Şairin ədəbi portreti Şair Qabil – 90

İnsan xarakterinin formalaşmasında böyüdüyü mühit mühüm rol oynadığı kimi, onun genetikası da az əhəmiyyət kəsb etmir. Bax bu genetikanın içərisində qanın və südün rolunu heç cür inkar etmək olmaz. Qanı təmiz, südü halal olanların övladları da haramdan uzaq durmağa, dünya nemətlərinin qulu olmamağa üstünlük verirlər. Xalq şairi Qabil kimi.

 Qabil bu təmizlik və halallıqla qidalana-qidalana böyüyüb, boya-başa çatmış, Azərbaycanın Xalq şairi kimi yüksək mərtəbəyə ucalmış,  "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq bilinmiş, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı kimi adlarla təltif olunmuşdur. Onun mayası anası Suğra xanımın qanı, südü ilə yoğrulmuşdur. Elə onun anasına olan sədaqəti, həyat yoldaşı Bəyim xanıma məhəbbəti, nəvələri Suğraya və Bəyimə etdiyi babalıq qayğısı, oğlu Mahirə öyrətdiyi həyat məktəbi... bütün bunların hamısının kökündə təmiz qana, halal südə bağlılıq dayanmışdır.

"Anamın qanı..." novellasında Böyük Vətən müharibəsi illərində  anası Suğra xanımın yaralılara qan verərək,  əvəzində ailəsinin dolanışığını qazanması səhnəsi o qədər təsirli və  təbiidir ki, oxucu o anları, məqamları yaşamalı olur, həm də hissini, duyğusunu gizlədə bilmir.  Qabil yazır:

Bir gün dərsdən evə gəldim:

Bu nə deməkdir?

Bu nə süfrə, bu nə dəsgah,
                                  bu nə yeməkdir?

Lap ağ çörək... qolbas...
                    süzmə... holland pendiri,

Hələm-hələm ələ düşməz
                                      dənəvər kürü...

Kərə yağı... şəkər tozu...
                                    mürəbbə, filan...

Təsvirsiz bir təbəssümlə

Anam dedi ki: – Gəl çıx, hardasan

Keç əyləş, bala!

Süfrəyə baxdım, getdim xəyala.

Kişilik- qeyrət hissim oyandı,

Qəlbimdə şübhə alovu yandı.

Soruşdum: – Ay ana, hardandır bular,

Axı, hansı evdə bu saat bu var?..

Anam söylədi ki: – Boyuna qurban,

Əyləş, çörəyini ye,

Olma nigaran...

Allah ruzusudu - pakdı, halaldı.

Açığını deyək ki, "Ana" mövzusu Azərbaycan ədəbiyyatında şah mövzulardandır. Bu mövzuya müraciət edənlər az olmamışdır. "Ana" mövzusuna müraciət edib uğur qazanmaq da asan deyildir. Ancaq Qabilin "Ana" mövzusunda yazdıqları uğurludur. Bunun çoxlu səbəbləri sırasında bir də o dayanır ki, Qabilin anaya münasibətində genetik halallıq hər şeyi üstələyir. O, namaz qılan, ibadət edən, din-iman sahibi olan qadınları, xanımları ana kimi qəbul etmişdir. Necə ki, akademik Bəkir Nəbiyevin anası Zəhra xanımı "ana" deyə çağırmışdır. Bu, onun təbiətindən  irəli gəlmişdir. Qabilin təbiətindəki təbiilik, saflıq onu təbii olan hər şeyə bağlamışdır. O cümlədən, akademik Bəkir Nəbiyevin anasına da. Bəkir Nəbiyev yazırdı: "Qəbri nurla dolmuş Suğra xanımı 1962-ci ildə itirmiş Qabil bu zaman artıq beş il idi ki, anasız qalmışdı. Mənimlə də, mənsiz də Şirvan tərəflərə yolu düşəndə anamın, ailəmizin əziz qonağı olardı..."

"Vətən" mövzusunda yazdığı şeirlərdə Qabil dili, üslubu, ifadə forması, məslək və əqidə sahibliyi baxımından bənzərsizdir. O, "Vətən" şeirində yazır:

Bir-birindən hər şey qopar, ayrılar?

Ayrılmayan bəs nə var? Mən, Vətən!

Bu dünyaya sevgi, məhəbbət, bu dünyada hər şeyin gözəli, bir sözlə, xoş olan nə varsa, onların hamısı Qabil üçün Azərbaycan torpağından başlayır. O, yazır:

Dünya mənə xoş gələr,

Həyatın hər bir çağı?

Sən bir dünyasan demək,

Azərbaycan torpağı.

  Qabilin " Azərbaycan torpağı", "Göygöl", " Pirşağı", "Gül bağı", "Qoy danışsın təbiət", "Göyçay narı", "Çıxdım Əlincəyə", "Qız qalası", "Mərdəkan", "Bakı", "Yardımlıya qonaq gəlin" və s. şeirləri Azərbaycan torpağına bağlılığın ən bariz nümunələri olmaqla, şairin təmiz, pak, isti və hərarətli nəfəsini oxucunun qəlbinə toxum tək səpir. Qabil Vətənin gözəlliklərini Vətənin özünə anlatmaq yolunda heç kəsə bənzəməyən bir üsluba, ifadə tərzinə malik şairdir. Yəni, Qabil Vətənlə həmsöhbət olan şairdir. Məsələn:

Axı, bircə ovuc su deyilsən sən,

Anasan, torpaqsan, Vətənsən, Vətən!

Qabil mübariz şairdir. O, Azərbaycanın bütün ağrılarını ürəyindən, beynindən keçirərək poeziyanın dili ilə mübarizə aparmağı bacarır. Mübarizədə hədəfləri düzgün seçir. Qətilik və əminliklə, çəkinmədən və geri çəkilmədən öz sözünü deyir. Təbii ki, poeziyanın dili ilə. Hətta elə poetik söz deyir ki, o, aforizmə çevrilir. Onun " Çalsın Azərbaycan haray zəngini ",  "Təndir", "Türkün qəbri", "Mərsiyə ", " Qeyrət, a vətəndaşlar " , "İnanmaq öz yerində...",  " Çalma qaboy", "Nisbi sakitlik nədir?", " Özgədən çək gözünü", " Xəcalət ", " Çadırlar ", "Çadırlara alışmayın " ,  " Rəqs " , " Ümid sənədir ancaq..." və s. şeirlərinin hər biri siyasi-ideoloji mübarizənin poeziyanın dili ilə, poetik şəkildə ifadəsidir. Bu, Qabil yaradıcılığında çox yaxşı alınır, uğurlu və təsirli görünür. Siyasətçilər də bəzən belə movzulara toxunmamağa üstünlük verirlər. Çünki həqiqəti söyləmək o qədər də asan başa gəlmir. Ancaq Qabil bu baxımdan o qədər məlumatlıdır ki, onun poeziyasında siyasi-ideoloji mübarizə siyasətçinin də, siyasətdən kənarda olanın da qəbul edəcəyi həqiqət olur. Məsələn:

Qəlbi yanan xalqa bircə qurtum su,

Lap bircə gilə də, qətrə də bəsdir.

Bütün sualların cavabıdır bu:

– Xalq var, xalqdan başqa

                           hər şey əbəsdir.

Yaxud:

Tutulub vahimədən
                         nitq bu gün, dil bu səhər,

Bəzəyib Abşeronu
                      qanlı qərənfil bu səhər,

Bakı fəryad eləyir,

                gözdən axır sel bu səhər.

Gəmilər nalə çəkir,

                ərşə çıxır zil bu səhər,

Gecəni atəş ilə

                qırmızı dan eylədilər,

Xalqımı-millətimi
                     güllə-baran eylədilər!

Qabil elə şairdir ki, onun siyasi bilgisi heç də poetik duyumundan geri qalmır. Ona görə də o, siyasi həqiqətləri, dünyanın narahatlıqlarını poeziyasında səsləndirir. O, dünyanın siyasi mənzərəsində həqiqətin və yalanın, eləcə də onların sərhədlərinin dəqiq görüntüsünü görə bilir. Bunun sayəsində öz poeziyasında çağdaş dövrümüzə də, yaxın və uzaq keçmişimizə də  boylanır, baş çəkir, söhbət açır, danışır:

Uzanır danışıqlar,

İmzalanır sənədlər.

Xəritədə aləmə

Göstərilir sərhədlər...

Səsimizə səs verir

Dünya başbilənləri,

Ümüd sənədir ancaq,

Azərbaycan əsgəri!

Qabil dünyanın ikili standartlarını qamçılayır. Azərbaycana olan qeyri-səmimi münasibəti tənqid edir. Əslində o, bununla belə, hərbi diktaturanın əleyhinə çıxır. Dolayısı yolla haqqı tapdalananları, başına min cür oyun açılanları müdafiə edir. Onun müdafiəsi fərdin, subyektin taleyindən başlayaraq, məmləkətin, dövlətin, bütövlükdə dünyanın müdafiəsinə yönəldilir.

 Qabilin yaradıcılığında diqqəti cəlb edən məqamlardan biri də onun şeirlərində yüksək əxlaqın olmasıdır. Bu, yaradıcı insanın özü üçün də, yaradıcılığının mənası üçün də vacib şərtdir. Özü də bu əxlaqın içərisində bir vicdan və məsuliyyət də vardır. Əxlaq, vicdan və məsuliyyət Qabil yaradıcılığının ölçüsüdür, meyarıdır.       

Şairin yaradıcılığı üçün səciyyəvi olan bir cəhət də vardır. Bu da onun Azərbaycan dilinə və onun imkanlarına tələbkarcasına yanaşmasıdır. O, dilin hamıya məlum olan normalarını sözün yaxşı mənasında sındırmaqla məşğul olur. Sözün yaxşı mənasında dilin normalarını sındırması onun sözlə oynamasında, söz sırasını qurmasında, durğu işarələrini istifadə etməsində, fikri cümlə formasına salmasında sərbəstliyinə, azadlığına imkan yaradır. Nəticədə onun özünəməxsus, ölçülü-biçili, nizamlı, canlı və təsirli, qeyri-ənənəvi dili  yaranır. Bu dil vasitəsi ilə Qabil öz təfəkkürünü, düşüncəsini oxuculara daha dəqiq çatdırır. Ona görə də onun kristallaşmış, qəlibləşmiş saysız-hesabsız misraları və sətirləri hər bir oxucunun yaddaşına əbədi həkk olunmuşdur. Məsələn:

Gecəni atəş ilə
                          qırmızı dan eylədilər,

Xalqımı-millətimi
                         güllə-baran eylədilər!

 

*  *  *

 

Mən tufandan əvvəlin

Sükütundan qorxuram.

Təbiətin bu təslim

Süqutundan qorxuram.

Nisbi sakitlik nədir?

Məəttəldir camaat.

Düşməni göz açmağa

Qoyma bir an, bir saat!

Nisbi sakitlik nədir?

Əldən fürsət verirsən.

Öz əlinlə düşmənə

Özün möhlət verirsən.

Baş-ayaq məsələləri dilin imkanları çərçivəsində oxucuya çatdırır. Həm də sadəcə olaraq çatdırmır, fikrinə, düşüncəsinə, mövqeyinə etibar və ehtiram hisslərini oxucuya aşılayır:

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

Qabil yaradıcılığında qoşayarpaqlar və dördlüklər xüsusi yer tutur. O, bununla çağdaş Azərbaycan ədəbiyyatına yeni nəfəs, yeni bir üslub gətirmişdir. Yeni nəfəs, yeni bir üslub deyirəm, ona görə ki, onun qoşayarpaqlarında və dördlüklərində poetik fikir, düşüncə, qeyri-adi yanaşma, qeyri-adi ifadə tərzi kifayət qədərdir. Bu mənada bəzi qoşayarpaqlara fikir verək:

O gün olsun, o gün olsun!?

Söyləyir millət,

Yox, yox o gün olmayacaq,
                       yoxdursa qeyrət.

 

*  *  *

Ən böyük dilşünas xalqın özüdür,

Söz də ki... qulaq as, xalqın sözüdür.

 

*  *  *

Qanda şəkərin dərmanı çoxdur...

Dildə zəhərin dərmanı yoxdur...

 

*  *  *

 

Vaxtilə Amerika Birləşmiş Ştatlarının yazıçısı Nobel mükafatçısı Luis Sinkler Nobel nitqində deyirdi: "Mən Amerikanı sevirəm, amma o, mənim xoşuma gəlmir." Bəli, Qabil Azərbaycanı sevir, ancaq çatışmayan cəhətlər, qüsurlar onun xoşuna gəlmir. Ona görə də o, çatışmayan cəhətlərə, qüsurlara Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabirsayağı mövqeyini bildirir və yazdığı dördlüklərdə həyatımızın, məişətimizin, dilimizin, dinimizin, bir sözlə, bizə aid olanların (hətta dünyaya aid olanların) hər birində gördüyü nöqsanlara qarşı mübarizə aparır. Bir daha qeyd etmək yerinə düşər ki, bu, Qabilin üslubu kimi  XX əsrin 1990-2000-ci illərində Azərbaycan ədəbiyyatında yenilik kimi diqqəti cəlb edir:

 

Anadangəlmə dəli, anadangəlmə dahi,

Bətndəki rüşeymə özün də mat, İlahi!

Dəli-dahi arası olsa belə tük qədər,

Dahi olmur dəlilər... Dəli olur dahilər.

 

Qabil nə yazıbsa, nədən yazıbsa hamısı yaşamaq vəsiqəsi alıbdır. Ona görə də milyonlarla oxucusu, pərəstişkarı var. Bu gün də var, sabah da olacaq.

Buludxan XƏLİLOV,
filologiya üzrə elmlər doktoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında