Özünü ifadə etmək, qəlbləri rahat qoymayan söz azadlığı hər yerdə dəbdə olan bir tələbə çevriləndə, nəhayət, fikir və düşüncə azadlığı sahəsində "partlayış" üçün siyasi və iqtisadi şərait yetişdi. İnsanların düşüncə tərzində və hərəkətində çevriliş baş verdi. Söz öz azadlığı üçün meydan istədi. Həm də təkcə özü üçün yox, hamının azadlığını və hamı üçün sözün azadlığını istədi. İlahi sözün çağırışları dünyanın bütün guşələrində milyonlarla insanı ayağa qaldırdı. Mətbuat bu azadlığı məmləkət-məmləkət, şəhər-şəhər, kənd-kənd, ev-ev daşıyan, insanlar arasında yayan qanadlı quşa çevrildi. Bundan sonra sözün gücü bütün silahlardan daha qüdrətli oldu.
Bəşəriyyət bunu bir tarix olaraq yaşayıb başa vurmamışdır. Sözün, əslində, həqiqətin ifadəsinin bir insan haqqı olması uğrunda mübarizə bir an belə dayanmamışdır. Bu günümüzün özündə belə azad söz və azad mətbuat hələ də insan azadlıqlarının müdafiəsi yolunda savaşdadır. Nahaq demirlər ki, siyasətçilərin və məmurların istəklərindən asılı olmayaraq, XXI əsr vətəndaşların öz fikir və mülahizələrində, jurnalistlərin isə özlərinin siyasi hakimiyyətin təsir dairəsindən kənarda qalmaq, peşələrində azad olmaq hüququ uğrunda kəskin mübarizə dövrü kimi tarixə düşməkdədir. Yalnız bu şəraitdə jurnalist obyektiv faktları və mühakimələri insanlara çatdıra, öz baxışını və mövqeyini qoruya bilər.
Azərbaycanın siyasi həyatında sözün azadlığı uğrunda mücadilələr müxtəlif tarixi mərhələlərdən adlayıb keçir. 141 yaşlı mətbuat da, onun əsas silahı olan söz də, azad düşüncə də həqiqi azadlığa, sözün əsl mənasında, yalnız XX əsrin sonlarında qovuşdu. Azərbaycanın, xalqın azadlıq savaşında cəmiyyətin bütün zümrələrini səfərbər edib mübarizəyə qaldıran ilklər də elə söz fədailəri oldular. Xalqın tarixinin qərinələrindən gələn azadlıq və müstəqillik arzuları sözün qüdrəti ilə mücadilə bayrağına, ən kəskin silaha çevrildi. Dünənə qədər sözü azadlıqdan məhrum edən imperiya qulları ölkədən qovulandan, müstəqilliyin ilk qələbələri, azadlığın ilk müjdələri gələndən sonra hakimiyyət başına keçənlər yenidən sözə həbs cəzası kəsmək istədilər. Haqqın carçıları sözün qüdrətilə azadlıq qazandıqları ölkədə döyüldülər, təhqir olundular, amma sözün məhbəsə məhkum olmasına imkan vermədilər. Mübarizə dayanmadı, sözün azadlıq savaşı bitmədi.
Azad ölkədə azad sözün qüdrətini və dəyərini bilən söz sahibi xalqın sözünü eşidib, tələbini qəbul edib hakimiyyətə gəldi. Gəldi ki, Azərbaycanı yenidən boyunduruğa salıb imperiya köləsinə çevirməsinlər. Gəldi ki, müstəqil Azərbaycanda demokratiyanın bərqərar olması üçün sözün azadlığına birdəfəlik hökm versin...
1993-cü ildə hakimiyyətə yenicə qayıtmış Heydər Əliyev yaxşı başa düşürdü ki, totalitar bir quruluşdan yenicə qopub demokratiyaya keçid edən bir ölkədə mətbuat hələ "dördüncü hakimiyyət" rolunu oynamağa hazır deyil. Çünki həm dövlət, həm də ayrı-ayrı qruplar tərəfindən idarə olunan mətbuat vasitəsilə kütlələri manipulyasiya edir, gənc müstəqil ölkədə dövlət çevrilişlərini həyata keçirmək üçün ondan sui- istifadə edirdilər. Ona görə də gənc demokratik ölkədə mətbuatı azad bir müstəviyə çıxarmaq əsas vəzifələrdən biri kimi irəli sürüldü və Prezident Heydər Əliyev 1998-ci il avqustun 6-da özünün tarixi "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərmanı ilə Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərini götürərək, ölkədə sözü, fikri və mətbuatı azad elan etdi.
Əgər zəmanəsinin siyasət əfsanəsi demokratiyanın ən vacib dəyərlərindən olan bu azadlıqların ayaqda durması və inkişafı üçün müvafiq qərarlar verməsə, lazımi tədbirlər görməsəydi, əslində bu azadlıq özü-özlüyündə 120 illik ənənələri olan Azərbaycan mətbuatını taleyin ixtiyarına buraxmaq və bəlkə də məhvə məhkum etmək olardı. Ölkənin iqtisadi vəziyyətinin elə də yaxşı olmadığı bir vaxtda belə Prezident Heydər Əliyevin səyləri nəticəsində medianın maddi-texniki bazasının inkişafı, möhkəmləndirilməsi, bir çox qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarının dondurulması və vaxtının uzadılması ilə bağlı fərmanlar, sərəncamlar imzalandı. Ölkədə müstəqil jurnalistikanın əsası qoyuldu, Azərbaycan mediasının demokratik ənənələri formalaşmağa başladı və azad, müstəqil jurnalistika cəmiyyətin aparıcı təsisatlarından birinə çevrildi. 1999-cu il dekabrın 7-də KİV haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Beləliklə, söz azadlığı, kütləvi informasiya azadlığı və senzuranın ləğvi Azərbaycan Konstitusiyasının müvafiq maddələri (47 və 50) ilə təmin olunmuş baza dəyərləri kimi, müstəqil respublikanın hüquqi standartlarının ayrılmaz tərkib hissəsinə çevrildi.
Azərbaycan milli mətbuatının 125 illiyində ümummilli lider Heydər Əliyev jurnalistlərlə görüşündə verdiyi qərarların məramını açıqlayaraq deyirdi: "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratiyanı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir... Sözlər deyil, bu, mənim geniş siyasətimin bir hissəsidir".
Zaman göstərdi ki, söz və mətbuat azadlığının bərqərar olması davamlı prosesdir və Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevdən sonra bu təkmilləşdirmə prosesinin estafetini uğurla davam etdirməyə başladı. Ümummilli liderin demokratik dövlətçilik strategiyasının prioritetlərindən biri kimi söz və mətbuat azadlığının, KİV-in inkişafına xüsusi qayğı ilə yanaşan İlham Əliyev bunun bir mühüm məqamının da iqtisadi sferadan keçdiyini bildiyi üçün onun ilk addımlarından biri məhz qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının silinməsi barədə sərəncamı oldu. 2005-ci ildə "Əməkdar jurnalist" adı bərpa olundu və bir qrup jurnalist bu fəxri ada layiq görüldü və bundan sonra jurnalistlərin təltif olunması ənənəyə çevrildi.
Azərbaycan mətbuatının və jurnalistikasının inkişafının davamlı xarakter alması məqsədilə dövlət başçısının tapşırığı ilə müstəqil mətbuatın inkişafının əsas istiqamətlərini göstərən Dövlət Konsepsiyası işlənib hazırlandı və Prezidentin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edildi.
Azərbaycan mətbuatının 140 illik yubiley tədbirində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısının ölkəmizdə söz və mətbuat azadlığının inkişafındakı xidmətlərindən söz açaraq haqlı demişdir: "Prezident İlham Əliyevin Azərbaycan jurnalistikası qarşısında ən böyük xidməti ulu öndərin yolunu davam etdirməsi və Heydər Əliyevdən sonra Azərbaycan mediasının tarixinə düşən müstəqil mətbuatın inkişafı ilə bağlı Dövlət Konsepsiyasının qəbul olunması və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır. Həm konsepsiya, həm də fond Azərbaycan mediası üçün əbədi xidmət məqsədi daşıyır."
Həqiqətən, bu sənəd və yaradılan yeni qurum Azərbaycan dövlətinin son illərdəki media siyasətinin mahiyyətini, fəlsəfəsini açıb göstərir ki, mətbuat inkişaf etsin, daha da müstəqilləşsin, siyasətdən, digər öhdəliklərdən xilas olsun, ölkədə real, obyektiv informasiya daşıyıcısı olsun, insanların məlumat almaq ehtiyaclarını ödəsin, onları beynəlxalq aləmdə, respublika daxilində baş vermiş hadisələrlə düzgün, dürüst tanış edə bilsin.
Yarandığı ilk gündən fondun qarşısında qoyulan vəzifələrdən ən önəmlisi kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək oldu. Bu sahədə fondun fəaliyyəti dövründə gerçəkləşdiyi tədbirlərin miqyası və onların təhlili göstərir ki, bu qurum son illər həqiqətən Azərbaycanda söz və fikir azadlığının, müstəqil mətbuatın inkişafı sahəsində dövlət siyasəti olan Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının uğurla həyata keçirilməsində mühüm bir struktura çevrilə bilmişdir. Son illər Azərbaycan mediası ilə bağlı keçirilən elə bir tədbir yoxdur ki, KİVDF orada əsas təşkilatçılardan biri kimi çıxış etməsin.
Əslində, bu gün Azərbaycan mediasının bütövlükdə demokratiyanın ən dəyərli neməti olan söz və fikir azadlığına, mətbuat azadlığına hörmətlə yanaşmaq, onu itirməmək üçün cəmiyyət arasında nüfuzunu qorumaq məramına xidmət istiqamətinə yönəltmək nə Mətbuat Şurası, nə də KİVDF üçün asan məsələdir. Çünki, azad sözün "fədailəri" sayılan jurnalistlər həm peşəkarlıq səviyyəsinə görə, həm də dəyərlərin anlayışı baxımından bir neçə qismə parçalanırlar. Əgər bir qisim öz borcunu və vəzifəsini aktual məsələrin üzə çıxarılmasında və araşdırılmasında, həqiqətin axtarışında görürsə, digər bir qismi surroqat materialların "istehsalında", internetdən informasiyaların çıxarılıb istifadə edilməsində görür. Bir qisim öz auditoriyasını maarifləndirdiyi və tərbiyələndirdiyi bir vaxtda, digər bir qisim onun əxlaqını pozur və təhqir edir. Bir qisim bazarın tələbləri ilə ayaqlaşmaq üçün mənəvi, əxlaqi prinsipləri kənara qoyub pul qazanmağın eybəcər formalarını yaradır, başqaları isə peşənin mənəvi dəyərlərini maddi dəyərlərdən yüksəkdə tutur. Onlar arasında yaranan uçurum getdikcə dərinləşir və bu da cəmiyyətdə mətbuata münasibəti kökündən dəyişir, ona olan inama güclü zərbə vurur.
Digər tərəfdən, "qloballaşma və "qərbləşmə"nin müasir tendensiyaları jurnalistikanın milli özünəməxsusluğuna dağıdıcı təsir göstərir. Bu da bəzi hallarda milli mədəniyyətin əsaslarının dağıdılmasına, bəzi hallarda isə əksinə, jurnalistləri ömrünü başa vurmuş forma və metodların konservasiyasına aparıb çıxarır.
Bəzi mətbuat orqanlarına onların qərəzli, hətta bəzi məqamlarda milli mənafeyə zidd çıxışlarına görə irad tutanda, dərhal faktlara söykəndiklərini ortaya qoyur və özlərini bu yolla sığortalamağa çalışırlar. Unudurlar ki, "faktlar sözsüz, şərhlər azad" olsa da, faktların özünün seçimi artıq jurnalistin, onun çalışdığı mətbuat orqanının mövqeyidir. Ona görə də kütləvi informasiya və kommunikasiya vasitələrinin yalnız sosial informasiyaların ötürücü kanalı olduğunu iddia etmək, o qədər də obyektiv fikir deyil.
Yəqin ki, bütün bunlardan çıxış edərək Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamında yazır: "Qlobal informasiya məkanının gündən-günə genişləndiyi, beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya vasitələrimiz daha peşəkar, obyektiv və prinsipial olmalı, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutmalıdırlar."
Azad mətbuat ölkənin rifahının davamı, onun liderinin özünə inamının göstəricisidir. Müasir şəraitdə Azərbaycan liderinin qarşıya qoyduğu vəzifələr bizim həm jurnalist, həm də vətəndaş borcumuzdur. Əziz həmkarlar, bu mövqedən çıxış edib bir gerçəyi unutmayaq ki, söz azadlığı hamımızın, bütün Azərbaycanın azadlığıdır. Gəlin ondan sui-istifadə edib hörmətdən və dəyərdən salmayaq!
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.