Bərdə: dünənin şöhrətindən, bu günün vüsətindən güc alan diyar

Son illərdə 3 min illik şəhər tarixi olan qədim Bərdə ölkənin çağdaş yeniləşmə və tərəqqi modeli əsasında ev-ev, məhəllə-məhəllə, küçə-küçə, meydan-meydan təzələnmiş, müasirləşmişdir.  Rayon hərtərəfli yeniləşməsi ilə öz tarixində ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bütün bunlar Bərdə şəhərinin və digər yaşayış məntəqələrinin yaxın keçmişdəki sınıq- salxaq, boz- bulanıq mənzərəsini birdəfəlik yox etmiş, hər addımda ürəkaçan, rahatlıq yaradan bir aləmə qapı açmışdır.

Min illərin inkişaf təcrübəsini nadir quruculuq iksiri kimi qədim Bərdənin indiki nəsillərinin genetik yaddaşında, bitib- tükənməyən arzu- istəklərində yaşadan tarix  bu münbit, axar- baxarlı torpaqda ən mükəmməl, hərtərəfli intibaha şahidlik etməkdədir.

Bərdə şəhərinin girişindəki tarixlə müasirliyi qovuşduran bənzərsiz memarlıq kompleksinin yartdığı isti və əlvan təəssürat baş xiyabanlar boyunca şəhərin içərilərinə doğru yayılmış, rastına çıxan hər şeyi bu üsluba uyğunlaşdırmışdır. “Nüşabə qalası” adı ilə bu günə gəlib çatmış qədim ərazidə aparılan abadlıq işləri, dahi Azərbaycan memarı Əcəminin yetirməsi olan Əhməd İbn Əyyub əl Hafizin 1322-ci ildə yaratdığı və sovet zamanında baxımsızlıqdan bərbad hala düşmüş “Allah- allah” türbəsinin yüksək elmi- tarixi prinsiplərlə bərpa edilməsi şəhərin baş qurucusu və memarı olan indiki icra başçısının Bərdənin öyünclü tarixindən qalma görüntüləri günün müasirliyinə qovuşdurmaq məharətindən xəbər verir.

Bütövlükdə, son illərdə Bərdə şəhəri və əksər yaşayış məntəqələri abadlıq-quruculuq prosesinin yüksək hüdudlarına çatmış, torpağın bar-bəhrəsi və istehsal sahələrinin yüksək məhsuldarlığı firavanlığın təməllərini möhkəmləndirmişdir. Rayonun əldə etdiyi möhtəşəm uğurlar yerli rəhbərin yenilikçi və təşəbbüskar olmasının, adamları hamılıqla quruculuq işlərinə səfərbər edə bilmək, dövlət dəstəyindən və daxili imkanlardan qədərincə yararlanmaq  bacarığının bizim günlərdə nə qədər önəmli bir amil olduğunu bir daha təsdiqləyir.

Rayona növbəti səfərimizin zəngin və ürəkaçan təəssüratını bölüşmək, bilgilərimizi tamamlamaq üçün Bərdə Rayon İcra Hakimiyyətinə gəlib başçı ilə görüşdük. Jurnalistlər üçün maraqlı müsahib olan rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev ixtisasca tarixçi olduğundan həm də bu qədim diyarın dünəni və bugünü barədə qənaətlndirici məlumat verən münasib bilik sahibidir. Çağdaş Bərdəni tərəqqiyə qovuşduran inkişaf modeli barədə onun yığcam açıqlaması bu qənaətimizi bir daha təsdiqlədi:

– Azərbaycanda tərəqqi və hərtərəfli yeniləşmə adı almış çağdaş inkişaf prosesinin əsasında dövlət başçısının dünəndən qalma yaxşı nə varsa hamısını qorumaq və dünya səviyyəsində qəbul edilən yenilikləri ölkəmizə gətirmək xətti dayanır. Bu model əsasında paytaxt Bakının əldə edilmiş əfsanəvi mənzərəsi bu gün bütün dünyanı heyran qoyur. İdarəetmə sükanını ümummilli lider Heydər Əliyevdən qəbul edərkən qarşısına hər bir azərbaycanlının Prezidenti olmağı və regionları da paytaxt səviyyəsində inkişaf etdirməyi məqsəd qoyan Prezident İlham Əliyev hər iki yöndə tarixi uğurlara imza atmışdır.

Dövlət başçısının təşəbbüsü ilə hazırlanan və birbaşa dəstəyi ilə gerçəkləşdirilən, hər biri beşillik bir müddəti əhatə edən regional inkişaf proqramlarının hərtərəfli müasirləşdirdiyi, əksər həyat rahatlıqları gətirdiyi öncül rayonlardan biri də Bərdədir. Gördüyümüz işlərin davamı daha miqyaslı və ürəkaçandır.

Vidadi İsayev söhbətin davamında bu ilin aprel ayında cəbhə bölgəsində baş vermiş hərbi-siyasi gərginliyin yaratdığı təbii çətinliklərdən söz açdı:

– Kənddə yaz təsərrüfat işlərinin qızğın çağına təsadüf edən böhranlı aprel günlərində rayon əhalisi  heç bir vahiməyə düşmədən yaranmış mürəkkəbliyi ayıq- sayıqlıqla və dəyanətlə qarşıladı. Erməni silahlı qüvvələrinin qoşunların təmas nöqtəsində törətdiyi növbəti təxribata Azərbaycan Ordusunun verdiyi layiqli cavab, düşmənə vurulan sarsıdıcı zərbə hər bir azərbaycanlı kimi, bərdəlilərin də böyük ruh yüksəkliyinə səbəb oldu.

Bərdəlilər şəhid olmuş həmyerlilərini dərin ehtiramla əbədiyyətə yola saldılar, onların ailələrinə arxa-dayaq oldular. Yaralanmış əsgər və zabitlərimizin, xəsarət almış dinc sakinlərin müalicəsi və sağlamlığının bərpası üçün hər cür kömək göstərildi. Düşmənin qəfil və namərd mərmi yağışından xilas olub Bərdəyə pənah gətirənlərə lazımi diqqət və qayğı göstərildi. Bu hadisələrdən sonra bütün xalqımız kimi, bərdəlilər də bir daha əmin oldular  ki, Azərbaycan öz güc-qüdrəti ilə ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu gerçəkliyin yaratdığı beynəlxalq əks-səda göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan torpaqlarımız azad ediləcək, yurdlarından didərgin düşmüş soydaşlarımız öz doğma evlərinə qayıdacaqlar.

Bütün bunlar ümummilli lider Heydər Əliyevin 1994-cü ildə cəbhədə atəşkəsə nail olub, ölkənin iqtisadi-hərbi qüdrətini artırmaq xəttinin düzgünlüyünü bir daha sübut etdi. İndiki hadisələrin bizə anlatdığı bir həqiqət isə odur ki, seçilmiş doğru yolla dayanmadan irəli getməliyik. Hər kəs çalışdığı və məsul olduğu sahədə uğurları artırmalı, düşmən üzərində yaxınlaşan qələbəmizə töhfəsini verməlidir.

Başçı günün önəmli məsələləri sırasında, ilk olaraq, yaxın keçmişdə rayonda pambıqçılıq sahəsində qazanılmış uğurların dirçəldilməsindən söz açdı:

– Sovet dönəmində Bərdə pambıqçılıq rayonu kimi təkcə respublikamızda deyil, keçmiş SSRİ-də böyük şan-şöhrət qazanmışdı. 1981-ci ildə rayonda 28 min hektar pambıq əkilmiş, 44,8 sentner məhsuldarlıqla 126 min tona yaxın pambıq tədarük edilmişdi. Bərdəlilər bu nailiyyəti unutmurlar. Onlar Prezident İlham Əliyevin son vaxtlar qeyri-neft sektoru kimi, kənd təsərrüfatının, xüsusilə, pambıqçılığın inkişafına verdiyi önəmi, dövlətin göstərdiyi diqqət və qayğını minnətdarlıqla qarşılamışlar.  Ölkənin aqrar potensialını hərəkətə gətirməklə bağlı əsaslı tədbirlər rayon əməkçilərinin Bərdənin keçmiş şöhrətini geri qaytarmaq ümidlərini gücləndirmişdir.

Pambıqçılığın inkişafı sahəsində inamlı addımlar atılır. Keçən il 1162 hektarda pambıq əkilmiş və 3292 ton məhsul tədarük edilmişdi. Bərdədə ümumi emal gücü 40 min ton olan 2 pambıq emalı zavodunun olması pambıq istehsalını artırmaq üçün stimul yaradır. Ötən il qonşu rayonlardan daxil olan məhsulla birlikdə cəmi 9 min ton pambıq emal olunmuşdu. Bərdəlilərin pambıqçılıq sahəsində peşəkarlığından, mövcud pambıq emalı zavodlarının potensialından daha geniş istifadə edilməsi üçün cari ildə geniş izahat- hazırlıq işləri aparılmışdır.

MKT emal müəssisəsi 1737 hektarda, “ÇTZ-aqro” isə 1163 hekarda pambıq əkilib- becərilib- satılması barədə fermerlərlə müqavilələr bağlamışdır. Əkinçilərə kredit, toxum, texnika verilməsini də emalçılar öz üzərlərinə götürmüşlər. 103 hektar da özəl təşəbüssülərin əkini olmaqla, bu il 3 min hektarda pambıq becərilir. Hüseynbəyli kəndində fermer Murad Quliyevin 50 hektarda, Dəymədağlı kəndində Elman Nərimanovun 85,5 hektarda pambıq əkib- becərməsindən indi rayonda öyünclü nümunə kimi söz açılır.

Əminəm ki, biz rayonun dotasiyasız işləməsi vəzifənin öhdəsindən layiqincə gələcək, pambıq istehsalı sahəsində keçmiş şöhrəti qaytaracaq, həmçinin pambığın emalını təşkil edəcəyik. Bütün bunlar sakinlərimizin həyat səviyyəsinin yüksəldilməsinə xidmət göstərəcəkdir.

Vidadi İsayev daha sonra bildirdi ki, bütün bunlar əhalinin zəruri və artan ehtiyaclarının ödənilməsindən əlavə, həm də yeni iş yerləri, davamlı məşğulluq deməkdir. Eyni zamanda, Prezidentin göstərişi əsasında, əhalinin məşğulluğunun təmin edilməsi üçün rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan vakant yerlər barədə məlumat toplanmış, əlavə iş yerləri açılmışdır. Son dövrdə 702 iş yeri yaradılmış, 521 nəfər işlə təmin edilmişdir.

 Yeni istehsal sahələrinin yaradılması, dayanmış müəssisələrin fəaliyyətinin bərpa edilməsi üçün ardıcıl işlər aparılmaqdadır. Hazırda rayon ərazisində toxuculuq müəssisəsinin yaradılması üçün tədbirlər görülür. Hələ 1996-cı ildə Aran Yoldaşlıq Şirkəti toxuculuq müəssisəsinin yaradılması üçün toxucu və tikiş avadanlıqları alıb gətirmiş, lakin indiyədək istehsalı təşkil edə bilməmişdir. Həmin müəssisənin fəaliyyət göstərməsi üçün tədbirlər görülməkdədir.

Dövlətin göstərdiyi diqqət və qayğının sayəsində ilin əvvəlindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 8,2 faiz artaraq 9,8 min nəfərə çatmışdır. İri fermer təsərrüfatlarının yaradılması, sənaye məhəllələrinin təşkil edilməsi fəaliyyətin prioritet istiqamətidir. Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları bu il 70 sahibkara 588,7 min manat güzəştli kredit verərək 72 yeni iş yerinin yaradılmasına şərait yaratmışdır. Proqramın əvvəlindən 2614 sahibkara 70 milyon manat güzəştli kreditlər verilmiş, bu hesaba 4939 yeni iş yerləri yaradılmışdır.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində I rübdə 1266 yeni iş yerləri açılmışdır ki, bunun da 676-sı daimidir. Yeni açılmış iş yerlərinin 676-sı fiziki şəxslərdə, 590-nı digər layihələrin həyata keçirilməsində yaradılmışdır. Dövlət proqramları qəbul olunandan indiyədək 30020 yeni iş yeri açılmışdır ki, bunun da 15059-u daimidir.

Öyrəndik ki, kənd təsərrüfatı sahəsində ənənələrin dirçəldilməsində baramaçılar da ilk addımda öz sözlərini demişlər. Qədim baramaçılıq məskəni olan Şəki və bu sahədə təcrübəsini unutmamış Zərdabdan sonra bu mövsümdə ən çox ipək xammalını bərdəlilər yetişdirmişlər. Onlar paylanmış 80 qutu toxumdan nəzərdə tutulmuş 4 ton əvəzinə, 4 ton 465 kiloqram barama götürmüşlər. 1 ay ərzində 119 kiloqram məhsuldan 953 manat nağd qazanc götürən Nicat Süleymanov və 104 kiloqram baramadan 832 manat vəsait əldə edən Afiyəddin Hüseynov kimi kümçülərin uğuru adamlarda bu sahənin faydalılığına və gələcək inkişafına böyük inam yaratmışdır.

Taxılçılar da ənənəvi olaraq mövsümü uğurla başa vurmuşlar. 13453 hektar zəminin hər hektarından 37, 5 sentner olmaqla 55, 5 min ton taxıl tədarük edilmişdir. 223 hektar toxumluq taxılın biçilməsi isə bu rəqəmi, ən azı, 800 ton artıracaq. Fermerlərdən İkram Ziyadovun 200 hektarda, Əhməd İbrahimovun 100 hektarda məhsuldarlığı 45-- 50 sentnerə çatdırmaq bacarığı rayon taxılçılarına üzağlığı gətirmişdir.

Heyvandarlıq sahəsində fermerlərin uğurlarını rayonda yeni yaradılmış və ilk addımdan ölkədə məşhurlaşmış Qarabağ Aqrar- Sənaye Parkının fəaliyyəti müasir bir mərhələyə qaldırmışdır. Təşəbbüskar və təcrübəli iş adamı Vahid Rzayevin yaratdığı bu böyük kənd təsərrüfatı müəssisəsi ölkədə heyvandarlığın gələcək inkişaf yönünü müəyyən edən ünvanlardandır. Süd və ət istehsalı, yemçilik istiqamətlərində fəaliyyət göstərən və soyuducu anbarı olan təsərrüfata rayonun ən təcrübəli maldarları və mütəxəssisləri cəlb olunmuşdur. 4 min başdan artıq xaricdən gətirilmiş cins malın bəsləndiyi fermalarda sutkada 35 ton süd sağılır. Müəssisənin illik ət kəsimi gücü 5,4 min tondur.

Heyvandarlığı ­inkişaf etdirmək üçün Qazaxlar kəndində süd qəbulu məntəqəsi tikilir. Cari dövrdə qaramalın baş sayı 5,8 faiz artaraq 94,1 minə, qoyun və keçilərin sayı isə 1,8 faiz çoxalaraq 141,2 minə çatmışdır. Diri çəkidə 3584 ton ət, 16928 ton süd, 4,6 milyon ədəd yumurta istehsal edilmişdir. 2015-ci ilin birinci rübünə nisbətən ət istehsalı 9,7 faiz, süd istehsalı 38,9 faiz, yumurta istehsalı 4,5 faiz artmışdır. Bakı şəhərində təşkil olunan yarmarkalara 295,6 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.

Dövlətin çeşidli yardımlarından bacarıqla faydalanan kənd adamları bu mövsümdə 5061 hektar sahədə yazlıq bitkilər, o cümlədən 2680 hektar sahədə yazlıq yonca, 149 hektar sahədə kartof, 1538 hektar sahədə tərəvəz, 460 hektar sahədə şəkər çuğunduru, 191 hektar sahədə bostan bitkiləri, 27 hektar sahədə günəbaxan, 16 hektar sahədə dən üçün qarğıdalı əkmişlər.

Rayon İcra Hakimiy­yətinin hesabat sənədlərindən, mütəxəssislərlə və sakinlərlə söhbətlərdən məlum oldu ki, üçüncü regional inkişaf proqramında nəzərdə tutulmuş tədbirlərdə də rayonda mütəşəkkilliklə və ardıcıl həyata keçirilir. Bərdə şəhərində aparılan irimiqyaslı quruculuq- abadlıq tədbirlərinin davamı olaraq Babək,  Ü.Hacıbəyov, S.Vurğun, M.Rəsulzadə və Bakı küçələrində, Heydər Əliyev adına park-bulvarda zəruri inşaat işləri aparılmışdır. Bu ərazilərə 3080 metr səki daşları və 800 metr bardyor düzülmüş, 9320 kvadratmetr tamet döşənmişdir. 120 kvadratmetr dekorativ hasar tikilmiş, 540 kvadratmetr divar rənglənmiş, 8 min kvadratmetr asfalt- beton qatı salınmışdır. Küçə və meydanlarda, yolların kənarlarında 11 mindən çox ağac və 20 mindən çox gül kolları əkilmişdir.

Heydər Əliyev prospektində, E.Əsədov, C.Məmmədquluzadə və R.Axundov küçələrində 1 ikimərtəbəli və 8 beşmərtəbəli kommunal yaşayış evinin dam örtüklərində və zirzəmilərində təmir işləri aparılmışdır. Kommunal binaların 39586 kvadratmetr ərazisi təmizlənmiş, 3429 kubmetr məişət tullantıları və 23789 kubmetr çirkab suları atılmışdır. Heydər Əliyev prospektindəki 149 saylı beşmərtəbəli, K.Çabbarov küçəsindəki dördmərtəbəli kommunal binaların yanında hər biri 220 kubmetrlik 2 çirkab sular quyusu tikilmişdir. Daxili imkanlar hesabına Pişəvəri, N.Hikmət, H.Cavid, Bakıxanov, A.Məmmədov, Z.Balıyev, A.Əhmədov küçələrinə, Yeni yaşayış məhəlləsinin yollarına qum-çınqıl və şeben döşənmişdir.

Kəndlərdə də ilin əvvəlindən abadlıq-quruculuq işləri davam etdirilmişdir. Yolların yenidən çəkilişinə və bərpasına xüsusi diqqət yetirilir. Artıq Əyricə kənd yolunun Tərtər çayından keçən hissəsində tikilən körpü istifadəyə verilmişdir. Kərimbəyli kəndinin 7,4 kilometr daxili yolları əsaslı təmir edilmişdir. 13 kənddə 41,2 kilometr daxili yollara qum-çınqıl döşənmişdir. Yeni Əyricə-- Əyricə kəndlərarası yolunun 1 kilometrlik hissəsinə asfalt-beton örtüyü çəkilmişdir.

Yerli  yollarda 4236 kvadratmetr dağılmış asfalt-beton örtüyü bərpa edilmişdir. 110 siqnal dirəyi, 29 yol nişanı basdırılmış və rənglənmişdir. Darğalar kəndində 3 kilometrlik, Qaraqoyunlu – Ərəblər yolunda 2,5 kilometrlik hissə qum-çınqılla əsaslı təmir edilmişdir. Respublika əhəmiyyətli avtomobil yollarının 6426 kvadratmetr dağılmış asfalt-beton örtüyü, 30 min  kvadratmetr çiyin hissələri qum-çınqılla bərpa edilmiş, 13 yol nişanı quraşdırılmışdır.

Kəndlərə qaz çəkilişi, su, elektrik enerjisi təchizatı da rayon rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdir. Son vaxtlarda Arabaçılar kəndində 3,2 kilometr, Hacılar kəndində isə 3,4 kilometr içməli su şəbəkəsi əsaslı təmir edilmiş, bu kəndlərin hər birində 1 su çəni quraşdırılmış, 11 bulaq tikilmişdir. 12 kilometr təsərrüfatdaxili və baş arxlar lildən təmizlənmiş, 9 kəndin baş yollarının kənarları və 11 kəndin qəbiristanlıqları kol-kosdan təmizlənmişdir. Yolkənarı ağaclar budanmış, kənlərdən 63 maşın məişət tullantıları atılmışdır.

 Rayonun yaşayış məntəqələrinə son dövrdə 128,1 kilometr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 6 kənd qazlaşdırılmış, 1108 abonentə təbii qaz verilmişdir. Hazırda 3 kənd qazlaşdırılır və 4 kənddə hazırlıq işləri aparılır.

Əmirli və Dəymədağıldı kəndlərinin, Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkəsi yenidən qurulmuşdur. Hazırda 7 kəndin-- Tumaslı, Cumalar, Lənbəran, Əyricə, Kələntərli, Qasımbəyli və Mollalının da elektrik şəbəkələri yeniləşdirilir. Əliyanlı kəndində içməli su üçün artezian quyusu vurulmuş, Otuzikilər, Lək və Lənbəran  kəndlərində bu işə hazırlıq aparılır.

Bu il ikintisi davam etdirilən obyektlərin  də sayı az deyil. Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya Laboratoriyasının, Mədəniyyət və Gənclər mərkəzlərinin,  100 yerlik şəhər 4 saylı körpələr evi-uşaq bağçasının tikintisində işlər sürətlə davam edir. Bərdə şəhər 2, 5 və 6 saylı tam orta məktəblərində əsaslı təmir, “Bərdə” türbəsində bərpa və İmamzadə kompleksində təmir işləri aparılır.  Qarabağ kanalının maşın qolu, Bərdə şəhəri və Zümürxan kəndi ərazilərində Tərtər çayı yatağında sahilbərkitmə işləri aparılır. 25,5 kilometr uzunluqda Yeni Daşkənd – Umudalılar yolunun çəkilişi davam edir. 5 kənddə qazlaşdırma aparılır, 6 kəndin elektrik şəbəkəsi yenidən qurulur. Qazaxlar kəndində süd qəbulu məntəqəsi tikilir.  Mollaəhmədli kəndində daxili yolların əsaslı təmiri, Qəhrəmanlı kəndində içməli su şəbəkəsinin əsaslı təmiri, Şirvanlı kəndində suvarma kanalının lildən təmizlənməsi üçün hazırlıq işləri aparılır.

Rayonda yeni sənaye məhəlləsinin yaradılmasına, Nizami parkının salınmasına, beşulduzlu mehmanxananın tikintisinə hazırlıq aparılır. Yaxın vaxtlarda 5 ümumtəhsil məktəbinin, uşaq musiqi məktəbinin, 4 körpələr evi-uşaq bağçasının, Tarix-diyarşünaslıq muzeyinin tikintisinə başlanacaq.

Qəzalı vəziyyətdə olan kommunal yaşayış binalarının sakinləri üçün yeni yaşayış binasının tikintisi, 8 ümumtəhsil məktəbinin əsaslı təmiri,  2 körpələr evi-uşaq bağçasının, şəhər poliklinikasının əsaslı təmiri, Bərdə–Ağcabədi magistral və Muğanlı-Körpüsındıran kəndlərarası yolunun yenidən qurulması, Kələntərli-Körpüsındıran kəndlərarası yolun əsaslı təmiri və asfaltlaşdırılması, Hacallı kəndinin su-kanalizasiya şəbəkəsinin tikintisi, 8 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində körpünün tikintisi, rayon mərkəzinin ətraf 9 kəndlə birlikdə su-kanalizasiya şəbəkəsinin tikilməsi də nəzərdə tutulan layihələr sırasındadır.

Bu layihələri həyata keçirmək üçün təcrübə də, vəsait də, insan qüvvəsi də var. Gəzdiyimiz yerlərdə gördüyümüz həqiqət odur ki, Bərdə qışın soyuğunda olduğu kimi, yayın qızmarında da qaynar və nəhəng quruculuq meydanıdır. Görülmüş əzəmətli quruculuq işlərinin yaratdığı sürət və sürək bərdəlilərin tükənməz gücünə və yeni istəklərinə, sanki, nəhəng bir qanad taxır, onları yeni yüksəlişə aparır.

Tahir AYDINOĞLU,
Ziyəddin  SULTANOV,
Bərdə– Bakı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında