Hərdən mənə elə gəlir ki, “Böyük dayaq” filmində hadisələrin cərəyan etdiyi kənddə böyümüşəm. Bu kəndin adamlarında da, təbiətində də bir doğmalıq var. Mən də kənddə doğulmuşam, kolxozun, təsərrüfatın, torpağın nə demək olduğunu yaxşı bilirəm. Sevirdim bu filmi. Dəfələrlə ona tamaşa etmişəm və hər dəfə qəlbimə, ruhuma yaxın epizodlarla rastlaşmışam. Elə indi də bu filmə tamaşa edəndə ruhum təzələnir, uşaqlığımın və gəncliyimin xoş anları gözlərim qarşısında canlanır. Demək istəyirəm ki, haqqında söz açdığım kinorejissor Həbib İsmayılov filmindəki hadisələri o qədər ustalıqla ümumiləşdirə bilib ki, bu kənd hamımız üçün, kəndi sevən, onun havası ilə yaşayan bütün insanlar üçün doğmalaşıb.
Mən Həbib İsmayılovu görməmişdim, onun adı ilə ancaq, filmlərin titrlərində rastlaşmışdım. Deyilənə görə, Həbib İsmayılovu təkcə sənətinə görə yox, yüksək insani keyfiyyətlərinə görə də sevir və hörmət bəsləyirdilər.
Həbib Ələkbər oğlu İsmayılov Naxçıvanda doğulmuşdu. Burada orta təhsil almış, sonra isə təhsilini Azərbaycan Dövlət Teatr İnstitutunda (İndiki Mədəniyyət və İncəsənət Universiteti) davam etdirmişdi. Moskva Dövlət Teatr Sənəti İnstitutunda isə aktyorluq və rejissorluq sənətinə yiyələnmişdi. 1936-cı ildə Gəncə Teatrında əmək fəaliyyətinə başlayan rejissor bu teatrın bədii rəhbəri olmuşdu. Burada onun quruluşunda Azərbaycan klassiklərindən M.F. Axundovun “Lənkəran xanının vəziri”, C. Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “1905-ci ildə” pyesləri tamaşaya qoyulmuşdu. Sonralar Mahaçqala və Bakı teatrlarında bədii rəhbər, rejissor və baş rejissor vəzifələrində çalışmışdı.
Həbib İsmayılov Musiqili Komediya Teatrının ilk bədii rəhbəri olmuş, burada Z.Hacıbəyovun “Aşıq Qərib” operasına (1939), B.Aleksandrovun “Molinovkada toy”, S.Rüstəmovun “Beş manatlıq gəlin”(1940) musiqili komediyasına quruluş vermişdir.
Bu görkəmli rejissorun kinematoqrafda da bir sıra uğurlu işləri olmuşdur. Onun lentə aldığı sənədli filmlərdə ölkəmizin real həyat faktları öz dolğun əksini tapmışdır. “Naxçıvan”, “Pambıqçılıqda qabaqcıl metodların tətbiqi”, “Cəfər Cabbarlı”, “SSRİ-nin himni “, “Torpaq və onun münbitliyi” və digər filmlər ekran həlli baxımından çox maraqlıdır. O, Dağıstan Muxtar Respublikasının 25 illik yubileyi ilə bağlı sənədli film çəkmişdir.
İllər ötdükcə Həbib İsmayılov bədii kinoda da özünü sınamaq qərarına gəlmişdi. Bu elə bir dövr idi ki, Azərbaycan kinosu müharibədən sonra tədricən dirçəlməyə başlamışdı. 1958-ci ildə o, Anna Yan ilə birgə yazdığı ssenari əsasında ilk bədii filmini - “Ögey ana”nı çəkdi. Ailə-məişət mövzusunda çəkilmiş bu film kino tariximizin dəyərli nümunələrindən biri olmaqla 60 ilə yaxındır ki, ekranlarımızda sevilə-sevilə baxılır. Bu filmdə hər şey gözəldir: aktyor seçimi də, natura çəkilişləri də, musiqi də. Balaca İsmayıl rolunun ifaçısı Ceyhun Mirzəyevin oyunu isə əsl mənada şedevrdir. Həbib İsmayılovun ən böyük uğurlarından biri də məhz balaca Ceyhunu “kəşf” etməsi idi. Dilarə rolunun ifaçısı Nəcibə Məlikova öz oyunu ilə filmə xüsusi bir ovqat gətirmişdir. Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Fateh Fətullayev , Həqiqət Rzayeva kimi tanınmış aktyorlarla yanaşı Əzizə Məmmədova, Hacı Murad kimi gənclərin də filmin uğurlu alınmasında mühüm əməkləri olmuşdur.
Rejissor “Böyük dayaq” filminə 1962-ci ildə ekran həyatı vermişdir. Əvvəldə qeyd etdiyimiz kimi, “Böyük dayaq”, hər şeydən əvvəl, yüksək səmimiyyətlə çəkilmiş filmdir. Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı romanı əsasında ekranlaşdırdığı bu filmdə Həbib İsmayılov sanki hadisələrin ortasındadır. O, hər şeyi müşahidə edir, özü seyriçi kimi qalmır və müəllif ideyalarından doğan həqiqətləri qəhrəmanların dili ilə tamaşaçıya çatdırır. O, ikinci dəfə idi ki, Ələsgər Ələkbərovu öz filmində çəkirdi. Rüstəm kişi böyük aktyorun ifasında olduqca maraqlı və yaddaqalan obrazdır. Filmdə Rüstəm kişi gözəl ailə başçısı, səriştəli təsərrüfat rəhbəridi. Ancaq rejissor onu ideallaşdırmır. O, səhvlər buraxır, ətrafındakı dələduzlara inanır, nəticədə isə arxadan zərbə alır.
Filmdə bir ana obrazı da var. Səkinə rolu ekranlarda gördüyümüz ana rollarından bir sıra xüsusiyyətləri ilə fərqlənir. O, təkcə övladlarını ürəkdən sevən ana deyil, gözəl həyat yoldaşı, mehriban qayınanadır. Aktrisa Leyla Rzayevanın bu rolu o qədər səmimi, o qədər təbiidir ki, onun kinoda oynadığını təsəvvür etmək belə çətindir.
Yenə qayıdıram əvvəlki fikirlərimin üzərinə. Bu film kənddə yaşamış, onun gözəlliklərini dadmış, problemlərindən xəbərdar olan hər kəs üçün əziz və doğmadır.Amma filmdə kənd həyatı əsas süjet olsa da, buradakı insan xarakterləri, münaqişələr, zəngin konfliktlər onu daha baxımlı etmişdir.
Həbib İsmayılov Azərbaycan kinosunda məhsuldar işləməsə də, kino tariximiz üçün çox dəyərli filmlər yaratmışdır. Onun əməyi yüksək qiymətləndirilmş, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Mənalı yaradıcı həyat yolu keçmiş rejissor Həbib İsmayılov 31 dekabr 1966-cı ildə vəfat edib.Onun xatirəsi xalqımızın qəlbində filmləri kimi əbədi yaşayacaq.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.