Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarrına həsr olunmuş iclasında ölkədə turizmin inkişafına diqqət çəkərək demişdir: "Əsas məsələ turizm sənayesini yaratmaqdır - həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, otellər, yollar var. Ona görə bu istiqamətdə görüləsi işlər hələ çoxdur."
Turizm sahəsi ölkəmizdə böyük perspektivlərə malikdir. Onun əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsindən ibarətdir.
Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni hotellər, istirahət zonaları, beynəlxalq səviyyəli turizm kompleksləri açılır. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Qeyd edək ki, ölkəmizdə turizmlə bağlı müsbət dinamika güclənməkdədir. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Bundan başqa, iş adamlarında turizm sahəsinə böyük maraq yaranıb.
Ölkəmizin qeyri-neft sektorunda önəmli yer tutan turizm iqtisadiyyatımızın daha da güclənməsinə xidmət edir. Son illər bu sahənin inkişafına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanda geniş turizm infrastrukturu yaradılmış, yeni mehmanxanalar, istirahər guşələri istifadəyə verilmiş, ölkəyə turistlərin cəlb olunması üçün mühüm layihələr reallaşdırılmışdır.
Zəngin potensialı olan paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində turizm obyektləri yaradılır. Bu gün dövlət siyasətində hər bölgənin turizm potensialı və ənənələri əsas götürülməklə, müvafiq infrastrukturun qurulmasına xüsusi diqqət yetirilir, başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın müxtəlif bölgələrində turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması və müasir turist yerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir. Ölkəmizin reytinqinin yüksəlməsində mühüm rol oynayan Şahdağ Qış-Yay Turizm Kompleksi belə yüksək səviyyəli obyektlərdəndir. Bu kompleks dünyadakı oxşar turist obyektlərindən nadirliyi və universallığı ilə fərqlənir. "Tufan" Dağ-Xizək Qış İstirahət Kompleksi son üç ildir Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılır. Bu onu göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına, həqiqətən, böyük qayğı var. Bu layihə çərçivəsində indiyədək nəhəng infrastruktur yaradılmış, avtomobil yolu çəkilmiş, torpaq sürüşməsinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür.
Bakıda istifadəyə verilmiş beşulduzlu otellər dünyanın ən yüksək keyfiyyətli otelləri sırasına daxildir. "Fourseasons", "Fairmont", "Marriott", "Hilton", "Cumeyrah", "Sheraton", "Hyatt" kimi otellər Bakıda yerləşir.
Turistlərə xidmət işinin təkmilləşdirilməsi sahəsində görülən işlər də təqdirəlayiqdir. Mədəniyyət və Turizm Nazirliyinin "elektron hökumət" Dövlət İnformasiya Sistemi" (EHDİS) portalına qoşulmaq üçün müvafiq işlər aparılmışdır. Nazirliyin elektron xidmətlər saytında (www.e-services.mct.gov.az) müxtəlif interaktiv xidmətlər göstərilmişdir. Hazırda turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu yalnız e-xidmətlər vasitəsilə həyata keçirilir.
Son illər Azərbaycanda zəngin müalicəvi kurort mərkəzlərinin yaradılması istiqamətində də işlər davam etdirilir. Hazırda ölkəmizin turizm siyasətində belə mərkəzlərin yenidən qurulması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilir. Naftalan şəhəri əvvəlki şöhrətini özünə qaytarır. Burada üç gözəl otel fəaliyyət göstərir. Qalaaltı Kurort-Müalicə mərkəzi də turistlərin müraciət etdiyi əhəmiyyətli turizm obyektidir.
Bir məsələni də qeyd etmək vacibdir. Belə ki, turizm sahəsində geniş beynəxalq əlaqələr qurulmaqda davam edir. Respublikamız turizm sahəsində inkişaf etmiş ölkələrlə əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıb. Ölkəmizin turizm təşkilatları son illər Dünya Turizm Təşkilatının (DTT) tədbirlərində yaxından iştirak edirlər. Azərbaycanın bir neçə turizm şirkəti də DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bu isə, öz növbəsində, DTT-yə üzv ölkələrdə respublikamızın tanınmasına və turizm potensialının təbliğinə geniş imkanlar açır.
Hər il dünyanın böyük şəhərlərində təşkil olunan beyənlxalq turizm sərgilərində Azərbaycan da yaxından iştirak edir. Son illər Azərbaycanda təşkil edilən Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ölkəmizin turizm potensialına marağı xeyli artırmışdır. 15 ildir ənənəvi olaraq keçirlən bu tədbirlərin açılış mərasimlərində ölkə Prezidenti də iştirak edib.
Dünya İqtisadi Forumu (DİF) "2015-ci il üçün səyahət və turizm rəqabətliliyi hesabatı"nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yeri tutmuşdur. Hazırda turizm sənayesi ölkə üzrə ümumdaxili məhsulun 4 faizini təşkil edir. Azərbaycanda 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə yeri fəaliyyət göstərir. Son on ildə ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb.
Ölkəmiz son illər bir çox mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən, ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarına layiqincə ev sahibliyi edir. Eyni zamanda, Bakıda böyük uğurla keçirilən birinci Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Avropa Qran-pri yarışı ölkəmizin turizm potensialının təbliğində əhəmiyyətli rol oynadı. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi beynəlxalq aləmdə ölkəmizin artan nüfuzunun real göstəricisidir.
Multikultralizmin həyat tərzinə çevrildiyi Azərbaycanda qonaqpərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn turistlərin diqqətini cəlb edir. Bu gün turist kimi Azərbaycana səfər etmək istəyənlərin rahat, təhlükəsiz istirahəti üçün geniş imkanlar mövcuddur.
Söz yox ki, yaxın gələcəkdə ölkəmizdəki sabitlik və əmin-amanlıq turistlərə Azərbaycanın gözəl təbiətindən, zəngin turizm potensialından bəhrələnmək üçün geniş şərait yaradacaqdır.
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.