Masallı inkişaf yollarında

Subtropik zonanın incisi sayılan Masallı rayonunda elə yaşayış məntəqələri var ki, əhali sıxlığı Çindəkindən də yüksəkdir. Məsələn, Ərkivan qəsəbəsində ərazinin hər kvadratkilometrinə 220 adam düşür (Çində bu rəqəm 130 nəfərə bərabərdir). Elə buna görə də Masallıda hər qarış torpağın qədrini bilməyi şərait özü diqtə eləyir.

Masallı şəhərinin də ərazisi sıxlıqdır. Rayon mərkəzi Digah, Seybətin, Dadva, İskəndərli yaşayış məntəqələrini əhatə edir. Ərazinin müasir insan üçün lazım olacaq bütün şəraiti var və durmadan artırılır. İri xidmət obyektləri fəaliyyət göstərir. Regionlara göstərilən diqqətin sayəsində burada da geniş abadlıq-quruculuq işləri həyata keçirilir. İnfrastruktur  genişləndirilir, şəhərin  baş planı yenilənir.

Artıq içməli su çəkilişi sona yetmək üzrədir. Reallaşmaqda olan “Asan Xidmət-Asan Həyat” kompleksi, habelə mədəniyyət, təhsil, mətbuatyayım sahəsində yaradılacaq regional idarələr rayonun daha da inkişaf etməsinə təkan verəcək. İnzibati şəhərcik ərazisində tikiləcək (ilkin mərhələdə 3 bina) sosial yaşayış evləri regionlar üzrə ilk dəfə Masallının qismətinə düşüb. Uşaq incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, polis mühafizə bölməsi, kənd təsərrüfatı idarəsi, 100 yerlik uşaq bağçası binalarının yaxın günlərdə açılışı olacaq.

Şəhərin mərkəzində Viləş Park-Bulvarı salınır. Mərkəzi xəstəxana əsaslı təmir olunur. Hazırda 6-7 min hektar əkin sahəsi su ilə təmin edilirsə, Viləşçayın II növbəsinin tikintisindən sonra bu rəqəm 20 minə çatacaq. 65 kilometrlik beton kanallar çəkiləcək. Rayon məhkəməsi üçün binanın təməli qoyulub.

Bir neçə il öncə Masallıda Prezident İlham Əliyevin iştirakı ilə Taekvondo və Boks Mərkəzləri istifadəyə verilib. Bu mərkəzlərdə bacarıqlı idmançılar hazırlanır. Masallını ürəkdən sevən, onun tərəqqisinə xidmətdə uğur qazanan dostlarımızdan biri də elə vaxtilə tanınan güləşçi olmuş, 16 yaşında (!) SSRİ idman ustası normasını doldurmuş, hazırda şəhər icra nümayəndəsi vəzifəsində çalışan Kamal Mazanovdur. Ötən ay Dövlət Qulluqçuları günü ərəfəsində Azərbaycan Prezidentinin imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Halal haqqıdır.

Ümumiyyətlə, Masallıda xidmətləri yüksək qiymətləndirilənlər az deyil. Onların sırasında Ələşrəf Niftiyev birincilərdəndir. Yüksək vəzifələrdə çalışıb. Əsl  ziyalı şəxsiyyət, dövlət qulluğu veteranı, III dərəcəli “Vətənə xidmətə görə” ordenli, yazıçı-publisist Ələşrəf müəllimlə 71 yaşının tamam olduğu gün şəhərin mərkəzi parkında görüşdük. Doğma yurdun tərəqqisindən ürəkdolusu danışdı:

– Gözəlliklərə baxdıqca, adamın könlü fərəhlənir. Masallının küçələrində, təbiət qoynundakı istirahət guşələrində xarici turistlərə çox rast gəlmək olar. Dövlət qayğısı sayəsində Masallı ən dilbər diyara çevrilib. Rayon rəhbərliyinin işgüzar səyləri müsbət nəticələr verir. Camaatımız da zəhmətsevər və qədirbiləndir. Yazdığım kitablarda bütün bunları yetərincə vəsf etmişəm. Viləş Park-Bulvarında ürəyimiz istəyən kimi dincəlib ecazkar mənzərələrdən zövq alacağımız günlərə də az qalıb. İnanıram ki, bundan sonra nağıl misallı doğma Masallımız daha da gözəlləşəcək.

Bir vaxtlar ümumittifaq bostanı kimi tanınan Masallının bazar-dükanında xaricdən və ya ölkənin başqa bölgələrindən gətirilən tərəvəz məhsullarını görəndə təəssüflənirsən. Axı, Masallı həmişə bazarlara, lap elə Moskvaya, Sankt-Peterburqa faraş və keyfiyyətli tərəvəz çıxaran rayon olub. Yerli sakinlərin deməsinə görə, burada yerə bir toxum düşdümü, bir qələmə sancıldımı, mütləq göyərəcək, tutacaq. Bağ-bostanda, əkin-biçində fantaziya yaradan bağbanların möcüzələri dillər əzbəridir. Bir misal: Xanalion kəndinin sakini Əkrəm Cabbarov 11 il ərzində tut ağacında 23 növ müxtəlif bitkini calaq edə bilib. Bəzi bitkiləri qabaqcadan gövdədə oyuq açdıqdan və içini torpaqla doldurduqdan sonra əkib. Bir çox “qonaq bitkilər” beləliklə, yaxşı böyüyür və bar verir. Doğrusu, tut ağacı budağından xiyar sallanmasını, şaftalı boylanmasını görmək qeyri-adi təsir bağışlayır.

Təəssüf ki, ötən əsrin sonlarından müəyyən səbəblərdən bu rayonda da adamların torpağa münasibəti bir qədər soyuyub. Elə indi də min hektarlarla torpaq əkilməmiş qalır. Xeyli sahəni kol-kos basıb. İqtisadi səmərəsi az olan taxıl əkini də adamların dolanacağını yaxşılaşdıra  bilməyib. Ötən ay kənd təsərrüfatına həsr olunmuş müşavirədə Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri, işçi qrupun rəhbəri Azər Əmiraslanov və digər mütəxəssislər Masallının bu sahədə zəngin təcrübəsindən yararlanmağın zəruriliyini vurğulayıblar. “Azərsun Holdinq” Şirkətlər Qrupunun dirçəltməyə çalışdığı əkin sahələri ilə tanışlıq nikbin proqnozlara əsas verib. Rayonun Kolatan kəndində əkilmiş 38 hektarlıq  yeni çay plantasiyası, Qızılağac kəndində onlarla hektar sahəni əhatə edən pomidor və digər bostan məhsullarının əkini qarşıda geniş üfüqlər açılacağını müjdələyir.

Müşavirədə  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışılıb.

Qeyd edilib ki, dövlətimizin başçısının aqrar sektorun inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı verdiyi tapşırıqlar bölgələrdə ənənəvi təsərrüfat sahələrinin bərpasını, yeni iqtisadi mərhələdə xüsusilə ixrac tutumlu sahələrin genişləndirilməsini nəzərdə tutur.

Masallıda təcrübəli təsərrüfat rəhbərləri, sahibkarlar var. Onlardan biri tanınmış çayçı-fermer Etibar Sadıqovdur.

– Aqrar sahəyə diqqətin artırılması, ənənəvi çayçılığı inkişaf etdirmək səyləri inamı artırır, – deyə o, həvəslə ürək sözlərini bildirdi. – Əminəm ki, yaxın illərdə ölkəmizdə, o cümlədən də rayonumuzda, sözün əsl mənasında, ərzaq məhsullarının bolluğu təmin ediləcək və idxala ehtiyac qalmayacaq. Aqrar sahənin dirçəldilməsi həyatın gözəlləşməsi deməkdir. Sevindirici amil odur ki, istər dövlət səviyyəsində, istərsə də başda Rafil müəllim olmaqla rayon miqyasında kənd təsərrüfatı prioritetə çevrilir. Məhz bu zəmində rayonda ənənəvi əkin sahələrinin, çoxillik bitkilərin inkişafı heç də çətinlik törətməyəcək. Əsas məqsəd odur ki, mövcud potensial və imkanlar öyrənilərək hərəkətə gətirilsin.  Rayon rəhbərliyinin bu yöndə atdığı ­addımlar nəticə verir. Çay, sitrus bitkiləri, kivi, çiyələk, tütün, çəltik əkilməsi təqdirəlayiqdir.

Biz kəndlərdə tez-tez olur, adamlarla bu mövzuda söhbət edirik. Bəziləri torpağı əkib-becərmək iqtidarında olmadığını söyləyir: texnikamız yoxdur, gübrə tapa bilmirik, su çətinliyi var, üstəlik, hasilə gətirdiyimiz məhsul üçün bazar tapılmır və s. Artıq bu məsələnin ölkə rəhbərliyinin, iqtisadçıların diqqət mərkəzində olması fərəh doğurur.

Ağsaqqallardan birinin – nailiyyətlərinə görə “Tərəqqi” medalı almış Əhmədli kənd sakini Hadı İsmayılovun söylədikləri: 

– Ay bala, xatırlayırsınızsa, sovetlər birliyi dağılandan sonra öncə Azərbaycanda torpaq islahatı aparıldı. Bu da hamının ürəyincə oldu. Ancaq yerlərdə torpaqdan istifadə məsələsi özbaşına buraxıldı. Nəticədə min hektarlarla çay, üzüm sahələri məhv edildi. Rahat olsun deyə, çoxları taxılçılığı seçdi. İqtisadi səmərəsi çox olan sahələr unuduldu. Daha sonra isə əkilməmiş, qayğıdan məhrum torpaq dəyərsizləşdi. İndi hamının torpağı var, əkin-biçini isə yox. Bəs bolluq necə yaradılmalıdır? Sirr deyil ki, çoxlarının torpağını əkib-becərməyə imkanı yoxdur. Deməli, payçılar birləşib iri fermer təsərrüfatı yaratmalıdırlar. Bəziləri “birləşmə” sözündən qorxur, torpaq əlindən çıxar deyir. Bu birləşmədə məcburiyyət yoxdur, axı. Sadəcə, unutmaq lazım deyil ki, güc birlikdədir. Birinin torpağı, digərinin texnikası, bir başqasının xarici bazara çıxış imkanı var. Tək əldən səs çıxmaz.

Bu yaxınlarda “Kənd təsərrufatı kooperasiyası haqqında” qəbul edilmiş qanun da elə fermer təsərrufatlarının yaradılması və kiçik torpaqların heç bir məcburiyyət olmadan, könüllü şəkildə birləşməsinə xidmət edir. Masallıda bu sahədə ilk addım Qızılağac kəndində atılıb. Artıq burada taxılçılıqla bərabər, tərəvəzçilik də inkişaf etdirilir. İki yüz hektara yaxın sahədə tərəvəz yetişdirilir ki, istehsal olunan məhsulun yerləşdirilməsi üçün yalnız bir şəxs məsuldur. Belə iri təsərrufatlara dövlət də qayğısını əsirgəmir, texnikada, gübrədə kömək göstərir. Aqrolizinqlər yaradılıb, digər güzəştlər edilir. 

Dünyanın ən sivil ölkələrində belə böhranın, ərzaq qıtlığının yarandığı, həyat tərzinə təsir etdiyi bir vaxtda Azərbaycan dövləti əhalinin süfrəsinin zənginliyini saxlamaq, dolanacaq meyarındakı tarazlığı qorumaq üçün tədbirlər görür. Ölkənin bir parçası olan Masallıda da bu sahədə Prezidentin sərəncamları ilə əlaqədar çoxsaylı tədbirlərə start verilib. Sərfəli təsərrüfat üsulları araşdırılır. Əkinçiliyə yeni  texnika cəlb olunur, elmin son nailiyyətlərindən istifadə edilir. Ənənəvi tərəvəzçilik və çayçılıq sahələrinə diqqət artırılıb. Qızılağacda yaradılmış tərəvəz sahələrini yuxarıda qeyd etdik.  Şərəfədəki istixana təsərrüfatı da gəlirli sahə kimi özünü təsdiqləyir. Çiyələkçilik, kartofçuluq, bostançılıq, sitrusçuluq təsərrüfatları genişlənir. Kolatandakı çay plantasiyaları, bir çox kəndlərdə tütünçülük və çəltikçilik xeyli insanın məşğulluğunu təmin edir.

Yeni təsərrüfat sahəsi olan tütün plantasiyalarında məhsul bol gəlib. Əkin, suvarma və digər aqrotexniki qulluq nəticəsində yaxşı inkişaf etmiş 14,2 hektar sahədən artıq tütün dərilminə başlanıb. Xırmandalı, Şərəfə, Qızılağac, Banbaşı, Mahmudavar, Kolatan, Miyanku ərazilərində tütün yarpağı dərilib qurudulur. İlk nəticələr tütünçülüyün səmərəli olacağını göstərir.

İqtisadiyyatın inkişafına dövlət qayğısının məntiqi davamı olaraq Prezident İlham Əliyevin iyunun 13-də “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” imzaladığı sərəncam əhali tərəfindən rəğbətlə qarşılanıb. Bu, istehsal sahəsində məşğulluğun artmasını təmin edəcək, kiçik və orta sahibkarlığı genişləndirəcək. On hektar sahəni tutacaq Sənaye Məhəlləsi özünün xarici və daxili infrastrukturuna (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, inzibati, sosial sahə və sair) malik olacaq. Gələcəkdə Masallının iqtisadi inkişafına, kiçik və orta sahibkarlığın böyük vüsət almasına güclü təkan verəcək.

Mütəxəssislər deyirlər ki, Masallıdan Rusiyada və digər ölkələrdə biznesini yaxşı qurmuş onlarca sahibkar var. Onların respublikaya, rayona cəlb edilməsi geniş imkanlara malik olacaq Sənaye Məhəlləsinin müəssisələrinə investisiya yatırması hər iki tərəfin xeyrindir. Doğma diyarda öz biznesini qurmaq, rayonun inkişafına stimul vermək özü də bir vətənpərvərlikdir. Sevindirici haldır ki, Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyinə artıq 30-dək sahibkar müraciət edib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ötən ay Bakıda “Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər” mövzusunda keçirilən konfransda deyib.

Hazırda Masallıda müasir məhkəmə binası tikilir. Dünya Bankının köməkliyi ilə ölkəmizdə 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib. Qısa müddətdə 11 məhkəmə üçün yeni binalar və komplekslər tikilərək istifadəyə verilib. Layihə çərçivəsində habelə dövlət büdcəsi hesabına paytaxtda və bölgələrdə tədbirlər davam etdirilir. “Mütərəqqi  ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Milli Qurtuluş Günü ərəfəsində Masallı Rayon Məhkəməsi üçün yeni inzibati binanın təməlqoyma mərasimi keçirilib. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, habelə hakimlər, məsul ədliyyə işçiləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri mərasimdə iştirak ediblər. Ümumi sahəsi 1 hektarı əhatə edən ərazidə inşa olunacaq 3 mərtəbəli məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə qabaqcıl texnologiya və avadanlıqla, o cümlədən elektron sistemlərlə təchiz olunacaq.

Ötən ay Sirəbil kəndinə təbii qaz xəttinin açılışı olub. Bir neçə gündə Gəyəçöl, Xıl və Səmidxan kəndlərində tibb məntəqələri istifadəyə verilib. Bütün bunlar sosial inkişafın bariz göstəriciləridir. 

...Masallıdan qayıdarkən avtomobilin radioqəbuedicisində vaxtilə “Azərbaycanın Levitanı” kimi tanınan Şəmistan Əlizamanlının ifasında “İgid əsgər, möhkəm dayan!” mahnısını  böyük həvəslə dinləyirdim. Xatırladım ki, həmin mahnının müəllifi əslən Masallının Qızılağac kəndindən olan həkim, şair və bəstəkar  Şahin Musaoğludur. Bu istedadlı insan Azərbaycan Yazıçılar Birliyinin və Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının idarə heyətinin üzvüdür. Bir vaxtlar Müdafiə Nazirliyinin Tibb İdarəsində çalışıb və elə o zaman Şəmistanla dostlaşıb.  Yaradıcı dostluq “Birinci batalyon”, “Cənab leytenant”, “Qərib karvan”, “Vətən çağırır” kimi vətənpərvərlik mahnılarının yaranmasına vəsilə olub. Otuzadək populyar mahnısı sevilən Şahin Musaoğlu mart ayında Yazıçılar Birliyinin Hərbi vətənpərvərlik komissiyasının sədri seçilib.

Səslənməsi yerinə düşən məşhur mahnının melodiyaları Masallıda yaranan zəngin təəssüratlarımı beləcə tamamlamış oldu.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında