Kamil İsmayıl oğlu Sadıxov

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Xalqımızın görkəmli oğlu, neft kimyası və neft emalı sahəsində tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının və Nyu-York Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatı, texnika üzrə elmlər doktoru, professor, AMEA Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi Kamil İsmayıl oğlu Sadıxov 2016-cı il iyul ayının 8-də  vəfat etmişdir.

Akademik K.İ.Sadıxov 27 fevral 1927-ci ildə Şimali Osetiya Muxtar Respublikasının Orcenikidze şəhərində anadan olmuşdur.  1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir.

Texnika üzrə elmlər doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü K.Sadıxov neft kimyası sahəsində görkəmli alimlərdən biri olub, keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut – Aşqarlar Kimyası İnstitutunun əsasını qoyanlardandır.

Akademik Kamil Sadıxov əmək fəaliyyətinə 1948-ci ildə, hələ BDU-nun V kurs tələbəsi ikən V.V.Kuybışev adına AzETNİ-də başlamış, sonralar onun əsasında yaradılan Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) və 1965-ci ildən Aşqarlar Kimyası İnstitutunda (AKİ) çalışmışdır.

1956-cı ildə “Avtotraktor yağları üçün sulfonat aşqarların sintezi, tədqiqi və tətbiqi” mövzusunda namizədlik və 1967-ci ildə “Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqarların sintezi, texnologiyalarının işlənməsi və sənayedə tətbiqi sahəsində tədqiqatlar” mövzusunda doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edərək 1957-ci ildə kimya elmləri namizədi və 1968-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 1969-cu ildə kimya və neft-kimyası ixtisası üzrə professor elmi adını almışdır.

1965-ci ildə Aşqarlar Kimyası İnstitutu yarandıqdan sonra o, 1988-ci ilədək “Mühərrik yağlarına sulfonat aşqarlarının sintezi və yağlayıcı-soyuducu mayelər” laboratoriyasına, 1988-1998-ci illər “Mühərrik yağlarına aşqarlar və yağlayıcı-soyuducu mayelər” şöbəsinə, 1998-ci ildə şöbələr ləğv olunduqdan sonra 2000-ci ilə kimi “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasına rəhbərlik etmiş, 2001-ci ildən ömrünün son  günlərinə kimi isə baş elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.

Onun elmi yaradıcılıq fəaliyyəti neft kimyasının bir sıra fundamental və mühüm təcrübi məsələlərinə - mühərrik yağları və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların sintezi, tədqiqi, istehsal texnologiyasının işlənib hazırlanması, onların əsasında yüksək keyfiyyətli sürtkü kompozisiyalarının və YSM-in tərtibi və sənayedə tətbiqinə həsr edilmişdir.

Yüksək təsirli neft sulfonatlarının sintezində xammalın seçilməsinin K.Sadıxov tərəfindən işlənib hazırlanmış elmi əsasları bu sahədə məqsədyönlü sintezlər aparmağa, bir sıra yüksək təsirli sulfonat aşqarlarının alınma texnologiyasının sənayedə tətbiqinə imkan vermişdir. Sulfonat aşqarların kimyəvi quruluşları ilə təsirlilikləri arasında asılılıq ilk dəfə akademik K.Sadıxov tərəfindən müəyyən edilmişdir.

K.Sadıxov 400-dən çox elmi əsərin, o cümlədən 4 kitabın, 100-dən çox müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. O, apardığı çoxşaxəli elmi-tədqiqat işlərinin nəticələri barədə bir sıra beynəlxalq və Ümumittifaq konfrans və simpoziumlarda məruzə etmişdir.

Akademik K.Sadıxov respublikamızın elmi-tədqiqat və sahə institutlarında, ali məktəblərində müvəffəqiyyətlə çalışan 19 fəlsəfə doktoru və 4 elmlər doktoru hazırlamışdır.

K.Sadıxov məhsuldar elmi fəaliyyəti ilə yanaşı, mühüm ictimai işlərlə də məşğul olmuşdur. O, “Neft kimyası və neft emalı” Koordinasiya Şurasının, doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuraların üzvü olmuşdur. 1989-2000-ci illər ərzində AEA Kimya Bölməsinin büro üzvü, dəfələrlə BDU-da və Neft Akademiyasında Dövlət buraxılış imtahan komissiyalarının sədri olmuşdur.

Akademik Kamil İsmayıl oğlu Sadıxovun məhsuldar elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şöhrət”, “Şərəf nişanı” ordenləri, müxtəlif medallar və döş nişanları ilə təltif olunmuş, Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.

Görkəmli alim, nəcib insan, akademik K.İ.Sadıxovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Azərbaycan Milli Elmlər Akademiyasının
rəyasət heyəti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında