Görkəmli alim, pedaqoq, şair Akademik Aslan Aslanov – 90

Mənsub olduğu xalqın,  müxtəlif nəsildən olan insanların  intellektual  səviyyəsinin daha da yüksəlməsi naminə  yorulmadan, səylə  çalışanlar əbədiyaşarlıq hüququ qazanırlar. Fəlsəfə üzrə elmlər  doktoru,  professor,  akademik, nəğməkar şair kimi  sayılıb-seçilən Aslan Məhəmməd  oğlu Aslanov da belə ziyalılardandır.

Aslan Aslanov 1926-cı il avqustun 20-də Ağstafa şəhərində anadan olmuşdur.  Hələ uşaqlıq, yeniyetməlik illərindən daha çox oxuyub-öyrənmək səyi ilə çalışaraq şəhərdəki  dəmir yolu orta məktəbini yüksək  təhsil  göstəriciləri  ilə  başa vurur. Bax elə bu  qabiliyyətinə görə də onun məzunu olduğu məktəbdə  müəllim  kimi fəaliyyət göstərməsini  məqsədəmüvafiq sayırlar. Bu böyük  etimad öz yerində, lakin gənc Aslanın qəlbi ali təhsil almaq, həyatda fəal ictimai  mövqe tutmaq arzusu ilə döyünürdü. 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunanda və 1945-ci ildən tarix fakültəsinin fəlsəfə şöbəsində təhsilini  uğurla davam  etdirəndə də müqəddəs bir arzu-amalla  yaşayır, oxuyub-öyrənməyi, insanlara daha çox gərək olan  elm-sənət sahəsində  çalışmağı həyatının əsas mənasını  sayırdı. Ölkənin ən möhtəşəm ali təhsil  ocağı  olan  universitetin fəlsəfə  kafedrasında müəllim kimi pedaqoji fəaliyyətə  başlayanda belə bir ideya  inamını əsas götürdü: gənclərdə, habelə müxtəlif nəsildən olan insanlarda etik-estetik  mədəniyyətin inkişafı  problemi xüsusi tədqiqat obyektinə  çevrilməlidir.

Sosial inkişafa, tərəqqiyə zəmin yaradan doğma  universitetin fəlsəfə  ixtisası üzrə  aspiranturasında təhsil alanda da,  sonralar  namizədlik və  doktorluq  dissertasiyalarını uğurla müdafiə edəndə də tam əminliklə belə qənaətə gəldi ki,  respublikamızda fəlsəfə  elminin əsas  sahələrindən sayılan etika-estetika üzrə  maarifçilik işlərinə daha çox diqqət  yetirmək  lazımdır. 1961-ci ildə  Azərbaycan Dövlət Universitetində  estetika və etika  kafedrasının yaradılması  da onun müntəzəm, məqsədyönlü  fəaliyyətinin səmərəli nəticəsi kimi  dəyərləndirilməlidir.  Təsadüfi deyildir ki, o, 1961-ci ildən 1980-ci ilədək bu kafedraya  milli təəssübkeşlik hissi ilə rəhbərlik etmiş, gənc elmi kadrların  hazırlanması işinə  əhəmiyyətli təsir göstərmişdir.

Aslan müəllimin  yaradıcılıq  bioqrafiyası ilə tanış olarkən onun mahir elm-təhsil təşkilatçısı kimi   fəaliyyəti daha çox nəzərə çarpır. O, 1944-1950-ci illərdə Azərbaycan Dövlət Universitetində komsomol komitəsinin katibi, iki dəfə universitetin partiya komitəsinin katibi (1963-1966; 1975-1977),  estetika və etika kafedrasının müdiri (1961-1980) Azərbaycan Dövlət İncəsənət  İnstitutunun  rektoru (1977-1987), habelə Azərbaycan Elmlər Akademiyası tarix, fəlsəfə və hüquq bölməsinin  akademik katibi (1987-1989), Fəlsəfə və Hüquq  İnstitutunun direktoru vəzifələrində çalışarkən pedaqoji fəaliyyətini, estetika uzrə tədqiqatlarını bir an belə dayandırmamış, diqqətəlayiq uğurlar qazanmışdır.

Ötən əsrin 70-80-ci illərində respublikamızda, keçmiş SSRİ- də, habelə dünyanın bir sıra ölkələrində görkəmli estetik alim kimi tanınması onun gərgin yaradıcılıq axtarışlarının, fundamental tədqiqatlarının nəticəsi idi.

İsveçrədə, İngiltərədə Almaniyada, Rumıniyada, Çexoslovakiyada və s. ölkələrdə estetika problemləri üzrə keçirilən Beynəlxalq elmi konqreslərdə, simpoziumlarda etdiyi məruzə və çıxışlar akademik A.Aslanovun şöhrətini daha da artırmışdı. O, SSRİ-də və dünyanın bir sıra ölkələrindəki həmkarları arasında böyük nüfuza malik idi.

Şərq və Qərb estetikasını, xüsusilə Qədim yunan, Qədim Roma, Orta əsr Avropa, Orta əsr Şərq estetikasının əsl mahiyyətini, başlıca xüsusiyyətlərini məharətlə tədqiq etmişdir. O, eyni zamanda, Qədim yunan estetikasının korifeyləri Demokrit, Heraklit, Sokrat, Aristotelin estetik görüşlərini məharətlə araşdırmış, təhlil etmiş, həmişə öz dəyərini saxlayan fikir və mülahizələri nəzərə çatdırmışdır.

Görkəmli alman filosofu və estetiki Hegelin başlıca konsepsiyalarının əsl mahiyyətini Azərbaycan oxucularına, gənc tədqiqatçılara çatdırmaq sahəsində də Aslan müəllimin böyük əməyi olmuşdur.

İntibah dövrünün estetikası da görkəmli alimin tədqiqat obyektində xüsusi yer tutmaqla, bu elm üçün çox maraqlı olan məsələləri aşkara çıxarmışdır.

Akademik A.Aslanov milli və bəşəri dəyərləri bir-birilə çox məharətlə əlaqələndirir, bunların ümumtərbiyə-tərəqqi prosesində mühüm rol oynadığını ağılabatan, inandırıcı müddəalarla sübuta yetirirdi. O, keçmiş SSRİ-də və dünyanın bir sıra inkişaf etmiş ölkələrində keçirilən beynəlxalq elmi məclislərdə əsas diqqəti dönə-dönə ona yönəldirdi ki, hər bir xalqın estetik mədəniyyəti, estetik fikirləri artırılıb-əskildilmədən daha konkret şəkildə göstərilməli, şərh olunmalıdır. O, Azərbaycan estetikasını-estetik fikirlərini çox zaman Şərq xalqlarının estetik fikirləri adı ilə nəzərə çatdırmağı ziyanlı sayırdı. Eyni zamanda, Azərbaycanda estetik fikrin yalnız bədii əsərlərdə öz əksini, təcəssümünü tapması haqqındakı mülahizələrin birtərəfli olmasını göstərirdi. Faktlara, əldə olan mənbələrə istinad edərək deyirdi ki, estetik fikir Nizami, Xaqani, Füzuli, Nəsimi kimi dahi şairlərin bədii əsərləri ilə yanaşı, müxtəlif fəlsəfi, poetik traktatlarda, risalələrdə öz əksini tapmışdır. Tədqiqatlar Azərbaycanda estetik fikrin xronoloji cəhətdən XII əsrdən başlanması haqqında mülahizələrin də yanlış olduğunu göstərir. Aşkar edilən yeni mənbələr Azərbaycanda estetik, ədəbi-tənqidi fikir tarixinin hələlik VII əsrə qədər qabaqlara çəkməyə imkan verir.

Aslan müəllim bu konsepsiyanı ömrünün son illərində rəhbərlik etdiyi Fəlsəfə və Hüquq İnstitutunun elmi məclislərində də dönə- dönə gənc alimlərin nəzərinə çatdırır, bu istiqamətdə tədqiqatları dərinləşdirməyi zəruri sayırdı.

Bütün yaradıcılığı boyu maraqlı fikirləri, orijinal deyimləri ilə estetika aləmini zənginləşdirməyə çalışan alimin "İncəsənət və tərbiyə" adlı ilk fundamental əsəri (elmi redaktoru, akademik, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadədir) 1967-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən çap olunmuşdur. "İncəsənət və tərbiyə probleminin tarixinə dair", "Gözəllik və incəsənətin idraki-tərbiyəvi əhəmiyyəti", "İncəsənətdə mənəvi gözəlliyin təcəssümü və onun ictimai tərbiyədə rolu", "İncəsənət və onun xalq həyatına təsiri" bölmələrinin hər birində çox böyük elmi-nəzəri mahiyyət kəsb edən fikirlər, başlıca müddəalar heyrət və heyranlıq yaradan bir tərzdə irəli sürülmüşdür.

A.Aslanov uzun illər müxtəlif janrlı sənət əsərlərinin--faktiki materialların təhlili əsasında başa gətirdiyi həmin monoqrafiyanın "İncəsənət və tərbiyə probleminin tarixinə dair" bölməsində yazır: "...Sənət yenə də... qəlbləri fəth edir, insanları öz əzəmətli səsi ilə xeyirxahlığa, xoşbəxtliyə, mənəvi amallar uğrunda mübarizəyə, rəşadətə səsləyir.

Sənət bahadırının qüvvət, güc və müzzəmliyi ilə yanaşı xüsusi bir şövqü, başqa mühüm bir üstünlüyü də vardır. Bu da onun gözəlliklə, insan qəlbi ilə gözəllik qanunları əsasında rəftarıdır. Özünün ahəngi, məlahətli səsi və sözü, plastik qaməti, mütərəqqi ideya məzmunu ilə sənət insanının hisslərini bir anda ələ almaq, insan ruhunun ən dərin guşələrinə nüfuz etmək, onu ehtizaza gətirmək, insana öz qüvvəsini anlatmaq, insanı ucaltmaq, yüksəltmək kimi bir qüdrətə malikdir".

Respublikamızın  ali təhsil ocaqları üçün zəruri sayılan, Azərbaycan SSR  Ali və Orta İxtisas  Təhsili Nazirliyi tərəfindən  1979-cu ildə təsdiq edilərək "Maarif"  nəşriyyatında  çap olunan  "Marksist-leninçi estetikanın əsasları" dərs vəsaiti  də  akademik A. Aslanovun  təşəbbüsü, rəhbərliyi  sahəsində  araya-ərsəyə  gəlmişdir. Onu da  qeyd edək ki, o dövr üçün çox zəruri olan, ali və orta  ixtisas  məktəblərində çalışan müəllimlərin, təhsil alan tələbələrin  ehtiyacını ödəmək  baxımından mühüm əhəmiyyət kəsb edən bu dəyərli vəsait də Aslan  müəllimin rəhbərlik etdiyi  estetika və etika  kafedrası  əməkdaşlarının yaradıcılıq  axtarışları sayəsində mümkün olmuşdur.

Estetik fikrin tarixi  inkişaf  qanunauyğunluqlarının Şərq estetikası isə Qərb estetikasının qarşılıqlı əlaqədar  kontekstində   işıqlandırılmasına həsr olunan "Estetika aləmində" əsəri akademik Aslan Aslanovun  fundamental tədqiqatlarının çox dəyərli nəticəsi kimi  qiymətləndirilir.

Əlbəttə, estetik aləmin, sənətin sehrinə düşən bu nəcib qəlb, həssas zövq sahibi onun bilavasitə yaradıcılarından birinə çevrilməyə bilməzdi. Əlinə qələm aldığı vaxtdan şeir də yazırdı. O ən ülvi, ən vacib mətləbləri, Azərbaycan təbiətinin əsrarəngiz gözəlliyini şeirlə, nəğmələrlə tərənnüm etməyi, müxtəlif qəbildən olan insanlara çatdırmağı vacib sayırdı:

Aslan Aslanov təbiətən lirik şair idi. Bunu hələ  keçən əsrin 50-60-cı illərində nəşr olunan şeir kitablarından da görmək olur. "Səni düşünürəm" (şeirlər və mahnılar, Bakı, 1958), "Qızlar və bənövşələr" (şeirlər və poemalar, Bakı, 1961) hələ o zaman sənətsevərlərin diqqətini cəlb etmişdi.

Aslan müəllim şairliklə estetikliyi qoşa qanad kimi xüsusi bir ahəngdə, vəhdətdə davam etdirirdi. Nəğməkar şair kimi ad çıxarması ilə fərəhlənirdi. Təsadüfi deyildir ki, "Yazıçı" nəşriyyatının 1985-ci ildə çap etdiyi şeirlər kitabını da "Nəğməli günlərim" adlandırmışdı.

A.Aslanovun poeziyasında Azərbaycan təbiətinin gözəllikləri, ülvilikləri xüsusi bir ahəngdarlıqla tərənnüm olunur. Təbiət mənzərələri, insanın təbiətə estetik münasibəti ən incə, kövrək hisslərlə nəzərə çatdırılır.

Doğma Azərbaycanın zəngin təbiəti ilə yanaşı, ictimai-siyasi həyatı da Aslan müəllimin poeziyasından yan keçməmişdir. Erməni faşistlərinin 1988-ci ildən başladığı elanolunmamış müharibə şair qəlbini dilə gətirmiş, dərin vətənpərvərlik ruhu ilə aşılanan mübariz misralarını yaratmışdır:

 

Qarabağım uca dağdır əyilməz!

