Zərdaba növbəti səfərimiz, necə deyərlər, göydən yerə od tökülən günlərə təsadüf eləmişdi. Kənardan gəlmə adamın kölgədə belə nəfəs dərməsi çətin olan saatlarda kənd adamları əkin – biçin üstündə idilər. Bu yerin adamları dədə- babadan ilin ruzisini yayın istisində hasilə gətiriblər. Yayın qızmarında, qışın sazağında möhkəmlənmiş bu adamlar, həqiqətən, zəhmət, iş qəhrəmanlarıdır. Son illərdə rayonda əldə olunmuş sosial – iqtisadi nailiyyətlər də bunu bir daha təsdiqləyir.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bizi böyük həvəslə qəbul edib bildirdi ki, lap vaxtında gəlmisiniz. İlin birinci yarısının göstəricilərini yekunlaşdırırıq. Ümumiyyətlə, son 12 ildə rayonda qazanılmış nailiyyətləri sistemləşdirmişik. Bütün bunlar bizi daha irəli getməyə həvəsləndirir. Uğurlarımızın mətbuatda işıqlandırılması da adamların əhval – ruhiyyəsini artırır. İndi respublikada bölgələrin bir- biri ilə bəhsləşməsi gedir. Zərdablılar da istəyirlər ki, onların nailiyyətlərindən bütün ölkə xəbər tutsun. Lakin, təəssüf ki, paytaxtda sərin otaqlarda lüzumsuz intriqalarla baş girləyən bir sıra media vasitələri ölkədə bolluq yaradanların yanına gəlməyi, onların qayğıları ilə maraqlanmağı birdəfəlik yaddan çıxarıblar. Sağ olsun, “Xalq qəzeti”ni, həmişə bizim yanımızdadır. Kaş abunəçisi olduğumuz digər qəzetlərin əməkdaşları da bu isti günlərdə Zərdaba baş çəkəydilər.
Sonra başçı rayon haqqında, burada son illərdə baş vermiş əsaslı yeniliklər barədə ətraflı məlumat verdi:
– Rayonun əhalisi 57,3 min nəfər, ərazisi 0,86 min kvadratkilometrdir. Ərazidə 1 şəhər, 1 qəsəbə və 40 kənd var. İqtisadi fəal əhali 28842 nəfərdir. Rayonun demoqrafik göstəricilərinə nəzər yetirdikdə dinamikanın ötən illərlə müqayisədə əsasən sabit qaldığı müşahidə edilir. Rayon əhalisinin sayı 2009-cu illə müqayisədə 6,75 faiz artmışdır. Zərdabda 615 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayonda cəmi 85560 hektar torpaq sahəsi var. Bunun 35775 hektarı suvarılan və əkin üçün yararlıdır. 35036 hektar nasoslarla, 739 hektar isə kanallarla suvarılır. 1100 hektar sahənin suvarılmasında çətinlik vardır. 17786 hektar torpaq şorandır.
Regional inkişaf proqramlarının, dövlətin dəstək verdiyi digər layihələrin ardıcıl yerinə yetirilməsi son dövrdə rayonun sosial – iqtisadi göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan yaratmışdır. Ümumi inkişafın əsas göstəricisi olan məcmu məhsul istehsalı 2003-cü ilə nisbətdə 3,8 dəfə çoxalmışdır. Bu dövrdə sənaye 1,4 dəfə, kənd təsərrüfatı 3 dəfə və əsas kapitala yönəldilmiş vəsait 22 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 29,6 dəfə artmışdır. Son 11 ildə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 168 sahibkara 2,4 milyon manat güzəştli kredit verilmişdir. 2007-ci ildən kənd təsərrüfatı istehsalçılarına 15,4 milyon manat subsidiya ayrılmışdır. 2003 - cü ildən bəri rayonda 5308-i daimi olmaqla, 7818 yeni iş yeri açılmışdır.
Tikinti, abadlıq, quruculuq sahəsində aparılmış genişmiqyaslı işlərin ümumi mənzərəsini cızan rayon rəhbəri daha sonra bildirdi ki, yeniləşmə və sürətli inkişaf dövrü olan bu illərdə Zərdab şəhərində də yaraşıqlı Heydər Əliyev Mərkəzi yaradılmışdır. Ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuş və burada sevimli rəhbərin əzəmətli abidəsi ucaldılmışdır.
Bayraq meydanı, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Zərdab Rayon İcra Hakimiyyəti, Prokurorluq və Polis Şöbəsi, DTX – nın rayon şöbəsi, Vergilər Nazirliyi Xidmət Mərkəzi, Gənclər, Uşaq və Ailələrə Dəstək və Yaradıcılıq mərkəzləri, Veteranlar evi, Uşaq İncəsənət Məktəbi üçün tikilmiş yeni binalar, yenidən qurulmuş “Sahil” parkı bu yüksəliş dövründə rayon mərkəzinin mənzərəsini gözəlləşdirmiş və tamamilə dəyişdirmiş orijinal tikililərdir. Son illərdə Kənd Təsərrüfatı və Baytarlıq idarələri, “Aqrolizinq” ASC – nin Zərdab rayon bölməsi, 17 kənddə su assosiasiyaları, digər idarə və təşkilatlar üçün də binalar tikilmişdir. Suvarma Sistemləri İdarəsinin həyətində isə regional ofis binası inşa edilmişdir. Rayon məhkəməsi və elektrik şəbəkəsi üçün də yeni binanın tikintisinə hazırlıq işləri görülür.
Zərdab şəhərinin küçə və meydanlarına Türkiyədə istehsal olunmuş 150-dən çox müasir tipli elektrik dirəkləri, 16 işıqfor, şəhərə elektron idarəetmə tipli giriş qapısı quraşdırılmışdır. Aparılan genişmiqyaslı quruculuq - abadlıq işlərini uğurla davam etdirmək, rayon mərkəzini respublikanın yaraşıqlı şəhərlərindən birinə çevirmək üçün 2012-- 2030-cu illər üçün Zərdab şəhərinin müfəssəl planlaşdırılması layihəsi təsdiq edilmişdir.
16 kəndi və 20 min nəfərdən çox əhalini birləşdirən Zərdab-Mollakənd avtomobil yolunun Zərdab rayonunun ərazisinə aid olan 21,65 kilometrlik hissəsinin tikintisi başa çatmışdır. 9 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən 47 kilometrlik Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolu da istifadəyə verilmişdir.
Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış sazişə əsasən, Zərdab şəhərinin içməli su xəttinin çəkilişi işləri başa çatdırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Çallı, Qaravəlli, Aşağı Seyidlər, Xanməmmədli kəndlərinə ekoloji cəhətdən təmiz içməli su verilməsi üçün modul tipli su qurğularının tikinti işləri başa çatmışdır. Ümumiyyətlə, bu vaxtadək 21 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.
– Daha sonra öyrəndik ki, rayonun qaz və elektrik təchizatında bir sıra yeniliklər baş vermişdir. Təbii qaz təchizatının yaxşılaşdırılması proqramının icrasına başlanılandan Təzəkənd kəndinin qaz şəbəkəsi əsaslı təmir olunmuşdur. Proqram üzrə rayonun 26 kəndi qazlaşdırılmışdır. Rayon mərkəzi də daxil olmaqla yaşayış məntəqələrinin 27-si qaz şəbəkəsinə qoşulmuşdur. Hazırda 8 kənddə qazlaşdırma işləri aparılır. Rayon ərazisində 11 yeni elektrik transformatoru quraşdırılmış, 232 elektrik dirəyi dəyişdirilmiş, 2,5 kilometr sip kabel çəkilmişdir.
Yeniləşmə dövründə 3012 şagird yerlik 17 məktəb, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 şagird yerlik 2 məktəb və Yaponiya hökumətinin maliyyə dəstəyi ilə 200 şagird yerlik 1 ümumtəhsil məktəbi tikilmişdir. 260 şagird yerlik 1 ümumtəhsil məktəb binası, həmçinin şəhər 1, 2, 3 saylı, Böyük Dəkkə və Dəkkəoba kənd körpələr evi-uşaq bağçaları əsaslı təmir edilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayon ərazisində tikilən 2 körpələr evi-uşaq bağçası üçün binaların birində tikinti işləri başa çatmış və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Şahhüseynli kəndində həkim məntəqəsi açılmışdır. 105 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirinə 2013-cü ildə başlanılmışdır və hazırda təmir işləri davam etdirilir. Əlil və şəhid ailələri üçün, ümumilikdə, 48 mənzilli 2 yaşayış binası və 22 fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2014 – 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan 16 tədbirin 9-u həyata keçirilir, 7 tədbir o, cümlədən yerli əhəmiyyətli və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulması və əsaslı təmiri, rayonun elektrik enerjisi təminatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması, mədəniyyət, idman-sağlamlıq təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin həyata keçirilməsində ləngimələr müşahidə edilir.
Bu ilin 6 ayının sosial- iqtisadi göstəriciləri də ürəkaçandır. Statistik materiallardan məlum oldu ki, ilin əvvəlindən rayon iqtisadiyyatının əsas sahələrində 54 milyon 300 min manatlıq məhsul istehsal edilmişdir. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 3 milyon 824 min manat və ya 7,6 faiz çoxdur. İstehsal olunmuş məhsul və xidmətlərin 32 milyon 362 min manatı (59,6 faiz) kənd təsərrüfatının, 8 milyon 170 min manatı tikintinin (15 faiz), 12 milyon 68 min manatı ticarət sahəsinin (22,2 faiz), 848 min 200 manatı sənayenin (1,6 faiz), 631 min 900 manatı nəqliyyatın (1,2 faiz), 219 min 300 manatı poçt və rabitə xidmətlərinin (0,4 faiz) payına düşür. Ticarət şəbəkəsində 33 milyon 995 min 500 manatlıq istehlak malları satılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6 milyon 600 min manat təşkil etmişdir. Həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ilin birinci yarısında ümumilikdə rayonda 323-ü daimi olmaqla 457 yeni iş yeri yaradılmışdır.
Bu il rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında aqrar ənənələrin dirçəldilməsi, sahənin gələcək inkişafı üçün baza yaradılması sahəsində inkişafa nail olunmuşdur. Pambıqçılığın inkişaf etdirilməsi istiqamətində Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayonda konkret tədbirlər həyata keçirilmiş, bu mövsümdə 874 hektar sahədə çiyid səpini aparılmışdır. Hazırda pambıq sahələrində becərmə işləri davam etdirilir.
Bu ilin məhsulu üçün 17007 hektar sahədə payızlıq taxıl əkilmiş və lazımi aqrotexniki tədbirlər vaxtında həyata keçirilmiş, bol məhsul yetişmişdir. Taxıl biçini uğurla başa çatdırılmış, rayon üzrə 52101 ton taxıl istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 30,6 sentner olmaqla ötən ilin müvafiq dövrünə nisbətən məhsul istehsalı 2251 ton, məhsuldarlıq 0,8 sentner artmışdır. 3 toxumçuluq təsərrüfatında 259 hektardan 780 ton yüksək keyfiyyətli taxıl biçilmiş, hər hektardan məhsuldarlıq 30,1 sentner olmuşdur.
İndiyədək 195,1 hektar sahədən 3685 ton kartof, 154 hektardan 1696 ton tərəvəz yığılmışdır. Bu mövsümdə 231,2 hektarda bostan bitkiləri, 454,0 hektarda qarğıdalı, 70,5 hektarda çəltik əkilmiş, bol məhsul yetişdirilmişdir. Bu iuldən 0,5 hektarda Abşeron zəfəranı əkilib becərilmiş, 20,0 hektarda nar bağı salınmışdır.
Hazırda iri malın sayı 54520 başa, qoyun-keçilərin sayı 113279 başa çatmışdır. Bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 236 və 488 baş çoxdur. İlin əvvəlindən 20 min 627 sentner ət, 117 min 529 sentner süd, 4 milyon 298 min ədəd yumurta,1609 sentner yun istehsal olunmuşdur. Əhalinin quş ətinə və yumurtaya olan tələbatını təmin etmək məqsədilə “Turac-2008” Məhdud Məsuliyyətli Cəmiyyətində 8200 baş cücə inkubasiya edilərək əhaliyə satılmışdır. Rayon Baytarlıq İdarəsi mal- qaranın yoluxucu xəstəliklərdən qorunması üçün kompleks mübarizə tədbirləri aparmışdır. Yemə olan tələbatı ödəmək məqsədilə 1136,6 hektar sahədə təzə yonca əkilmişdir. Ümumilikdə, bu vaxtadək 18098 hektar yonca sahəsindən 80100 ton yem tədarük olunmuşdur.
Zərdab kimi isti və şoran torpaqlı bölgədə bol məhsulun taleyi suvarma sisteminin ahəngdar işindən çox asılıdır. Rayon rəhbərliyi əlaqədar qurumların səy və diqqətini daim bu məsələyə yönəltməklə əkinçilərə lazımi dəstək verir. Əkinlərin və həyətyanı sahələrin suvarma suyuna artan tələbatını ödəmək üçün ilin birinci yarımilində də zəruri işlər görülmüşdür. 23 nasos, 4 elektrik mühərriki əsaslı təmir olunmuşdur. 353,3 kilometrlik suvarma kanalı lildən təmizlənmişdir. 39 hidrotexniki qurğu, 2 mülki istehsal binası, 6 hidropost cari təmir olunmuşdur.
Bütün bunlar 17007 hektar taxıl sahəsini, 18098 hektar yoncalıqları, 1168 hektar çoxillik əkinləri, 154 hektar tərəvəz sahəsini, 1932 hektar həyətyanı sahəni bir neçə dəfə kifayət qədər su ilə təmin etməyə imkan vermişdir. Bundan əlavə, pambıq əkiləcək sahələr arat olunmuşdur. Hazırda sahələrə becərmə suyu verilir.
Azərbaycan Respublikası və Dünya Bankının vəsaiti hesabına həyata keçirilən Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək layihəsi çərçivəsində rayonun ÇTZ Sudan İstifadəedənlər Birliyinin xidmət etdiyi 3229 hektarı əhatə edən suvarma və drenaj kanallarının bərpası işlərinə başlanılmışdır. “Qafqaz təmir-tikinti quraşdırma” MMC ÇTZ kanalının 6,3 kilometrlik hissəsində yeni beton üzlüklü kanalın tikilməsinə başlanmış və artıq 1,7 kilometrlik hissədə iş başa çatmışdır.
Məhsul bolluğu yaradılmasının digər bir zəruri amilini də rayon rəhbərliyi daim nəzarətdə saxlayır. Ötən dövrdə “Aqrolizinq” ASC-nin Ucar Regional nümayəndəliyinin Zərdab Rayon Bölməsi torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 4747 ton azot, 106,8 ton ammofos, 50 ton fosfor gübrəsi, 430 litr amin duzu, 136 litr deamin, 200 litr betanol satması təmin edilmişdir. Bu mövsümdə rayona 3 yeni taxılbiçən kombayn alınmışdır.
Rayonda yaşıllıqları artırmaq üçün tədbirlər bu il də davam etdirilmiş, 22 hektarda yeni meşə zolağı salınmışdır. Magistral yol kənarlarında, pay torpaqlarında və digər ərazilərdə isə 25 minə yaxın şam, küknar, iydə, türk qovağı və digər ağaclar əkilmişdir. Gələcək əkinlər üçün 2 hektar sahəyə toxum səpilmiş, 360 kiloqram toxum əldə olunmuş, 3,5 hektarda tinglik becərilir.
Rayonda ipəkçiliyin inkişaf etdirilməsi üçün də artıq ilk uğurlu addım atılmış, bu mövsümdə 20 qutu nəzərdə tutulduğu halda, 150 qutu (2850 qram) barama qurdu normal bəslənilmişdir. Nəticədə 5710 kiloqram barama əldə edilərək “Şəki-İpək” ASC-yə təhvil verilmişdir. Yaxın gələcəkdə əhalinin kifayət qədər ipəkqurdu bəsləməsi üçün 270 min ədəd tut tingi əkilməsi nəzərdə tutulur.
Problemlər, görüləsi işlər də rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. Sevindiricidir ki, son illərdə qaldırılan məsələlər çox keçmir ki, həllini tapır. Belə problemlərin sırasına nəzər saldıq. Bildirilir ki, 42 yaşayış məntəqəsində elektrik təsərrüfatı yenilənməli, SİP kabel çəkilməli, smart-kart sayğacları quraşdırılmalıdır. 44 məktəbdən 15-i uyğunlaşdırılmış binalarda yerləşir, onlardan 5-i qəzalı vəziyyətdədir. 22 məktəbin əsaslı təmirə ehtiyacı vardır. 19 körpələr evi-uşaq bağçasından 14-ü uyğunlaşdırılmış binalarda yerləşir. Onlardan 5-i qəzalı vəziyyətdədir, 5 bağçanın əsaslı təmirə ehtiyacı var.
10000 hektar şoranlaşmaya məruz qalmış torpaq sahəsində meliorativ tədbirlərin aparılması, ümumi uzunluğu 95,1 kilometr olan latok kanallarının 64 kilometrinin qəzalı vəziyyətdə olması nəzərə alınaraq yeniləri ilə əvəz olunması zəruridir. Təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş 600-ə yaxın evə Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən təkrar baxış keçirilməlidir.
Zərdab şəhərində kollektor-drenaj şəbəkəsinin olmaması səbəbindən yağış və ya qar yağması nəticəsində şəhərin əksər ərazilərində fərdi yaşayış evlərinin həyətlərini, ictimai obyektlərin zirzəmilərini və həyətlərini su basır. Qarabağ əlilləri və şəhid ailələri üçün 32 mənzilli yaşayış evinin tikintisinə ehtiyac var. Rayonun Şıxbağı, Kəndəbil, Ağabağı, Nəzəralılı, Cilovxanlı, Siləyli kəndlərinin və Bəyimli qəsəbəsinin qazlaşdırılmasına da ehtiyac var.
Rayonda ali təhsilli müxtəlif ixtisaslı həkim, müəllim və digər ixtisasdan olan kadrlar çatışmır.
İsti bir yay günündə Zərdab rayonunun səngimək bilməyən quruculuq, zəhmət prosesini yaxından müşahidə etdik, inkişaf dinamikasının canlı şahidi olduq. Adamlarla görüşlərdə hamı Prezident İlham Əliyevin aqraq sahəni inkişaf etdirmək çağırışını ürəkdən dəstəklədiklərini dedi. Fermerlər dedilər ki, Zərdabın çörəyi, əsasən, torpaqdan çıxır. Dövlət başçısının bu sahəyə diqqət və qayğısı rayonu yeni nailiyyətlərə qovuşduracaq.
Bu həqiqətə möhkəm inanan zərdablılar ilin məhsulunu yayın istisindən qorumaq üçün bugünlərdə hamılıqla ayaq üstədirlər. Ruziniz bol olsun, gününüz xoş keçsin, sadə, halal zəhmət adamları!
Tahir AYDINOĞLU,
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.