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai isə qadınlara qarşı zorakılığa son qoymaq üçün dövlət qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın rolunu vurğulayıb: “Əsası cəmi bir neçə il bundan əvvəl qoyulan kampaniyanın indi milli səviyyədə daha çox iştirakçıları cəlb edən bir tədbirə çevrilməsi təqdirəlayiqdir”.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində aparılan bu kampaniyanın davamlı olacağına əminliyini ifadə edib. Azərbaycanda ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyən B.Muradova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunun qəbul olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu və fəaliyyəti xüsusi qeyd edilməlidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, qadınlara qarşı zorakılıq yalnız Azərbaycanda deyil, digər dövlətlərdə də baş verir. Hələ də dünyanın müxtəlif ölkələrində qadınlara qarşı cinsi, fiziki və psixoloji zorakılıq faktları var. Əsas diqqəti qadın zorakılığını yaradan səbəblərə yönəldən M.Qurbanlı bildirib ki, bunu adət-ənənələrlə, dinlərlə bağlamaq düzgün deyil. Çünki bütün səmavi dinlərdə qadınlara yüksək ehtiram təbliğ olunur. Bütün dinlər, eləcə də İslam dini qadın zorakılığına qarşı çıxır.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan hökumətinin qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı həyata keçirdiyi tədbirləri alqışladığını deyib. Səfir qeyd edib ki, qadınların təhsilinə sərmayənin qoyulması gender əsaslı zorakılığın həlli yollarından biridir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə təmsil olunduğu qurumun bu məsələyə xüsusi önəm verdiyini diqqətə çatdıraraq deyib: “Qadınlara qarşı zorakılıq dünyanın istənilən ölkəsində baş verir. Qadınlara qarşı bütün zorakılıqlar aradan qaldırılmalıdır”.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “ASAN radio” və BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Sosial media üçün ən yaxşı audio-ssenari” müsabiqəsinin qalibləri elan edilib və mükafatlandırılıb.
Tədbirin sonunda məktəbli uşaqların hazırladığı “Zorakılığa yox deyək!” mövzusunda kompozisiya təqdim olunub.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.