Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi dövlətlərdəndir

 

Ölkəmizin dünya birliyində yüksək reytinq qazanmasını əsaslandıran amillərdən biri də  əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə reallaşdırılan  uğurlu daxili və xarici siyasət kursudur.  Qloballaşan dünyada sosial, siyasi, iqtisadi və mədəni sahələrdə  islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, eyni zamanda, həmin bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına önəm verilməsi, ən əsası isə  möhkəm təməllər üzərində qurulmuş  ictimai-siyasi sabitliyin təmin olunması müstəqil Azərbaycanın  reallıqlarını təşkil edir.

Müstəqillik qazanmış dövlətlərin  qarşısında duran ən mühüm strateji vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin olunması və mühafizə edilməsidir.  Dövlət idarəçilik  strategiyasını müasir  prinsiplər əsasında reallaşdıran  ölkələr ictimai-siyasi sabitliyin yüksək səviyyədə təşkil edilməsini və ardıcıl xarakter daşımasını prioritet vəzifə kimi qarşıya qoyur. O ölkədə ki, davamlı ictimai-siyasi sabitlik diqqəti cəlb edir və iqtidarla xalqın sarsılmaz vəhdəti var, həmin ölkələrə investisiya qoyuluşunda problem yaşanmır. İri inverstorlar ilk növbədə sabitliyi davamlı olan ölkələrə sərmayə qoymağa maraqlıdır. Bu gün ölkəmizə sərmayə qoyuluşunun getdikcə artmasının əsasında məhz sabitliyin davamlı olması dayanır. Bunu, eyni zamanda,  həyata keçirilən çoxşaxəli xarici və daxili siyasətin  nəticəsi  kimi də qəbul etmək olar.

İqtisadi, siyasi, mədəni, sosial, humanitar və digər sahələrdə  keçirilən tədbirlər, vətəndaşların maddi rifah halının, həyat şəraitinin daim yaxşılaşdırılması istiqamətində görülən işlər  aztəminatlı ailələrin sosial müdafiə sisteminin gücləndirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması  və digər zəruri addımlar bu gün ictimai-siyasi sabitliyin və inkişafın qarantı qismində çıxış edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlət siyasətinin prioritetini də məhz bu amillər təşkil etmişdir.

Son illərdə dünyanın müxtəlif yerlərində, Yaxın Şərqdə, o cümlədən qonşu regionlarda, xüsusilə Ermənistanda baş verən insidentlər, humanitar böhran, gündən-günə alovlanan münaqişələr, siyasi qarşıdurmalar və  iqtisadiyyatın çöküşü, insanları dinc və təhlükəsiz yaşamaq imkanlarından məhrum edib. Hazırda işğalçı Ermənistanda  vəziyyət son dərəcə gərgin vəziyyətdədir. Bu ölkə dövlət çevrilişi ərəfəsindədir. Çoxdan nüfuzunu itirmiş Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyətini qorumaq üçün güc amilinə əl atıb. Artıq  iqtidardan narazı qüvvələrlə  güc strukturları arasında silahlı qarşıdurmalar başlanıb. Yayılan məlumatlarda bildirilir ki, silahlı qarşıdurmalarda ölən və yaralananlar olub. 

Artıq erməni ictimaiyyətinə də bəlli oldu ki, Sarkisyan iqtidarının əsas dayağı polis və digər güc strukturlarıdır. Son vaxtlar işğalçı dövlətin  silahlı qüvvələrinin  acınacaqlı məğlubiyyətə uğraması və orduda baş alıb gedən özbaşınalıq, korrupsiya, həmçinin  ölüm halları Sarkisyan  hakimiyyətinə olan narazılığı daha da artırıb. İrəvanda  baş verən qanlı qarşıdurmada iştirak edən fəalların həbsi  davam edir. Ermənistan hakimiyyəti bu dəfə də vətəndaşların etirazını zor gücünə boğmağa çalışır.

Ölkə rəhbərliyinin siyasətində ziddiyyətlər kifayət qədərdir və onların aradan qaldırılması üçün heç bir addım atılmır. Əksinə, yeni problemlər meydana çıxır. Ona görə də "Yeni Ermənistan" hərəkatı daha sərt mövqe tutmaq qərarına gəlib.  Ermənistandakı ağır vəziyyətin ancaq silahlı üsyan yolu ilə dəyişə biləcəyindən ayrı yol yoxdur. Etirazçılar Sarkisyan hökumətini rüşvətxorluqda, korrupsiya əməllərində, hakimiyyəti zəbt etməkdə günahlandırırlar.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə Azərbaycana ikinci dəfə rəhbər seçiləndən sonra  respublikada sabitlik və inkişaf dövrü başlamışdır. Məhz ulu öndərin dünyagörüşü, dövlət idarəçiliyindəki zəngin təcrübəsi, uzaqgörənliyi, siyasi bacarığı sayəsində Azərbaycan bütün ağır sınaqlardan şərəflə, üzüağ çıxa bilmişdir. Onun qoyduğu strateji xətt bu gün də dəyişməz olaraq qalır və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyev Azərbaycanın bütün istiqamətlər üzrə strateji hədəflərini müəyyən etmişdir. Bu hədəflərdən biri də ölkədə sabitliyin qorunması,  xalqın təhlükəsizliyinin təmin edilməsidir. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi  düşünülmüş daxili və xarici siyasət bu yolda böyük uğurlara imza atmışdır.

Dünyada baş verən proseslərin  fonunda Azərbaycandakı sabitlik mühiti  beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Bu sabitlik və əmin-amanlıq bir çox xarici müşahidəçilərdə heyrət doğurur. Əlbəttə, bunun başlıca səbəbi ölkə rəhbərliyinin xalqa xidmət etməsi, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, maliyyə və iqtisadi böhran fonunda əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılması, yeni iş yerlərinin yaradılmasıdır və cəmiyyətin də bunu anlayaraq,  dövləti dəstəkləməsidir. Təbii ki, bütün bunlar xəyanətkar qüvvələrin  ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısını alır. Dövlət-cəmiyyət, iqtidar-xalq birliyinin möhkəm olduğu təqdirdə kənardan bu birliyi pozmağa yönələn cəhdlər və təxribatlar iflasa məhkumdur. Bütün bunlar Azərbaycanda dövlət siyasətinin mərkəzində  ölkə vətəndaşının dayanmasının təzahürləridir.

Ölkəmizdə ictimai-siyasi sabitliyin davamlı olması dünyanın tanınmış diplomatları və aparıcı kütləvi informasiya vasitələri tərəfindən də təqdir edilir. Yeri gəlmişkən, bu barədə bir neçə faktı diqqətə çatdırmaq  istərdik. Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Azərbaycandakı davamlı ictimai-siyasi sabitliyi ölkə Prezidenti tərəfindən düzgün müəyyənləşdirilmiş siyasi strategiyanın nəticəsi kimi dəyərləndirmişdir: "Prezident İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycanın iqtisadi, siyasi və təhlükəsizlik sahələrində bölgəyə verdiyi töhfə çox təqdirəlayiqdir. Torpaqlarının bir hissəsi işğal altında  olduğu halda, bu qədər yüksək səviyyəli siyasət yürütmək hər ölkənin bacaracağı bir iş deyil. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin qorunub saxlanılmasına görə  nümunəvi ölkədir".

ABŞ-dakı  Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti  Piter Teys  də müsahibələrinin birində ölkəmizdəki əmin-amanlığı, siyasi sabitliyi yüksək qiymətləndirmiş, ərazilərimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, demokratik islahatların güclü iqtisadi inkişafla müşayiət  edildiyini vurğulamışdır. Siyasi ekspert bunu ilk növbədə sabitliyin davamlı olması ilə əlaqələndirmişdir: "Azərbaycanda son illər davamlı ictimai-siyasi sabitlik müşahidə olunur. Bu ölkə dünyada mükəmməl çiçəklənmə nümunəsinə çevrilib. Ermənistan isə Sovet İttifaqının iflasından sonrakı dövrdə rəzil bir dövlət olub. Bu ölkə insan haqlarına hörmət etmir və cəbhə xəttində tez-tez təxribatlar törədir. Ermənistan uğursuz dövlətdir, beynəlxalq aləmdə çəkisi yoxdur. Ölkəni işsizlik, korrupsiya, qohumbazlıq və problematik durğunluq bürüyüb. Ölkə özbaşınalıq içərisində boğulur. Azərbaycanda isə bunların  tam əksidir".

Avropa Parlamentinin sabiq deputatı Fiorello Proveranın, "Azərbaycan çox zəngin və sabit, geosiyasi proseslərə  də fəal şəkildə cəlb edilən ölkədir" – deməsi ölkədə sabitliyin yüksək səviyyədə təmin olunduğundan xəbər verir.

ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhaninin də ölkəmizdəki sabitliyin təmin olunması və bunun investorların diqqətindən yayınmaması barədəki fikirləri də maraqlıdır: "Ərazi bütövlüyü və müstəqillik prinsiplərinin riayət edilməsinə əsaslanmış xarici siyasət Azərbaycan Prezidenti İlham Əliyevin vacib uğurudur. Prezidentin  düzgün müəyyənləşdirdiyi siyasi fəaliyyəti sayəsində dünyada Azərbaycanla daha çox hesablaşmağa başlayıblar. Onun siyasəti nəticəsində bütün dünyada Azərbaycanın əhəmiyyətinin və ölkəyə qarşı etimadın artması çox önəmlidir. Bu gün  Azərbaycan xarici sərmayədarları cəlb edən, sabit iqtisadiyyatı olan ölkəyə çevrilib. Mənim "ərəb fırtınası" adlandırdığım "ərəb baharı"ndan sonra ərəb dünyasına nəzər salın. Xaos ərəb dünyasında qeyri-sabitliyə və qan tökülməsinə səbəb oldu ki, bu da öz növbəsində, xarici sərmayədarları uzaqlaşdırdı. Azərbaycan isə Prezident İlham Əliyevin rəhbərliyi altında narahat regionda sabitlik adasına çevrilib. Məhz buna görə də  ABŞ, Fransa, Almaniya və Çindən olan şirkətlər Azərbaycanın sabit iqtisadiyyatına sərmayə yatırmaq niyyətindədirlər".

Bütün bunlar bir daha təsdiqləyir ki, respublikamızın sülhməramlı mövqeyi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən  tədbirlər və sabitliyin qorunub saxlanılmasının dövlət siyasətinin prioritetinə çevrilməsi dünya ictimaiyyəti tərəfindən də etiraf olunur.

Prezident İlham Əliyev ölkədə  ictimai-siyasi vəziyyətin sabit olduğunu dəfələrlə vurğulamış və  daxildəki problemlərin öz həllini tapdığını diqqətə çatdırmışdır: "Beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir, iqtisadi dayaqlar isə bu gün özünü göstərir. Hətta dünyada, bölgədə, yaxın qonşuluqda yaşanan istənilən xoşagəlməz hallar Azərbaycana təsir etmir. Ona görə yox ki, biz özümüzü təcrid etmişik, əksinə, biz dünyaya açığıq. Ona görə ki, Azərbaycanda aparılan siyasət milli maraqlara söykənir. O ölkələrdə ki, siyasət milli maraqlara söykənir, o ölkələrdə sabitlik də, inkişaf da olacaq".

Dövlətimizin başçısı qeyd edib ki,  Azərbaycanda bütün azadlıqlar--mətbuat azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilir: "Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir... Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət hökm sürür, xalqla iqtidar arasındakı birlik möhkəmdir, sarsılmazdır. Bu birliyin təməlində xalq tərəfindən bizim siyasətimizə olan dəstək dayanır. Bizim siyasətimiz isə milli maraqlara söykənir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür".

Görülən tədbirlər dövlətçiliyimizin güclənməsinə, vətəndaşlarımızın daha azad, təhlükəsiz və firavan ölkədə yaşamasına xidmət edir. Ölkədə davamlı sabitliyin təmin edilməsi Azərbaycana beynəlxalq aləmdə etibarlı tərəfdaş, mühüm idman və mədəniyyət tədbirlərinin keçirildiyi ölkə, mədəniyyətlərarası  və sivilizasiyalararası dialoq məkanı imicini qazandırıb.

Əliqismət  BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında