Kimsəsiz uşaqlara qayğı və diqqət həm də vətəndaşlıq borcudur

Bu gün onların, el arasında çox vaxt "dövlətin uşaqları"  kimi çağrılan uşaqların günü idi. Bəlkə yaşlarının bu çağında yay tətillərinin heç biri bugünkü kimi onların xatirəsində qalmayacaqdı. Çünki bu gün onların içindəki valideyn nisgilindən, ailə ocağına həsrətdən, ata-ana nəvazişsizliyinin qüssəsindən əsər-əlamət belə qalmamışdı. Bir anlıq mənə elə gəldi ki, ömür boyu onlara qəlbən sevinməyi, gülməyi "qadağan edəcək" ürək dağlayan "kimsəsizlik" də bu gün onların sevincinə mane olmaq istəmirdi. Bütün nisgili bir neçə saatlıq, bəlkə də bir günlük unudub Xətai Rayon İcra Hakimiyyətinin  onlara bəxş etdiyi bu bayramı sadəcə gəzmək, mənəvi aləmlərini zənginləşdirəcək yerləri görmək, atraksionlarda əylənmək, deyib-gülmək, şənlənmək istəyirdilər.

Xətai Rayon İcra Hakimiyyətinin rəhbər işçilərindən bir neçəsi ilə, bu yay rayon 3 saylı uşaq evinin sakinlərinin hər birinin  doğma evinə çevrilmiş Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsinin həyətinə daxil oluruq. Heydər Əliyev Fondunun və bilavasitə onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Xəzərin sahilində tikilmiş bu möhtəşəm dördmərtəbəli bina təkcə yaraşığı ilə deyil, uşaqlara yaradılmış şəraitlə də diqqət çəkir. Həyətdəki üzgüçülük hovuzu, futbol meydançası, kiçik yaşlı uşaqlar üçün əyləncə məkanı, 3400 kvadratmetr sahəsi olan binada yaradılmış şərait, bir sözlə, hər şey burada dövlətin uşaqlara olan diqqət və qayğısından xəbər verir.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva düşərgənin personalından birinin müşayiətilə uşaqların yataq, yemək otaqlarını, istirahət yerlərini diqqətlə nəzərdən keçirir, səliqə-sahmana nəzər salır. Hər şeyin qaydasında olduğundan arxayınlaşandan sonra foyedə toplaşan və onları maraqlı səyahətə daşıyacaq avtobusda yer tutmağa tələsən uşaqların görüşünə gəlir. Elə ilk sözü də bu olur ki, bu gün uşaqları çox maraqlı və əyləncəli bir səfər gözləyir:

– Əziz uşaqlar, bilirsiniz ki, ölkə Prezidenti cənab İlham Əliyev uşaqların tətil günlərinin maraqlı keçməsi, onların ölkəmizin tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənməsi üçün Azərbaycanın regionlarına, muzeylərinə vaxtaşırı səfərlərinin təşkil edilməsini tövsiyə edir. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da bu tövsiyəni rəhbər tutaraq, rayonumuzun məktəblilərinin tətil günləri də bir çox regionlara səfərini reallaşdırmışdır. İcra başçısının məhz sizlərin üçün nəzərdə tutduğu layihələrdən birini reallaşdırmaq üçün biz bu gün bura gəlmişik. İlk səfərimiz xalqımızın zəngin tarixi keçmişindən xəbər verən Qala Tarix-Etnoqrafiya Qoruğuna olacaq, daha sonra isə Heydər Əliyev Fondunun bir neçə il əvvəl gerçəkləşmiş layihələrindən olan Zirə Mədəniyyət Mərkəzi Eko-Parkının özəllikləri ilə tanış olacaqsınız...

Uşaqların səmimi alqışlarından sonra hamı, sanki qızmar Günəşin  istisindən can qurtarırmış kimi sərinliyi və səliqəsi ilə can rahatlığı gətirən avtobusa minməyə tələsir. Biz də uşaqlardan ayrı düşməyib onların yanında  yer alırıq. Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin rəhbərliyi qabaqcadan məlumatlandırıldığından uşaqları qarşılamaq və muzeylə tanış etmək üçün burada bütün hazırlıqlar görülmüşdü. İlk məlumat açıq səma altında salınmış və tariximizin minilliklərindən soraq verən zəngin artefaktların bura toplanmasının təşəbbüskarı haqqında oldu.

Uşaqlara bilgi verildi ki, 2008-ci ildə Heydər Əliyev Fondu
Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisindəki abidələrin qorunması, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun zənginləşdirilməsi məqsədilə
açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini yaradıb. 2008-ci il oktyabrın 10-da Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muzey kompleksinin açılışında şəxsən iştirak ediblər. Sonra uşaqlar bələdçinin rəhbərliyi ilə muzeydə sərgilənən Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalıqları, XVIII əsrin yadigarı olan təndir, dəmirçi emalatxanası ilə çox böyük maraqla tanış oldular.

Uşaqların Qala Muzey Kompleksinin ərazisindəki Qala İnformasiya Mərkəzi, Etno-Ekoloji Mərkəz, Əntiq Əşyalar Muzeyi ilə tanışlığı da zəngin təəssürat doğurdu. İki saatdan artıq davam edən səyahət zamanı muzey bələdçisi tariximizlə bağlı uşaqlara da ara-sıra suallar verir və düzgün cavablar hamının alqışı ilə qiymətləndirilirdi. Etiraf edim ki, uşaqlar muzeydən çox zəngin təəssüratla ayrıldılar. Avtobusda yerlərini alıb növbəti səfərə yol alanda uşaqların arasında əsl diskussiya başladı. Daha fəal görünən yaşca böyük olan Günay Nadirli və Aida Səmədova idi. Əli, Elvin, Nəcəf, Zeyd və Emil də öz dünyagörüşlərinə uyğun müşahidə etdikləri artefaktlar barədə düşüncələrini bölüşürdülər.

İcra hakimiyyətinin sektor müdiri Pənah İmanovla onları maraqla müşahidə etdiyimizdən, səmimi söhbətləri, ürəkdən gələn gülüşləri bizə də xoş təsir bağışlayırdı. Elə bu məqamda Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Pənah müəllimə telefon açır və səyahətin gedişi, uşaqların əhvalı ilə maraqlanır. Sonra müəyyən göstərişlər verir və Pənah müəllim rəhbərlikdən aldığı tapşırığı elə avtobusdaca Xətai rayon 3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynovaya çatdırır:

-Başçı xahiş etdi sizə çatdırım ki, hava çox isti olarsa, uşaqları gündə saxlamayaq. İmkan daxilində kölgə olan yerlərdə gəzsinlər, su və sərinləşdirici şirələr verilsin.  Nahar yeməkləri vaxtında verilsin. Bu hazırlıqları da icra hakimiyyəti öz vəsaiti hesabına görüb.

Məhbubə xanım sonradan mənə bildirdi ki, icra başçısı həqiqətən 3 saylı uşaq evini daim diqqətdə saxlayır. Elə bayram, elə bir əlamətdar gün olmur ki, rayon icra hakimiyyəti uşaqları sevindirməsin. İcra başçısı R.Məmmədov özü vaxtaşırı uşaqlara baş çəkir, vəziyyətimizlə maraqlanır, problemlərimiz olanda dərhal onların həll olunması üçün müvafiq göstərişlər verir. Açığı, özü də uşaqlara qarşı çox həssasdır.

Doğrusu, bu qayğıkeşlik məni bir qədər də təsirləndirdi. Əslində, başqa cür də ola bilməzdi. Çünki, əgər dövlət başçısı İlham Əliyev, onun xanımı, Heydər Əliyev Fondunun prezident Mehriban Əliyeva neçə illərdir millətin valideyn himayəsindən ayrı düşmüş məsum uşaqlarına doğmaları kimi diqqət və qayğı göstərirlərsə, dövlətin dəstəyi öz yerində, onları bilavasitə özləri himayə edirlərsə bu sadəcə mərhəmət, xeyirxahlıq deyil. Bu millətin, xalqın övladlarına, gələcəyinə, o uşaqların Vətənə, cəmiyyətə faydalı insan kimi yetişməsinə ünvanlanan əsl vətəndaşlıq yanğısıdır. Əgər dövlət başçısının bu mövqeyi onun yerlərdəki təmsilçiləri tərəfindən də eyni qaydada davam etdirilirsə və bunu sadəcə yaxşı görünmək üçün deyil, səmimi qəlbdən edirlərsə, təbii bu alqışlanmalıdır...

