Teleradio fəaliyyəti əhalinin bütün təbəqələrinin daimi, həm də birbaşa təmasda olduğu xüsusi bir sahədir. İnsanlar radionu dinləməklə və ya televiziya ekranı qarşısında əyləşməklə həm informasiya alır, həm maariflənir, həm də əylənirlər. Bir çoxları onları düşündürən, narahat edən problemlərlə bağlı daha çox, həm də daha tez radio və televiziya vasitəsilə məlumat əldə edir. Əhalinin ən müxtəlif təbəqələri özlərinin arzu, istək və planlarının reallığa çevrilməsi, yaxud da onları narahat edən problemlərin müvafiq dövlət orqanlarının diqqətinə çatdırılması məqsədilə radio və televiziyadan həm də tribuna kimi istifadə edirlər.
Artıq 24 ildir ki, ölkəmizin teleradio işçiləri noyabr ayının 6-nı özlərinin peşə bayramı kimi qeyd edirlər. Xatırladaq ki, 6 noyabr Azərbaycan radiosunun 90 il öncə ilk dəfə efirə çıxdığı gündür. Ondan 30 il sonra yəni, 14 fevral 1956-cı ildə isə Azərbaycan televiziyası ilk dəfə olaraq efirə çıxıb. Azərbaycanın Sovetlər Birliyinin tərkibində olduğu onilliklər ərzində milli efirimiz, demək olar ki, bu iki yayımçı ilə təmsil olunub. Onlar da şərti olaraq milli efir siyasəti həyata keçirə bilirdi. Çünki sovet rejiminin və kommunist ideologiyasının yaratdığı saysız-hesabsız qadağaları aşmaq nə hüquqi, nə də praktiki baxımdan mümkün idi. Odur ki, əksər hallarda Moskva nə hava çalırdısa, Azərbaycanın teleradio yayımçıları da o havaya köklənmək zorunda idi. Lakin ədalət naminə onu da deməliyik ki, sərt senzura və çoxsaylı digər maneələr olmasına baxmayaraq, elə o illərdə də Azərbaycan televiziyası və radiosu milli–mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həqiqətən çox böyük işlər görüb. Xüsusən də ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə televiziya və radiomuzda milli ruh daha da güclənib. Başqa sözlə, o illərdə Azərbaycan televiziyası və radiosu, sözün əsil mənasında, görkəmli ziyalılarımızın, elm və mədəniyyət xadimlərimizin, bütövlükdə azərbaycançılıq ideyalarının tribunasına çevrilmişdir.
Bu gün dünyanın hər yerində, həm də bütün səviyyələrdə informasiyaları əldə etmək və onları sərfəli istiqamətlərə yaymaq sahəsində birinciliyə sahib olmaq uğrunda, sözün əsl mənasında, yarış gedir. Bu baxımdan televiziya və radio olduqca geniş imkanları olan, hər cür informasiyanı bir an içərisində bütün dünyaya yaymaq qüdrətinə malik çox mühüm bir silahdır. Razılaşaq ki, indiki dövrdə çoxşaxəli internet xidmətlərinin təsir imkanları nə qədər artsa da, televiziya və radio əvvəlki kimi, yenə də insanların ən geniş, həm də bütün təbəqələrinin daha çox təmasda olduğu və xidmətlərindən faydalandığı informasiya vasitəsi olaraq qalmaqdadır. Bəli, həm televiziya, həm də radio hər zaman özünün rəngarəng proqramları ilə insanları düşündürmək, maarifləndirmək, tərbiyələndirmək, əyləndirmək, zərurət yarandıqda isə həm də səfərbər etmək imkanına malikdir. Ona görə də televiziya və radionun imkanlarından maksimum dərəcədə səmərəli və məqsədyönlü istifadə olunması dövlətin və millətin tərəqqisi üçün çox önəmli məsələdir. Bu sözlər Azərbaycanda fəaliyyət göstərən hər bir televiziya yayımçısına aiddir. Onlar müstəqil Azərbaycanın tərəqqisi naminə həqiqətən çox iş görüblər və bu gün də görməkdədirlər.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından keçən 25 il ərzində ölkədə demokratiyanın inkişafı, söz və fikir azadlığının təminatı istiqamətində böyük uğurlar əldə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında söz azadlığı və fikir plüralizmi ən yüksək səviyyədə təsbit edilmişdir. 1998-ci ildə ümumilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi də ölkədə söz və məlumat azadlığının bərqərar olması və inkişafında müstəsna rol oynamışdır. Beləliklə, Azərbaycanda azad sözün, müstəqil medianın, o cümlədən teleradio sisteminin sürətli inkişafı üçün münbit şərait yaradılmış oldu. Təbiidir ki, belə bir şəraitdə ölkədə teleradio sisteminin dinamik və uğurlu inkişafı üçün bu sahənin dövlət tərəfindən hüquqi cəhətdən tənzimlənməsi vacib məsələ kimi ortaya çıxmışdır. 2002-ci ildə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmiş, ölkədə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə Milli Televiziya və Radio Şurası yaradılmışdır. 2004-cü ildə “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuş, 2005-ci ildən isə İctimai televiziya və İctimai radio efirdədir. Onun ardınca “İdman” və “Mədəniyyət” kanalları, habelə özəl yayımçılar olan “Xəzər” və “CBC sport” televiziyalar, daha sonra “Xəzər” FM, “Araz” FM, habelə “Asan” və Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin radiolarının yaranması ilə Azərbaycanın efir məkanı daha da rəngarəng oldu.
Azərbaycanın efir tezlikləri ölkəmizin milli sərvətidir və onlardan yalnız və yalnız dövlətin və xalqın maraqları naminə istifadə olunmalıdır. Bunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası 2007-ci ildə xarici ölkələrə məxsus televiziyaların, 2009-cu ildə isə xarici radioların Azərbaycanın milli tezliklərindən çıxarılması barədə qərar verdi. Bu, əlbəttə bəzi dairələrin düşündüyü kimi, həmin kanalların Azərbaycan ərazisində yayımının dayandırılması demək deyildi. Bu, sadəcə, həmin televiziya və radioların da yayımı məhz beynəlxalq normalar çərçivəsində həyata keçirmələri üçün idi.
Böyük qürur hissi ilə deməliyəm ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət xətti sayəsində respublikamız Avropa və Asiyanın qovşağında olan böyük və həm də son dərəcə əhəmiyyətli bir regionun aparıcı dövlətinə çevrilmişdir. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır. Bunu heç kəs dana da bilməz. Azərbaycanın teleradio məkanında baş verən çox ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri də bu baxımdan diqqəti cəlb etməyə bilməz.
Hazırda Azərbaycanda 10 ölkə, 13 regional, 1 peyk yayımçısı, 1 xarici ölkə yayımçısı, 17 kabel televiziyası, 15 İP televiziya fəaliyyət göstərir. Bunlardan əlavə, ölkə yayımçısı olan 13 radio və 3 regional radio gündəlik olaraq efirdədir.
Son illər ölkədə fəaliyyət göstərən televiziyaların maddi texniki şəraitinin yaxşılaşdırılması istiqamətində çox ciddi işlər görülmüşdür. Bu cəhətdən “Xəzər” televiziyası habelə Sumqayıt, Lənkəran, Şəki, Yevlax, Gəncə, Tovuz, Xaçmaz və Qubada yerli televiziyalar üçün müasir binalar tikildiyini və onların ən müasir texniki avadanlıqla təchiz olunduğunu xüsusi olaraq qeyd etmək lazımdır. Azərbaycanın milli “Azərspace” rabitə peykinin orbitə çıxarılması da teleradio yayımı sahəsinin uğurlarına təsir göstərən mühüm amil kimi dəyərləndirilməlidir. Müstəqillik illərində ölkəmizdə teleradio fəaliyyətinə dövlət qayğısından bəhs edərkən ehtiyacı olan jurnalistlərin mənzillə təmin olunmasını, onlara fəxri adlar verilməsini, çoxsaylı veteran kadrların Prezident təqaüdü almasını, bu sahədə çalışan insanların peşəkarlığını artırmaq məqsədilə vaxtaşırı qrant müsabiqələrinin elan olunmasını da qeyd etmək yerinə düşər.
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa görə, ölkəmizdə “dövlət və yerli özünü idarəetmə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqı təşkilatlarının, fiziki və hüquqi şəxslərin yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxiləsi qadağandır”. Başqa sözlə, Azərbaycanda televiziya və radio yayımçıları yaradıcılıq məsələləri və redaksiya fəaliyyətində tam şəkildə azad və sərbəstdirlər. Onlar efir səbətini özləri tərtib edir, nəyi və necə verməyi özləri müəyyən edirlər. Bir şərtlə ki, yayımçılar öz fəaliyyətində informasiyaların əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi və ailə həyatına müdaxiləsinin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əməl etsinlər. Qanunvericiliyin tələbi olan bu prinsiplər efirin hüdudları deməkdir. Yəni, yayımçıların yaradıcılıq məsələləri və redaksiya fəaliyyətindəki azad və sərbəst olmaları heç də o demək deyildir ki, onlar üçün ümumiyyətlə hədlər yoxdur.
Unutmayaq ki, bütün hallarda hər cür sərbəstlik və azadlığın qanunlarla müəyyən olunan hüdudları var və bunu hər kəs nəzərə almalıdır. Doğrudur, indiki dövrdə dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da televiziya və radio yayımçılarının, xüsusən də özəl yayımçıların kommersiya maraqları var. Yəni onların normal fəaliyyəti, maraqlı proqram və layihələr ortaya qoyması, yayımın texniki standartlar səviyyəsində olmasının təmin edilməsi, işə peşəkar kadr potensialı cəlb edə bilməsi və bu insanların hər cəhətdən stimullaşdırılması –bütün bunlar, əlbəttə ki, hər şeydən öncə, kifayət qədər maliyyə resurslarının olmasını şərtləndirir. Əlbəttə, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan televiziyası”nın, “İctimai televiziya”nın, “İdman-Azərbaycan”, “Mədəniyyət və “CBC sport” kanallarının, habelə Azərbaycan radiosu və İctimai radionun bu qəbildən olan maliyyə sıxıntıları yoxdur. Bu mənada tamaşaçı auditoriyasının həmin yayımçılardan daha çox maarifləndirici proqramlar umması tamamilə normal bir istəkdir. Ədalət naminə deyək ki, “Azərbaycan televiziyası”, “Mədəniyyət” kanallarının və “İctimai televiziya”nın bir sıra verilişləri bu cəhətdən tamaşaçıları qane etməyə bilməz. AzTV-də efirə gedən “Azərbaycan tarixi”, “Ovqat”, “Hərb tariximizdən”, “Təmas nöqtəsi”, “Azərbaycan- yurdum mənim”, “Mən azərbaycanlıyam”, “Mədəniyyət” kanalının verdiyi “Məclisi-üns”, “Haqqın dərgahı”, “Türk elləri”, “Azərbaycan muğamı”, “Yaradanlar və yaşadanlar”, “İctimai televiziya”nın “Yeni gün”, “Ortaq məxrəc”, “Səhər sovqatı”, “Media və zaman” verilişləri tamaşaçı auditoriyasını qane edən layihələrdir.
Söhbət mövzusu, auditoriyası, kontingenti və təqdimatı ilə fərqlənən intellektual verlişlərdən gedir ki, mən onlardan biri, İTV-də yayımlanan “Media və Zaman” verilişi üzərində ayrıca dayanmaq istərdim. Peşəkar qələm ustası, alim-jurnalist Xalid Niyazovun müəllif və aparıcı olduğu bu veriliş televiziyalar qarşısında dağ kimi dikələn ciddi və aktual bir problemin-səviyyə və auditoriya arasındakı tənasüb probleminin həlli istiqamətində atılan uğurlu addımlardan biridir. Həmin verilişi oxşar proqramlardan fərqləndirən cəhət hansılardır? Əvvəla, mövzu! Yəni, zaman müstəvisində medianın toxunduğu, hallandırdığı ən aktual, ağırçəkili mövzular məhz bu proqramda müzakirə predmetinə çevrilir. Cəlbedici telepublisistika, mövzuya bələdlik, elmi-intellektual səviyyə, geniş dünyagörüşü, peşəkar mükalimə, zahiri-atributiv elementlərin harmoniyası bu verilişin timsalında televiziyanın “elitarlıq, yoxsa kütləvilik” mübahisəsində vurğunu birincinin üzərinə qoyur. Burada aparılan müzakirələrin həm intellektual, həm də peşəkarlıq baxımından üstün səviyyəsini təyin və təmin edən ikinci vacib amil dəvət olunan ekspertlərin kimliyidir. Televiziyaçılıqda bu məqam, həm də konkret teleməhsulun müvəfəqiyyətini şərtləndirən səbəblər sırasındadır. Tamaşaçı hər dəfə bu proqramda ölkənin sayılıb- seçilən ziyalı, alim, ictimai xadim və media funksionerləri ilə “həmsöhbət” ola bilir.
Xatırladaq ki, efirə dəvət olunan ekspertlərin tərkibi və səviyyəsi ilə bağlı da çox ciddi, özü də haqlı narazılıqlar var. Ayrı-ayrı kanalların daha çox müğənni və artistlərdən ibarət az qala daimiləşmiş ekspertlərini hər gün efirdə görmək, onların ekspert qismində peşələrinə, sənətlərinə və yaşlarına əsla uyğun olmayan problemlərlə bağlı məsləhət, tövsiyə və iradlarını eşitmək, əlbəttə, tamaşaçıya xoş ola bilməz. Məgər Azərbaycanda intellekt qıtlığı var?! Ekspert kimi bilavasitə müzakirəyə çıxarılmış mövzularla bağlı nüfuzlu, keçərli fikir söyləyəsi insanlar yoxdur?!
Heç kəsə sirr deyil ki, bu və ya digər verilişin nə dərəcədə uğurlu, əhəmiyyətli və baxımlı olacağı birbaşa müəllif və aparıcının özünün şəxsiyyətindən, onun intellektual səviyyəsindən çox asılıdır. Çoxsaylı peşəkar televiziya kadrlarının yetişməsi də müstəqillik illərində Azərbaycanda teleradio fəaliyyəti sahəsində əldə edilmiş uğurların bariz göstəricisidir. Bununla belə təəssüf hissi ilə onu da bildirməliyəm ki, bu gün telekanallarımızda peşəkar kadrların açıq-aşkar qıtlığı hiss olunur. Təkcə aparıcılar deyil, ümumilikdə digər sahələrdə də peşəkar televiziya kadrlarının çatışmaması hazırkı dövrdə televiziyalarımızın, lap elə radiolarımızın da bir nömrəli probleminə çevrilib. Teleradio işçiləri içərisində təsadüfi insanların olması təəssüf doğurur. Bəli, nə qədər təəccüblü olsa da, efir imkanlarından sui-istifadə edən, kamera və mikrofonları işə salaraq “ağa nəzərəm, belə gəzərəm” düşüncəsi ilə davranan, vəzifə borcunu unudaraq açıq-aşkar dələduzluqla məşğul olan teleradio işçiləri də var. Təbiidir ki, bu cür üzdəniraq əməl sahibləri teleradio ailəsinin özü tərəfindən tez bir zamanda çıxdaş olunmalıdır və olunurlar da.
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa görə, proqramlar yayım üçün hazırlanarkən maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır. Odur ki, Azərbaycan televiziyaları qanunvericiliyin tələblərinə uyğun olaraq özlərinin efir fəaliyyətində maarifçilik işinə, o cümlədən mədəni irsin təqdimi və təbliği tematikasına xüsusi önəm verməlidirlər. Bu tələb mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün yayımçılara aid olsa da, reallıqda mədəni irsin təqdimi və təbliği işində əsas yük dövlət büdcəsindən maliyyələşən televiziyaların üzərinə düşür. Başqa sözlə, “Azərbaycan televiziyası”, “Mədəniyyət” və “İdman-Azərbaycan” kanallarının, xüsusilə də “İctimai televiziya”nın mədəni irsimizin təqdimi və təbliği sahəsindəki rol və məsuliyyətini daha da artırır. Bəli, bu telekanallar dövlətin ayırdığı maliyyə resurslarından səmərəli istifadə etməklə, mədəni irsin təbliği və təqdiminə həsr olunmuş layihələr ortaya qoymaq imkanına malikdirlər. Belə bir cəhəti xüsusi qeyd edək ki, Azərbaycan dövləti televiziyalar vasitəsilə mədəni irsin təqdimi və təbliği işini daim diqqətdə saxlayır, bu sahədə yaranan və yarana biləcək hər hansı problemin vaxtında aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirir. Məsələn, yaxın keçmişdə efir məkanımız Latın Amerikası ölkələrinin istehsalı olan və bir çox hallarda Azərbaycan mentaliteti ilə əsla uzlaşmayan ucuz teleseriallarla dolmuşdu. Bu isə xalqın çoxəsirlik milli-mənəvi dəyərlərini sürətlə aşınmaya aparırdı. Bunu nəzərə alaraq ölkə Prezidenti 2012 və 2013-cü illərdə milli teleseriallar çəkmək məqsədi ilə telekanallara təqribən 15 milyon ABŞ dolları həcmində yardım ayırdı.
Teleradio Şurası tərəfindən müvafiq müqavilə şərtləri ilə həmin vəsait respublika yayımçısı olan özəl kanallar arasında bərabər şəkildə bölüşdürüldü. Məmmunluq hissi ilə bildirməliyəm ki, yayımçıların əksəriyyəti dövlət başçısının qayğısı müqabilində üzərlərinə düşən öhdəliklərə layiqincə əməl etməklə keyfiyyətli efir materialı ortaya qoydu. Əfsuslar olsun ki, müqavilə öhdəliklərindən yayınaraq ayrılmış vəsaiti saxta yollarla israf etmək cəhdləri də oldu. Lakin Teleradio Şurası sona qədər prinsipiallıq göstərərək belə cəhdlərin qarşısını aldı.
Azərbaycan qədim tarixə və zəngin mədəni irsə malik ölkədir. Son illər ölkə telekanalları tarixi-mədəni irsimizin təqdim və təbliğ olunması istiqamətində çox ciddi maarifçilik fəaliyyəti həyata keçirməkdədir. Bu cəhətdən “Lider” televiziyasının çəkmiş olduğu 24 seriyalı “Azərbaycan qalaları”, 17 seriyadan ibarət “Bakı bağları”, 9 seriyadan ibarət “Azərbaycan xalçası” filmləri mədəni irsimizin tədqiqi, təqdimi və təbliği işinə xidmət nümunəsi kimi dəyərləndirilə bilər. “Azad Azərbaycan” telekanalının “Nanəli”, ”Geriyə baxanda”, “Qanunla biz”, “Komanda”, “İdeya qazandı”, “Xəzər” televiziyasının “Sirdaş”, “Könül dünyamız”, “Ənənə boxçası” və digər bu kimi verilişlərinin də tamaşaçı auditoriyasını maarifləndirmək baxımından əhəmiyyəti qeyd olunmalıdır.
Cəmi bir neçə il öncə fəaliyyətə başlamış olan “ARB TV”-nin mədəni irsimizin təqdimi və təbliği sahəsindəki ilk uğurları da artıq göz qabağındadır. Bu televiziya özünün gündəlik efir səbətində daha çox məhz region materiallarına üstünlük verir. Beləliklə, Azərbaycanın müxtəlif regionlarında, ən ucqar rayon, şəhər və kəndlərində olan və illərlə ekran üzü görməyən çoxsaylı mədəni irs nümunələri və onları yaradan insanlar məhz “ARB” kanalı vasitəsilə cəmiyyətə təqdim olunur. “ARB” kanalından söz düşmüşkən, bir müddət həmin kanalın efirində olan, lakin sonradan naməlum səbəblər üzündən dayandırılan “Regionun fəxri” layihəsini də qeyd etmək istərdim. Xatırladaq ki, bu layihə çərçivəsində Azərbaycanın bütün regionlarından olan və çox zaman digər kanalların diqqətindən kənarda qalan çoxsaylı tanınmış insanlar cəmiyyətə təqdim olunurdu. Doğrusu, bu layihə və onun əhəmiyyəti barədə, demək olar ki, hər yanda ancaq xoş rəylər eşidilirdi. Elə layihə dayandırılandan sonra da onunla bağlı çoxlu müraciətlər var. Ümid etmək istərdik ki, kanal rəhbərliyi gələcəkdə ola bilsin ki, bir qədər də təkmil formatda bu layihə üzərinə qayıdacaqdır.
Müsbət haldır ki, ölkənin ayrı-ayrı regionlarında fəaliyyət göstərməkdə olan yerli televiziyalar da mədəni-tarixi irsin təqdimi və təbliği işində kifayət qədər fəal iştirak etməkdədirlər. Bu cəhətdən Quba, Xaçmaz, Şəki, Yevlax, Lənkəran, Gəncə, Sumqayıt və Tovuz şəhərlərindən efirə çıxan yerli kanalların fəaliyyəti xüsusilə diqqət çəkir.
Artıq neçə ildir ki, ölkəmizdə yayımlanan bütün televiziya və radioların Teleradio Şurası tərəfindən davamlı monitorinqi aparılmaqdadır. Bu, yayımçıların fəaliyyətini tənzimləmək, efirdə yol verilmiş hər hansı qanun pozuntularının aşkar olunması və müvafiq tədbirlər görülməsi baxımından son dərəcə ciddi bir işdir. Amma yayımçıların fəaliyyətini dəyərləndirmək baxımından monitorinqlər heç də yeganə vasitə deyil. Bundan bəlkə də daha əhəmiyyətlisi tamaşaçı və dinləyici rəyidir. Məlumat üçün bildirim ki, yayımçıların fəaliyyəti ilə bağlı respublikanın dövlət orqanlarına, o cümlədən Teleradio Şurasına mütəmadi olaraq müraciətlər daxil olmaqdadır. Həmin müraciətlərdən bəzi məqamları oxuculara təqdim edirik. Məsələn, Zərdab rayonundan Nərgiz Abdullayeva, Lalə Əmirəliyeva, Mirağa Bağırov, Xəyalə Veysova, Hüseyn Həsənov, Fatma Əliyeva, Könül Həşimova, Sara Soltanova və Südabə İsmayılovanın Milli Televiziya və Radio Şurasına ünvanladığı müraciətdə deyilir: Təəssüf hissi ilə qeyd etməliyik ki, son vaxtlar bəzi televiziya kanallarında cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən, ictimai əhəmiyyət kəsb etməyən, cəmiyyətdə insanların zövqünü, dünyagörüşünü korlayan, gənclərin tərbiyəsinə mənfi təsir göstərən verilişlərin sayı artmağa başlamışdır. Ailə mövzusunda gedən verilişlərdə ailəsi olmayan, o mövzuda danışmağa haqqı çatmayan şəxslərin, aparıcıların cəlb edilməsi, peşəkarlıqdan kənar, bayağı, açıq-saçıq danışıq və geyimləri ilə özlərini tanıtdırmaq istəyən müğənnilərin, şou-biznes nümayəndələrinin ekranda tez-tez görünməsi, verilişlərdə həddən çox yersiz mübahisələrə, qalma-qallara yer verilməsi, şəxsi münasibətlərin ekranda uzun-uzadı “çözülməsi”, maraqsız və mənasız verilişlərin hətta təkrar verilməsi bizdə çox ciddi narahatlıq hissi yaradır.”
Bu müraciəti imzalayanlar təsadüfi insanlar deyil. Onların arasında 100 yaşlı veteran da, ölkə Prezidenti tərəfindən təltif olunmuş insanlar da, şəhid valideyni də, bir sıra nüfuzlu ictimai təşkilatların nümayəndələri də var. Göründüyü kimi, xoş məramla qələmə alınmış bu müraciətdə nə qərəz, nə də təhqir var. İnsanlar sadəcə öz narahatlıqlarını ifadə ediblər. Özü də bu xarakterli məktub və müraciətlər bir deyil, beş deyil. Elə Binəqədi rayonundakı Ağsaqqallar Şurasından əlaqədar dövlət orqanlarına, o cümlədən Teleradio Şurasına daxil olan müraciətdə də teleradio məkanımızdakı narahatlıq doğuran məqamlarla bağlı çox incə notlara toxunublar. Müraciətdə deyilir: “İnsanları maarifləndirmək əvəzinə, milli klassiklərimizə, görkəmli tarixi şəxsiyyətlərimizə, məşhur ictimai xadimlərimizə qara ləkə yaxmaq, o dövrün ictimai-siyasi hadisələrini tarixi konteksdən çıxarıb onlara yalnız çağdaş prizmalarla yanaşmaq gənc nəslin düşüncəsinə, həqiqəti dərkinə mənfi təsir göstərir, yaşlı nəsildə isə çaşqınlıq və ikrah hissi yaradır. Təəccüblüdür ki, bir çox hallarda şair haqqında filoloq olmayan, tarix barədə tarix elminə dəxli olmayan, incəsənət barədə gözəllik duyğusundan məhrum adamlar “fikir” yürüdürlər. Bəzi televiziyalar sanki, əsl sənətdən çox-çox uzaq, etik qaydaları gözləməyən, davranışları ilə ikrah hissi oyadan “oxuyanların” şəxsi inhisarındadır.
Beş dəfə ərdə olan qadın namusdan, dörd arvad boşayan kişi qeyrətdən danışır. Televiziyalar daha çox saxta ağlaşma səhnələri qurmaqla reytinq qazanmağa çalışır. Aparıcıların böyük əksəriyyəti dəvət olunan qonaqdan müsahibə almaq səriştəsinə malik deyil. Savadsızlıqları, primitiv düşüncə tərzləri, təkəbbürlü ədaları tamaşaçı və dinləyicidə qıcıq doğurur. Bəzi verilişlərin adı elə bil qəsdən küçə jarqonlarına uyğun seçilir.”
Kamran Cabbarlı tərəfindən şuraya ünvanlanmış məktubda oxuyuruq: “ Başa düşürəm ki, Azərbaycanın televiziya arenası gəncdir. Amma bu, televiziya kanallarına təkrar-təkrar yol verdikləri səhvləri intəhasız olaraq davam etdirmək hüququ vermir. Bir tamaşaçı kimi məni düşündürən, narahat edən məqamlarla bağlı dəfələrlə ayrı-ayrı kanallara, elektron ünvanlara yazsam da, hələ ki, reaksiya yoxdur.”
Kimlərin hazırlamasından, nə dərəcədə real olub-olmamasından və bizim qəbul edib-etməməyimizdən asılı olmayaraq günümüzdə nəinki televiziya və radioların, hətta onların ayrı-ayrı verilişlərinin də üzdə olan bir reytinq cədvəli var. Mövcud reklam resursları əsasən məhz həmin reytinq cədvəlləri əsasında bölünür. Bu da bir həqiqətdir ki, qalmaqallı şou verlişləri hələlik reytinq siyahılarının önündə gedir. Amma buradan belə nəticə çıxarmaq olmaz ki, əlahəzrət tamaşaçı və dinləyici məhz bu cür verilişlərə köklənib.
Gəlin düşünək, bəlkə, bu, efirimizdə keyfiyyətli və daha maraqlı verlişlər kifayət qədər olmadığından belədir. Hər halda çoxsaylı tamaşaçı və dinləyici müraciətləri səbəbsiz deyil. Bu müraciətlər ictimaiyyətin geniş təbəqələrinin arzu və istəkləri zəminində formalaşır. Teleradio yayımçıları istəyirlərsə ki, onların reytinqi yüksələn xətlə getsin, onda daim ictimai rəyi öyrənməli və nəzərə almalıdırlar. Bunun üçün təkcə efirdən diktə etmək və bəzi kanallarda olduğu kimi, effektsiz təbliğat aparmaq azdır. Daha çox cəmiyyətin içərisinə getmək, maraqlı ideyalar, hər kəs üçün faydalı ola biləcək təklif və təşəbbüsləri öyrənmək gərəkdir. Necə deyərlər: axtaran tapar.
Qafar Cəbiyev,
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası sədrinin müavini,
tarix elmləri doktoru, Əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.