Azərbaycanda sosial siyasətin vacib elementi – cəmiyyətə inteqrasiya

Azərbaycanda sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının etibarlı müdafiəsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsi ilbəil genişlənir. Bu kateqoriyadan olan şəxslərlə bağlı həyata keçirilən siyasətin əsas məqsədi onların da cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlu və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir. Cəmiyyətin qayğıya və yardıma daha çox ehtiyacı olan üzvləri kimi-- əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, valideyn himayəsindən məhrum olmuş uşaqların, ahıl vətəndaşların, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin, insan alveri qurbanlarının sosial müdafiəsi sahəsindəki problemlərin aradan qaldırılması və onların cəmiyyətə inteqrasiyası ölkənin sosial müdafiə siyasətinin vacib elementləridir.

Azərbaycan hökumətinin qoşulduğu müvafiq beynəlxalq sənədlər və milli qanunvericilik həssas əhali qruplarının sosial hüquqlarının müdafiəsini, o cümlədən sosial xidmətlərlə təmin olunmasını mühüm vəzifə kimi qarşıya qoyur. Bu vəzifələrin icrası üçün ölkədə sosial xidmət sisteminin təkmilləşdirilməsi, müvafiq sahədə qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, həssas əhali qruplarının maraqlarına maksimum cavab verən alternativ sosial xidmətlərin yaradılması istiqamətində xeyli iş görülmüş və bu işlər hazırda da davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilir ki, hazırda Azərbaycanda əhalinin 5,96 faizə qədər əlilliyi olan şəxs vardır ki, bunlardan da 67 min nəfəri 18 yaşadək olan uşaqlardır. Bu insanların səmərəli sosial müdafiə sisteminin təmin edilməsi və onların cəmiyyətin həyatına bütün istiqamətlər üzrə və müxtəlif tədbirlərlə inteqrasiya edilməsi məqsədilə ölkədə əlilliyi olan bütün şəxslərə, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara əmək pensiyaları, sosial müavinətlər, Prezident təqaüdləri, kompensasiya xarakterli müavinətlər və sosial yardımlardan ibarət aylıq ödənişləri nəzərdə tutan səmərəli sosial müdafiə sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə Azərbaycan hökuməti əlilliyi olan şəxslərin minimum maddi ehtiyaclarını qarşılamaqla bərabər onların tibbi-sosial reabilitasiyası üçün kompleks tədbirlər həyata keçirir. Ölkədə əlillərin 15 bərpa mərkəzi, o cümlədən Respublika Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Təkcə 2015-ci ildə bu mərkəzlər tərəfindən əlilliyi olan 7180 nəfər şəxsə tibbi-sosial bərpa xidməti göstərilib, 34 min reabilitasiya vasitəsi pulsuz olaraq əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara verilib. Əlilliyi olan 135 nəfər şəxs və sağlamlıq imkanı məhdud 130 uşaq xarici ölkədə dövlət hesabına bərpa müalicəsi ilə təmin edilib, son iki il ərzində 1933 nəfər hərbi əlil avtomobillə, 132 gözdən əlil şəxs və 212 nəfər Qarabağ müharibəsi əlili mənzillə təmin olunub.

Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılmasına, onlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş "İmkanlara məhdudiyyət yoxdur!" təbliğat-təşviqat kampaniyası həyata keçirilir. 2003-cü ildən başlayaraq ölkədə hər il yaradıcı əlillərə yeni əzm, özünə inam, cəmiyyətin mədəni həyatında daha fəal iştirak etmək üçün yüksək mənəvi ruh verən əlillərin ümumrespublika sərgi müsabiqələri, bədii yaradıcılıq baxış müsabiqələri və stolüstü idman oyunları üzrə yarışları təşkil edilir. Ötən dövrdə 12 mindən artıq əlilliyi olan şəxs bu müsabiqələrdə iştirak edib. 

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların özünüməşğulluğunu təmin etməsi sosial inteqrasiyanın mühüm elementidir. Bakının Zabrat qəsəbəsində inşa edilən və tikintisi başa çatmaqda olan gözdən əlil gənclər üçün Tədris-Bərpa Mərkəzində gözdən əlil gənclərə sosial-psixoloji yardım göstəriləcək, onlar müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb ediləcəklər. Ramana qəsəbəsindəki Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılan şərait də bu insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu sübut edir. 2014-cü ildə Azərbaycan Respublikasının ƏƏSMN, ADA Universiteti və UNİCEF tərəfindən "Bərabər hüquqlar üçün bərabər imkanlar" devizi altında əlilliyi olan şəxslər üçün Bakı şəhərində və digər yaşayış məntəqələrindəki ictimai yerlərdə hərəkət və xidmət üçün əlçatarlığın təmin olunması məqsədilə lazımi tədbirlərin görülməsi barədə müddəaları nəzərdə tutan memorandum imzalanıb və onun icrası məqsədilə ötən 2 il ərzində böyük işlər görülüb.

Sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların inteqrasiyası ilə bağlı artıq dörd ildir ki, dövlət sifarişi ilə həssas əhali qruplarından olan uşaqların daha çox olduğu regionlarda onların sosial xidmətlərlə təmin edilməsi, sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə bir sıra sosial layihələr həyata keçirilir. 2013-2015-ci illərdə ölkənin bütün ərazisi üzrə icra olunan, 20 mindən artıq uşağı və onların ailələrini əhatə edən layihələr çərçivəsində uşaqların psixoloji problemləri və fərdi xüsusiyyətləri öyrənilərək reabilitasiya işi həyata keçirilib, sığınacaq və reinteqrasiya xidmətlərinin göstərilməsi vasitəsilə onların uşaq alverinin və məcburi əməyin qurbanına çevrilməsinin qarşısı alınıb, cinsi, fiziki, psixoloji və emosional zorakılığa, əməyin istismarına məruz qalmış uşaq və gənclər sosial, psixoloji və hüquqi xidmətlərlə təmin ediliblər.

Bundan əlavə, yetkinlik yaşına çatmayan və risk qrupuna daxil olan uşaqların cəmiyyətə inteqrasiyası, onların sağlamlıq vəziyyətlərinin yaxşılaşdırılması, hüquqi yardımın göstərilməsi, həyat səviyyəsinin qorunması məqsədilə Zabrat qəsəbəsində həmin kateqoriyadan olan uşaqlar üçün hər biri 50 yerlik ixtisaslaşmış reabilitasiya mərkəzi və sosial sığınacaq inşa edilmişdir. Bu müəssisələr yetkinlik yaşına çatmayan və çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayışının təmin olunmasına xidmət edəcəkdir. Eyni zamanda, həmin uşaqların müvəqqəti yaşayış yerində sosial statusunun bərpası və ailələrinə qayıtmasına yardım olunması, çətin həyat şəraitinin ləğv olunmasında uşaqlara və onların valideynlərinə və ya digər qanuni nümayəndələrinə sosial, psixoloji və digər xidmətlərin göstərilməsi təmin olunacaqdır.

Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial inteqrasiyası ilə bağlı, demək olar ki, respublikamızda dövlət uşaq müəssisələrində 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır. Ötən ilə qədər həmin müəssisələri tərk etmiş məzunların müvafiq yaşayış yeri ilə təminatında bir sıra problemlər olduğundan Abşeron rayonunun Masazır qəsəbəsində 13 mərtəbəli, 120 mənzilli "Məzun evi" inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verildi. Sonrakı mərhələdə isə əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisi nəzərdə tutulub. Məzunlar burada yaşayış sahəsi, lazımi məişət avadanlıqları, inventar, kommunal xidmətlərlə təmin olunublar. Müəssisədə yaşayan 35 məzun artıq yaşadıqları müəssisədə işləyir və "Məzun evi"ndəki digər gənclərin məşğulluğunun təminatı üçün onları aktiv məşğulluq tədbirlərinə cəlb etmək planlaşdırılır.

Ahıl vətəndaşların sosial inteqrasiyası ölkəmizdə ildən-ilə güclənən sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil etməklə ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmış insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlib. Habelə Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının prinsiplərinə, onun icrasına dair Regional Strategiyanın tövsiyələrinə və Yaşlaşma Problemləri üzrə Vyana nazirlər konfransının prinsiplərinə uyğun olaraq, ahılların cəmiyyətə inteqrasiyası, onların potensialından istifadə edilməsi, gənc nəslin təlim-tərbiyə prosesinə cəlb olunması, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi, yaşlı nəslin ailədə, uşaq və valideynlər arasında tərbiyəvi rolunun təbliği məsələlərinə önəm verilir. Hazırda ƏƏSMN-nin müharibə və əmək əlilləri üçün pansionatında 211 nəfər ahıl şəxs dövlət təminatında yaşayır və 2015-ci ildə 13679 nəfər tənha ahıl vətəndaşa evdə sosial xidmət göstərilib.

Əhalinin həssas kateqoriyalarının cəmiyyətə inteqrasiyasından danışarkən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsləri də qeyd etmək lazımdır. Həmin kateqoriyadan olan şəxslərin sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyası məqsədilə hazırda Qobustan rayonunda 50 yerlik Sosial Adaptasiya Mərkəzinin inşası başa çatdırılmaqdadır. Mərkəz müəyyən yaşayış yeri olmayan şəxslərin yaşayış yeri ilə təmin edilməsi, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması və digər məsələlərlə bağlı işləri dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirəcəkdir. 2015-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 152 nəfər şəxs üçün azad etmədən əvvəlki 3 ay ərzində həmin müəssisələrdə peşə hazırlığı kursları təşkil olunub, eləcə də cəzasını çəkib azadlığa çıxmış 5823 şəxsin hər birinə ilkin tələbatlarını ödəmək üçün minimum əmək haqqının 4 misli məbləğində müavinət ödənilib.

Son illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi və həyat səviyyəsinin yaxşılaşması qloballaşan dünyanın dəhşətli problemlərindən biri olan insan alveri probleminin həllində əhəmiyyətli nəticələri şərtləndirib. İnsan alveri ilə mübarizə standartlarının yüksəlməsi, o cümlədən qarşıda duran məqsədlərə nail olunmasında müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının peşəkarlığının, qurbanlara göstərilən dövlət dəstəyinin artması, müvafiq sahədə infrastrukturun və texniki təminatın güclənməsi ilə səciyyəvidir. Bunun nəticəsi olaraq son illərdə insan alverinin potensial qurbanlarının sayı əvvəlki dövrlərə nisbətən əhəmiyyətli dərəcədə azalıb. 2015-ci ildə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə 77 müraciət daxil olub ki, mərkəz tərəfindən həmin şəxslərin hüquq və mənafelərinin müdafiəsi təmin edilib, onlara tibbi, psixoloji və digər sahələrdə, habelə onların sosial reabilitasiyalarına, cəmiyyətdə reinteqrasiyalarına, normal həyat tərzinə qaytarılmalarına kömək göstərilib.

Ölkəmizin qoşulduğu müvafiq beynəlxalq sənədlər BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası, dəyişdirilmiş Avropa Sosial Xartiyası, BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyası, eləcə də "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının qanunu xüsusilə əlillər və sağlamlıq imkanları məhdud 18 yaşadək və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün keyfiyyətli sosial xidmətlərin təmin edilməsini mühüm bir vəzifə kimi qarşıya qoyur.

Sosial reabilitasiya sahəsində böyük təcrübəsi olan ölkələrdə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sosial model üzrə həyata keçirilir. Buraya aktiv fizioterapiya, erqoterapiya, oyun terapiyası, art terapiya kimi müasir metodlar aiddir. Beynəlxalq təcrübə göstərir ki, müasir reabilitasiya metodları həmin şəxslərə tibbi reabilitasiyadan daha effektiv təsir göstərir. BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası qeyd edilib. Hazırda ölkədə fəaliyyət göstərən əlillərin bərpa mərkəzlərinin fəaliyyətinin mütərəqqi beynəlxalq təcrübəyə əsaslanaraq tibbi modeldən sosial reabilitasiya modelinə keçidi konsepsiyası hazırlanılır. UNİCEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən "Sosial xəritələşmə" layihəsi həyata keçirilib, ölkə üzrə əhalinin sosial xidmətlərə olan ehtiyacları müəyyən edilib və buna uyğun olaraq sosial xidmət sahəsində prioritet layihələr müəyyənləşdirilib. Nazirlik tərəfindən əhaliyə göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması məqsədilə bu il BMT-nin Uşaq Fondunun texniki dəstəyi ilə minimum standartların, monitorinq və qiymətləndirmə meyarlarının hazırlanması işinə başlanılıb.

Hazırda bütün Avropada geniş müzakirə olunan sosial inteqrasiya məsələlərinin həlli üçün müxtəlif ölkələrdə fərqli yanaşmalar olsa da, ümumi rəy bundan ibarətdir ki, hökumətlər öz ölkələrinin əhalisi üçün elə bir şərait formalaşdırmağa çalışmalıdırlar ki, bu şərait daxilində hər bir fərd həm cəmiyyətin sosial həyatına fəal şəkildə qoşulsun, həm də mövcud ictimai norma və dəyərləri rahat qavraya bilsin. Məhz bu şəraiti təmin etmək istiqamətində Azərbaycan Respublikasında həyata keçirilən siyasət bütün məzmunu və forması ilə sosial inteqrasiyanı təmin etməyə yönəlmişdir.

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında