Naxçıvanın turizm ünvanlarından daha biri abadlaşdırılır

Qədim yurd yerimiz Nəhəcir bu gün abadlığın, quruculuğun işığına qərq olub

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  yarım il ərzində görülən işlərə bir daha nəzər yetirilmiş, həmçinin yaxın  gələcəkdə həyata keçiriləcək infrastruktur layihələri  barəsində müzakirələr aparılmışdır. Dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını verərək nəzərdə tutulmuş layihələrin  reallaşdırılmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur.

Dövlətimizin başçısı digər bir sıra sahələr kimi, turizmin inkişafının da diqqət mərkəzində olduğunu bildirmişdir: "Əsas məsələ turizm sənayesini yaratmaqdır - həm daxili turizm, həm də xarici qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər sahili, qış aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün bölgələrdə müasir infrastruktur, otellər, yollar var. Ona görə bu istiqamətdə görüləsi işlər hələ çoxdur".

Bəli, ölkə rəhbərinin qeyd etdiyi kimi, bütün bölgələrdə müasir infrastruktur, otellər, yollar var. Belə  müasir istirahət mərkəzləri Naxçıvanda da çoxdur və bunların sayı getdikcə artırılır. Belələrindən biri haqqında söhbət açmaq istərdim.

Adətən, dağ kəndinin insanları daha səmimi olurlar. Uca dağlara baş qoyub üzünü geniş düzənliyə tutan bu yurd yerinin insanları da  ilk gördüyümüz andan bizə elə doğmalaşdılar ki, sanki illərdir tanıyırdıq bir-birimizi. Hamısı xalqımızın qonaqpərvərliyini, milli adət-ənənələrini böyük səylə qoruyur, yaşadır. Bir tərəfdən də düşünürsən ki, bəlkə mətin qayaların, dağların ətəyindən pıqqıldayıb üzə çıxan bulaqların, yaz gələndə coşub-çağlayan dağ çayının, ya bəlkə düzənlərdə adamın qəlbini oxşayan lalələrin saflığı, təmizliyi çöküb bu insanların qəlbinə.

Beləcə, xoş hisslərlə Babək rayonunun Nəhəcir kəndindəki yaraşıqlı məktəb binasının qapısını döyürük. Dəhlizlərdə bir səssizlik  var. Hər tərəfdə səliqə-sahman göz oxşayır. Öyrənirik ki, məktəb 2011-ci il sentyabrın 27-də istifadəyə verilib. O günün sevinci indi də pedaqoji kollektivin üzündədir. Məktəbin müəllimləri Əli Tarverdiyev, Camal Novruzov, Yaşar Quliyev və başqaları gözəl şəraitdə dərs dediklərinə görə dövlətimizə minnətdarlıqlarını dönə-dönə bildirirlər.

Məktəbin qocaman müəllimi Əli Tarverdiyev təhsil ocağının tarixindən söz açır, keçdiyi çətinlikləri dilə gətirir. Bildirir ki, əsası 1939-cu ildə qoyulmuş bu məktəb əvvəlcə kəndin uşaqlarına ibtidai təhsil verib, sonra səkkizillik, 1983-cü ildən tam orta məktəb kimi fəaliyyət göstərib. Müsahibimiz öz həyat yolunda çəkdiyi əziyyətlərdən də danışır. Deyir ki, ibtidai sinfi bitirəndən sonra Sirab kəndinə getdim. Bir il orada, üç il Culfa rayonunun Qazançı, sonrakı illəri Bənəniyar kəndində oxudum.

Onun arzusu oxuyub müəllim olmaq, qayıdıb kənddə uşaqlara təhsil vermək imiş. Bu arzusunu reallaşdırıb və uzun illər məktəbə rəhbərlik edib. Deyir ki, 1967-ci ildə kənd camaatı ilə yığışıb məktəb binası tikdik. Amma getdikcə bina köhnəldi, yararsız hala düşdü. Məktəbdə dözümsüz bir vəziyyət yaranmışdı. Yağışlı günlərdə damırdı, istiliyi yox idi. Onu da bildirir ki, çətinliklər içərisində olsaq da, məktəbimiz yaxşı məzunlar yetişdirmişdir. Qızıl, gümüş medal alanlar olub. Yetirmələrimiz bu gün müxtəlif sahələrdə çalışırlar. Məktəbdə dərs deyən müəllimlərin hamısı öz məktəbimizin yetirmələridir.

Həmsöhbətim deyir ki, əvvəllər məktəbdə şagird sayı azalmağa başlamışdı. Övladlarının hərtərəfli şəraitə malik məktəblərdə təhsil alması üçün  bəzi ailələr köçdü buradan. Amma kənddə aparılan abadlıq-quruculuq, yenidənqurma tədbirləri insanların başqa yerlərə getmələrini dayandırdı. Nəinki dayandırdı, artıq köçənlər geri qayıtmağa başladılar. Bunun nəticəsidir ki, əgər keçən il birinci sinfə 2 uşaq gəlirdisə, bu il artıq onların sayı 11-dir. Ulu öndərin siyasəti bu gün uğurla həyata keçirilir və öz bəhrələrini də verir. Bu gün uşaqların təhsilə marağı artıb. Elə bir il olmayıb ki, məktəbimizdən ali məktəblərə qəbul olmasın. 2014-2015-ci tədris ilində məktəbi bitirən 6 məzundan 4-ü ali məktəbə qəbul olunub.

Bəli, son illər muxtar respublikanın bütün bölgələrində aparılan quruculuq tədbirləri Babək rayonunun  Nəhəcir kəndini də ağuşuna alıb. Beş il bundan əvvəl uçuq-sökük, yararsız məktəb binasının yerində yaraşıqlı, tədrisin yüksək səviyyədə aparılması üçün hərtərəfli şəraitə malik üçmərtəbəli təhsil ocağı ucaldılıb. Hazırda  məktəbdə 11 sinif otağı, kimya-biologiya, fizika və hərbi kabinetlər, elektron lövhəli sinif, kompüter və müəllimlər otaqları, kitabxana, bufet var. Məktəb kitabxanasına şagirdlərin elmin sirlərinə dərindən bələd olmaları üçün 2741 dərslik və bədii ədəbiyyat verilib. 6 kompüter nəhəcirli şagirdlərin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından səmərəli istifadə etmələrinə geniş imkan açıb.

Əvvəllər bu məktəbdə idman zalı olmadığından bədən tərbiyəsi dərslərinin keçirilməsində çətinliklər yaranırdı. İndi burada müasir idman zalı var, həyətdə açıq idman qurğuları qoyulub. İdman zalında müxtəlif idman növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılmışdır. Odur ki, şagirdlər idman müəllimi Rəfail Yaqubovun rəhbərliyi altında bu sahədə uğurlara imza atırlar. Elə bunun nəticəsidir ki, məktəbin şagirdləri bu il "Vətənin müdafiəsinə hazıram" çoxnövçülük idman yarışı üzrə rayon birinciliyində qalib gələrək muxtar respublika yarışında Babək rayonunu təmsil etmiş və burada da yarışın ikincisi olmuşlar.

Nəhəcir kəndində tanış olduğumuz daha bir ünvan insanların sağlamlığına xidmət edən feldşer-mama məntəqəsi oldu. Kənd mərkəzində yerləşdirilmiş, 3 otaqla təmin olunmuş bu səhiyyə ocağında əhaliyə ilkin tibbi yardımın göstərilməsi, uşaqlar arasında peyvənd işinin təşkili üçün hərtərəfli şərait yaradılmışdır.

İkimərtəbəli kənd mərkəzi kənddə neçə-neçə idarə və təşkilatın yerləşdiyi yerdir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, feldşer-mama məntəqəsi, rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə yerləşdirilmiş, kənd mədəniyyət evi işçiləri üçün hər cür şərait yaradılmışdır. Ona görə tez-tez mədəniyyət tədbirləri keçirilir, hər il Novruz bayramı yaddaqalan şəkildə qeyd edilir.

Kənddə kompleks quruculuq işlərinin aparılması, Qahab və Nəhəcir kəndləri arasındakı 12,8 kilometrlik yolun, kənddaxili yolların təmir olunması, içməli su probleminin həll olunması, yeni elektron ATS quraşdırılması, kəndin daimi elektrik enerjisi və təbii qazla təmin edilməsi, bir sözlə, bu kənddə əhalinin yaşayışı üçün lazımi şəraitin yaradılması insanların məskunlaşmasına səbəb olub. Üstəlik, başqa yerlərdən də bu dilbər güşəyə yaşamağa gələnlər var ki, bunun da nəticəsində son illər kənddə yeni evlər tikilmişdir.

Nəhəcir kəndinin geniş otlaqları, bərəkətli torpaqları burada əkinçilik və heyvandarlıq üçün əlverişli şərait yaradır. Hazırda kənddə 580 baş inək-camış, 5435 baş  davar saxlanılır. Kəndin 560 hektar əkin sahəsi, geniş otlaq əraziləri var. Kənd adamları əsasən, taxıl əkininə üstünlük verirlər. Həyətyanı sahələrdə isə hər ailə özünə görə tərəvəz bitkiləri əkib-becərir. Kənddə arıçılıq da gəlirli sahələrdən sayılır. Ümumilikdə, burada 267 arı ailəsi saxlanılır. Kənd sakinlərindən Kərəm Həsənovun 60 arı ailəsi, bundan başqa, 10 baş da qara malı var. Azər Hacıyev də təcrübəli arıçı sayılır. 30 arı ailəsi, 6 baş iribuynuzlu mal-qara bəsləyir. Rafik Rəcəbov və Balakişi Əhmədov isə heyvandarlıqla dolanışıqlarını qurublar. Hər biri 150 baş, Şahvələd Rəcəbov isə 110 baş  davar bəsləyir. Həvva Seyidova 10 baş qaramaldan aldığı məhsulla ailəsinin dolanışığını təmin edir.

Bu dağların qoynunda elə bir sakin yoxdur ki, qəlbən torpağa bağlı olmasın, zəhməti sevməsin. Bu amillər və kəndin ab-havası burada insanların uzunömürlülüyünün səbəbidir. İkinci Dünya müharibəsinin od-alovlarını görmüş Kazım Hacıyevin 93 yaşı var. O illərin ağrı-acılarından söz açan, Vətən sevgisini bu gün gənclərə, nəvələrinə aşılayan veteranın yaşıdları, həmkəndliləri Şahhüseyn Novruzov, Kəklik Novruzova, Həcər Qalayeva isə müharibə illərində kəndin çəkdiyi məşəqqətli günləri dilə gətirdilər, bugünkü firavan dolanışığa görə dövlətimizin başçısına minnətdar olduqlarını bildirdilər. Özünün ixtiyar çağlarını yaşayan insanlar kəndin cavanlarına milli dəyərlər zəminində öyüd-nəsihət verməyi də unutmurlar. Qonaqpərvərlik, böyüyə hörmət, kiçiyə məhəbbət, dövlətə sədaqət hər bir nəhəcirlinin qanına hopub.

Kənddə xidmət mərkəzi də fəaliyyət göstərir. Burada 2 mağaza var, eləcə də əhaliyə müxtəlif məişət xidmətlərinin göstərilməsi üçün gözəl şərait yaradılıb. Həmçinin, mərkəzdə kişi bərbəri, ət satış yeri də mövcuddur.

Kəndi bir xeyli gəzib dolaşdıq. Halal çörəyini alın təri ilə torpaqdan qazanmış insanlarla həmsöhbət olduq. Və dönüşümüzdə Nəhəcir dağının ətəyindən çıxan, səsi-sorağı diyarın hər yerinə yayılmış mineral su mənbəyinə baxmağı da unutmadıq. Dəniz səviyyəsindən 1700 metr hündürlükdə olan, karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı, natriumlu su kənd adamlarının dediyinə görə, mədə-bağırsaq xəstəliklərində əvəzolunmaz vasitədir, həmçinin qan azlığının müalicəsi zamanı içilməsi müsbət nəticə verir. Su mənbəyinin ətrafında oturacaqlar qoyulmuş, ağaclar əkilmiş və istirahətə gələnlərin rahatlığı təmin olunmuşdur. Deyilənə görə, su hər saatdan bir qaynayıb çıxır, 5 metrədək hündürlüyə fəvvarə vurur və sonra mənbəyinə qayıdır.

Doğrudan da, bu təbiət möcüzəsi kənd turizmi üçün maraqlı bir yerdir. Bəzi tədqiqatçılara görə, Nəhəcir kəndinin əsl adı Nuhəcərdir.  "Nuh" (peyğəmbər adı) və fars dilindəki "cir" (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Yaşı çox-çox qədimlərə gedib çıxan Nəhəcir kəndi bu gün həm zəngin tarixi, həm də müasir gözəllikləri ilə göz oxşayır.

Hafizə ƏLİYEVA,
Babək rayonunda çıxan
"Şərqin səhəri" qəzetinin redaktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında