Unudulmaz həmkarımızın xatirəsinə

Dünya, həqiqətən, Dədə Qorqudun kitabında deyildiyi kimidir: gəlimli və gedimli. Bunu hamı bilir. Amma heç kəsin  dəqiq bilmədiyi başqa məqamlar da var.  İnsan dünyaya gələndə əzizlərinə böyük sevinc bəxş etdiyi kimi, dünyadan köçəndə də dostları, tanışları, əzizləri böyük kədərə qərq olurlar. Sevincdən qabaran köksümüz kədərdən elə sıxılır  ki, dünya gözümüzdə qaralır.

Dünən - iyulun 15-də Təzəpir məscidində – həmkarımız Ayaz Abbasovun cənazəsi son mənzilə yol alanda bir daha bu həqiqəti içimizdən ağrı ilə keçirib, için-için qovrulduq.  Həmkarımızın  həmişə şux, deyib-gülən, nikbin əhval- ruhiyyəli əzizləri, dostları və yaxınları bu dəfə ağrı və kədər içində son yolçuluğun mərhumun adına layiq keçməsi üçün ən xırda detallara belə son dərəcə diqqətlə yanaşırdılar.

1995-ci ilin son günlərində qəzetimizə tərcüməçi  vəzifəsinə  qəbul edilmiş (ruscadan azərbaycancaya və əksinə), sonra uzun illər  informasiya baş redaksiyasının müxbiri kimi fəaliyyət göstərən Ayaz Həmid oğlu Abbasov 56 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Sonuncu iş yeri olan “Xalq qəzeti” redaksiyasında çalışdığı 21 ildə həm ərsəyə gətirdiyi tərcümə nümunələrinin, həm də xarici ölkələrdə baş verən ən mühüm xəbərlərdən ibarət yığcam informasiya blokunun hazırlanmasında əsl peşəkarlıq nümayiş etdirirdi. Əhatəli dünya görüşünə malik Ayaz müəllim az qala bütün ölkələrdəki siyasətçiləri, onların əsas  məramını, hansısa dövlətin atdığı bir addımın məqsədini ən incə detallara qədər xırdalaya bilirdi. Yığcam danışdığı kimi yığcam yazmağın da ustası idi. Digər müxbirlərin 8-10 min işarə ilə ifadə edə bildiyi hansısa tədbir barədə o, cəmi 3-4 min işarəlik yazı ilə dolğun məlumat verirdi.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino rejissorluğu fakültəsini bitirmişdi. Dünyanın bütün məşhur kino rejissorlarının ekran əsərlərinin hamısının taleyini, kimin hansı mükafatı neçə dəfə aldığını, hansı aktyorla işləməyi sevdiyini kitabdan oxuyurmuş kimi dəqiq danışırdı. Avropa futbolunun ən mükəmməl bilicilərindən idi.  Qitə miqyasında keçirilən milli və klub yarışlarında iştirak edən komandaların nəinki məşqçiləri, hətta ən gənc oyunçuları barədə də bütün məlumatları ondan soruşa bilirdik. Bu istiqamətdə çox etibarlı mənbə idi.

“Xalq qəzeti”ndən əvvəl çalışdığı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından gedişindən uzun  illər sonra da bəzi mütəxəssislər bir-birindən soruşurdular ki, Həmid müəllimin oğlu (o, tanınmış şair və ictimai-siyasi xadim Həmid Abbasovun oğludur) nə üçün kinostudiyadan getdi. Rejissorlar da deyirdilər ki, o, heç bir başqa işi kino rejissorluğundan yaxşı bilməz. Ancaq Ayaz orijinal düşüncəli, bacardığını yox, istədiyini eləməyə çalışan adam idi. Cəmiyyətdə, xüsusən, çalışdığı kollektivlərdə heç zaman hansısa hadisəni rejissor kimi istiqamətləndirməyə və ya aktyor kimi oynamağa cəhd eləmədi. Çünki son dərəcə səmimi bir şəxsiyyət kimi yetişmişdi. Ondan heç kəs haqqında qeybət eşitmədiyimiz kimi, heç kəs də onun haqqında qeybət  danışmazdı.

Bildiyi hər şeydən ürəklə, əminliklə danışırdı. Amma bir məsələ var idi ki, o barədə daha  çox, həm də fəxrlə,  sevə-sevə söz açırdı. Nə idi həmin məsələ? Atası Həmid müəllimin sözlərinə yazılmış, müğənni Akif İslamzadənin böyük məhəbbətlə oxuduğu “Gəl bizim dağlara...”  sözləri ilə başlanan mahnı. Bu mahnıdan yorulmadan, dönə-dönə  danışır və sübut edirdi ki, mahnının sözləri də, musiqisi də, ifası da Qazax-Ağstafa zonasındakı dağların həqiqi obrazını yaradır... Elə bizim onun haqqında olan təəssürat və xatirələrimiz də elədir  – mərhum həmkarımızın həqiqi obrazı şəklində.

Allah rəhmət eləsin!

“Xalq qəzeti”nin kollektivi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında