Ağsaqqal gah yerdə özünə yol açmaq istəyən yağış suyuna, gah da torpağa çatmaq üçün yarışırmış kimi bir-birini ötmək istəyən leysan damcılarına baxırdı. Sonra gözləri yol çəkdi, nəzəri uzaq, naməlum nöqtəyə zilləndi. Ürəyindən nələrin keçdiyini bilmək istəsəm də, soruşmadım. "Fəsillər nə tez dəyişdi?" - deyə sükutu pozmaq istədim.
- Üç-dörd ay idi ki, bir rayondan o birisinə gedəndə, nəfəsimizi dərmək üçün dayandığımız yerdə kölgəsinə sığınmağa kiçik də olsa, bir ağac axtarırdıq. Havalar çox isti keçirdi. İndi isə yağışın yaratdığı lövhəyə, mənzərəyə elə baxırıq ki, elə bil ömrü boyu yağmur görməmişik. Diqqət yetirin. Ağacların sevinməsini adi gözlə də görmək olur. Təbiət necə rahat nəfəs alır...
Həmsöhbətim yanımızdakı ləklərə yağış damcılarından "su içməkdə" olan payız güllərinə baxaraq söhbətini davam etdirdi: - Qax belədir, oğul. Burda ilin pis fəsli olmur. Bütün fəsillər gözəl, cəlbedici, yorğunluq çıxarandır. Elə adamlar tanıyıram ki, Qaxa ancaq dekabrda gəlirlər. Təbiətə - gül-çiçəyə vurğun olanlar yazda, kollektiv və ya ailə ilə birlikdə istirahət etmək istəyənlər isə yayda buranı seçirlər. Payızı da ki, görürsünüz.
Bəli, Qaxın payızını görürdüm və bilirdim ki, bu diyarın payızının təm-tərağı barədə dəfələrlə yazmış, bar-bəhərli günlərini çox vəsf etmişəm. Məhz elə ona görə də növbəti yazının bir qədər ənənəvilikdən kənar olmasını istəyirdim. Əslində bölgə müxbiri kimi fəaliyyət göstərdiyim rayonların bəzilərində bu qeyri-ənənəvilik məsələsini sınaqdan çıxartmışdım və nəticə olduqca yaxşı idi. Ona görə də həmin təcrübədən Qaxda da istifadə etmək fikrinə düşdüm. "Qaxın gecə lövhələri" adlı qəzet materialı hazırlamaq istəyimi rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə görüşdə də dilə gətirdim. Musa müəllim deyəsən bu təklifi gözləmirdi. "Maraqlı mövzudur, -dedi- həmişə Qaxın gündüzündən yazmısınız, bir dəfə də gecəsindən, gecə növbəsində işləyən sakinlərimizdən yazsanız, doğrudan da pis olmaz". Bax beləcə mənə kömək etmək üçün "gecə bələdçisi" də verildi.
... Qaxın gecə lövhələrini qələmə almaqda mənə bələdçilik edən Elbrus Tağıyevi hələ rayon gənclər və idman idarəsi rəisinin müavini işlədiyi dövrdən tanıyırdım. Çox işgüzar adamdır. 2011-ci ildən rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsidir. İqtisad Universitetini bitirib və Prezident yanında İdarəçilik Akademiyasında təhsilini davam etdirib. Qax haqqında nə öyrənmək istəsən, ondan soruşa bilərsən. Çoxməlumatlılığından da üstün cəhəti isə yurda bağlılığı, müsbət mənada Qax təəssübkeşliyidir.
Elbrus təklif etdi ki, bəlkə gəzintiyə Qaxın simvolu sayılan İlisudan başlayaq. Etiraz etmədim. Ona görə ki, bu gün Azərbaycanda uşaqdan-böyüyə hamının yaxşı tanıdığı, ən azı eşitdiyi bu kəndin tarixi ənənələri haqqında çox yazılıb, çox deyilib. Bu kənddə oxuyub təhsil alan ziyalıların, alimlərin şöhrəti dünyaya yayılıb. Gəzib kəndi xeyli dolandıq. Hər daşında bir tarix yatan İlisuda kimi dindirsən ürəyi doludur. O qədər maraqlı söhbətlər edirlər ki... Bura -kəndə gəlmişiksə, demək "İlisu xörəkləri"ndə çay içməyinə dəyər. Deməli, qismət deyilən şey var imiş. İki gün hazırlayıb başlamaq istədiyim yazının əvvəli bu ünvanla bağlanmalı imiş. "İlisu xörəkləri"ni Tofiq Babayev adlı zəhmətkeş, halallıq sevən bir insan işlədir. Özü də ailəsi ilə birlikdə. Siz deyən elə təm-təraq da yoxdu. Özü haqqında bir kəlmə də olsun danışmayan Tofiq dedi ki, buraya gələnlər həyat yoldaşının bişirdiyi xörəklərin ləzzətinə görə üz tuturlar. Düz sözə nə deyəsən? Tofiqin yoldaşı Nərminə xanımın hazırlayıb süfrələrə düzdüyü sülhüllü, qiyməli girs, çolpalı xəngəl, yumurtalı, cobala girs və başqa xörəklərin dad-tamı bura yolu düşən turistləri mat qoyur. Tofiq danışır ki, yay boyu bura gələn ərəb turistlər İlisu xörəklərindən doya bilmirdilər. Ərəblər böyük təəssüf hissi ilə dedilər ki, bu gözəl istirahət ocağının ildə cəmi 3-4 ay fəaliyyət göstərməsi o qədər də yaxşı hal deyil. Doğrudan da bu, belə imiş. Təəssüf ki, bir neçə gündən sonra havaların soyuması ilə bağlı "İlisu xörəkləri" bağlanacaq və Tofiqgil gedib öz şəxsi təsərrüfatları ilə məşğul olacaqlar. "Gələn yayda görüşənədək",- deyib Tofiqdən ayrılırıq. Oğlu Baxış zarafatından qalmır: "Yaya çox var. O vaxta qədər mütləq görüşəcəyik. Mənim toyuma gələrsiniz".
İlisudan qayıdırıq. Sən bir təsadüfə bax. Baxışın toy söhbətinin xoş ovqatından hələ ayrılmamışıq. Nə görsək yaxşıdı? Sən demə "El RESORT" da toy varmış. Bəlkə cavanları biz də təbrik edək? Təklifim deyəsən Elburusun ürəyindən oldu. Nə deyirəm ki, cavab verdi. Hər halda maraqlı olar. Toya gələnlərin çoxunu tanıyıram. Zaqataladan olan Mehman qaxlı Ülviyyə xanımla ailə qrur. Öyrənirəm ki, Mehman Muradzadə Zaqatala rayon polis şöbəsində işləyir. Gələcək həyat yoldaşı isə həkimdir, insanların sağlamlığının keşiyində dayanır. Dostlarla bir süfrə arxasında otururuq. Respublikanın Əməkdar artisti Mətanət İsgəndərlinin səsi, aşıq Əlinin sazı insanları yerindən oynadır. Xoşbəxt olsunlar.
Saat ikidir. Elburusun tez-tez saatına baxmağı diqqətimi çəkir. Soruşuram: "Bəlkə yorulmusan?" "Yox", deyir,- "Sizdən nə gizlədim, iki qızım var. Nuray bir yaş bir ayılq, Gülay isə altı yaşındadır. İnanın, böyük qız mənsiz yatmır. Gecə neçədə getsəm, görürəm ki, oturub gözləyir". Elbrusa evə getməyi təklif etsəm də, nə danışırsınız deyir,- səhərə qədər bir yerdəyik.
...Heydər Əliyev prospektində iki nəfər polis işçisi ilə qarşılaşırıq. Tanış oluruq. Sabitliyin, ictimai asayişin keşiyində dayanan, bu gənclər öz işləri ilə qürur duyduqlarını dönə-dönə dilə gətirirlər. Adlarını yazım, siz də tanıyın: Ceyhun Rəcəbov və Suliddin İsrafilov. Ceyhun deyir ki, çalışırıq gözümüzdən heç nə yayınmasın. Sizə bir misal çəkim. Lap bir neçə gün bundan əvvəl prospektlə aşağı düşən zaman bir nəfərin yeyin-yeyin getdiyini gördük. Tanıdım. Bundan bir müddət öncə həmin adamı gecə vaxtı Qax - Muğal kəndində də görmüşdüm. Maşını bir az qabaqda saxlayanda gördüm həmin adam qaçır. Çatıb tutduq. Ünvanını soruşduq. Şəxsiyyətini müəyyənləşdirdik. Ondan sonra dedik getsin. Elə həmin günün səhəri məlum oldu ki, mağazaların birindən oğurluq edilib. Kameraya baxan kimi tanıdıq. Ad bəlli, ünvan bəlli. Daha nə lazımdır ki: Gedib tutub şöbəyə gətirdik.
... Söhbət şəhərin gecə həyatından gedirsə, deməli, ilk növbədə yada düşən ünvanlardan biri də təcili tibbi yardım stansiyası olur. Ona görə də Elbrus Tağıyevlə baş çəkdiyimiz ünvanlardan biri məhz bura oldu. Öyrəndik ki, həkim Nelli Babacanaşvili çağrışa gedib. Oturub gözlədik, qayıdıb gəldi. Onun köməyinə ehtiyacı olan M. Əmirov küçəsində yaşayan 75 yaşlı Bəşir Camalov imiş. Ağsaqqalın təzyiqi aşağı düşüb və yıxılıb. Ona görə də evə həkim çağırıblar. Nelli xanımın köməyi ilə Bəşir kişinin səhhətindəki problem aradan qaldırılıb. Amma sabah üçün müvafiq tövsiyələr də verilib. Deyilib ki, mütləq mədəsini yoxlatmalıdır.
Biz orda olduğumuz müddətdə Üzeyir Hacıbəyov küçəsində yaşayan 60 yaşlı bir qadına da təcili tibbi yardım göstərildi. Şəki Tibb Texnikumunun məzunu, 15 il feldşerlik təcrübəsi olan Rəhimə Məmmədova deyir ki, Qaxda demək olar ki, getmədiyimiz ünvan yoxdur. Burada Şəki Tibb Texnikumunun başqa bir məzunu da işləyir. Röya Kərimova. Deyir ki, bu gecə hələlik 7 çağırış olub, 8 xəstə isə özü məntəqəyə gəlib. “Elə bir ciddi hadisə olmayıb ki”, – deyə soruşuruq. Bir ağızdan cavab verirlər: "Şükür ki, yox".
... Gecənin bu vaxtında salamlaşdığımız adamlardan biri də təmizlik üzrə briqadir Kamran Hüseynovdur. Şəhər təsərrüfatında elə işlər var ki, onlar mütləq gecə görülməlidir. Onların da bəxtinə ikinci növbədə işləmək düşüb. "Əvvəllər texnika sarıdan bir az çətinliyimiz var idi, -Kamran Hüseynov danışır,- İndi Çin istehsalı olan JAC markalı maşın məişət tullantılarının yığılıb daşınmasını kifayət qədər asanlaşdırıb. Ancaq nə qədər asan olsa da, gecə növbəsidir də. Hər halda biz - Həzrət, Elqus, Dəyanət, Valeri və sürücümüz Elşən bir yerdə olanda heç bir çətinliyimiz olmur. Məsələn, bu gecə 185 tullantı konteynerini boşaltmışıq. Bəs Qaxın təmizliyindən nahaq yerə danışmırlar ki...
... Nadir Ureyratov taksi sürücüsüdür. "099"u var. Görüşürük. Müştəri gözləyirəm deyir. Gecənin bu vaxtı nə müştəri. Cavab verir: "Necə yəni nə müştəri. Hamının məgər maşını var? Gəlirlər, minirlər. Təki xeyir işlərə gedək. O qədər vacib işi olan adamlar olur ki". "Hamısı pul verirmi? Gülümsünür. "Pul verən də olur, verməyən də. Canları sağ olsun. Öz qaxlılarımızdır. Bir də görürsən üç-dörd yerə sürdürür, deyirlər pulunu sabah verəcəm. Sabah baxıram ki, məni görüb gizlənir. İnanın, gedir heç nə demirəm. Adamı utandırmaq olmaz. O qədər olub ki, mənim yadımdan çıxıb. Gətirib neçə aydan sonra pulu veriblər. Nə demək olar, bu da bizim taleyimizdir". Düz sözə nə deyəsən.
... Artıq saat 4-dür. Demək olar ki, hamı yatıb. Amma, deyəsən, hamı deyil. 4 mərtəbəli, 36 mənzilli binanın ikinci mərtəbəsindəki mənzillərdən birinin işığı yanır. Yuxarıda dedim axı Elbrus Tağıyev hamını yaxşı tanıyır. "Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Müşfiq Sultanovun evidir,-deyir- 1991-ci ildən etibarən Ağdam - Füzuli istiqamətlərində döyüşən bu veteran 94-cü il yanvarın 5-də boynundan və çiynindən ağır yaralanıb. Daha doğrusu, kafir gülləsi onun boynunun sağ tərəfindən girib, soldan çıxıb. Sadəcə olaraq möcüzədir. Uzun müddət hospitalda müalicə olunduqdan sonra ordudan tərxis olunub. 2014-cü ildə dövlət tərəfindən ona 3 otaqlı mənzil, minik avtomobili də veriblər.
Səhəri günü Müşfiqlə görüşdüm. "Gərək gələydiniz,- dedi,- Onsuz da səhərə qədər yatmamışam. Güllənin yeri yaman sızıldayırdı". Bu da sözün qurtardığı an. Nə deyəsən...
... Artıq üzü səhərə doğru gedirik. Günün, daha doğrusu gecənin bu vaxtında küçələrdə görünən ilk adamlar əsasən süpürgəçilər olur. 12 il şəhərin təmizliyinin keşiyində dayanan Sara Nəsibova ilə salamlaşırıq. Həyat yoldaşı Vidadi Balacayev də yanındadır. Xeyli söhbət edirik. Sara deyir ki, çox vaxt bizim gördüyümüz işin taleyi havadan asılı olur. Bir də görürsən ki, biz təmizləyib gedəndən sonra ya külək aləmi bir-birinə qatır, ya da yağış suları. Deməli, biz yenidən işə qayıdırıq və küçələri təkrar-təkrar təmizləyirik. Səhər yuxudan duranların nə küləkdən xəbəri olur, nə də yağışdan. Mən Heydər Əliyev prospektini süpürürəm, yoldaşım isə Axundov küçəsini. Süpürgəçi ilə söhbətin başqa peşə sahibləri ilə söhbətdən tez qurtarmasını istəmirəm və ona görə də ordan-burdan danışıram. Zarafatla soruşuram: "Süpürgəni əlinə alanda nə fikirləşirsən?" Deyəsən bu sualı gözləmirdi. Bir az duruxur. Bilmir nə desin. Amma sonda verdiyi cavab mənə elə gəlir ki, çox sərrast olur: "Hərdən düşünürəm ki, imkanım olaydı, insanların pis niyyətlərini, pis əməllərini süpürüb ata biləydim".
... Qaxda "gecə növbəsinə çıxmağımdan" əvvəl də bilirdim ki, şəhərdə 24 saat işləyən yeganə ticarət obyekti "Nihad" mağazasıdır. Buranın rəsmi adı belə olsa da, hamı ora "Rasimin mağazası" deyir. Nihad onun nəvəsinin adıdır. Rasim Tağıyev buranı həyat yoldaşı Çimnaz xanımla birlikdə, növbə ilə işlədir. Hər yerdə mağazalar bağlı olanda ehtiyacı olanların hamısı "Rasimin mağazası"na üz tutur. Doğrudur, gecə vaxtı müraciət edənlərin əksəriyyəti çətin adamlar olurlar. Amma neyləyəsən, yola verməlisən. Yol keçənlər, turistlər, qonaqlar da az gəlmirlər. Söhbət vaxtı öyrənirəm ki, bu ailənin halal zəhmətlə yaşamasının təməlində vaxtilə təkcə yaşadığı Qaxda deyil, bütün respublikada hamının tanıdığı Rasimin anası Sosialist Əməyi Qəhrəmanı Hürü Tağıyevanın verdiyi tərbiyə dayanır. Rasim fəxrlə o illərdən danışır, analı günlərini xatırlayır...
... Artıq saat 7-yə qalır. Hələ işə gedən kimsəni görmürük. Amma... deyəsən bu gələn adamı mən tanıyıram. Yaxınlaşıram və məlum olur ki, zənnim məni aldatmayıb. Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalovu kim tanımır ki? Elbrus müəllim deyir ki, rayonda Soltan Camalovdan tez işə gələn heç bir idarə rəhbəri yoxdur. İşini, peşəsini sevdiyi kimi, həm də maraqlı müsahibdir. Ancaq Camalovdan eşitdiyim bir fikir mənim üçün həddən artıq maraqlı olur. Deyir ki, sübh tezdən, şəhərin sakit vaxtlarında ətrafdakı çayların səsinə qulaq asmaqla, hansı çayda nə qədər su olduğunu təxmin etmək mümkündür. Kürmük çayı üzərindəki körpünün altından keçən suyu görəndə hansı kəndə sel ziyanı dəydiyini dəqiq müəyyən edir. Bunu uzun illərin təcrübəsi ilə bağlayanlar da var. Amma mənim fikrimcə, bu, peşəkarlıqdan başqa bir şey deyil. Çünki on illər eyni yerdə işləyən, amma, peşəkarlıqdan əsər-əlamət olmayan o qədər adam tanıyırıq ki.
... Həmin gecə, daha doğrusu, səhərə yaxın əslən Sarıbaş kəndindən olan, indi isə rayon mərkəzində yaşayan Əhmədovların ailəsində ilk övladın dünyaya gəldiyi barədə xəbər aldıq. Çəkisi 3,600 qram, boyu 52 santimetr. Bu oğlanın Qaxa ləyaqətli bir oğul olacağı ümidi ilə atasına göz aydınlığı veririk. Körpənin atası - Təmiz qaz xidmətində xətt baxıcısı vəzifəsində çalışan 27 yaşlı Yunus Əhmədov bizim təbrikimizi qəbul etməklə yanaşı, xahiş etdi ki, qəzetimizdə ona sevinc bəxş edən insanlara - həkim Nəzmiyyə İsmayılova, tibb bacıları Ellada Məhyəddinova və Sevinc Fərhadovaya öz adından və körpənin anası - tibb bacısı Rəvanə xanımın adından təşəkkürlərini çatdıraq. Dedim, çatdırarıq. Soruşdum ki, bəs uşağın adını nə qoyacaqsınız? Nədənsə utandı, hələ bilmirəm,- dedi.
...Bakıya qayıdıram. Qaxda gecə görüşdüyüm adamlar gözlərimin önündən getmir ki, getmir. Onlarla olan söhbətlərimi xatırlayıram. Birdən ağlıma gəlir ki, görəsən dünyaya gələn bu körpəyə ad verdilər, ya yox? Yunus Əhmədova zəng etdim. "Uşağa ad qoyduq,-dedi,- əmisi məsləhət bildi ki, Murad adını verək. Gözəl addır. Ürəyimdən keçdi ki, kaş Qaxda yaşayan insanların hamısı öz muradına çatsın, xoşbəxt, firavan yaşasınlar. Qaxlıların buna haqqı var.
İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.