Hidrologiya elminin yorulmaz tədqiqatçısı

Bu günlərdə kənd təsərrüfatı elmləri doktoru, professor Hamlet Aslanov "Avropa Nəşr Mətbuat Evi"nin qızıl medalına və diplomuna layiq görülüb.

Hamlet Aslanov ilə  biz  eyni məktəbdə oxumuşuq. O, hələ orta məktəbdə ikən coğrafiya, kimya, biologiya fənlərinə daha çox diqqət yetirərdi. Dediyim odur ki, Hamlet Aslanovu mən həm sirdaş, həm dəyərli yoldaş, həm də ziyalı kimi yaxından tanıyıram.

Görkəmli alim, hidrologiya və meliorasiya elminin tanınmış nümayəndəsi H.Aslanovun yüksək analitik təfəkkürü, elmi yeniliklərə marağı və onları qiymətləndirmə bacarığı, elmi təşkilatçılıq istedadı ona hidrologiya, meliorasiya və ekologiya kimi müxtəlif elm sahələrində tədqiqatlar aparmağa və sanballı elmi nəticələr əldə etməyə imkan verib.

Hamlet Aslanov 1950-ci ildə ailəsi ilə birlikdə qədim Oğuz eli – Qərbi Azərbaycanın Ağbaba mahalından Azərbaycana köçür. 1959-cu ildə Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsinə daxil olur. İnstitutda oxuduğu illərdə təhsildəki müvəffəqiyyətinə, ictimai fəaliyyətinə görə Lenin təqaüdü alır. 1963-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Təşkilatının XI qurultayına nümayəndə seçilir. Elə həmin ildə Azərbaycan tələbə gənclərinin yeganə nümayəndəsi kimi Moskvaya – SSRİ Həmkarlar İttifaqı  Təşkilatının XIII qurultayına nümayəndə göndərilir.

Elmə olan marağı onu hələ tələbəlik illərində  professor S.Rüstəmovun rəhbərlik etdiyi yerli çayların hidrologiyasının tədqiqi ilə məşğul olan ekspedisiyanın və Azərbaycanın SSRİ Nazirlər Soveti yanındakı Hidrometeoroloji Xidmət İdarəsinin Böyük və Kiçik Qafqaz dağlarının Azərbaycan hissəsindəki çay yataqlarında sel hadisələrini öyrənən ekspedisiyalarının iştirakçısı edir. 1965-ci ildə institutu fərqlənmə diplomu ilə bitirir. 1966-cı ildə Moskvada Su Təsərrüfatı, Kanalizasiya, Hidrotexniki Qurğular və Hidrologiya İnstitutunun aspiranturasına daxil olur, 1970-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alır.  1970-75 - ci illərdə Azərbaycan Politexnik İnstitutunda, Azərbaycan Memarlıq və İnşaat Universiteti təşkil edildikdən sonra isə  universitetin hidromeliorasiya kafedrasının dosenti vəzifəsində işləyir.

H.Aslanov 1998-ci ildə doktorluq işini müdafiə edərək kənd təsərrüfatı elmlər doktoru alimlik dərəcəsi alır. 2002-ci ildə Ali Attestasiya Komissiyası ona professor elmi adını verir. 2003-cü ildə Amerika Hidrologiya İnstitutunun Azərbaycan təmsilçisi, 2004-cü ildə isə səsvermə yolu ilə həmin institutun Sertifikat Şurasının qiyabi üzvi seçilir. 2004-cü ildə Amerika Hidrologiya İnstitutu onu "Peşəkar hidroloq" tituluna layiq görür.

Onun son illərdə çap etdirdiyi "Meliorasiya torpaqşünaslığı", "Dağlıq ərazilərin torpaqlarının meliorasiyası"  monoqrafiyalarında irəli sürülən müddəalar ölkəmizin dağətəyi və dağlıq ərazilərində əkinaltı torpaqların münbitliyinin qorunması istiqamətində aparılan tədbirlər üçün mühüm əhəmiyyət daşıyır.  Bu yaxınlarda AMEA-nın Eroziya və Suvarma İnsitutunun professoru, aqrar elmlər doktoru Hamlet Aslanovun "Kürün aşağı axarının ekocoğrafi problemləri" adlı monoqrafiyası respublikamızın görkəmli alimlərinin (aqrar elmlər doktoru, professor, Əməkdar elm xadimi A.Gərayzadə və geologiya- mineralogiya elmlər doktoru, professor Ə.Əlimov rəy verib) redaktəsi ilə nəşr edilib.

Professor H.Aslanovun uzunmüddətli tədqiqatlarının nəticəsi olan "Kürün aşağı axarının ekocoğrafi problemləri" monoqrafiyası tədqiqat sahəsində baş verən ekoloji pozuntuları öyrənmək, onların dağıdıcı təsirini azaltmaq və qismən qarşısını almaq üçün əlaqədar təşkilatların apardıqları layihə, axtarış və tikinti işləri üçün dəyərli vəsaitdir.

Son dərəcə sadə, səmimi və təvazökar olan bu elm adamı sakit, yüksək etik davranışı və mülayimliyi ilə ilk baxışda müsahibində özünə qarşı xoş təssürat yaradır. Rəhbərlik etdiyi çoxsaylı aspirantlara, dissertantlara və doktorlara qayğıkeşliklə yanaşır, hər məqamda çalışır ki, onlar vaxtında elmi işlərini müdafiə edib xalqın yaradıcı insanlarının cərgəsində fəaliyyət göstərsinlər. O, respublikamızda və xaricdə (ABŞ, Rusiya, İran...) dərc olunan 200-ə yaxın elmi işin, o cümlədən 17 dərslik, monoqrafiya və kitabın müəllifidir.

Alimin ali məktəbdə 50 illik pedaqoji fəaliyyəti dövründə yetişdirdiyi yüzlərlə mütəxəssis hazırda respublikamızda, yaxın və uzaq xarici ölkələrdə elmin və təsərrüfatın müxtəlif sahələrində çalışır.

Professor Hamlet Aslanov apardığı elmi tədqiqat işlərinə görə bir çox mükafatlara layiq görülüb. O, 2002-ci ildə Amerika Hidrologiya İnstitutun Azərbaycan üzrə təmsilçisi və Beynəlxalq Ekoenergetika Akademiyasının üzvi seçilmiş,  2004-cü ildə isə "Peşəkar hidroloq" tituluna layiq görülmüşdür.

Professor Hamlet Aslanovu ürəkdən təbrik edir və ona fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Hacı Tofiq Seyidzadə,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında