Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası təkcə ötən yarım ildə görülmüş işlərə qiymət verilməsi baxımından deyil, ölkəmizin gələcək inkişaf istiqamətləri ilə bağlı mühüm vəzifələrin müəyyən edilməsi yönümündən də geniş və əhəmiyyətli bir tədbir oldu.
Ötən dövrdə dünyada və ölkədə baş vermiş böyük iqtisadi və siyasi hadisələrə geniş təhlil verən dövlət başçısı qeyd etdi ki, 2016-cı ildə dünya bazarında neftin qiyməti 3-4 dəfə aşağı düşüb. Bu, Azərbaycanda da ümumdaxili məhsul istehsalının aşağı düşməsinə səbəb olub. Ancaq buna baxmayaraq, ölkədə inkişaf davam edir. Sənaye və kənd təsərrüfatında artım qeydə alınıb. Real sektor artıb: “Sənaye istehsalı 0,6 faiz artıb. Düzdür, bu, o qədər də böyük artım deyil, ancaq hesab edirəm ki, bu, böhran ili üçün müsbət haldır. Ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və hesab edirəm ki, bu artım böyük ümidlər verir. Gələcəkdə bu, daha da artacaq... Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb... Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Bu da çox müsbət haldır. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir”.
Prezident qeyd etdi ki, postneft dövründə ciddi islahatlar aparılmalı idi və aparılıb. Ölkə ictimaiyyətinin də diqqət yetirdiyi kimi, gömrük və vergi sahələrində daha ciddi islahatlar aparılıb. Bunun nəticəsində ilin birinci yarısında gömrük orqanlarından daxilolmalar 17 faiz artıq olub ki, bu da müsbət nəticədir. Vergi orqanlarından daxilolmalar 2 faiz artıq olub, lakin burada böyük ehtiyatlar var. Vergi orqanlarında aparılan islahatlar bu sistemin daha şəffaf olmasına şərait yaradıb. Gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə həllini tapır. İnsanlar, xüsusilə də iş adamları bunun müsbət nəticəsini görürlər. Eyni zamanda, bunun nəticəsində ölkəyə daha çox vəsait daxil olur. Əlbəttə, islahatlar daha da dərinləşməli, maliyyə nəzarəti daha da gücləndirilməlidir.
Qarşıda duran vəzifələr haqqında danışan dövlət başçısı hökumət qarşısında belə bir vəzifə qoydu ki, bir neçə ilə dövlət büdcəsinin böyük hissəsi qeyri-neft sektorunun hesabına formalaşmalıdır. “Mən artıq dəfələrlə demişəm ki, biz postneft dövründə yaşayırıq. Düzdür, bir neçə ildən sonra Azərbaycan dünya bazarlarına çox böyük həcmdə təbii qaz da ixrac etməyə başlayacaq və yenə də valyuta axını artacaq. Ancaq biz elə postneft dövründə olduğu kimi yaşamalıyıq. Aparılan islahatlar dərinləşdikcə biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Bundan sonra neftin qiymətinin bizim üçün əhəmiyyəti olmayacaq”, – deyə Prezident İlham Əliyev bəyan etdi.
Zənnimizcə, bu, artıq hesablaşmalı olduğumuz reallıqdır ki, ölkə neft gəlirlərinə göz dikməkdən çəkinsin, daha çox qeyri-neft sahələrinin inkişafı qayğısına qalsın. Maliyyə-bank sektorunda, kənd təsərrüfatı və sənaye sahələrində islahatlar dərinləşdirilməlidir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, ixracın stimullaşdırılması, investisiya cəlb edilməsi üçün çox böyük güzəştlər tətbiq olunur.
Dövlət başçısı hökumət qarşısında ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi vəzifəsini qoydu. Bir sıra yeni sənaye sahələrinin (dərman və s.), sənaye mərkəzlərinin yaradılması, kənd təsərrüfatının inkişafına (baramaçılıq, tütünçülük və s.) xüsusilə diqqət yetirilməsi kimi vəzifələr müəyyən etdi. “Torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir”. Dövlət başçısı bildirdi ki, bəzi hallarda torpaqlar zəbt edilir: “Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər”.
Bütövlükdə dövlət başçısının Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlər, görülmüş işlərlə bağlı apardığı təhlillər və müəyyənləşdirdiyi gələcək planlar hazırkı dünya iqtisadi böhranı şəraitində ölkə iqtisadiyyatının davamlı inkişafına, milli məhsullarımızın ixracı hesabına dünya bazarlarında layiqli yer tutmağımıza, son nəticədə dövlətimizin və xalqımızın firavanlığının təmin edilməsinə istiqamətlənib. Təbii ki, bunu Azərbaycan ictimaiyyəti də görür və gözləyir ki, mərkəzi və yerli aparatlarda çalışan məmurlar müəyyən edilmiş vəzifələrə layiqincə əməl etsinlər.
Qasım MƏMMƏDOV,
Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin prorektoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.