Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür. Qeyd etdiyim kimi, mətbuat işçiləri bu vəzifələrin öhdəsindən şərəflə gəlirlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
İlk anadilli qəzetimiz "Əkinçi" nin nəşrə başladığı tarixin dövlət müstəqilliyi dövründə Milli Mətbuat Günü kimi təsbit olunması xalq qədirbilənliyinin, tarixi ədalətin daha bir görkü və örnəyi oldu. Bu günün intelektual cəmiyyət üçün əlamətdarlığı onun hər il ümumxalq bayramı kimi qeyd olunmasını ənənəyə çevirmişdir.
Bu gün, hər şeydən əvvəl, söz tariximizin yeni, sivil bir mərhəsəsinin başlanğıc səhifəsidir. Sözümüzün tarixi isə özümüz və özülümüz qədər dərindir. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycanın ictimai fikir tarixi min ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş və söz yaradıcılığının misilsiz ənənələrini yaratmışdır. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Füzuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü Həsən bəy Zərdabinin "Əkinçi"si timsalında "materiallaşdı" və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi.
Əşyaların adlandırılmasından başlayıb, milli ideyanı yetişdirməyə qədər yüksələn milli söz XIX əsr maarifçilərimizin fikir və düşüncələrində yetkinləşən milli ideologiyamızı ərsəyə gətirdi və onu ictimai şüurun aparıcı qüvvəsinə çevirə bildi. Sözdən düşüncələrə hoparaq, oradan da əməllərə keçən milli ictimai şüur isə ilk milli dövlətin yaranmasına gətirib çıxarması ilə dahi Füzulinin vəsf etdiyi əlahəzrət "söz" ün qüdrətini və təntənəsini nümayiş etdirdi. 141 yaşlı milli mətbuatımız, sözün və söz sənətkarlığımızın öz funksiyasında ən yüksək əməli nəticələrə gətirib çıxardığı bu uzun yolun yeni keyfiyyət mərhələsidir.
Milli mətbuatımızın yarandığı dövr tarix üçün də yeni bir dövr idi. Bu, "söz"ün maddi dünyanın, sentimental və ruhani hissiyatların təsvirindən real həyat düşüncələrinin ifadəçisinə çevrildiyi, mifik qəhrəmanlığı göylərə yüksəldən mücərrəd saray poetikasından insanların düşüncəsinə nüfuz etməklə ictimai şüuru təkmilləşdirən, milli dünyagörüşünü formalaşmağa istiqamətləndirən və bununla da söz yaradıcılığına ictimai-siyasi çalarlar gətirən realist yaradıcılıq mərhələsinə keçdiyi bir dövr idi. Həmin dövrdən bu günümüzə uzanıb gələn yol söz və fikir tariximizin mübarizə, təkamül və qələbələr yoludur.
İlk mətbu orqanımız "Əkinçi"nin işıq üzü görməsindən sonra bir-birinin ardınca açılan qəzetlərimiz ağır təzyiqlərlə üzləşərək qısa müddətdən sonra bağlanmalı olurdular. Buna baxmayaraq, "Əkinçi","Ziya" ("Ziyayi- Qafqaziyə"), "Kəşkül", "Kaspi" kimi mətbu orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli təkan verdi, insanların yeni həyat idealları uğrunda mübarizəsinə yol aça bildilər. Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Məmməd Kəngərli kimi milli ideya daşıyıcılarımız milli mətbuatımızın məktəb və ənənəsini yaratmağa nail ola bildilər.
Heç təsadüfi deyil ki, o zamankı naşirlər və qəzetçilər peşə baxımından jurnalist deyildilər, lakin mətbuat onlar üçün xalqın, millətin şüuruna çatdırmaq istədikləri mütərəqqi ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin yaranmasına nail olmaq üçün istifadə edə biləcəkləri ən müasir və ən kəsərli bir vasitə idi. Ona görə də XIX əsrin son rübündə milli ziyalılarımızın, demək olar ki, hamısının həyatı mətbuatla sıx bağlı idi. XX əsrin əvvəllərində isə Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Həşim bəy Vəzirov kimi mütərəqqi məfkurə daşıyıcıları olan yeni nəsil ziyalılarımız bu ənənəni davam etdirərək "Şərqi-Rus", "Həyat", "Açıq söz","Molla Nəsrəddin" və digər məşhur mətbu orqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə olan milli şüuru dövlətçilik məfkurəsi səviyyəsinə yüksəldə bildilər.
Məhz bu insanların fədakarlığı və əzmkarlığı sayəsində Azərbaycan milli şüuru elə yeni dövrün başlanğıcında özünün intibah mərhələsinə yüksəldi və tarixdə ilk türk cümhuriyyətini - Azərbaycan Xalq Cümhuriyyətinin timsalında azad insan və demokratik cəmiyyət nümunəsini yarada bildi. Mövcud olduğu qısa zaman kəsiyində "İnsanlara hürriyyət, millətlərə istiqlal" məramını bəyan etmiş ilk milli cümhuriyyətimizdə milli mətbuatımız azadlıq coşqusu ilə yüksəldi, böyüdü və gənc dövlətdə sürətli quruculuq və yaradıcılıq marafonuna əvəzsiz töhfələr verdi.
1920-ci ildə müstəqilliyimizə son qoyan imperiya milli mətbuatımızın da mövcudluğuna nöqtə qoydu. İmperiya nəzarəti altında yaranan yeni sovet mətbuatı isə yalnız bolşevik ideologiyasının imkan verdiyi məhdud formatda fəaliyyətə başladı. Buna baxmayaraq, milli mətbuat ənənələri kommunist jurnalistikasının daxilində mövcudluğunu yaşatdı. Xalq maraqlarına dərindən bağlı olan yazrlar milli varlığımızı yaşatmaq uğrunda mübarizə yolundan dönmədilər. İctimai-siyasi hadisələrə obyektiv münasibət bildirməyin mümkün olmadığı ən çətin zamanlarda belə milli mətbuatımız öz səylərini kütləvi savadlanma, elmi-intellektual inkişaf, milli-mədəni dəyərlərimizin qorunması və ən başlıcası isə doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsi işinə yönəltdi. Mətbuat ətrafında cəmləşən təəssübkeş ziyalılarımız milli məfkurənin – azərbaycançılığın yaşadılmasına misilsiz xidmətlər göstərdilər.
Mətbuat nümayəndəsi olaraq cəmiyyətin diqqətini özünə cəlb edə bilmək nə qədər şərəfli bir yaradıcılıq işi olsa da, bir o qədər də məsuliyyətli və bütünlüklə, cəmiyyətin və dövlətin inkişafı üçün zəruri bir missiyadır. Bu məramın öhdəsindən layiqincə gələnlər bütün dövrlərdə söz və fikir səltənətinin inciləri kimi parlayıb və millətin tarixinə parlaq səhifələr yazıblar. Elə parlaq səhifələr ki, onların şüası bütöv bir xalqın inkişaf və tərəqqi yoluna gur isıq saçıb. Bu yazı ölkənin dünəni qaranlıqdan işığa yönləndirib, indisini və gələcəyini böyük bəlalardan xilas edib, xalqımızın taleyində önəmli rol oynayıb.
Bütün bunlara görə də milli mətbuatımızdan danışanda söz ustadlarımızın nurlu simaları gözlərimiz önündə canlanır, onların tarix yaradan söz və fikir yaradıcılığı mükəmməl bir örnək kimi nəsillərdən- nəsillərə ötürülür. Bu əbədi və ədəbi missiyanın daşıyıcıları fədakar insanlardır. Onlar sözün qüdrətini anlayan, o qüdrəti öz fəaliyyəti ilə nümayiş etdirən və özünün mətbuat sahəsindəki xidməti ilə mənsub olduğu xalqı da yetişdirən, şərəfləndirən və qüdrətləndirən dahilərdir. 141 yaşlı milli mətbuatımızın tarixi belə dühalarla zəngindir.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Həsən bəy Zərdabidən başlayan milli mətbuatımızın məfkurə və ənənələrinin də ictimai gerçəkliyə qaytarılmasını təmin etdi. Azad, demokratik medianın inkişafı yolunda yandırılan yaşıl işıq onlarla deyil, yüzlərlə mətbu nəşri millətin azadlıq coşqusundan doğan əzmkarlıqla yeni cəmiyyət quruculuğuna qoşdu.
1998-ci ilin avqustunda ümummilli liderimiz Heydər Əliyevin mətbuat üzərində senzuranın ləğv olunması haqqında imzaladığı tarixi fərman isə milli mətbuatımızı həqiqi söz azadlığa qovuşdurdu, onun inkişaf yolunda intəhasız üfüqlər açdı. Prezident Heydər Əliyevin azad medianın problemlərinə həssas münasibəti, mətbuat nümayəndələrinə göstərdiyi qayğıkeşlik milli jurnalistikamızın yeni dövrdə uğurlarına mötəbər təminat yaratdı.
O zaman, bir tərəfdən ölkədə hökm sürən müharibə şəraiti və digər tərəfdən yaranmaqda olan yeni iqtisadi münasibətlər çərçivəsində maddi vəsait çatışmazlığı milli mətbuatımızın sərbəst inkişafını mümkünsüz edirdi. Mətbu orqanların dövlət qurumlarına yaranmış külli miqdarda borcları çoxsaylı qəzet və jurnalları bağlanmaq təhlükəsi qarşısında qoymuşdu. Ən çətin zamanlarda milli mətbuatımıza xüsusi təəssübkeşliklə yanaşan Heydər Əliyev o zaman da milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı.
Dövlət başçısının bu borcların silinməsi haqqında sərəncamı qəzet- jurnalların öz fəaliyyətini davam etdirməsi üçün zəruri şərait yaratdı. Yeni ictimai-siyasi mühitdə meydana çıxan fikir plüralizminin, çoxsaylı partiya və qrup mənafelərinin, mətbuata xarici və daxili təsir cəhdlərinin bir-birinə qarışdığı mürəkkəb, geniş bir rəqabət meydanında milli mətbuatımız "çəkişməklə bərkişmək" mərhələsini də yaşadı.
Bu gün isə Prezident İlham Əliyevin jurnalistikaya münasibətdə sərgilədiyi səmimi dostluq münasibəti mediamızı və onun nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat vasitəsinə maneəsiz çıxışının təmin olunduğu bir məkandır. Əhalinin 75 faizinin internet istifadəçisi olduğu bir cəmiyyətdə yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya vasitələrinin inkişafı mətbuatın çevik, operativ fəaliyyət göstərməsi üçün ideal şəraiti təmin edir.
Lakin yaranmış sərbəstlikdən sui-istifadə etməyə çalışaraq, dövlətçiliyimiz əleyhinə gizli-aşkar fəaliyyət göstərən bir sıra xarici təşkilatların və 5-ci kolon nümayəndələrinin bəzi mətbuat orqanlarını öz təsiri dairəsinə salmaq cəhdləri də günümüzün danılmaz və utanclı reallığıdır. Beynəlxalq arenada öz milli maraqlarını qorumaqla müstəqil siyasət yeritməyə cəhd edən yeni dövlətlər üçün xarakterik olan bu hal ölkəmizdə də müşahidə olunur. Bunun səbəbləri bəllidir. Əslində, dünya siyasətinin cilovunu öz əllərində saxlamağa çalışan güc sahibləri yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkələr haqqında beynəlxalq mətbuatda dezinformasiyalar yaymaqla həmin dövlətləri müstəqil siyasət yürütməkdən çəkindirməyə və beləliklə də, özlərinin siyasi təsir dairəsində saxlamağa çalışırlar.
Yerli-yersiz ölkəmizdə mətbuat azadlığının mövcudluğuna kölgə salmaq istəyən bəzi beynəlxalq təşkilatların vaxtaşırı hücumları da məhz bu məqsədə xidmət edir. Lakin belə cəhdlərin əvvəl-axır uğursuzluğa məhkum olacağı heç kimdə şübhə doğurmur. Çünki ötən illər ərzində Azərbaycanda dövlət-- mətbuat-- cəmiyyət üçbucağının elə bir konstruktiv konfiqurasiyası formalaşmışdır ki, bu qarşılıqlı münasibətlər sistemində Azərbaycanın müstəqilliyinin qorunması, Azərbaycan xalqının mənafeyinin və milli maraqlarının müdafiə edilməsi bütün tərəflər üçün prioritet hesab olunur.
Mövcud münasibətlər sistemi hər bir vətəndaşın fərdi maraqlarından, hüquq və vəzifələrindən başlayaraq dövlətin milli maraqlarına və vətəndaş qarşısında öhdəliklərinə qədər ictimai-siyasi həyatın bütün səviyyələrində qarşılıqlı etimadı özündə ehtiva edir. Məhz belə bir münasibətlər sistemi dövlət – cəmiyyət vəhdətinin təməlini təşkil edir. Dövlətlə xalq arasında hökm sürən vəhdət isə öz növbəsində Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz edən başlıca amildir. Azad cəmiyyət və güclü dövlət tandeminin döğurduğu bu vəhdətin daha da möhkəmlənməsində milli mətbuatımızın rolu həlledicidir.
Son 10 ildə KİV təmsilçilərinin həyat və yaradıcılıq imkanları ilə yanaşı, peşəkarlıq səviyyəsi də önəmli dərəcədə artmışdır. Bugünkü müasir jurnalist cəmiyyətin fəal, mübariz və vətənpərvər nümayəndəsidir. Bu gün milli yazarlarımızın yaradıcılığı, onların ölkə və dünya hadisələrinə baxışı, çevik və obyektiv münasibəti yalnız milli jurnalistikamızda deyil, beynəlxalq mediada da özünə yer almaqdadır. Xarici ölkələrdə, əcnəbi dillərdə dərc olunan dərgilərdə jurnalistlərimizin imzalarının görünməsi millətimizin adını ucaldır. Bu imzaların sayı nə qədər artırsa, millətimiz də bir o qədər böyüyür.
1990–2000-ci illər arasında jurnalist fəaliyyətinin, nə yolla olursa-olsun, öz maddi ehtiyaclarını ödəmək və ya özünün subyektiv siyasi iddialarını qabartmaq vasitəsindən son 10 ildə dövlət və cəmiyyət üçün faydalı olmaq uğrunda intellektual rəqabət meydanına daxil olmasına doğru sürətli keçidi bu nəcib və məsuliyyətli peşəyə olan marağı və bu peşə sahiblərinin nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldə bilib. Bu gün Azərbaycan jurnalistikasını təmsil edən gənclər daha savadlı, daha məntiqli, daha faydalı yaradıcılığı ilə mətbuatı cəmiyyətin güzgüsü və mənəvi qidası statusuna yüksəldə bilir.
Bugünkü jurnalistikamız siyasi, iqtisadi, sosial və mənəvi həyatımızın hər üzünü olduğu kimi təqdim etməyə, oxucuları hərtərəfli düşünməyə və düşündürməyə yönəldən söz və fikir plüralizmini ortaya qoymağa, sadə dillə desək, ağa – ağ, qaraya– qara deməyə qadir olan, dövrümüzün sürətlə yeniləşən tendensiyalarını ictimai-siyasi şüura aşılamaq gücünə sahib olan fəaliyyət növüdür. Yeni dövr milli mediamız və onun təmsilçiləri qarşısında yeni tələblər qoyur.
Dünya qloballaşır, bu, həm də o deməkdir ki, dünya kiçilir. Dünyanın istənilən guşəsində baş verən, bu və ya digər dərəcədə əhəmiyyət kəsb edən hadisələr bir an içində dünyanın hər tərəfinə yayılır. Bu yayılanların nə dərəcədə obyektiv və faydalı olmasından bəzən dövlətlərin və xalqların taleyi asılı olur. Beləliklə, media işi dünya işi olur. Milli mətbuatımız da dünya mediasının bir parçası kimi bu sürətli hərəkətlər trayektoriyasında öz izini qoyur.
Bu gün belə bir məsuliyyətli fəaliyyətlə məşğul olmaq üçün, sadəcə, dəftər və qələm kifayət deyil. Sözünü vicdanla demək, millətin mənafeyinə və tərəqqisinə xidmət edən söz müəllifi olmaq, ürək sözünü xalqa məhəbbətlə, dövlətə sədaqətlə, hər bir insana sevgi ilə demək hər bir qələm sahibinin mənəvi borcuna çevrilir. Bu borcun öhdəsindən layiqincə gəlmək jurnalist peşəsini özünə həyat kredosu seçmiş insanlar üçün şərəf işidir.
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı,
Azərbaycan Mətbuat Şurası
idarə heyətinin üzvü, fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.