Bu rayondakı dostlarım da, buradan hazırladığım qəzet materiallarının oxucuları da mənim Ağsuya olan sevgimin, məhəbbətimin, rəğbətimin miqyasını çox yaxşı bilirlər. Amma, heç kəs bu hisslərin haradan qaynaqlandığını bilmir. Etiraf edim ki, mən özüm də bunu dəqiq bilmirəm. Əvvəllər elə bilirdim ki, Ağsu da doğulub böyüdüyüm Gəncə kimi şəhərin adaşı olan çayın hər iki sahilində yerləşdiyinə görə mənə doğmadır. Yoxsa, gəncəlilər kimi ağsuluların da əməksevərliyi, halallığa can atmaları, yurda, Vətənə bağlılığı məni cəlb edir? Bəlkə hər iki şəhərin dağlara sığınmış kimi göründüyünə, qürurlu çinarların "fəxri düzülüşünə", ya hər iki şəhərin milli tariximizin ən qədim abidələrini yaşatdığına görə buranı da Gəncə kimi çox sevirəm? Dəqiq bilmirəm. Fakt odur ki, buraya gələndə, sözün həqiqi mənasında, rahat nəfəs alıram. Xüsusən, son zamanlar şahidi olduğumuz abadlıq və firavanlıq bizi bu şəhərə daha çox bağlayır.
... Böyük Qafqaz silsiləsindəki Sarıbulaq dağından başlayan, bir çox bulaqların birləşməsindən və yağıntılardan əmələ gələn, Şamaxı, Ağsu, Kürdəmir rayonlarının ərazisindən axıb Kürə tökülən Ağsuçay eyni adlı şəhəri iki hissəyə bölsə də, təkcə "bölməyi" deyil, "toplamağı" da yaxşı bacarır. Özü də bir neçə mənada. Bu çay həm yayın isti günlərində bir az dincəlmək istəyənləri öz ətrafına toplayır, həm də rayonun əkin-biçin, bağ-bostanla məşğul olan insanlarının sahələrdən bol məhsul toplamasına səxavətlə kömək edir. Ona görə də rayonun kənd təsərrüfatı sahəsində çalışan əməkçilərinin uğurları ildən-ilə artır.
Məsələn, rayonda olarkən öyrəndik ki, ötən ilin payızında 2016-cı ilin məhsulu üçün 34 min 876 hektar sahədə payızlıq taxıl əkilmişdi. Zəmilərdən 100 min tona yaxın taxıl məhsulu əldə olunub, buğda məhsulunun hər hektardan orta məhsuldarlığı 31,1 sentner, arpa məhsulunun isə hər hektardan orta məhsuldarlığı 27,2 sentner təşkil edib. Eyni zamanda sahələrdən 519 ton kartof, 2508 ton tərəvəz, 1448 ton meyvə istehsal olunub. Əlbəttə, bu qədər məhsulun əldə edilməsində insan zəhməti, mütəxəssis təşəbbüskarlığı və tələbkarlığı xüsusi rol oynayır. Amma, Ağsuçayın xidməti də az deyil. Çünki min illərdən bəri axıb gedən bu çayın suyunun bir hissəsi son 50-55 ildə Cavanşir su anbarı deyilən hövzəyə doldurulur və oradan rayonun 9 kəndini əhatə edən 3200 hektar sahənin suvarılmasında istifadə edilir.
... Qələm fikrimizi dağa-dərəyə, çaya-suya o qədər çəkib apardı ki, yazının əvvəlində qeyd edəcəyimiz bir fakt kifayət qədər sonraya qaldı. Əslində, bu yazını iyunun son günlərində rayonun iki dağ kəndinə təbii qaz verilməsi barədə xəbərlə başlamaq istəyirdik. Çünki həmin gün rayonun Kalva və Suraxanı kəndlərinin qazlaşdırılması başa çatırdı. Bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidenti Mikayıl İsmayılov, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov və ictimaiyyət nümayəndələri iştirak edirdilər. 484 abonenti olan Kalva və Suraxanı kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 38 min 923 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Xatırladım ki, Kalva kəndi nəinki rayon mərkəzindən, hətta Bakı-Şəki yolunun Ağsu ərazisindən keçən hissəsindən də xeyli uzaqdadır. Yoldan üzü dağlara tərəf baxanda Kalvanı, demək olar ki, görmək olmur. Amma, oraya gedən qaz xətlərini görmək çox asandır.
Kalva və Suraxanı kəndlərinə qaz çəkilməsi münasibətilə kənd sakinlərini təbrik edən SOCAR prezidenti son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışdı və qeyd etdi ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə "mavi yanacaq"la təmin olunması xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edir. Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğuladı. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə söhbətimizdə isə bir və ya bir neçə məsələ ilə bağlı deyil, ümumilikdə rayon həyatının bütün sahələri barədə danışdıq. Ənvər müəllim qeyd etdi ki, respublikamızın bütün bölgələri kimi, bizim rayonunun inkişafı üçün də lazımi tapşırıq və tövsiyələrini verən, daim diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyev regionlara etdiyi səfərlər çərçivəsində 5 dəfə Ağsuda olub, görülən işlərlə maraqlanıb, əhali ilə görüşlər keçirib. Dövlət başçımız həmin görüşlərdə qaldırılan məsələlərin həlli ilə bağlı öz tapşırıqlarını verib, mühüm sosial məsələlərin icrası istiqamətində sərəncamlar imzalayıb. Sözsüz ki, bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul verib, əmək kollektivlərini iqtisadiyyatda, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırıb. Bütün bunların məntiqi nəticəsi olaraq son illər Ağsu rayonunda əhalinin həyat səviyyəsi yüksəlib, iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişafa nail olunub.
Rayon rəhbəri qeyd etdi ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını təmin edən iki Dövlət Proqramında Ağsu rayonu ilə bağlı olan bəndlər uğurla başa çatdırılıb. Rayonda yeni iş yerlərinin açılması, tikinti, quruculuq və abadlıq işləri diqqət mərkəzində saxlanılır, sosial problemlərin həllinə qayğı göstərilir. Yollar, küçə və meydanlar abadlaşdırılıb. Yeni müəssisələr, çoxsaylı sahibkarlıq obyektləri fəaliyyətə başlayıb. Təkcə bu ilin birinci yarısında reallaşdırılan tədbirlər sübut edir ki, rayonun sosial - iqtisadi inkişafı uğurlu olub, III regional inkişaf proqramının icrası böyük inam və müvəffəqiyyətlə davam etdirilib, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər uğurla icra olunur.
Ənvər müəllimin fikrincə, bu gün dövlətin rayon rəhbərlərinin qarşısında qoyduğu əsas məsələlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və məhsul bolluğuna nail olunmasıdır. Ağsuda bu istiqamətlərin hər üçünə də nail olmaq üçün kifayət qədər addımlar atılıb. Məsələn, bu ildən başlayaraq rayonda baramaçılıq və pambıqçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Hazırda rayonda 1104 hektar ərazidə pambıq yetişdirilir, 50 qutu ipəkqurdu toxumu bəslənilib. Sevindirici haldır ki, bu sahələr üzrə ilkin nəticələr çox ümidvericidir."Aqrolizinq" yolu ilə fermerlərə və ailə-kəndli təsərrüfatlarına 700 ton azot, 132 ton fosfor və 100 kiloqram pestisid satılıb. Rayonda fəaliyyət göstərən "Azqranata" MMC-nin şirə və şərab emalı zavodu, "Ağsu-Aqrotexservis" ASC-nin istixana təsərrüfatı və fəaliyyətdə olan digər emal müəssisələri məhsul tədarükü və istehsal prosesini davam etdirir, istehsal olunmuş məhsulların satışı üzrə geniş bazar funksiyasını həyata keçirirlər.
Tikinti-quruculuq və abadlıq işləri barədə danışan həmsöhbətim qeyd etdi ki, şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində rayon Kənd Təsərrüfatı İdarəsi üçün inzibati bina, "Azqranata" MMC üçün yeni süzmə sektoru və soyuducu anbarın tikintisi tamamlanıb, şəhərin kanalizasiya sisteminin təmizləmə qurğusunun tikintisi davam etdirilir. Bununla yanaşı, 140 yerlik "Qərənfil" uşaq bağçası əsaslı təmir edilərək istifadəyə verilib, 1 saylı uşaq bağçasında isə əsaslı təmir işləri davam etdirilir.
Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun yenidən qurulması istiqamətində təmir işləri aparılır. Eləcə də, Ağsu-Ağarx-Qaradağ avtomobil yolunun Bozavand kəndinə qədər olan hissəsinin təmiri başa çatdırılıb. Qaradağ və Qaravəlli kəndlərində modul tipli sutəmizləyici qurğuların tikintisi, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün hər biri 3 otaqdan ibarət olan 10 ədəd fərdi yaşayış evində tikinti-quraşdırma işləri davam etdirilir.
Şəhərin müxtəlif məhəllələrində tikintisi yarımçıq qalmış obyektlərin inşasının başa çatdırılması, binaların fasad hissələrinin müasir tələblərə uyğun qurulması və çoxmənzilli yaşayış binalarının təmir-bərpası istiqamətində işlər davam etdirilir. Şəhərin Mehdi Hüseyn küçəsində 5 mərtəbəli 50 mənzilli və Vidadi küçəsindəki 60 mənzilli binalarda əsaslı təmir işləri aparılıb. 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının tikintisi başa çatdırılıb. Rayon rəhbəri fəxrlə yada saldı ki, xəstəxananın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib , obyekt onun iştirakı ilə istifadəyə verilib.
O ki, qaldı rayonda yeni iş yerlərinin yaradılmasına, qeyd edək ki, təkcə bu ilin birinci yarısında rayonda fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 603 nəfər işlə təmin olunub ki, onlardan 439 -u daimi işlə təmin olunanlardır. Xüsusi mülkiyyətin genişləndirilməsi, sahibkarlığın sürətli inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət tədbirlərinin nəticəsi olaraq orta aylıq əmək haqqı 275 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün səviyyəsini 4 manat və ya 1,5 faiz üstələyir.
Rayon əhalisini və iqtisadiyyatın bütün sahələrini etibarlı elektrik enerjisi ilə təmin etməyə çalışan Ağsu Elektrik Şəbəkəsi üzrə 23 milyon 716 min kilovat-saat elektrik enerjisi sərf olunub və enerji haqqının yığım səviyyəsi 97,6 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,31 faiz çoxdur. Bundan başqa, rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb. Ümumi gücü 2556 kvA olan 14 ədəd transformator yarımstansiyası əsaslı təmir olunub. Əsaslı təmir olunmuş transformator yarımstansiyalarının üzərinə 16 ədəd 0,4 Kv-luq ayrıcı quraşdırılıb. 76 ədəd yeni sayğac quraşdırılıb, 63 ədəd qüsurlu sayğac yenisi ilə əvəzlənib.
Digər mühüm xidmət sahələrindən olan mavi yanacağın verilməsində də kəmiyyət və keyfiyyət yüksəlir. Belə ki, son illər rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər həyata keçirilib. "Azərbaycan Respublikası regionlarının sosial - iqtisadi inkişafı" Dövlət Proqramı, eləcə də ARDNŞ və Ağsu Rayon Qaz İstismar İdarəsinnin Ağsu xidmət sahəsi qarşısında qoyduğu konkret tapşırıqların icrası məqsədilə tədbirlərin görülməsi davam edir. 2016-cı ilin yanvar-iyun aylarında istər rayonun qaz təsərrüfatının yenidən qurulması, istərsə də təbii qazın istehlakçılara çatdırılması zamanı yol verilən normadan artıq qaz itkilərinin qarşısının alınması və dəyərinin yığılması sahəsində bir sıra işlər görülüb.
Rayonun Pirhəsənli, Növcü, İlxıçı, Kəndoba və Ərəbuşağı kənd EATS ərazilərində boş nömrələrin paylanması, kabellərin yenisi ilə əvəz olunması və kabeldə olan zədələnmələrin aradan qaldırılması üçün müxtəlif tipli kabel materialları istismara buraxılıb və 25 abunəçiyə yeni telefon çəkilib. Rayon mərkəzində tutumu 100 nömrə olan "585 prefiksi" ilə başlayan daşınan şəhər nömrələri istifadəyə verilib. Hazırda 38 abonent bu xidmətdən istifadə edir. Bundan əlavə, rayon mərkəzində montaj tutumu 2800 nömrə olan ATSK-50x200 tipli ATS müasir tələblərə cavab verən Türkiyədə istehsal olunmuş "KAREL" tipli elektron ATS-lə əvəz olunub. Beləliklə, birbaşa internetə qoşulma mümkünlüyü bütün abunəçilər üçün bərpa edilib. Xatırladaq ki, bu gün beynəlxalq aləmdə insan hüquqları deyəndə, ilk növbədə, ölkə vətəndaşlarının internetə qoşula bilmək imkanlarını nəzərdə tuturlar. Sevindirici haldır ki, Azərbaycanın hər yerində olduğu kimi, Ağsuda da bu məsələ yüksək səviyyədə öz həllini tapır.
Ənvər Seyidəliyev sonda dedi ki, əsası ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və möhtəşəm planları əsasında qoyulan milli inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir idarəçilik təfəkkürü və siyasi uzaqgörənliklə davam etdirilməsi ölkəmizi hərtərəfli və dinamik inkişaf yoluna çıxarıb. Bunun davamı olaraq ölkə Prezidentinin imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla icra olunur: "Biz məmnunuq ki, həmin dövlət proqramlarının icrasında ağsuluların da özünəməxsus payı və əməyi vardır."
... Yazının əvvəlində Ağsunun təbii imkanları barədə söz açdım. Orada insanların yaratdığı imkanlar barədə danışarkən isə rayon və ya şəhərlərin rəmzinə çevrilmiş ünvanlar yada düşür. Məsələn, uzun illər Bakının rəmzi kimi Qız qalasını və ya İçərişəhər divarlarını qəbul edirdiksə, indi Dövlət Bayrağı meydanı da var, Alov Qüllələri də, başqa ünvanlar da. Ağsuda da belədir. Yüz illərdir ki, Ağsu deyəndə, ilk növbədə bu rayonun adı ilə bağlı olan aşırımlar yada düşürdü. İndi isə Bakıda və ya Gəncədə -- kimin yanında Ağsu - desən, dərhal oradakı Heydər Əliyev Seyrəngahını yada salırlar. Mənalı və unudulmayacaq istirahət yeridir. Bütün istirahətləriniz unudulmaz olsun!
İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.