Bakıda yaşlı nəsil yaxşı xatırlayar: "Bakı" – "Baku" axşam qəzetləri vardı. "Vardı" ona görə yazıram ki, indi varlığı ilə yoxluğu bilinməyən həmin qəzetlər görünmür. Məlum olduğu kimi, "Bakı" – "Baku" qəzetləri axşam çıxırdı və qəzet köşklərinin qarşısında bu qəzeti almaq üçün həmişə növbə düzülərdi. Niyə! Ona görə ki, ən son xəbərlər, tutaq ki, saat
17-də olan hadisələr bir saatdan sonra, saat 18-də oxuculara çatdırılırdı.
"Bakı" -- "Baku" axşam qəzetlərində təkcə xəbərlər dərc olunmurdu, həm də bütün respublikamızın həyatı əks etdirilirdi, heç bir yenilik nəzərdən qaçmırdı. Bəlkə də bu ona görə belə idi ki, qəzetə jurnalistika elminə böyük töhfələr vermiş, redaktor və müəllim kimi minlərlə qələm sahibi yetişdirmiş Nəsir İmanquliyev kimi bir insan rəhbərlik edirdi. O, redaksiyaya istedadlı, kəsərli qələmləri olan, mətbuatda və ölkəmizdə tanınmış jurnalistləri toplamışdı. Üstəlik, çoxlu ştatdankənar müxbir Bakının hər tərəfindən, böyük quruculuq işlərindən yazılar hazırlayır, vaxtında redaksiyaya çatdırırdı. Beləliklə, redaksiyada gün ərzində iş qaynayar, hamı saat dəqiqliyi ilə işləməyə çalışardı.
Mən də institutda oxuyarkən "Bakı" – "Baku" axşam qəzetlərinin ştatdankənar müxbiri idim. Qəzetdə, demək olar, hər gün yazım dərc olunurdu. Hər dəfə yazım çıxanda, qəzetdə imzamı görəndə, elə bil, dünyanı mənə verirdilər! Sevinirdim. Qürur duyurdum. Elə bilirdim, bütün Bakı camaatı mənim yazılarımı oxuyur. Amma kim idi məni tanıyan? Doğrusunu deyim ki, istirahət nədir, bilmirdim. Həm də qonarar alırdım, axı! Elə olurdu, bir gündə respublikada çıxan bütün qəzetlərdə yazılarım çıxırdı. Üstəlik, Azərbaycan Radiosunun ədəbi-dram verilişləri baş redaksiyasına ayda 20-30 süjet yazırdım. Nə baş verirdi? Yaxşı yazırdımmı? Yox, məsələ heç də yaxşı yazmağımda deyildi. Sadəcə olaraq, tapşırılan yazını vaxtında hazırlayıb redaksiyalara təqdim edirdim. Heç demə, bu, redaksiya əməkdaşlarını təmin edirmiş, ona görə mənə fasiləsiz tapşırıqlar verirlərdi. Əlbəttə, mən bunu sonralar başa düşdüm.
"Bakı" axşam qəzetində "Kafedra incəsənəti təbliğ edir" adlı ilk yazım 5 may 1970-ci ildə dərc edilmişdi. 1968-ci ildən isə V.İ.Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) "Gənc müəllim" qəzetinin bütün saylarında yazılarım dərc olunurdu. Adını çəkdiyim yazı isə həmin institutun bir kafedrasının işi haqqında idi. "Bakı" axşam qəzetində bu yazını o vaxt şöbə müdiri olan tanınmış jurnalist Ərşad Əhmədliyə təqdim etmişdim. Elə o yazıdan sonra Ərşad müəllim məni redaksiyaya cəlb etdi, can-başla bütün tapşırıqlara vaxtında əməl etməyə başladım. Bəzən gün ərzində o, məni iki-üç yerə yazı hazırlamağa göndərirdi. Bütün gün ərzində nahar etməyi belə yaddan çıxarırdım... Çox yorulsam da, hər dəfə qəzetdə imzamı görəndə bütün yorğunluğumu unudurdum. Yavaş-yavaş başqa şöbələrin müdirləri Şaban Şabanov, Şakir Abdullayev (artıq onlar dünyasını dəyişiblər), Əliabbas Əliyev, Fazil Rəhmanzadə, Yusif Kərimov, Şükufə Tağızadə və başqaları da mənə tapşırıqlar verirdilər. Yaza-yaza yazmağı öyrənirdim. Xəbər də yazırdım, reportaj da, zarisovka da, felyeton da, tənqidi yazılar da...
"Bakı" axşam qəzetinin əməkdaşlarına ona görə həyatım boyu minnətdarlıq hissi ilə yaşayıram ki, yazmağı həm də onlardan öyrənmişəm. Çünki onlar yazılarımı mənim iştirakımla redaktə edir, bütün səhvlərimi göstərirdilər. Hətta, bir dəfə "onlarla" sözü əvəzinə "onlarca" yazmağıma görə, şöbə müdiri əsəbləşərək dedi ki, "neçə ildir yazırsan, hələ bilmirsən ki, "onlarca" yazılmalıdır? Yəni hər bir sözün üstündə işlədirdilər bizi. İki sətirlik xəbərdə bir söz yerinə düşməsəydi, necə deyərlər, aləm qarışardı bir-birinə. Qəzetin əməkdaşı Şükufə Tağızadədən çox "Bakı"da xəbər yazan olmayıb. Heç demə, qəzetçilikdə ən çətin iş elə xəbər yazmaqdır. Gərək fikir də, fakt da, üslub da – hər şey yerində olsun...
Hər yerə vəsiqəsiz gedirdim, çünki ştatdankənar müxbirlərə redaksiyanın vəsiqəsi verilmirdi. Müxbir danışığında, davranışında, iş prosesində özünü elə aparmalıdır ki, hamı onun hazırlığını görsün, ona inansın. Biz hara getsək, sadəcə olaraq, Nəsir İmanquliyevin redaksiyasından gəldiyimizi deməyimiz kifayət edirdi. Çox yerdə onun adını çəkən kimi, deyirdilər: "Nəsir müəllim köhnə kişilərdəndir!".
Ümumiyyətlə, o zaman jurnalist etikası hər şeydən üstün tutulurdu. Burada bir əhvalat yadıma düşür. Jurnalistika fakültəsində təhsil alan tələbəni təcrübə keçmək üçün redaksiyaya göndərirlər. Qayda belə idi ki, təcrübə keçən tələbə bir ay müddətində yazılar hazırlayıb, qəzetdə dərc etdirməli idi. Axırda da ona bir arayış verirdilər ki, yaxşı yazır, yoxsa yox. Haqqında danışdığım gəncə bir ay müddətində heç bir tapşırıq vermirdilər. Ay başa çathaçatda o, qorxa-qorxa şöbə müdirindən soruşurdu ki, bəs, mənə necə arayış verəcəksiniz, axı, mənim heç bir yazım dərc edilmədi? Şöbə müdiri cavab verirdi: "Gec-tez yazı yazmağı öyrənmək olar. Uzaq başı sənin yazılarını redaktə edib dərc etmək də olar. Biz sənə göz qoyurduq ki, görək, özünü necə aparırsan? Telefonla necə danışırsan? İnsanlarla münasibətin necədir? Bax, belə..."
Jurnalistin nitqi, yerişi-duruşu, geyimi... onun səviyyəsindən xəbər verir və bu xüsusiyyətlər, demək olar ki, "Bakı" qəzetinin bütün əməkdaşlarında vardı. Bəli, "Bakı" axşam qəzetində biz yazmağı öyrənməklə yanaşı, jurnalist etikasına da yiyələnirdik.
Yadımdadır, qəzetin xalq arasında böyük hörməti vardı. Heç vaxt görmədim ki, orada nəyi isə səhv yazsınlar, sonra da təkzib versinlər. Hər hansı bir faktı düzgün yazmamağa görə əməkdaşlar ciddi cavabdeh olardılar.
Bəzən redaktor Nəsir müəllim bizi yanına çağırıb, söhbət edir, hal-əhvalımızla, yaşayışımızla maraqlanırdı. Qəzetdə dərc edilmiş yazılar barədə fikirlərini söyləyir, irad və tövsiyələrini bildirirdi. Doğrudan da, bütün əməkdaşlar və ştatdankənar müxbirlər ona bir ağsaqqal və müəllim kimi hörmət edirdilər. Bizi dəhlizdə də görəndə ayaq saxlayır, böyük nəzakətlə güya nəyi isə soruşurmuş kimi, qısa söhbət edirdi. Doğrusu, biz də onunla görüşlərimizə sevinirdik. Xüsusən tapşırıqla material hazırlamağa gedərkən, bizi kabinetinə çağırır, məsələnin nə qədər ciddi olduğunu nəzərimizə çatdırır, hər yazının arxasında bir insan taleyinin durduğunu vurğulayırdı. Çünki o zaman bütün tənqidi yazılarla əlaqədar idarə, müəssisə və təşkilatların rəhbərləri gördükləri tədbirlər barədə redaksiyaya cavab verirdilər. Bakı şəhərində hər hansı bir çatışmazlıqdan, nöqsandan yazarkən biz insanlara kömək göstərir, kimlərinsə haqqını müdafiə etdiyimiz üçün rahat nəfəs alır, ədalətsizliyi bərpa etməyə çalışırdıq.
Təsəvvür edin, səhər bizə yazı hazırlamaq tapşırılırdı və deyilirdi ən geci axşam saat 16-da həmin yazı şöbə müdirinin masasının üstündə olmalıdır. Elə də edirdik. Yazını gətirən kimi şöbə müdiri redaktə edir, rəhbərliyə verir, iki saatdan sonra, artıq, qəzetdə dərc olunub oxuculara çatdırılırdı.
O zaman kompüterlərlə işləmirdik. Qəzetlərin səhifələri qurğuşun tərkibli şriftlərlə, müxtəlif mətbəə avadanlıqları ilə hazırlanırdı. Son dəqiqədə səhifədən hansı material isə götürülüb, yerinə daha ciddi yazı qoyulurdu. Tutaq ki, qəzet çapa gedərkən görkəmli bir şəxs təltif edilir və ya kim isə dünyasını dəyişirdi. İnsanlar bu xəbərləri ilk dəfə "Bakı" qəzetinin səhifələrində oxuyurdular.
Yuxarıda qeyd etdiyim kimi, "Bakı"--"Baku" axşam qəzetləri nəinki paytaxt həyatını işıqlandırır, respublikadakı yenilikləri həmin gün oxucularına çatdırırdı. Redaksiyaya görkəmli ədəbiyyat və incəsənət xadimləri, yazıçılar, şairlər gəlir, onlardan müsahibələr alınır, ədəbiyyat, incəsənət, elm sahəsindəki yeniliklər bu qəzetdə dərc olunurdu.
Yadımdadır, şair Nüsrət Kəsəmənli ədəbiyyat və incəsənət şöbəsinin əməkdaşı idi, çox oxunaqlı, axıcı, lirik məzmunlu məqalələr yazırdı. Onun yazılarında biz şəhərimizə səhər-səhər düşən şehin də nəfəsini "duyur", bir qızılgülün necə açılmasını da "görürdük". Şöbə müdirləri Şaban Şabanovun, Şakir Abdullayevin, Ənvər Məşədiyevin tənqidi yazılarını, felyetonlarını oxumaqdan doymurduq. "Satirik qələmlə" rubrikası altında dərc olunan tənqidi yazılar da çox maraqlı olurdu. Biz ölkəmizin adlı-sanlı, tanınmış adamları ilə birgə reydlərə çıxır, tənqidi yazılar hazırlayırdıq. Yazılarımızın altında hamımızın imzası olardı. Yəni, bu adamlar yazdıqları faktlara görə məsuliyyət daşıyırdılar.
"Bakı" axşam qəzeti həm də rus dilində "Baku" adı ilə çıxırdı. Bizim yazılarımızı çox vaxt ruscaya tərcümə edib həm də "Baku" qəzetində çap edirdilər. "Bakı" – "Baku" qəzetləri keçmiş tariximizi, müharibə dövrünün qəhrəmanlarını, Azərbaycanın keçdiyi şanlı tarixi səhifə-səhifə, addım-addım araşdırır və işıqlandırırdı. Mən hələ indiyədək elə bir qəzet görməmişəm ki, "Bakı"–"Baku" qədər əhatəli, hərtərəfli mövzularla zəngin olsun. Adamlar tanıyırdım, deyirdilər ki, qəzeti başdan-ayağa, sətir-sətir oxuyurlar...
O vaxtkı "Kommunist", (indiki "Azərbaycan") nəşriyyatında "Bakı" və "Baku" qəzetlərinin əməkdaşları on beşə qədər otaqda əyləşib, fəaliyyət göstərirdilər. Əməkdaşlar həm bir-biri ilə, həm də kənar müəlliflərlə böyük nəzakətlə davranır, mehribanlıq edirdilər. Yadıma gəlir ki, partiya-siyasi iş şöbəsinin müdiri Əliabbas Əliyev bağından gətirdiyi üzümə, əncirə bizi də qonaq edirdi.
Rəhmətlik Sərhəd Məmmədov da istedadlı və qabiliyyətli insan idi. O zaman bəzi ərzaq məhsulları tapılmadığından Sərhəd müəllim Bakı Şəhər İcra Hakimiyyətinin köməyi ilə onları tapıb, redaksiyaya gətirər və ştatdankənar müxbirlərə, yəni bizə də onlardan pay verərdi.
Muşailov soyadlı bir müxbir vardı, 80 yaşına çatmışdı, yenə hər gün qəzetə xəbər yazırdı. Bir gün ondan soruşdum ki, "yazmaqdan yorulmursunuz?" Gülümsəyərək cavab verdi ki, "yazıram ki, bilsinlər, hələ sağam". İndi bu yazını yaza-yaza ştatdankənar müxbirlər Azad Kazımovu, Soltan Məmmədovu, Musa Aslanlını, Məmməd Məmmədovu, Vidadi Məmmədovu, Hüseyn Qaraşovu və başqalarını xatırlayıram. Onlar çox idilər, arı bal toplayan kimi, şəhərin hər tərəfindən yazılar hazırlayıb redaksiyaya gətirirdilər.
"Bakı" – "Baku" qəzetlərinə yazan müxbirlərin çoxu sonralar cəmiyyətdə müxtəlif mövqe tutdular, hörmət-izzət sahibi oldular. Biz həyatını dəyişənlərin xatirəsini minnətdarlıqla yad edir, onlarla keçirdiyimiz günləri əziz bir xatirə kimi heç zaman unutmuruq.
Qəzetin əməkdaşları Mail Cəbrayılovu da, İsmayıl Hacıyevi də, indi AZƏRTAC-da işləyən Dağbəyi İsmayılovu da yaxşı insanlar kimi tanıyırdıq. Mənim 25 illik ömrüm "Bakı" – "Baku" qəzetlərinə yazmaqla keçdi...
Bəs, hanı "Bakı" – "Baku" qəzetləri? Niyə görünmür? Eşitmişəm ki, redaksiyanın indi cəmi 2-3 otağı, bir neçə əməkdaşı qalıb. Görəsən, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərləri "Bakı" – "Baku" qəzetlərinin taleyi ilə maraqlanırlarmı? Maraqlanmırlarsa, niyə maraqlanmırlar?
"Bakı" – "Baku" axşam qəzetləri əvvəlki kimi buraxılsaydı, nə gözəl olardı! İndi çıxan bəzi qəzetlərin əməkdaşları bilərdilər ki, qəzet necə olar, qəzetçilik nədir?
"Bakı" – "Baku" axşam qəzetləri çıxsaydı, yəqin ki, şəhərimizdə binaların tikilməsi sahəsindəki özbaşınalıqlardan yazardı. Gecə saat 3-4 radələrində ata-ana tərbiyəsi görməmiş "avtoş"ların hərəkətlərini tənqid hədəfinə tutardı. Bəzi vəzifəlilərin mənasız, məntiqsiz çıxışları qələmə alınardı. "Meşin qapı"ların arxasında "gizlənən" müdirləri, rəisləri, rəhbərləri qəflət yuxusundan ayıldardı. Haqsızlıq, ədalətsizlik edənlərin sayı azalardı. Vəzifəsinə hörmət etməyənlərin oturduğu stul altından "çəkilərdi". Məmurlar həmin qəzetləri oxumağa məcbur edilərdi! Nəhayət, Bakı Şəhər İcra Hakimiyyəti yazılanları müzakirə edib, lazımi tədbirlər görərdi...
Bəlkə, elə bunlara görə "Bakı" -- "Baku" qəzetlərinin çıxmasını istəməyənlər var? Onlar bilməlidirlər ki, Bakı əhalisi, respublikamızın vətəndaşları bu qəzetləri hər axşam alıb həvəslə oxumaq zövqündən məhrum olublar!
Deyirlər, indi qəzetləri almırlar, oxumurlar. Burada bir həqiqət var. Oxuyan oxuyur, oxumayan da oxumur. Lakin "Bakı" – "Baku" qəzetlərini əvvəlki səviyyəsində buraxsınlar, görün, köşklərdə həmin qəzetlərin bircə nüsxəsi qalırmı?
Xeyrəddin QOCA
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.