Bu il sentyabr ayının 27 -də Milli Televiziya və Radio Şurasının iclasında rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunmuşdu.
İclasda Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın reallaşdırılması üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının isə 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilmişdi.
Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün “DVB-T” standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada, Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara “DVB-T” standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”ların) satışının təşkilinin təmin edilməsi tövsiyə olunmuşdu.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli qərarına uyğun olaraq, noyabrın 1-də saat 00:00-dan etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Artıq yayım ya rəqəmsal formatda, ya da kabel və peyk televiziyası vasitəsilə davam etdirilir. Yeri gəlmişkən, növbəti mərhələdə, yəni 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımın dayandırılması həyata keçiriləcək.
Qeyd edək ki, bu məsələ ilə bağlı hazırda qarşıya çıxan problem istifadədə olan televizorların bir qisminin rəqəmsal yayımı dəstəkləməməsidir. Lakin mütəxəssislərin fikrincə, əslində burada elə bir ciddi çətinlik yoxdur. Sadəcə televiziya tamaşaçılarının mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunması lazımdır. Başqa sözlə, rəqəmsal yayımı dəstəkləmək üçün köhnə tip televizorlarda dekoder cihazı olmalıdır. Bu cür texnologiya isə müasir televizorların bir çoxunda var.
Artıq analoq yayım bağlandığı vaxtdan köhnə tip televizorlar yerli kanalları qəbul edə bilmir. Əgər kimsə peyk antenasından, yaxud kabel televiziyasından yayımı qəbul edirdisə, hazırda həmin vətəndaş yerli kanalların qəbulunda heç bir problemlə qarşılaşmır. Əksinə, peyk antenası, kabel televiziyası olmadan əvvəlki analoq yayımla yerli kanalları qəbul etmək mümkün deyil.
Burada qarşıya belə bir sual da çıxır: Rəqəmsal yayımın hansı üstünlükləri var? Mütəxəssislər rəqəmsal yayımın analoq yayımdan kəskin fərqli olduğunu bidirirlər. Vurğulayırlar ki, əvvəla, rəqəmsal yayım çox keyfiyyətlidir. İkincisi, adi teleradio yayımını gerçəkləşdirmək üçün tezlik resursundan istifadə olunmalıdır. Bu tezlik resursu da dövlətə məxsusdur. Fiziki resurs isə məhduddur. Yəni, məhdud sayda insanlar bundan istifadə edə bilərlər, qalanlar televiziya açmaq üçün gözləməlidirlər. Amma rəqəmsal yayımda bir tezlik zolağında 10-15, hətta 20 kanal verə bilərsən. Üçüncüsü isə rəqəmsal yayımın getdiyi tezlik zolağında internet, multimedia və digər xidmətlərdən daha rahat yararlanmaq mümkündür.
Ekspertlər, həmçinin rəqəmsal yayımın digər üstünlüklərini də diqqətə çatdırırlar. Deyirlər ki, rəqəmsal yayım beynəlxalq arenada “Daha keyfiyyətli görüntü. Daha keyfiyyətli səs. Daha çox kanal sayı” kimi dəyərləndirilir. Məsələn, “Lider” kanalı ona verilən tezlikdən bir proqram yayır. Rəqəmsal yayıma keçid isə adı çəkilən kanala, eyni zamanda, 4-6 teleproqramı və 5-8 radio proqramı yayımlamağa imkan verir.
Texnologiyanın inkişafı bütün sahələrdə olduğu kimi, radio-televiziya sektorunda da öz müsbət təsirini göstərir. Artıq televiziyanın ənənəvi analoq yayımı öz yerini rəqəmsal yayıma verməklə tarixə köçməkdədir. Əlbəttə, etiraf etməliyik ki, qəbul olunan və geniş yayılan hər bir yenilikdə olduğu kimi, bu tərəqqinin də öz müsbət tərəfləri var.
Artıq dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində daha analoq yayımdan istifadə edilmir. Səbəb aydındır: yeni yayım formatının meydana gəlməsindən sonra ənənəvi yayımın mənfi cəhətlərinin özünü daha aydın büruzə verməsidir. Yuxarıda qeyd etdiyimiz kimi, analoq yayımda bir tezlikdə yalnız bir “tv” kanalının yayımı mümkündür. Bu yayımda isə görüntünün keyfiyyəti aşağı, siqnallar zəif olur. Yeni “DVB-T” formatında, yəni rəqəmsal yayımda vəziyyət kəskin şəkildə dəyişir: təsvir və səs siqnallarının ötürülmə və qəbul edilmə keyfiyyəti yüksək olması ilə diqqət çəkir. Bir sözlə, rəqəmsal yayım zamanı kənar maneələr hiss edilmir, yəni əvvəlki kimi kanallar qarışmır, kölgələnmə baş vermir, informasiyaların saxlanılmasında itki olmur. Belə yayımın üstünlüklərindən biri də mobil və portativ qəbuledicilərdə izləməyin mümkünlüyüdür. TV proqramları ilə yanaşı, əlavə xidmətlər üzrə, yəni hava haqqında, nəqliyyatın hərəkət cədvəli ilə bağlı məlumatların da ötürülmə imkanı var.
Ekspertlər, həmçinin diqqətə çatdırırlar ki, yayım texnologiyaları inkişaf etdikcə, təsvirin, səsin keyfiyyəti yüksəldikcə yuxarıda sadalananları çox asanlıqla hiss etmək mümkündür. Belə ki, əgər əvvəllər yalnız müvafiq sahədə işləyənlər, tele-radioda çalışan peşəkarlar keyfiyyətin fərqinə varırdılarsa, indi tamaşaçıların özləri də analoq və rəqəmsal yayımın fərqini çox asanlıqla ayırd edirlər və əlbəttə, keyfiyyətli görüntüyə baxmağa üstünlük verirlər.
Sonda xatırladaq ki, Avropa Birliyi rəqəmli TV yayımının tətbiqi prosesinə 2005-ci ildən başlayıb. Bu birliyə daxil olan ölkələr “DVB-T” sistemindən istifadə etmək üçün razılığa gəliblər. Rəqəmli TV yayımının tətbiqi cədvəldə verilmiş xronologiya üzrə yerinə yetirilib. Qeyd edək ki, Avropa ölkələrindən İsveç 1999, Danimarka 2003, Fransa 2005, Hollandiya 2006, Türkiyə 2006, Norveç 2007, Almaniya 2008, Portuqaliya 2009-cu ildən rəqəmsal yayıma keçib. Artıq MDB ölkələri də son bir neçə ildə rəqəmsal yayıma keçid haqqında qərar verib.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.