“Təmiz hava” aylığı sağlamlığa xidmət edir

Atmosferin çirklənməsi onun tərkibinin,  temperatur və yağıntı rejiminin dəyişməsinə səbəb olur,  bu isə bitki və canlı aləmə,  o cümlədən, insanların həyatına mənfi təsir göstərir.  Çirklənmənin əsas səbəbləri  sənaye müəssisələrindən havaya buraxılan qazlar,  nüvə sınaqları,  nəqliyyat vasitələrindən (yanacaqlardan)  düzgün istifadə olunmamasıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbiətimizin və ətraf mühitin mühafizəsi ilə bağlı sərəncam və göstərişləri ardıcıl yerinə yetirilir. Ekoloji durumun sağlamlaşdırılması sahəsində mühüm işlər görülür. Bu sahədə maarifləndirmə və təbliğat işləri  genişləndirilir. Hər il yolların kənarlarında on minlərlə ağac əkilir. Azərbaycanın bütün bölgələrində, o cümlədən  Bakıda yeni yaşıllıqlar salınır.

Əlbəttə "Təmiz hava" aylığında nəzərdə tutulan məsələlərdən biri də avtonəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsinə nəzarətin güclənməsidir. Tədbir  Bakı, Gəncə, Sumqayıt, Quba, Şirvan, Mingəçevir , Şəki, Lənkəran və digər iri şəhərlərdə həyata keçirilir. Bu məqsədlə DİN- in Baş Dövlət Yol Polis İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti qurumlara  aylığın keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər planı göndərilmişdir. Artıq yerlərdə tədbirin keçirilməsi üçün təbliğat qrupları yaradılıb  və bu qruplar nəzarət- ölçü cihazları ilə təmin edilib.

Yuxarıda adları çəkilən şəhərlərin avtomobil təsərrüfatlarında "Təmiz hava"  aylığının atmosfer havasının mühafizəsində rolu və əhəmiyyəti mövzusunda müzakirələr keçirilir.  Respublikanın şəhər və rayonlarının giriş yollarında,  hərəkətin intensivliyi yüksək olan küçələrdə hərəkət edən avtonəqliyyat müəssisisələri tərəfindən xəttə buraxılan avtomobillərin mühərriklərində işlənmiş qazların tərkibindəki zərərli maddələrin miqdarına nəzarət gücləndirilib. 

Lənkəran ŞRPŞ-nə rəhbərlik edən polis polkovniki İslam Hümbətovla iş başında görüşdük. "Təmiz hava" aylığı ilə əlaqədar suallarımızı ətraflı cavablandıran rəis, eyni zamanda, əhalinin asayişini təmin etmək üçün Lənkəran polisinin yüksək əhval-ruhiyyədə olduğunu diqqətə çatdırdı. O dedi:

– Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə kadr siyasətində və polis sistemində apardığı fundamental dəyişikliklər illərlə bu sistemdə kök salan neqativ və xoşagəlməz halların aradan qaldırılmasına, polisdə şəffaf və sağlam mühitin yaranmasına böyük kömək etdi. Respublika daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi altında daxili işlər orqanları minlərlə şəhidinin qanı bahasına qazanılan müstəqillik yollarında inamla addımlayan doğma Azərbaycana hazırda fədakarcasına xidmət nümunəsi göstərirlər.

Bu gün Daxili İşlər Nazirliyinin rəhbərliyi öz əsgər və zabitləri ilə birgə nümayiş etdirdiyi igidlik nümunələri yüksək hörmət və ehtirama layiqdir. Çünki məhz onların köməyi ilə nəinki Bakıda, habelə respublikamızın bütün bölgələrində, hətta ən ucqar yaşayış məntəqələrində dövlətçiliyimizin qorunmasına, əhalinin asayişinin təmin olunmasına qəti əminlik var. Həmçinin qeyd edim ki, sağlam həyat tərzi üçün təmiz ab-hava lazımdır. Bu baxımdan respublikamızda hər il keçirilən "Təmiz hava" aylığı mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidentinin 11 noyabr 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın icrası ilə əlaqədar respublika ərazisində bu tədbirin tələblərinə uyğun olaraq Lənkəranda da hər cür hazırlıq işləri görülüb. Reallaşdırılan reydlər aylığın rayonumuzda necə mütəşəkkil keçməsini bir daha sübut edir.

Lənkəran DYPB-nin rəisi Elşən Əzizov da "Təmiz hava" aylığı ilə bağlı fikirlərini bizimlə bölüşdü:

– Məlum olduğu kimi, indi nəqliyyat vasitələri xeyli çoxalıb. Təbii ki,  atmosfer nəqliyyat vasitələrinin havaya buraxdığı zəhərli qazlardan daha çox çirklənir. "Təmiz hava" aylığının keçirilməsində məqsəd də məhz atmosferin saflaşmasını və əhalinin sağlamlığını qorumaqdır. Elə buna görə də aylığı mütəşəkkil keçirmək üçün 1 saylı ərazi üzrə ekologiya və təbii sərvətlər şöbəsi ilə müvafiq tədbirlər planı hazırlamışıq.

Reydlər zamanı atmosferi çirkləndirən nəqliyyat vasitələri saxlanıldı. Məlum oldu ki, texniki nasazlıq ucbatından yanacağı normal tənzimləyə bilməyən mühərriklərdən havaya zəhərli qazlar buraxılır. Təbii ki, bu da canlı aləm üçün ciddi təhlükə törədir. Reyd zamanı nəqliyyatı sərxoş vəziyyətdə idarə edən, yol-hərəkət qaydalarını pozan sürücülərə də təsadüf olundu.  Şübhəsiz ki,  belələrinə qarşı həmişə  inzibati qaydada tədbir görülür. 

Artıq "Təmiz hava" aylığı dövründə ayrı-ayrı şəhər və  rayonların avtomobil təsərrüfatlarında da müsbət nəticələr özünü göstərir. Əlbəttə, bu işdə ayrı-ayrı vətəndaşlar öz töhfələrini  verməli, idarə etdikləri nəqliyyat vasitələrini texniki cəhətdən saz halda yola çıxartmalıdırlar. Təbii ki, bu, həm hərəkətin təhlükəsizliyində, həm də insanların sağlamlığının təmin olunmasında mühüm rol oynayır.

Bəxtiyar  HÜSEYNOV

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında