Regionlarda içməli su təchizatı layihələrinin icrası davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi  regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulmuşdur. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu istiqamətdə  genişmiqyaslı tədbirlər həyata keçirilir.

2016-cı ilin 10 ayında regionlarda su və kanalizasiya sistemlərinin yenidən qurulması, eləcə də yeni infrastrukturların yaradılması ilə bağlı işlər uğurla davam etdirilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində Qusar, Beyləqan, Tərtər və  Şamaxı şəhərlərində su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Cari ilin ötən dövründə Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral su xətti çəkilərək istismara verilmişdir. Bununla da, Salyan şəhərinin 12 min 500 nəfər sakini mərkəzləşdirilmiş qaydada fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Eyni zamanda, Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə yeni birləşmə verilmiş, bunun da hesabına şəhər əhalisinin böyük əksəriyyətinin su təchizatının yeni mənbədən aparılması mümkün olmuşdur. Beləliklə, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin içməli su təminatına hesablanmış Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhəri istisna olmaqla digər 4 şəhərə suyun verilməsi təmin edilmişdir. Növbəti mərhələdə isə Neftçala şəhəri və kəmərin keçdiyi marşrut boyunca yerləşən bəzi  kəndlərə suyun verilməsi nəzərdə tutulur. 

Ötən müddət ərzində içməli sudan əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması da diqqətdə saxlanılmışdır. Hesabat dövründə  Balakən rayonunun Hənifə, Quba rayonunun Qəçrəş, Yardımlı rayonunun Vərov və Yolacaq, Ağsu rayonunun Elabad və Yenilik kəndlərinin, Ağdam rayonun Quzanlı qəsəbəsənin, Biləsuvar rayonun ərazisində yerləşən Cəbrayıl rayonundan olan qaçqın və məcburi köçkünlərin yaşadığı qəsəbələrin, Ağcabədi rayonu ərazisində yerləşən Laçın rayonundan olan qaçqın və məcburi köçkünlərin yaşadığı Misni-Mais obalarının su təchizatı yaxşılaşdırılmışdır. Bunlarla yanaşı, Masallı rayonunun Muğanlı zonasında yerləşən beş kəndinə Viləşçay anbarının sahilində tikilmiş yeni sutəmizləyici qurğudan suyun verilməsi üçün magistral kəmərlərin inşası yekunlaşmışdır. Artıq sözügedən kəndlərə suyun verilməsinə hazırlıq görülür. 

Bütövlükdə isə 2016-cı ilin ötən ayı ərzində regionlarda 600 kilometrə yaxın  magistral və şəbəkə su xətləri, 370 kilometrdən artıq kanalizasiya kollektorları və şəbəkələri inşa edilmiş, 17 subartezian quyusu qazılmışdır. Görülmüş işlər nəticəsində regionlarda 130 mindən çox sakin ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin edilmiş, 40 min nəfərin su təchizatı isə fasiləsiz rejimə keçirilmişdir. Bununla da, bölgələrdə fasiləsiz su ilə təmin olunan əhalinin sayı 650 min nəfəri keçmişdir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında