Rayon mərkəzindən kənarda yerləşən kənd və qəsəbələrdə sakinlərlə səyyar görüşlərin təşkili daxili siyasətdə insan amilinə xüsusi önəm verildiyini göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu bu gözəl ənənə respublikamızın rayonlarında ardıcıl davam etdirilir. Astara rayon rəhbərliyi də vaxtaşırı yerlərdə əhali ilə görüşlər, səyyar qəbullar keçirir.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, demək olar ki, hər həftə bu və ya digər kənddə camaatla canlı dialoq yaradır. Bu ünsiyyət forması idarəetmə sisteminin mühüm tərkib hissəsidir. Açıq mikrofonda səslənən fikirlər, təklif və rəylər diqqətlə dinlənilib rəhbərliyin cari və perspektiv fəaliyyət planlarına daxil edilir, şikayətlər üzrə operativ addımlar atılır.
Bu ilin əvvəlindın rayonun Şahağacı, Təngərüd, Pensər, Siğaloni, Alaşa, Şəmətük, Suparibağ, Səlivə və digər yaşayış məntəqələrində görüşlər keçirilib. Problemlərə belə həssas yanaşma nəticəsində bir çox məsələlər həllini tapıb, bəzən tapdanmış hüquqlar yerindəcə bərpa edilib. Başlıcası budur ki, adamların rəhbərliyə inamı artıb. Onlar dövlət orqanları ilə qarşılıqlı etimad və etibar şəraitindən yetərincə bəhrələnə biliblər.
Kijəbə qəsəbə ərazi icra nümayəndəliyinə daxil olan Burzubənd kəndində təşkil olunan görüş də yaddaqalan olub. Son bir ildə burada abadlıq işləri xüsusilə genişlənib. Kənd sakinlərinin illərdən bəri arzuladığı yol asfaltlaşdırılıb, gediş-gəliş üçün normal şərait yaradılıb. Əhalinin təbii qaza olan tələbatının ödənilməsi üçün əməli tədbirlər görülüb.
Qəzənfər Ağayevlə növbəti görüşdə sakinlər son illərdə respublikamızda və regionlarda aparılan geniş quruculuq işlərindən hədsiz razılıqlarını bildiriblər. Seyidağa Məlikov, Fikrət Talıbov, Hesab Fərziyev, Əbülfət Talıbov, Turan Rəfiyev, Mühiddin Talıbov və başqaları ürək sözlərini söyləyiblər. Onlar əvvəlki görüşlər zamanı verilmiş vədlərin yerinə yetirilməsinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşdə həmçinin kənddə yeni məktəb tikintisi, su xəttinin çəkilişi, elektrik xətlərinin və dirəklərinin əsaslı təmiri və dəyişdirilməsi barədə təkliflər verilib. Çıxış edənlər müstəsna əhəmiyyətə malik dağ yollarının yenidən qurularaq asfaltlaşdırılmasını, rayon mərkəzində yaraşıqlı dənizkənarı park-bulvarın əhalinin istifadəsinə verilməsini birmənalı şəkildə təqdir ediblər.
Astara Elektrik Şəbəkəsinin rəisi Alim Qənbərli Burzubənddə və ətraf kəndlərdə elektrik xətt təsərrüfatı üzrə təmir və yenidənqurma işlərinin nəzərdə tutulduğunu bildirib, konkret ərazilərdə elektrik dirəklərinin qısa müddətdə dəyişdiriləcəyi barədə məlumat verib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzu ilbəil artır. Dünyanın ən böyük dövlətlərinin rəhbərləri ölkə başçımızın beynəlxalq məsələlərdə mövqeyinə yüksək önəm verir, Azərbaycan Respublikası ilə əlaqələrin daha da genişləndirilməsinə ciddi maraq göstərirlər. Rusiya-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Rusiya formatında keçirilən görüşlər bunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın bütün yaşayış məntəqələrində sosia-iqtisadi inkişaf sahəsində misilsiz nailiyyətlər qazanılır.
Son illər Astarada sosial-iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurları diqqətə çatdıran rayon rəhbəri kənd təsərrüfatının müxtəlif sahələrinin tərəqqi etdiyini, torpaqdan səmərəli istifadə olunduğunu söyləyib. O deyib ki, təkcə bir il ərzində rayonda əkin sahələri 600 hektara çatmışdır. Çayçılığın və çəltikçiliyin inkişafı diqqət mərkəzindədir. Qarşıdakı illərdə 1000 hektar çay və bir o qədər də çəltik sahələrinin salınması nəzərdə tutulur. Hər kəs çalışmalıdır ki, rayonda bir qarış belə əkinə yararlı torpaq sahəsi istifadəsiz qalmasın.
Qəzənfər Ağayev Burzubənddə yeni məktəb binasının tikintisi ilə əlaqədar sənədlərin hazırlanaraq Nazirlər Kabinetinə göndərildiyinə və Dövlət Proqramına salındığına, kənd icma qrupu tərəfindən Sım ərazisindən buraya içməli su çəkilişi barədə layihənin icrasının tezliklə reallaşacağına diqqəti cəlb edib. Görüşdə sakinlərin qaldırdıqları məsələlərin icrası ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.