Bu düşüncələr içində çox rahat, geniş və yaraşıqlı Bakı - Pirallahı avtomobil yolunun kənarındakı Zirə Mədəniyyət Mərkəzi Eko- Parkın həyətinə daxil oluruq. Doğrusu, ilk gəlişim olduğu üçün özüm də heyrət içində idim. Mənə elə gəlir ki, Bakıda 10 hektarlıq ərazisi olan və xüsusi landşaft-dizaynla layihələndirilmiş  bu möhtəşəm yaşıllıqlar məkanı ilə hələ tanış olmayan tək mən deyiləm. Elə ilk təəssüratdan doğan bir alqış gəldi dilimə; "Əhsən, bu cənnəti yaradanlara".

Bələdçi elə həyətdəcə bizi təravətli yaşıllıqlar qoynunda ucalan ürək fiquru-"Həyat abidəsi" ilə tanış edir və bildirir ki, bu abidənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. Uşaqlar abidə haqqında bələdçinin məlumatını diqqətlə dinlədikdən sonra yaşıllıqlara qərq olmuş Zirə Mədəniyyət Mərkəzinə daxil oluruq. Hamının diqqəti bir andaca ümummilli lider Heydər Əliyevin foyedə ucalan və bərq vuran  abidəsinə tuşlanır. Bələdçi də sanki hardan başlayacağını elə bu məqamda aydınlaşdırır və uşaqların sayəsində bizi də məlumatlandıraraq bildirir ki, ulu öndərin bu büstü xüsusi sifarişlə Çexiyada təmiz büllurdan hazırlanmışdır. Bir andaca bir neçə yerdən təklif səslənir ki, abidənin önündə uşaqların xatirə şəklini çəkək.

Beləcə ümumi sahəsi 6 min kvadratmetr olan binanın özəllikləri ilə tanış olmağa  başlayırıq. Sanki nağıllar aləminə düşmüş uşaqlar bələdçiyə qulaq asmaqdan daha çox burada yaradılan gözəlliklərə bihuş olmuş insanlar kimi diqqət edirlər. Mərkəzin Qalereya-yaşıllıq ərazisi, fotostudiyası, art-studiyası, elektron kitabxanası, İDEA-yaşıl otağı, şahmat otağı, moda studiyası, gimnastika və rəqs zalı, Zirə xalça muzeyi və xalçaçılıq tədris mərkəzi bir andaca uşaqları öz arzularının dünyasına çəkib aparır. Ən çox maraq doğuran isə Orxideya evi olur. Burada kanal sistemində su dövr edir. Bitkilərin təbii işıqlandırılması məqsədilə tavan şüşədən quraşdırılmışdır. Bir sözlə, hər yer göz oxşayan, könül xoşluğu bəxş edən gözəlliklərdir.

Uşaqların ayrılmaq istəmədiyi ən maraqlı yer isə mədəniyyət mərkəzinin onlar üçün olan əyləncələr mərkəzi oldu. Eşidəndə ki, burada hər şey onların ixtiyarındadır, hərə öz sevdiyi qurğuya yaxınlaşıb əylənməyə başladı. Bu uşaqların gəlişindənmi, yoxsa təsadüfdənmi, bilmirəm, hava da o qədər isti deyildi və  dənizdən əsən sərin meh sanki valideyn sığalından məhrum olmuş uşaqlara tumar çəkib, könüllərini sevindirmək istəyirdi. Beləcə uşaqlar yorulub əldən düşənə qədər oynadılar. Sonra Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva onları mədəniyyət mərkəzinin "Eko kafes"ində açılmış nahar süfrəsinə dəvət etdi.

Axşama yaxın hamı yenidən avtobusda yerini tutdu. Evə dönməyin vaxtı idi. Dövlətin onlara qurduğu rahat, yaraşıqlı və öz qaydaları olan evdə onların yolunu gözləyirdilər.  Hamı bu doğma ocağın kandarında toplaşıb  bu bayramı onlara bəxş edənlərə səmimi təşəkkürlərini bildirdi. Mən də elə bu səfərdə tanış olub dostlaşdığım 4 yaşlı Əli ilə xudahafizləşdim. Ayrılmağımıza o da, mən də bir az pərişan olduq.Amma ona söz verdim ki, ən yaxın vaxtlarda mütləq onun yanına gələcəyəm.Gərək gedək, gərək hamımız gedək. Gedək və özümüzlə az da olsa,  insan sevgisi, səmimiyyəti aparıb onlara bəxş edək ki, onlar da sevinməyə, fərəhlənməyə, gülməyə haqları olduğunu başa düşsünlər. Onların başqa nəyə ehtiyacları var ki, əgər dövlət, Prezident daim onların arxasındadırsa?!

İlqar RÜSTƏMOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında