Siz düşmənlə üz-üzə yaşayırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz. Biz burada düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük. Getsinlər, öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığına görə onların paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs görür və görməlidir. Azərbaycan ictimaiyyəti də bunu bilməlidir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bu günlərdə Horadiz şəhərində Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanları rəhbərlərinin, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və sahibkarların iştirakı ilə keçirilən geniş müşavirəyə ictimaiyyət tərəfindən də böyük maraq göstərilirdi. Bu ondan irəli gəlirdi ki, toplantıya dəvət olunanlar, necə deyərlər, əliboş gəlməmişdilər, ortada konkret nəticələr və müzakirə olunası səmərəli təkliflər vardı. Digər bir səbəb isə müşavirənin Füzulinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin ildönümü ərəfəsində keçirilməsi idi. Əlbəttə, bu, Füzuli ictimaiyyətinin yurd həsrətinin və nisgilinin qaysaq bağlamış yarasını təkrar qoparıb qanatsa da, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən daxili və xarici siyasəti, diplomatik səyləri, Azərbaycan silahlı qüvvələrinin yüksək döyüş hazırlığı, xüsusilə aprel hücumunda göstərdikləri şücaət, onlarda yağı düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük inam və ümidi daha da artırmışdı.
Müşavirə iştirakçılarından biri– Şükürbəyli kənd sakini Ədalət Həsənovun bizimlə söhbət zamanı dediyi sözlər isə tədbirin əsas məzmun və məqsədlərini çox gözəl ifadə edirdi: "Hamınız bilirsiniz ki, Füzuli torpaqlarının 70 faizindən çoxu hələ də düşmən əlindədir. Buna baxmayaraq, biz bu il zəmilərdən 120 min tondan çox taxıl götürmüşük. Deməli, torpaqlarımız geri qayıdandan sonra biz bu rəqəmi ən azı 300 min tona çatdıra bilərik. Onu da əlavə edim ki, bu il əldə etdiyimiz taxıl işğaldan əvvəl götürdüyümüz məhsuldan 4 dəfə çoxdur".
Sadə zəhmət adamının bu sözlərində böyük həqiqət var. Biz bu həqiqəti müşavirənin gedişində, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ayrı-ayrı fermer və sahibkarlarla apardığı dialoqdan və fikir mübadiləsindən daha aydın hiss etdik. Onlardan bəzilərini bu yazımızda bir daha xatırlamaq real vəziyyət haqqında oxucularımızda da müfəssəl təsəvvür yaradardı.
Asəf Hüseynov – Böyük Bəhmənli kəndi:
– Bu il 2217 ton taxıl, 632 kiloqram barama təhvil vermişik. 13 hektarda pambıq yetişdiririk.
– Bəs, gələn il üçün planlarınız nədən ibarətdir?
– Gələn il üçün görəcəyimiz işlər daha böyükdür: Pambıq əkini sahələrini 275 hektara, barama tədarükünü isə min tona çatdıracağıq.
– Pis deyil, ancaq sizin imkanlarınız daha böyükdür. Deməli, əsas məsələ torpaqdan səmərəli istifadə etməkdir. Məhsuldarlığı artırmaq lazımdır.
Elnur Əlizadə - Kürdmahmudlu kəndi:
– Builki nəticələrimiz belədir: 4274 ton taxıl, 210 kiloqram barama. Pambıq əkini sahələri isə 50 hektara çatdırılıb.
– Sizin torpaqların münbitliyi yüksəkdir. Suvarma suyundan da çətinliyiniz yoxdur. Elədirmi?
– Bəli:
– Bəs onda göstəriciləriniz niyə aşağıdır?
– Bizi də narahat edən elə budur. Qərara gəlmişik ki, gələn il rəqəmləri ən azı 2 dəfə artıraq. İndidən bu istiqamətdə konkret tədbirlər həyata keçirməyə başlamışıq.
– Rayondakı dövlət təşkilatları tərəfindən nə kömək lazımdırsa, onlar vaxtında göstəriləcək. Təki siz yerdə işləri düzgün təşkil edəsiniz.
– Arxayın ola bilərsiniz...
Tərlan Bağırov - Əhmədbəyli kəndi:
– Torpağa qayğı göstərəndə bərəkətini götürürsən. İndiyə kimi 42 ton pomidor, 32 ton kartof və başqa kənd təsərrüfatı məhsulları əldə etmişik. Ət, yağ, yumurta da onun kimi. Daha doğrusu, son 5 ayda biz bazara - dükana getmirik. Bütün ehtiyaclarımızı həyətimizdə, torpaq paymızda yetişdirdiyimiz məhsulla ödəyirik. Artığını da bazara çıxardırıq.
– Pambıqçılıqda, baramaçılıqda vəziyyət nə yerdədir?
– Bu il uzun fasilədən sonra ilk dəfə olaraq pamıq əkmişik, barama yetişdirmişik. Ənənəvi sahələr olduğundan nəticələrimiz də pis olmadı. Ancaq aydın görürük ki, imkanlarımız daha böyükdür. Ona görə də qərara almışıq ki, gələn il pambıq əkini sahələrini 424 hektara çatdıraq. Barama istehsalı isə ən azı 3 ton olacaqdır.
– Baramaçılıq, pambıqçılıq həm də bol qazanc deməkdir...
– Elədir. Bu il bizdə elə ailə oldu ki, min manata yaxın pul aldı. Özü də cəmi bir ayın içində. Göründüyü kimi, baramaçılıq çox xeyirlidir. Üstəlik, bizim camaatda bu sahəyə böyük həvəs və maraq var.
İcra başçısı bütün kənd və qəsəbələrdən gələn fermerlərlə, sahibkar və iş adamları ilə beləcə açıq fikir mübadiləsi apardı. Səmimi söhbət, açıq fikir mübadiləsi şəraitində keçən müzakirələr çox şeyi aydınlaşdırdı. Hər şeydən əvvəl, yerlərdə mövcud vəziyyət geniş təhlil edildi. Əlavə imkan və ehtiyat mənbələri üzə çıxdı, yeni vəzifələr müəyyənləşdirildi.
Ümumiyyətlə, son illər ərazisinin 70 faizindən çoxunun hələ də düşmən tapdağında olmasına, atəşkəs rejiminin hər gün pozulmasına baxmayaraq, Füzuli rayonunda bütün sahələr, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı sürətlə gedir. Müşavirədə belə bir yekdil fikir ifadə edildi ki, ölkə Prezidenti İlham Əliyevin kənd təsərrüfatının, xüsusilə strateji məhsul olan taxılçılığın, baramaçılığın, pambıqçılığın inkişafı ilə bağlı müəyyən etdiyi vəzifələr, həyata keçirilən dövlət proqramları, imzaladığı fərman və sərəncamlar artıq öz real nəticələrini verməkdədir. Bunu Füzuli rayonunun timsalında daha aydın görmək olar.
Cari ilin ötən aylarında Füzuli rayonunda ümumi məhsul buraxılışının həcmi 82 milyon 236,7 min manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Ümumi məhsul buraxılışının 5 milyon 911,3 min manatı sənaye müəssisələrinin, 49 milyon 550,6 min manatı kənd təsərrüfatının, 5 milyon 800,1 min manatı tikinti-quraşdırma işlərinin payına düşür. Eyni zamanda, rayon əhalisinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir və respublika bazarlarına da bir sıra kənd təsərrüfatı məhsulları çıxarılır. Rayonun makroiqtisadi göstəriciləri dinamik inkişaf etmiş, ayrı-ayrı sahələr üzrə istehsalın və xidmətin həcmi artmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir.
2016-cı ilin ötən ayları ərzində istehsal olunmuş sənaye məhsulunun həcmi 5 milyon 911,3 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 14,1 faiz çoxdur.
Sənaye məhsulunun 84 faizi dövlət sektorunun, 16 faizi isə özəl müəssisələrin payına düşür. Hazırda rayonda rəsmi dövlət qeydiyyatından keçmiş 9 sənaye müəssisəsi fəaliyyət göstərir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 220,9 min manat investisiya qoyulmuşdur ki, ondan 141,4 min manatı tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.
Hüquqi və fiziki şəxslərdən daxil olmuş hesabatların təhlili göstərir ki, rayonun ərazisində 44 min 431 hektar sahə əkin altındadır ki, bu da keçən illə müqayisədə 3 min 383 hektar çoxdur.
Müşavirədə xüsusi vurğulandı ki, son illər rayonda genişmiqyaslı tikinti-quraşdırma və abadlıq işləri aparılmış, onlarla müxtəlif təyinatlı bina tikilmiş, küçə və parklar salınmış, yollar çəkilmişdir. İndi Horadiz müasir, abad və yaraşıqlı bir şəhərə çevrilmişdir. Tikinti-abadlıq işləri bu gün də eyni sürət və keyfiyyətlə davam etməkdədir. Hazırda 400 evlik yeni qəsəbənin, avtovağzalın, rəsm qalereyasının, 6 hektar sahəni əhatə edən istixananın tikintisi davam edir. 20 min nəfərin yaşadığı 23 kilometrlik Qayıdış-1, Qayıdış- 11 qəsəbələrini əhatə edən yeni magistral yolda artıq son tamamlama işləri görülür.
Son illər görülən işlərin miqyasını göstərmək üçün təkcə 2014-cü ili – ölkə Prezidenti İlham Əliyevin Füzuliyə sonuncu səfərini yada salmaq kifayət edir. Səfər zamanı Prezident tikiş fabrikinin, Tarix Diyarşunaslıq Muzeyinin, Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı avtomobil yolunun, 2 nömrəli körpələr evi-uşaq bağçasının, Horadiz şəhərində işğal zamanı dağıdılmış 227 evin və 3 binanın bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdi. Həmin səfərdə Prezident Dövlət Bayrağı meydanında, Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə, Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə də tanış olmuşdu. Dövlət başçısının səfəri, ictimaiyyətlə keçirdiyi görüşlər bu gün də füzulililərin yaddaşında unudulmaz bir xatirə kimi yaşamaqdadır. Ölkə başçısının görülmüş işlərə yüksək qiymət verməsi, məsləhət və tövsiyələri rayon sakinlərini daha da ruhlandırmış, onlara böyük həvəslə işləməyə stimul vermişdir.
Məhz həmin səfəri zamanı Prezident demişdir: "Bu mənim Füzuli rayonuna beşinci səfərimdir. Hər dəfə burada olarkən yeniliklər görürəm, ürəyim sevinir. Əldə edilmiş bütün uğurlar münasibətilə sizi ürəkdən təbrik edirəm. Demək istəyirəm ki, füzuliləri çox sevirəm və çox sevinirəm ki, Füzulidə bu qədər inkişaf var".
Son illər əldə edilmiş inkişaf və yüksəlişdən danışarkən bir amili də unutmaq olmaz ki, respulika Prezidentinin müvafiq sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir. Horadizin inkişafında yeni mərhələ də, əslində, bundan sonra başlanmışdır. Daha əyani təsəvvür üçün son illərdə burada başa çatdırılmış işləri, inkişaf və yüksəlişi əks etdirən bəzi fakt və rəqəmləri bir daha yada salaq. Ən əvvəl onu xatırladaq ki, Horadiz şəhəri xeyli genişlənmiş, burada Heydər Əliyev parkı, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının, Gənclər mərkəzinin, Təhsil və Polis şöbələrinin inzibati binaları tikilmişdir. Park və xiyabanlar salınmış, yeni avtomobil yolları çəkilmiş, qəsəbə infrastrukturu şəhər standartlarına uyğunlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmış, şəhərin müxtəlif yerlərində əkilmək üçün dünyanın müxtəlif ölkələrindən nadir gül-çəçəklər və 100 minə yaxın dekorativ bəzək kolları və ağac gətirilmişdir.
Bu gün Füzulidə möhkəm ictimai-siyasi sabitliklə yanaşı, sağlam mənəvi-psixoloji mühit, işgüzar və təşəbbüskar ab-hava mövcuddur. Rayon sakinləri atəşkəs rejiminin hər gün pozulduğu, düşmən təxribatlarının ara vermədiyi cəbhə bölgəsində yaşasalar da, bütün çətinliklərə mərdliklə sinə gərir, yaşayır, işləyir, bolluq, bərəkət yaradır, sabaha böyük inam və ümidlə baxırlar. Müşavirədə o da qeyd edildi ki, hər yerdə olduğu kimi, Füzulidə də ölkəmizin ictimai-siyasi həyatında böyük hadisə olacaq qarşıdakı referenduma ciddi hazırlıq işləri görülür.
...Müşavirə başa çatdı. Çıxışlardan, müzakirələrdən və söhbətlərdən iştirakçıların yekdil fikri haqqında gəldiyimiz qənaət belə oldu: Füzuli həmişə olduğu kimi, bu gün də ulu öndər Heydər Əliyevinn ölməz ideya və əməllərinə, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən daxili və xarici siyasət xəttinə sadiqdir. Yurd həsrətli bu insanları əmək cəbhəsində yeni-yeni uğurlara aparan da onların dövlətçiliyə sədaqəti və bir də əzmkarlığıdır.
Ziyəddin Sultanov,
"Xalq qəzeti"nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.