Tikinti işlərinin miqyası genişlənir

Bu ilin birinci yarısında respublikamızın paytaxtında, eləcə də bölgələrdə tikinti-quruculuq işləri geniş vüsət alıb. Bakı şəhəri və ölkənin regionlarında bir-birinin ardınca nəhəng sənaye və sosial obyektləri və geniş yollar inşa edilib. Dövlət Statistika Komitəsinin son məlumatına görə, hesabat dövründə Bakıda iri qabaritli transformatorlar və Yeni Ağdağ gips zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları, Gəncə şəhərində "Nizami" elektrik yarımstansiyası tikilərək istismara verilib.

Ötən müddət ərzində, həmçinin Tovuz rayonunda Tovuzçay su anbarı, 2118 şagird yerlik 10 ümumtəhsil məktəbi, 610 yerlik 7 məktəbəqədər təhsil müəssisəsi, 560 yerlik 4 klub və digər obyektlər istifadəyə verilib.

Hazırda ölkəmizdə qeyri-neft sənayesinin inkişafının intensivləşdirilməsi məqsədilə sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, onların modernləşdirilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı sənaye istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Artıq işə salınan və uğurlu göstəriciləri ilə diqqətçəkən texnoparklar bu fəaliyyətin məntiqi nəticəsidir.

Texnoparklarda tikintidə geniş istifadə olunan məhsulların istehsalına xüsusi önəm verilir. Məsələn, tezliklə Kimya Sənaye Parkının rezidentlərindən biri – İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti "SİKA" MMC sənaye parkının ərazisində İsveçrə və Türkiyə texnologiyaları əsasında ildə 5 min ton tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək. Layihənin özəlliyi ondan ibarətdir ki, tikinti materialları üçün qatqıların hazırlanması ilə bağlı istifadə olunan xammalı şirkət yeni tikiləcək zavodda istehsal edəcək. Hazırda bu xammala olan tələbat bütünlükdə idxal hesabına ödənilir. İstehsal olunacaq məhsulların Azərbaycan bazarında satışı ilə yanaşı, xarici bazarlara, o cümlədən Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İran İslam Respublikasına ixrac edilməsi planlaşdırılır. Müəssisənin 2017-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Ötən ilin sentyabrında tikintisinə başlanılan Neftçala Sənaye Məhəlləsinin inşası yenicə başa çatdırılıb. Tikinti işlərinə iş həcmindən asılı olaraq 60-220 nəfər yerli sakin cəlb olunub. Artıq ümumi sahəsi 7800 kvadratmetr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadrat metr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsi üçün hazır vəziyyətə gətirilib. 

Azərbaycan Prezidentinin 13 iyun 2016-cı il tarixli sərəncamı ilə yaradılan Masallı Sənaye Məhəlləsinin təşkili ilə bağlı işlər də intensiv olaraq davam etdirilir. Sahibkarların Masallı Sənaye Məhəlləsinə marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr, əsasən, mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

Ölkəmizdə ənənəvi sənaye sahələrinin, o cümlədən xalçaçılığın inkişaf etdirilməsi məqsədilə bölgələrdə 10 xalça istehsalı müəssisəsinin, Sumqayıtda isə əyirmə-boyama müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu müəssisələrdə 1700-ə yaxın iş yerinin açılması planlaşdırılır. Xalça istehsalı müəssisələrinin sayının gələcəkdə 30-a çatdırılması və 5 min nəfərin işlə təmin olunması gözlənilir.

Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzinin yaradılması işləri tamamlanmaqdadır. Bundan başqa, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilib. İkinci mərhələnin icrası üçün hazırlıq işləri davam etdirilir.

Bakı şəhəri və ətrafı qəsəbələr üzrə cari il ərzində 721 min nəfər əhalinin yaşadığı 49 yaşayış məntəqəsini əhatə edən, ümumi uzunluğu 167,8 kilometr olan 18 şəhər və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması və tikintisi nəzərdə tutulub. Ötən 6 ay ərzində respublika ərazisində 230 kilometr uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub. Dörd yeni avtomobil körpüsü tikilib, 4-ü isə təmir edilib. Bakı şəhərində ümumi uzunluğu 31,9 kilometr, yol örtüyünün sahəsi 331,9 min kvadratmetr olan 26 adda prospekt və küçə yenidən qurularaq təmir olunub. Həmin dövr ərzində Bakının 12 inzibati rayonu ərazisində 157,2 min kvadratmetrdən artıq sahədə cari təmir işləri yerinə yetirilib.

Yeri gəlmişkən, burada bir məqamı da qeyd etmək istərdik.  Bu gün tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter alıb. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.

Prezident İlham Əliyev qeyd edib ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.

V.BAYRAMOV, "Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında