Xətai rayonu: Enerji daşıyıcıları və su təminatında fasilələr olmamalıdır

Payızın, qışın hazırlığını yayda görərlər. Şəhər təsərrüfatının yaşlı və təcrübəli mütəxəssislərinin bu deyimi indi az qala atalar sözünə çevrilib. Yayda istirahəti üstün tutub işləri sonrakı aylara ötürənlər  onların nə qədər haqlı olduğunu zaman -zaman sınaqdan çıxarıblar. Ona görə də Xətai Rayon İcra Hakimiyyəti  əhalinin ötən payız-qış mövsümündə qaz, elektrik və su təsərrüfatı  sahəsində qarşılaşdğı ən kiçik problemləri belə, məhz bu gün həll etmək və rayonun sakinlərini payız və qış aylarında su və enerji daşıyıcıları ilə fasiləsiz təmin etməkdə qərarlıdır.

Ötən illərdə rayonun Naximov yaşayış massivində elektrik enerjisinin verilməsində tez-tez fasilələr olurdu. Səbəb də ondan ibarət idi ki, bu əraziyə elektrik enerjisi yerüstü yüksək gərginlikli xətlərlə ötürülürdü. Hələ sovet dönəmində çəkildiyindən, bu xətlərdə də tez-tez qəzalar baş verirdi.  Rayon icra hakimiyyəti  məsələni köklü şəkildə həll etmək üçün "Azərişıq"ASC qarşısında məsələ qaldırdı. İndi bu problemin həlli üçün çox ciddi işlər görülür. Cəmiyyətin Xətai rayonu elektrik təchizatı və satışı idarəsı artıq Zığ yolundan Naximov küçəsi boyu bu yaşayış massivini elektrik enerjisi ilə təmin edəcək 6 kilovoltluq iki dövrəli xəttin çəkilişinə başlamışdır.

İşlərin gedişi ilə tanış olarkən istismar  şöbəsinin rəisi İlyas Musayev bildirdi ki, Naximov yaşayış massivində keçmişdə hərbiçi olmuş insanların ailələri üstünlük təşkil edir. Həmçinin burada bizim Milli Ordunu zabit kadrları ilə təchiz edən hərbi məktəblər də fəaliyyət göstərir.  Biz bu massivin elektrik enerjisi təminatının fasiləsizliyini birdəfəlik həll etmək üçün müasir texnologiya ilə hazırlanan yeraltı kabel xəttinin çəkilişinə başlamışıq. İki dövrəli olduğu üçün bu xəttin ümumi  uzunluğu 30 kilometrə çatacaq. Xətt tam hazır olandan sonra tez-tez sıradan çıxan yerüstü elektrik xətti ləgv ediləcək. Bu, həm elektrik enerjisinə qənaət etməyə, həm də şəhərin ümumi görünüşünə xələl gətirən və bəzi yerlərdə hörümçək toruna bənzəyən yerüstü xətlərdən xilas olmağa imkan verəcək.

Amma elektrik enerjisi sahəsində görülən işlər bununla bitmir. Son illərdə rayonun bir neçə ərazisində  ən müasir avadanlıqla təchiz edilən elektrik yarımstansiyaları istifadəyə verilmişdir .  Hazırda isə rayonun  Y. Səfərov küçəsində tikintisi başa çatmaqda olan  yarımstansiyada artıq texniki avadanlığın quraşdırılmasına başlanmışdır.  İ.Musayev bildirdi ki, Y.Səfərov küçəsində tikintisi başa çatmış yarımstansıya yaxın günlərdə istifadəyə veriləcək. 35/6 kiloVat  gücündə olan bu yarımstansiya Xətai rayonunun böyük bir ərazisini, eyni zamanda, Səbail və Nəsimi rayonlarının qonşuluqdakı yaşayış massivlərini elektrik enerjisi ilə təmin edəcək. Bununla yanaşı, Həzi Aslanov və Ağ şəhər yarımstansiyaları arasında mövcud olan yüksək gərginlikli elektrik xətləri də yeraltı xətlərlə əvəzlənir.

Naximov küçəsindən ayrılıb rayonun Cavanşir küçəsi ilə mərkəzə istiqamət götürmüşdük ki, burada da qazıntı və təmir işlərinin getdiyinə şahid olduq. Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirdi ki, hazırda bu ərazidə  Qum adasından gələn 530 millimetrlik  1200 metr uzunluğunda yeni magistral qaz xəttinin çəkilişi işləri davam etdirilir. Tamamilə yenidən çəkilən bu xətt təkcə Xətai rayonunu deyil, paytaxtın böyük bir ərazisini qazla fasiləsiz təmin etməyə imkan verəcək. İndi magistral xəttin Cavanşır küçəsindən keçən hissəsinin başa çatan sahəsində təmir işləri gedir.

Rayonun içməli su ilə təminatı   istiqamətində də gözgörəsi işlər görülməkdədir. Bu sahədə tez-tez qəzaların baş verdiyi UPD deyilən yaşayış məntəqəsinin  S.Əhmədov küçəsində yeni su xəttinin çəkilişi ilə yerində tanış olmaq üçün əraziyə gəlirik. Xətai Rayon Su-kanal İdarəsinin rəisi Rövşən Əliyev özü xəttin çəkilişinə nəzarət edir və göstərişlər verirdi. Bu günə olan vəziyyət və qarşıda duran vəzifələrlə maraqlanırıq. R.Əliyev deyir:

– Məqsəd respublika Prezidenti İlham Əliyevin  qarşıya qoyduğu -  paytaxt əhalisini  24 saat fasiləsiz su ilə təmin etmək tapşırığını ən qısa zamanda həll etməkdir. Son bir neçə ayda 824 metrdən artıq magistral su xətti çəkmişik. Amma xətlərin çəkilməsi, suyun verilməsi ilə yanaşı, əhalinin ondan qənaətlə istifadə etməsi üçün də müvafiq tədbirlər görülməlidir. Bunun bir yolu da abonentlərin su xətlərində müasir sayğacların quraşdırılmasıdır. Bu günə 350 mənzilə müasir tipli sayğaclar quraşdırılmışdır.  Rayonun Gəncə prospektində, Tusi, Sarayeva, M.Rüstəmov küçələrində də yeni su xətlərinin  çəkilişi davam edir.

Xətai Rayon İcra Hakimiyyətinin ciddi səyləri ilə həyata keçirilən bu işlərin əsas məqsədi bəllidir: enerji daşıyıcıları və su təminatında fasilələr olmamalıdır. İşlərin indiki tempi göstərir ki, bu sahələrə məsul olan təşkilatlar qarşıya qoyulan vəzifələrin həllinə nail olacaqlar.

İlqar RÜSTƏMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında