Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlər hər birimizi bir daha əmin etdi ki, ölkəmizdə inkişaf və tərəqqi dönməz xarakter alıb.
Dövlətimizin başçısı hökumətin sözügedən iclasındakı giriş nitqində bu ilin birinci yarısında Azərbaycanda gedən davamlı inkişaf prosesindən bəhs etdi, ölkəmizin beynəlxalq nüfuzunun artırılıması, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən söhbət açdı. Möhtərəm Prezidentimiz qeyd etdi ki, 2016-cı ilin ötən dövründə dünya bazarında neftin qiymətinin aşağı səviyyədə olmasına baxmayaraq, Azərbaycan inamla inkişaf etmişdir. Bunun təməlində isə, ölkə başçısının qeyd etdiyi kimi, düşünülmüş siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlar dayanır. Dünyada davam edən qlobal maliyyə böhranının təzahürlərinin nəticəsi olaraq ölkəmizdə ümumi daxili məhsul istehsalında azalma qeydə alınsa da, iqtisadiyyatın əsas sahələri sayılan sənaye və kənd təsərrüfatında artım müşahidə olunub. Xüsusən də qeyri-neft sənayesində baş vermiş 2,4 faizlik artım ölkəmizin gələcəyi üçün yaxşı nəticələr vəd verir, böyük ümidlər verir.
Qlobal maliyyə böhranının davam etdiyi hazırkı şəraitdə belə, Azərbaycan dövlətinin reallaşdırdığı uğurlu sosial siyasət davam etmiş, sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılmışdır. Elə bu ilin ötən dövründə ölkəmizdə maaşların və pensiyaların 10 faiz artırılması, yeni iş yerlərinin açılması da uğurlu sosial siyasətin məntiqi nəticəsidir.
İlin qalan dövrü üçün qarşıda son dərəcə mühüm vəzifələr durur. Həmin vəzifələr və onların həlli yolları Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında söylədiyi yekun nitqində öz aydın ifadəsini tapdı. Əslində dövlət başçısının yekun nitqi ilin sonunadək olan dövr ərzində hər bir məmur, hər bir sahibkar üçün, bütövlükdə ölkə vətəndaşları üçün bir fəaliyyət proqramı kimi səciyyələndirilə bilər.
Dövlət başçısı proqram xarakterli yekun nitqində ölkə iqtisadiyyatının aparıcı sahələri sayılan sənaye və kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün konkret tapşırıq və tövsiyələrini verdi. Qeyd olundu ki, sənaye istehsalı ilə bağlı həyata keçirilən iri layihələr, eləcə də, orta və kiçik sahibkarlığın inkişafı ölkəmizin sənaye potensialını xeyli gücləndirəcəkdir. Məlum olduğu kimi, son illər ölkəmizin ixrac potensialının artırılmasını və idxaldan asılılığı maksimum dərəcədə azaltmağı prioritet vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyev ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmasının, rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasının vacibliyini önə çəkdi. Bu məsələdə özəl sektoru, kiçik və orta sahibkarlığı xüsusi fəallığa səsləyən dövlət başçısı ölkəmizdə sahibkarlığın inkişafı üçün əlavə tədbirlərin görüləcəyini də bəyan etdi. Prezident İlham Əliyevin Azərbaycanda iri sənaye mərkəzlərinin, hər bir rayonda sənaye zonalarının, yeni istehsal müəssisələrinin yaradılması ilə bağlı qarşıya qoyduğu konkret tapşırıqlar isə yaxın illərdə ölkə əhalisinin məşğulluq imkanlarının artırılmasına gətirib çıxaracaq. Xüsusən də Azərbaycanın qədim xalçaçılıq sənətinin inkişaf etdirilməsi üçün müxtəlif bölgələrdə xüsusi yerlərin ayrılması ilə bağlı təşəbbüs olduqca maraqlı və cəlbedicidir. Dövlət başçısının da qeyd etdiyi kimi, bu yolla regionlarda 5 min iş yeri açmaq mümkün olacaq.
Son illər regionların inkişafını Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasının prioriteti kimi müəyyənləşdirən Prezident İlham Əliyev kənd təsərrüfatının dirçəldilməsi üçün müntəzəm tədbirlər həyata keçirir. Təkcə onu qeyd etmək kifayətdir ki, son iki il yarım ərzində dövlət başçısı tərəfindən bu məqsədlə 41 fərman və sərəncam imzalanmış, 3 qanun qəbul edilmiş və 40 qərar və qayda təsdiqlənmişdir. Bütün bunlar öz növbəsində aqrar sektorda iqtisadi fəallığın kəskin yüksəlməsinə, xaricdən və respublikanın müxtəlif şəhərlərindən xeyli sayda əhalinin kənd yerlərinə dönüşünə səbəb olmuşdur. İclasda Prezident İlham Əliyev Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı çox ciddi və vacib tapşırıqlar verdi. Dövlət başçısının əkinə yararlı torpaqlardan səmərəli istifadə edilməsi, zəbt edilmiş torpaqların müəyyənləşdirilib əkin dövriyyəsinə cəlb edilməsinə dair verdiyi qəti tapşırıq isə yaxın illərdə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının xeyli artmasına gətirib çıxaracaq.
Prezident İlham Əliyevin hökumətin iclasında ölkəmizdə aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesinə başlanması barədə fikirləri uzun illər mənzil növbəsində olan vətəndaşlarımız üçün, sözün əsl mənasında, sevindirici bir xəbər oldu. Öz növbəsində olduqca ciddi sosial təşəbbüs sayılan bu addım Azərbaycanda tikinti sektorunun canlanmasına və əhalinin məşğulluq imkanlarının artmasına səbəb olacaqdır. Bununla yanaşı, sosial mənzillərin inşasına başlanılması ölkədə inşaat materiallarının istehsalının kəskin artmasına gətirib çıxaracaq ki, bu da ölkə əhalisi üçün əlavə iş imkanları deməkdir.
Bütövlükdə isə Nazirlər Kabinetinin iclasında ölkənin sosial-iqtisadi inkişafına yönəlik bir sıra digər tapşırıq və tövsiyələr onu deməyə tam əsas verir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaqdır.
Azər VERDİYEV,
Azərbaycan-Slavyan Gəncləri
Assosiasiyası Analitik-Təhlil
Mərkəzinin rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.