Dost köynəyi yad əyninə geyilməz!

Köhnə yurda təzə adlar qoyulmaz!

Bu gün biz hamımız qarabağlıyıq,

Bu torpağa, bu diyara bağlıyıq!..

 

Əsirlikdə qalan torpaqlarımızın, şəhid kəndlərimizin, şəhərlərimizin taleyi Aslan müəllimi ciddi narahat edirdi. O da xalqımızın digər mütərəqqi ziyalıları kimi Şuşa həsrətinə dözə bilmirdi. Bu hisslər, bu həyəcanlar "Hardasan, igid oğlan" nəğmə mətninin yazılmasına səbəb olmuşdu. O, sənət dostu, bəstəkar Süleyman Ələsgərovla bu nəğmənin üzərində işləmiş igid əsgərlərimizi qələbəyə ruhlandıran bir sənət incisi yaratmışdır:

 

Hardasan, ey igid, şanlı qəhrəman?

Sədləri uçurub yıxacaq oğlan!

Şuşa qalasına cumub ilk dəfə,

Üçrəngli bayrağı taxacaq oğlan!

 

İnanırıq ki, Aslan müəllimin arzuları çin olacaq, elmi-bədii əsərlərində irəli sürdüyü mənəvi-estetik ideallar müstəqil Azərbaycanımızın tərəqqisi naminə fəaliyyət göstərən nəsillərin tərbiyəsində mühüm rol oynayacaq.

İyirmi ildən çoxdur ki, Aslan müəllimin bu gözəl, istəkli Vətən oğlunun, Azərbaycan təbiətinin gözəlliklərini, ülviliklərini tərənnüm edən nəğməkar şairin, görkəmli estetik alimin səsini eşitmir, mehriban nurani çöhrəsini görmürük. Ancaq hər an xatırlayırıq Aslan müəllimi. Elə dünyaya gəldiyi Ağstafada, Qazax elində, həyatının, yaradıcılığının böyük bir dövrü ilə bağlı olan Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Respublika Elmlər Akademiyasında da dərin hörmət və ehtiramla xatırlayırlar Aslan müəllimi.

Elinə-obasına, xalqına can-başla, təmənnasız xidməti həyat – yaşamaq idealına çevirənlər, bax beləcə ürəklərdə, xoş, ülvi xatirələrdə yaşayırlar. Elə yaşayırlar ki, öləndən sonra unudulmurlar.

Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, ictimai elmlər üzrə akademik katibi, fəlsəfə elmləri doktoru, professor, Əməkdar elm xadimi, SSRİ-nin ali təhsil əlaçısı, SSRİ və Azərbaycan Yazıçıları ittifaqlarının üzvu və s. elmi və fəxri adlara alın təri, çəkdiyi zəhmətin sayəsində nail olan Aslan müəllimin özünəməxsus təbiəti var idi. Sadəliyi, istiqanlılığı, elsevərliyi ilə diqqəti cəlb edirdi. Zəruri hallarda, lazım gələn məqamda təsirli, orijinal söz demək bacarığı ilə seçilirdi Aslan müəllim. Bu gözəl insani keyfiyyətləri özünün parlaq şəxsi nümunəsi ilə rəhbəri olduğu aspirant, dissertant və doktorantlara da aşılayırdı akademik Aslan Aslanov.

Bu il avqust  ayının 20-də elinə-obasına  qəlbən bağlı olan fədakar alim, ən başlıcası mahir estetik, nəğməkar şair kimi elm-təhsil, mədəniyyət aləmində fəxri yer tutan akademik Aslan Aslanovun 90 yaşı tamam olur. Bu günlərdə yubiley ərəfəsində 69 il ömür yaşayan, dərin  vətənpərvərlik hissi ilə yazıb-yaradan və elm-təhsil quruculuğu sahəsində  fədakarlıqla çalışan alimin ömür yoluna işıq tutmaq hər birimizin vətəndaşlıq borcu kimi  dəyərləndirilməlidir. İnanırıq ki, ustadın yetirmələri, habelə  vaxtilə  möhtəşəm elm-təhsil ocaqlarında çiyin-çiyinə çalışdığı həmkarları müxtəlif xarakterli anım, yubiley təbbirlərində  Aslan müəllimin  adına layiq çıxışları, habelə mətbuatda dərc  etdirdikləri yazıları ilə onun ruhunu şad edəcəklər.

VİDADİ XƏLİLOV,
pedaqogika üzrə elmlər doktoru,
professor, Rusiya Pedaqoji və
Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
Azərbaycan Respublikasının Əməkdar müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında