Hər dəfə Lənkərana böyük həvəslə getmişəm. Əvvəla, cənub bölgəsinin ən böyük və cazibədar şəhəridir. Mavi dənizi, gur küçələri, geniş meydanları var. Ada-ada yaşıllıqları, hərəsi bir zövqlə tikilmiş binaları göz oxşayır. İkincisi, bura çoxsaylı dostlarımın, qələmdaşlarımın şəhəridir. Elə əksər lənkəranlılara xas olan mədəni davranışlar, şirin ləhcələr və yumor hissi də vazkeçilməzdir.
Hava limanı, dövlət universiteti, abidə kimi "göydələn"ləri, turizm obyektləri bu gözəl məkanın özəl müasirlik atributlarıdır. Bakıdan üzü cənuba, ta Təbrizəcən yeganə peşəkar teatr məhz Lənkəranda fəaliyyət göstərir. Çayxanalarda ətirli samovar çayı verilir, özü də dəm çaydanı ilə deyil, stəkan-stəkan gətirilir. Şəhərin girişində bölgənin simvolu olan çayla bağlı möhtəşəm samovar abidəsi də qoyulub.
Son illər Lənkəran özünün davamlı yenilənməsi ilə də diqqət çəkir. İlin ilk yarısının yekunlarına həsr olunan toplantıda bu fakt bütün çıxışlardan qırmızı xətlə keçib. Lənkəranın sosial-iqtisadi uğur hekayələri fərəh doğurub.
Prezident İlham Əliyevin Lənkərana davamlı diqqəti nəticəsində rayonun inkişafı xüsusilə aşkar xarakter alıb. Dövlət başçısının Lənkərana hər səfəri neçə-neçə yeni layihənin reallaşması, yolların çəkilişi, mühüm sosial obyektlərin işə salınması ilə müşayiət olunub. Lənkəran dövlət qayğısından nəsibini yetərincə alıb. Əhali bütün bunlardan hədsiz razılıq edir. İdarəetmə sahəsində böyük təcrübəsi olan Taleh Qaraşov dörd il öncə icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan vaxtdan şəhərdə işlər daha da canlanıb, bütün sahələrdə nailiyyətlər ilbəil yüksəlib. Genişmiqyaslı quruculuq işləri, irihəcmli investisiya layihələri həyata vəsiqə alıb.
İlin əvvəlindən rayonda ümumi məhsul buraxılışı 10,9 faiz artaraq 157,2 milyon manat təşkil edib. Sənayedə 17,3 milyon manatlıq və ya ötən ilin həmin dövrünə nisbətən 56,4 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 89,8 faiz artıb və ümumi həcmdə onun xüsusi çəkisi dörddə-üç qədər olub. Sənayedə işləyənlərin orta aylıq əməkhaqqı 316 manata çatıb. Altı ayda rayonda ümumilikdə 1385 yeni iş yeri açılıb ki, bunun da 1066-sı daimidir. Bütün bu rəqəmlərin arxasında gərgin zəhmət, yaradıcılıq səyləri, sabaha möhkəm inam hissi dayanır.
Şirinsu qəsəbəsində 208, Lüvəsər kəndində 256 tutumlu yeni EATS quraşdırılıb. Şəhərin 14 çoxmərtəbəli yaşayış binasına fiber optik kabeli çəkilib. Siyavar kəndində 320 nömrə tutumlu EATS üçün yeni bina tikilib və geniş zolaqlı internet abunəçilərinin sayı 12850-ə çatdırılıb. Lənkəran radio-teleyayım stansiyasında DVB-T2 tipli rəqəmli kommersiya kanalları quraşdırılıb ki, bu da 80 televiziya proqramının baxılmasına şərait yaradıb. Necə deyərlər, Lənkəranda otur, dünyanı gör!
Aqrar sahədə 41,2 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki dövrə nisbətən çoxdur. Heyvandarlıq məhsullarının istehsalında irəliləyiş var. Diri çəkidə 3043 ton ət, 15881 ton süd və 7,1 milyon ədəd yumurta istehsal edilib. Rayonda iri buynuzlu malqaranın sayı 53641 baş, xırda buynuzlu mal-qaranın sayı 22243 baş olub. Sənayedə istehsal həcminin 60, aqrar bölmədə 99, pullu xidmətlərinsə 75 faizi özəl bölmənin payına düşür. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına 267 min manat güzəştli kredit verilib.
Lənkəranın abadlaşdırılması daimi səciyyəlidir. İlin əvvəlindən şəhər və rayon ərazisində 36 min kvadratmetr hasar və səki daşı rənglənib, 101 ədəd yeni müasir küçə işıqlandırıcısı quraşdırılıb, 11 min ağac, 23 min gül kolu əkilib. Şəhərdəki 19 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 7 binanın fasadı boyanıb. Şəhəri müsafirlərə, turistlərə bəyəndirən amillərdən biri də budur.
H.Əliyev prospektində, Sabir, İ.Səmədzadə, Koroğlu küçələrində ümumilikdə 34000 kvadratmetr asfalt döşənib. Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 8,2 kilometr hissəsində cari və əsaslı təmir işləri aparılıb. Təmizlik-abadlıq işlərindən ötrü mənzil istismar-kommunal müəssisələr idarəsinə 200 nəfər, Lənkəran şəhəri və Ürgə kəndində çoxmənzilli 15 yaşayış binasının təmiri işlərinə 304 nəfər işçi cəlb edilib. Liman şəhərindəki istirahət parkı əsaslı təmir olunub, oradakı fəvvarə düzəldilib, uşaq əyləncə mərkəzi quraşdırılıb. Parkda 1941-45-ci illər müharibəsinə aid abidə kompleksi əsaslı şəkildə yenilənib, Qarabağ müharibəsində şəhid olmuş 13 nəfər limanlı igidin adları həkk olunmuş qranit xatirə lövhəsi vurulub. Görülən işlər nəticəsində park sakinlərin əsl istirahət yerinə çevrilib və şəhərin ümumi mənzərəsini daha da yaxşılaşdırıb. Ümumiyyətlə, rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 31,4 milyon manat investisiya yönəldilib. Təkcə tikinti-quraşdırma işlərinə yönəldilən investisiyanın həcmi 29,2 milyon manat olub. Bu dövrdə əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 25400 kvadratmetr olan yeni yaşayış evləri tikilib.
Rayonda yeni Olimpiya İdman Kompleksinin, 5 ulduzlu, 11 mərtəbəli otel kompleksinin tikintisi davam etdirilir.
Bakı sakinləri mart ayında keçirilən Novruz bayramı tədbirində Lənkəran rayonunun necə layiqincə təmsil olunduğunu xatırlayırlar. Dənizkənarı Milli Parkda Lənkəran mətbəxi Azərbaycan Milli Kulinariya Mərkəzinin Fəxri diplomuna layiq görülüb. Lənkəranda müvəqqəti məskunlaşmış 70 ailənin, 258 nəfər məcburi köçkünün sosial problemlərinin həllində fasilə olmur. Şəhər icra hakimiyyəti tərəfindən onlara bu il 3,5 min manatlıq ərzaq yardımı verilib.
Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlərin yüksəldilməsi üzrə tədbirlər həyata keçirilib. Haftoni, Ləj və Qumbaşı kəndlərində qaz xətlərinin quraşdırma işləri başa çatdırılıb. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla, rayonun 63 yaşayış məntəqəsi qazlaşdırılıb. Ümumilikdə abonentlərin 87,4 faizi mavi yanacaq alır.
Böyüyən nəslin təhsilinə və tərbiyəsinə, hərtərəfli inkişafına diqqət azalmır. Oğlanlar üçün şəhər 2 saylı ailə tipli kiçik qrup evi tikilib istifadəyə verilib. Sentyabr ayında Bakıda keçiriləcək 42-ci ümumdünya şahmat olimpiadasının təbliğinə həsr olunmuş respublika ümumtəhsil məktəbləri komandalarının birinciliyində 4 nömrəli məktəb-liseyin komandası 2-ci yeri tutub. Respublika şahmat məktəbləri arasında keçirilən zona yarışlarında Lənkəran təmsilçiləri 1-ci yerə layiq görülüblər. Güləşçilər Təbriz Yusubzadə, Mahir Məmmədzadə, ağırlıqqaldıran Paşa İbrahimli beynəlxalq turnirlərdə, Avropa çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə ucalıblar.
Rayonda bu il 21 idman yarışı təşkil edilib, ümumilikdə 110 nəfər qüvvəsini sınayıb. Aprel ayında Türkiyənin Konya şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında beynəlxalq turnirdə Lənkəranı təmsil edən iki idmançı 1-ci və 2-ci yerləri tutub. İyun ayında Bakı şəhərində keçirilmiş ağır atletika üzrə Azərbaycan çempionatında rayonun 6 idmançısı 1-ci, 2 nəfərsə 2-ci yeri qazanıb.
Rayonun səhiyyə müəssisələrində əhaliyə tibb xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilib. Mədəniyyət sahəsində canlanma var. 2016-cı ilin "Multikulturalizm" ili elan olunması ilə əlaqədar çoxmillətli rayon olan Lənkəranda da bir sıra işlər görülüb. Yeni Azərbaycan Partiyası, Lənkəran Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Multikultural dəyərlər və azərbaycançılıq" mövzusunda zona müşavirəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti və YAP Lənkəran Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə "Gücümüz birliyimizdədir" devizi altında ümumrayon toplantısı, Respublika Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Lənkəran ŞİH-nın birgə təşkilatçılığı ilə "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının müzakirəsinə həsr olunmuş konfrans keçirilib. İyunun 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta" adlı layihənin Lənkəran təqdimatı maraqlı olub. İştirakçılar Lənkəran rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəni irsini, adət-ənənələrini, mətbəx nümunələrini, folklorunu, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar. Lənkəranın müasir inkişafını əks etdirən videoçarx göstərilib və tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatıb.
Lənkəranı fərqləndirən cəhətlərdən biri də vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasıdır. Ötən 6 ayda şəhər icra hakimiyyəti başçısı aparatına 2211 yazılı müraciət daxil olub. Bu dövrdə icra başçısı tərəfindən ümumilikdə 630 vətəndaş qəbul edilib, ayrı-ayrı yaşayış məntəqələrində 29 səyyar qəbul-görüş keçirilib və bu görüşlərdə iştirak etmiş 9400 nəfərdən 195-nin müraciəti dinlənilib, 214 məsələ qaldırılıb. 77 məsələ müsbət həll olunub, 122-nə qanunamüvafiq cavab verilib, 1-i əsassız sayılıb və 1-i nəzarətə götürülüb. Vətəndaşların müraciətlərinə əsasən, şəhər icra hakimiyyəti tərəfindən əhaliyə 96 min manatlıq ərzaq məhsulları, tikinti materialları və maddi yardımlar verilib.
Aqrar sahədə işin intensivləşdirilməsi, əkin sahələrinin genişləndirilməsi, çayçılığın inkişafına diqqətin artırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni istehsal obyektlərinin yaradılması və yeni iş yerlərinin açılması nəzərdə tutulub. Eyni zamanda rayon ərazisində fəaliyyət göstərən sahibkarların, iş adamlarının təkliflərinin və süni qiymət artımı ilə bağlı müraciətlərin qəbul edilməsi məqsədilə şəhər icra hakimiyyətində qaynar xətt xidməti yaradılıb.
Elə bu günlərdə Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatının inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupun üzvləri cənub bölgəsinə səfərləri çərçivəsində Lənkəranda olublar. Əvvəlcə onlar rayonun çəltik və sitrus sahələri, çay plantasiyaları, tinglik təsərrüfatları, Lənkəran Konserv Kombinatı ilə tanış olub, fermerlərlə görüşərək təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar. Sonra Heydər Əliyev Mərkəzində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin və müvafiq dövlət strukturları nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda kənd təsərrüfatı işlərinin gedişi və bu sahədə mövcud vəziyyətlə bağlı məlumat verib, aqrar sektorun perspektivlərindən danışıb. Qeyd olunub ki, Lənkəranda 2016-cı ilin məhsulu üçün 6550 hektarda yazlıq əkinləri keçirilib. İndiyədək sahələrdən 31 min 440 ton tərəvəz, 4 min 400 ton kartof, 871 ton taxıl, 1880 ton meyvə, 159,5 ton yaşıl çay yarpağı yığılıb. Rayonda ənənəvi sahələrdən olan çəltikçiliyin bərpa olunmasına da böyük önəm verilir. Hazırda 309 hektar sahədə çəltik əkilib. Bildirilib ki, heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb, diri çəkidə 3043 ton ət, 15881 ton süd və 7,1 milyon ədəd yumurta istehsal edilib. Lənkəranda ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması məqsədilə Göyşaban kəndi ərazisində torpaq sahəsinin ayrılması nəzərdə tutulub.
İşçi qrupun rəhbəri Azər Əmiraslanov dövlət başçısının rayonlarda yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarını diqqətə çatdıraraq, Lənkəranda ixractutumlu sahələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Müşavirədə Prezidentin tövsiyə və tapşırıqlarının icrası ilə bağlı Lənkəran rayonunda görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Lənkəranın ölkəmizdə kənd təsərrüfatının inkişafında böyük töhfəsi olub. Aqrar bölmədə çalışanların faraş tərəvəzin yetişdirilməsində, çayçılığın inkişafında zəngin təcrübəsi var. Rayon ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində böyük imkanlara malikdir.
Lənkəranın çəltikçilik təsərrüfatında müasir texnikaların tətbiq edildiyini vurğulayan A.Əmiraslanov çəltikçilikdə texnika parkının yaradılacağını diqqətə çatdırıb. Fermerlər maraqlı və işgüzar təkliflər veriblər.
Lənkəranda sənaye parkının yaradılması üçün Liman şəhəri ərazisində 5 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub və bu barədə İqtisadiyyat Nazirliyinə müraciət olunub. Həmçinin Liman şəhərində əvvəllər fəaliyyət göstərmiş, lakin sökülmüş bazarın yenidən tikilməsi üçün iş aparılır. Yeni xalça fabrikinin tikintisindən ötrü də torpaq sahəsi ayrılıb, indi layihə-smeta sənədləri hazırlanır. Eyni zamanda cənab Prezidentin müvafiq sərəncamına əsasən Lənkəran rayonunda da aztəminatlı ailələr üçün sosial evlərin tikintisi nəzərdə tutulub.
...Düz 80 il öncə Səməd Vurğun qələmə aldığı "Lənkəran şeirləri"ndə bu gözəl diyarı böyük ilhamla vəsf eləyib. Xalq şairinin dillər əzbəri olan "Azərbaycan" şeirində də Lənkərana sevgi duyğuları ifadə olunub. Bu gün yenə də qələm sahiblərinin, fırça ustalarının ilham pərisi Lənkəranın başı üzərində dolaşır. Yeni, gözəl əsərlər yaranır. Elə Lənkəranın özü indi əsl tərəqqi əsəridir.
Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.