Xoşbəxtliyini Azərbaycan üçün ölməkdə görən polşalı general

Azərbaycan Xalq Cümhuriyyəti demokratik fəaliyyəti ilə xalqımızın tarixində silinməz izlər qoymaqla yanaşı, həm də öz milli düşüncəli şəxsiyyətləri ilə nümunəvi yol müəyyənləşdirdi. Xalq Cümhuriyyətinin qurulmasında, möhkəmləndirilməsində fədakarlıq nümayiş etdirmiş bir sıra şəxsiyyətlər var ki, onlar haqqında xeyli kitablar, məqalələr yazılmış və müasir nəslə tanıdılmışdır. Lakin cümhuriyyətə fədakarlıqla xidmət etmiş, erməni qəsbkarlarını qarşısının alınmasında qətiyyət göstərmiş, amma hələ də həyatı ictimaiyyət tərəfindən tam öyrənilməmiş, bolşeviklər tərəfindən məhkəməsiz-sübutsuz güllələnmiş, məhdud sayda insanın tanıdığı ordu qurucularımızdan biri, əslən Polşa-Litva tatarı, general Məmməd Süleyman bəy Sulkeviçdir. 

 

Şərqi Avropadan Qafqaza ömür yolu

 

Qədim türk toplumlarından olan tatarlar Polşa və Litvada XV yüzillikdən yaşamağa başlayıb və Polşanın hərb tarixində çox böyük iz qoyublar. 1897-ci il siyahıyaalınmasında tatarların sayı 13 min nəfər göstərilir və onların içindən 20-dən çox rus ordusunun generalının yetişdiyi bildirilir. Azərbaycan Cümhuriyyətinin ordu quruculuğunda yaxından iştirak etmiş general Sulkeviç də tatar xalqının hərbi istedadını bütün keyfiyyətləri ilə özündə daşıya bilən şəxsiyyət idi. Sulkeviç 1865-ci il iyunun 20-də  Polşanın (o zaman Litva tərkibində idi) Vilno quberniyasının Kemeyşi məntəqəsində zadəgan ailəsində doğulub. Atası oğluna Maçeybəy adını verib.

Məmməd bəyin atası Aleksandr da polkovnik rütbəsində Qusar alayında xidmət edib. Hərbçi olmaq istəyən və atasının yolunu davam etdirən Məmməd bəy Voronejdə Mixaylovsk kadet məktəbini bitirdikdən sonra Peterburq Mixaylovsk Artilleriya Məktəbinə daxil olur. Oranı birinci dərəcə ilə bitirir və xidmətə göndərilir. Daha sonra imperiyanın Baş Qərargah Akademiyasında təhsil alır. Bununla o, bu akademiyada oxuyan ilk müsəlman tələbə olur.  Məmməd bəy akademiyanı bitirdikdən sonra xidməti vəzifədə irəliləməyə başlayır. 1899-cu ildə ilk mükafatı - “Müqəddəs Stanislav” ordeni ilə təltif olunur. Elə həmin ildə ona podpolkovnik rütbəsi verilir, Odessa Hərbi Dairə Qərargahına baş yavər, 1903-cü ildə 15-ci piyada diviziyasına qərargah rəisi təyin olunur. Elə həmin il ona polkovnik rütbəsi verilir. 1904-1905-ci illərdə rus-yapon müharibəsinə qatılaraq imperatorun səkkizinci ordu korpusunda xidmət edir.  Məşhur Mukden döyüşlərinin də iştirakçısı olur. 1905-ci ildən isə 57-ci Modlin piyada polkunun komandiri təyin edilir.

Rus-yapon müharibəsində ikinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birlikdə), dördüncü dərəcəli “Müqəddəs Vladimir” (bant və qılıncla birlikdə) ordenləri ilə təltif olunduqdan sonra 1906-cı ildə onun bu savaşdakı xidmətləri “İgidliyə görə” qızıl silahı ilə mükafatlandırılır.  1910-cu ildə Sulkeviç əla hərbi xidmətə görə general-mayor rütbəsi alır və ikinci və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordenlərinə layiq görülür. 1916-cı ildə hərb karyerasında general-leytenant rütbəsinə yüksəlir.

Onun əmrlərindən, elmi əsərlərindən və məsləhətlərindən ibarət ikicildlik kitab da nəşr edilib. Rus hərbi tədqiqatçıları yazırlar ki, onun hərbi məsləhətlərindən nəinki Rusiyada, hətta xarici ölkələrdə də yararlanıblar.

Bolşeviklərin Oktyabr çevrilişindən sonra Rusiyada vətəndaş müharibəsi başlayır və müstəmləkələr müstəqillik uğrunda mübarizəyə başlayırlar. 1918-ci ilin əvvəllərində Sulkeviç imperiya ordusunda xidmətini başa vurur. Təbiətcə təəssübkeş olan general Sulkeviçi Rusiyada yaşayan türk- müsəlmanların taleyi narahat edirdi. O, hələ 1902-ci ildə Polşa şərqşünası Anton Muxlinskinin  “Litva tatarlarının mənşəyinin araşdırılması və vəziyyəti” adlı kitabını Odessada öz xərcinə nəşr etdirir. 1917-ci ildə o, müsəlmanlardan ibarət Birinci Əlahiddə Korpusu təşkil edir və 1918-ci ildə Krıma gəlir.

Tanınmış hərbi-tədqiqatçı Şəmistan Nəzirli yazır ki, 1918-ci ildə tatarlar Krımın müstəqilliyini elan edəndə, M. Sulkeviç Krım hökumətində baş nazir, hərbi nazir və daxili işlər naziri işləyib. Krımlılar onu Süleyman peyğəmbərin şərəfinə Süleyman bəy adlandırmışdılar. Hətta Türkiyənin hərbi naziri Ənvər paşa tatar xalqının müstəqilliyinə sevinərək ona təbrik də göndərib:

“Krım hökumətinin Baş naziri general Süleyman bəy Sulkeviçə! Cəfər bəylə birgə Krımda hökumət yaratdığınıza görə Sizi təbrik edirəm... Türkiyə hökuməti öz müttəfiqi kimi bu işdə Sizə kömək etməyi özünə borc bilir. Osmanlı imperiyası da Sizə arxa olacaq və yardım göstərəcəkdir”. Sulkeviçin təşəbbüsü ilə “Rusiyada Müsəlman Millətlərinin Müdafiə Cəmiyyəti” yaradılıb. Sonralar tatarlar onu Krımdakı fəaliyyətinə görə “Süleyman paşa” çağırıblar. Krımda milli qüvvələr məğlub olduqdan sonra Sulkeviç Azərbaycana mühacirət edir. Həmin vaxt artıq Azərbaycan Şərqdə ilk Xalq Cümhuriyyəti olaraq öz istiqlaliyyətini elan etmişdi. Parlament yaradılmış, ordu quruculuğuna başlanmışdı.  Məmməd bəy Sulkeviç Azərbaycana 1918-ci ilin dekabrında gəlir və 1919-cu il martın 26-dək Gəncədə yerləşən Birinci Müsəlman Korpusunun komandanı vəzifəsini icra edir. Həmin tarixdən sonra Baş Qərargah rəisi təyin edilib. Kəşməkəşli olan cümhuriyyətin yaranma dövrü bir tərəfdən böyük dünya güclərinin əhatəsində çətin sınaqlarla qarşı-qarşıya qalmaq, digər tərəfdən də onların diktəsi və planı üzrə hərəkət edən, getdikcə daha da alovlanan erməni separatizmi. Bu baxımdan generallarımız S.Mehmandarov, Ə.Şıxlinsiki, H.Səlimov, Ə.Qaytabaşı, X. Sultanov kimi Sulkeviçin də üzərinə böyük missiya qoyulmuşdu.

 

Sulkeviç Milli Ordumuzun düşünən beyninə çevrilir

 

Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda milli və peşəkar kadrların hazırlanmasında əməyi keçən isimlərin arasında Məmməd Süleyman bəy Sulkeviçin əvəzolunmaz xidmətləri var. AXC Ensiklopediyasında Sulkeviç haqqında məlumat bölümündə qeyd olunur ki, onun baş qərargah rəisi təyin edilməsi ilə Azərbaycanın milli qoşun hissələrinin formalaşdırılması sürətlənir, ordunun  döyüş hazırlığı xeyli təkmilləşdirilir. Sulkeviçin rəhbərliyi ilə hissə və birləşmələrdə çavuş məktəbləri yaradılaraq döyüş hazırlığının proqram və cədvəlləri tərtib edilir. Qoşun və agentura kəşfiyyatının təşkilinə diqqət artırılır. Bakıdakı ingilis qüvvələrinin komandanlığı ilə razılaşma əsasında ingilis toplarının öyrənilməsi üçün 50-80 nəfərlik qrupun yaradılmasına nail olunur. Həmin qrupda dərsləri ingilis zabitlərinin dərsləri aparması razılaşdırılır.

Qoşun hissələrinin atəş hazırlığının yüksəldilməsi üçün Sulkeviç 1919-cu ilin mayında Gəncə, Xankəndi, Şəki, Zaqatala, Qusar və Bakı qarnizonlarının rəisləri qarşısında atəş meydanlarının təchiz olunması məsələsini qaldırır. Atəş hazırlığı üçün metodik göstərişlər və rəhbər sənədlər hazırlanır. Hərbi məktəblərin zabit və yunkerlərinin geyim forması, ölkədə səfərbərlik planının hazırlanması istiqamətində görülən işlər də Sulkeviçin rəhbərliyi ilə həyata keçirilir. Şimaldan Denikin təhlükəsi güclənərkən Bakı müdafiə sisteminin, Bakının dənizdən və qurudan müdafiəsinin, Abşeronun, şimal sərhədinin müdafiə sistemlərinin qurulması da Sulkeviçin gördüyü önəmli işlərdən olub. O, Bakı limanındakı bəzi ticarət və nəqliyyat gəmilərinin hərbiləşdirilməsinin ideyasını verir. Bundan əlavə, səfərbərlik elan ediləcəyi təqdirdə dəmir yolu xətlərinin qorunması haqqında təlimat, Ermənistanın və Denikin ordusunun  Azərbaycana təcavüzünə qarşı qoşun hissələrinin yerləşdirilməsi, Gəncədə arxa cəbhə komandanlığının yaradılması və digər mühüm sənədləri şəxsən hazırlayır.

1920-ci ilin yanvarında Sulkeviç Qarabağda vəziyyətin sabitləşdirilməsi və qoşun hissələrinin möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirir. Həmin vaxt Qarabağın dağlıq hissəsində yaşayan ermənilər həm quldur Andronikin, həm də Azərbaycanın tarixi şəhəri olan İrəvanda qurulan Ararat respublikasının hərbi və maliyyə yardımı ilə separat çıxışlar edir, ordumuzun əsgərlərinə tabe olmur, mill hökumətimizə etimadsızlıq göstərirdilər. Sulkeviç daşnak silahlı dəstələrinin ləğv edilməsi üçün azərbaycanlı hərbi pilotların Gürcüstan təyyarələrində döyüşə cəlb edilməsi barədə təkliflər irəli sürür.  Elə həmin il Sulkeviç Nazirlər Şurasının qərarı ilə Bakıdan keçərək, Rusiyaya gedən denikinçilərin qalıqlarından silah və təchizatı qəbul edən idarələrarası komissiyanın sədri təyin olunur.

 

Amansız mühakimə

 

1920-ci il aprelin 28-də Azərbaycan şimaldan sərhədlərimizi pozan 70 minlik sovet ordusu və Xəzər dənizi tərəfindən paytaxtımızı mühasirəyə alan hərbi donanma tərəfindən işğal edildi. Beynəlxalq aləmdə de-fakto tanınan və sərhədləri müəyyən olunan AXC-nin işğalı dünyanın sivil qanunlarının kobud şəkildə pozulması və hüquqi cinayət xarakteri daşıyırdı. Bolşeviklər ölkəni işğal edər-etməz milli hökumətin üzvlərinə, bəy-xan nəslinin nümayəndələrinə, ruhanilərimizə və milli ordumuzun say-seçmə zabitlərinə qarşı əsl terrora başladılar. Bir sıra generallarımız həbs olundu. Onların içində milli hökumətin qurulmasında prinsipiallığı ilə seçilən və hökumətə sadiqliyi ilə fərqlənənlər üçünsə, ümumiyyətlə, məhkəmə keçirilmədi. Günahıları sübuta yetirilmədən məhkəməsiz-sübutsuz güllələndi. Onların sırasına qəhramanımız Polşadan Azərbaycana gəlmiş, milli dövlətçiliyimizə sidq-ürəkdən xidmət etmiş general Məmməd Süleyman bəy Sulkeviç də daxil edilir. 1920-ci ilin mayında bolşeviklər onu həbs edərək Bayıl həbsxanasına salırlar. İyulun 15-də generalımız məhkəməsiz güllələndi. Həmin vaxt həbsxananın kamerasında Xarici İşlər Nazirliyinin şöbə müdiri M. S.Rudzinski də var idi. Rudzinski yazır ki, gecə onun yanında yatmışdım. Səhər NKVD əməkdaşları gəldilər və Sulkeviçə onlarla getməyi bildirdilər. O güllələnəcəyini dəqiq bilsə də, özünü ləyaqətli və mərd apardı. Bir neçə gündən sonra onun güllələndiyi xəbərini qəzetlərdən oxudum. General Sulkeviçin qətlə yetirilməsi ilə  bağlı Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli mütəffəkirimiz M.Ə. Rəsulzadə özünün “Azərbaycan Cümhuriyyəti” əsərində əmisi oğlu – müsavatçı Məhəmməd Əli bəyin dediklərini yazır: “Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu çökmüşdü. Onun gözlərinə baxmağa cəsarət etmirdik, təsəlli sözü tapa bilmirdik. General Sulkeviç özü bizi qabaqladı, sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam: “Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Əlvida !” Bu fikirləri oxuyan hər bir Azərbaycan övladının ürəyində generalımızın belə fədakarlığı dərin iz qoyur. Bu gün həm Polşada, həm Litvada, həm də Azərbaycanda xatirəsi əziz tutulan generalın keçdiyi qısa, lakin şərəfli ömür yolu bütün cəmiyyətimiz üçün təsirli və nümunəvidir.

Anar TURAN,
“Xalq qəzeti”


Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında