Gözəlliklər diyarı kimi tanınan Quba Azərbaycanın qədim elm və mədəniyyət beşiklərindəndir. Bu bölgədə orta əsrlərin əvvəllərindən bəri xaricdə tanınan xeyli təhsilli adamlar çıxmışdır.
XI-XII əsr alimləri İbrahim Qrızi və onun oğlu Həkim İbn İbrahim, XV əsr tarixçisi Mahmud Xınaluqi, XVII əsr şairi Baba Buduqi, XIX əsrdə 15 il Misirin Abbasiyyə hərbi məktəbində dərs deyəndən sonra dünya şöhrətli Xidiviyyə kitabxanasına işləməyə dəvət edilmiş böyük alim Əli Hilmi, Qubada təsis etdiyi açıq tipli kitabxana (1895) ilə bütün Şərqdə güclü əks-səda doğurmuş Mirzə Məhəmmədəli Qasımov, istedadı və mədəniyyətin çiçəklənməsi sahəsindəki misilsiz xidmətləri ilə müasirlərini və uzaq bölgələrdəki həmvətənlərini heyrətləndirmiş XX əsr şairi, alimi, mütərcimi Rizvan Əlikli (Əliki) və başqa bilik, düşüncə sahibləri haqqında həmvətənlərimiz yalnız son illərdə apardığımız tədqiqatlar nəticəsində xəbər tutmuşlar. Bu maraqlı simalar kimi hələ də Qubanın ayrı-ayrı bölgələrində nəsillərə örnək olmuş, lakin həyatı, fəaliyyəti, xidmətləri öyrənilməmiş xeyli unudulmuş rəşadətli əmək adamları vardır. Onların ömür tarixçəsi Vətən tariximizin ayrı-ayrı bölgələrə səpələnmiş səhifələridir. Unutmamalıyıq ki, tarix öyrənildikcə heyrətləndirər, unudulduqca təəssüf doğurar. Bu təəssüf yükünün ağrı-acıları Bəşirovlar ailəsindən də yan keçməmişdir.
Alim Babaverdi oğlu Bəşirov Qubanın mərkəzindən 52 kilometr məsafədə – dağlar qoynunda yerləşən qədim mədəniyyətə malik yaşayış bölgəsi olan Cimi kəndində dünyaya göz açmışdır. Yeddiillik təhsilini doğulduğu kənddə, orta təhsilini Qonaqkənddə başa çatdırmışdır. Quba İbtidai Pedaqoji Məktəbində ikiillik müəllimlik təhsili alıb, bir müddət Qonaqkənddə və Cimidə riyaziyyat fənnindən dərs demişdir. Ədəbiyyata da böyük şövqü vardı. Təhsilini Azərbaycan Pedaqoji İnstitutunda (V.İ.Lenin adına APİ-də) yüksək qiymətlərlə başa vurandan sonra doğma Cimi kəndində müəllimliklə məşğul olub aspirantura imtahanlarına hazırlaşmaq arzusunda idi. 1938-ci ildə Azərbaycanın bir çox say-seçmə oğulları da onunla birlikdə müvəffəqiyyətlə imtahan verib tələbə adı qazanmışdı. Onların arasında Bakıdan Əziz Mirəhmədov və Şəkidən Bədrəddin Süleymanov da vardı. Bu tanışlığın dostluğa çevrilməsinə səbəb hər üçünün əla qiymətlərlə oxuması və ədəbiyyat vurğunu olması idi.
Hər üç gəncin şeir və məqalələrini bir-birinə oxuyub fikir mübadiləsindən sonra cilaladıqlarını ustad müəllimləri Həmid Araslı, Mir Cəlal Paşayev, Əli Sultanlı, Əkrəm Cəfər, Həmid Əfəndiyev və başqaları da bəyənib onların gələcəyinə böyük ümidlər bəsləyirdilər. Təəssüf ki, zamanın sərt küləkləri bu gənclərin dostluqlarını, ədəbi və elmi yaradıcılıqlarını bir şəhərdə və bir yerdə davam etdirməyi onlara çox gördü. İnstitutun dördüncü kursunda Bədrəddin Süleymanov 1941-ci il iyunun 21-də ordu sıralarında xidmət etməyə çağırılmış və şərəfli döyüş yolu keçərək 1946-cı il dekabrın 12-də Vətənə qayıtmışdır. Ali təhsilini tamamlayıb Şəkidə müəllimliklə məşğul olmuşdur.
İnstitutu bitirməsinə iki ay qalmış Alim Bəşirov da çağırış vərəqəsi aldı. O, cəbhəyə yola düşəndə ilk və yeganə övladı Rafiqin bir yaşı hələ tamam deyildi. Müharibə bölgələrinə yola düşməzdən əvvəl özünün və kimyaçı xanımı Gülcamal müəllimin zəngin şəxsi kitabxanasını Cimi kənd məktəbinə hədiyyə etmək istəsə də, onları daşımaq çətinliklərinə görə kitabların 500-ə qədərini təhsil dostlarına, 2500-ə qədərini isə Bakı kitabxanalarına bağışlamışdı. Xanımını 11 aylıq körpəsi ilə doğulduğu Cimi kəndinə aparıb qohumlarının nəzarətində qoymuş və cəbhəyə yola düşmüşdü. Üç illik cəbhə məşəqqətlərindən sonra (1944) ağır döyüşlərin birində itkin düşdüyü xəbəri alınmışdı.
Ömür-gün yoldaşından əli üzülən gündən Gülcamal xanım gözünün ağı-qarası olan yeganə övladına ləyaqətlə analıq edərək ona atasızlıq, babasızlıq, nənəsizlik kədərini unutdurmaq üçün hər cür əzaba qatlaşmışdı.
Gülcamal Abdulla qızı Bəşirova (1920-1986) bütün həyatını Rafiqin təlim-tərbiyəsinə sərf etmişdi ki, atasının arzularını doğrulda bilsin. Rafiq hər tədris ilini nümunəvi əxlaq və əla qiymətlərlə başa vurduqca, arzuları da onunla birlikdə böyüyürdü. Hələ orta məktəbin yuxarı siniflərində oxuyanda müəllimləri də hiss etmişdi ki, biliyi biləyindən güclü olan bu şagird atası Alim və anası Gülcamal xanım kimi nəinki hazırlıqlı müəllim olacaq, həm də onların alim olmaq arzusunu doğruldacaq. Orta məktəbi bitirib Xalq Təsərrüfatı İnstitutunun tələbəsi adını qazananda (1957) anasının da, müəllimlərinin də bu arzunun reallaşacağına şübhələri qalmamışdı.
O zaman belə bir qayda vardı ki, üç ildən az olmayaraq istehsalatda çalışandan sonra aspiranturaya girmək və elmə töhfə vermək olar. Rafiq Bəşirov institutu yüksək qiymətlərlə başa vurub (1962) 1963-cü il dekabrın 1-nə qədər Dövlət Bankının Quba şöbəsində kredit inspektoru vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Qabaqcıl əmək fəaliyyətinin və nümunəvi davranış mədəniyyətinin sədası Bakıya çatanda o, Dövlət Bankının 3 dekabr 1963-cü il tarixli əmri ilə Bakı şəhər idarəsinə kredit inspektoru vəzifəsinə keçirilmişdir. Çox keçmədən o, xeyirxah müəllimlərinin istəyi və dəstəyi ilə 1966-cı ilin sentyabr ayında Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit kafedrasına müəllim vəzifəsinə dəvət edilmişdir.
İşgüzar və vicdanlı mütəxəssis kimi geniş auditoriyada göründüyü gün onun ömür kitabının əlamətdar səhifələrindən birinə çevrilmişdir. Ustad müəllimləri ilə çiyin-çiyinə işləyərək həmin institutun (indiki İqtisad Universitetinin) ən gənc müəllimlərindən biri kimi tanınmışdır. Ona göstərilmiş etimadı yüksək səviyyədə doğrultmaq naminə hər il elmi yaradıcılıq və təşkilatçılıq işi sahəsində fəaliyyətini qoşa qanad kimi davam etdirərək, pillə-pillə irəliləyən alim 1969-cu il dekabrın 19-dan 1974-cü il dekabrın 3-dək Xalq Təsərrüfatı İnstitutunun axşam fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.
1973-cü ilin 28 sentyabrında “Əhalinin pul əmanətləri” mövzusunda müvəffəqiyyətlə dissertasiya müdafiə edib iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Tezliklə universitetin baş müəllimi və dekan müavini vəzifəsinə layiq görülmüşdür. Sonrakı illərdə o maliyyə statistikası fakültəsinin (1982-1987), daha sonra isə maliyyə-kredit fakültəsinin (1995-2000), qiyabi təhsil üzrə maliyyə fakültəsinin (2001-2004), kredit-iqtisad fakültəsinin (2005-2006) və maliyyə fakültəsinin (2009-2010) dekanı vəzifələrində çalışmışdır. Dərin biliyə və yüksək davranış mədəniyyətinə malik alim kimi ona etibar edilmiş vəzifələrdə öz missiyasını ləyaqətlə yerinə yetirmişdir.
Rafiq Bəşirov tələbəlik və müəllimlik illərində universitetin ictimai işlərində də fəal iştirak etmişdir. İsmayıllıda, Polşa Respublikasında tələbə inşaat dəstəsinin rəhbəri olmuşdur. O, mütəmadi olaraq fakültə və universitet elmi şuralarının üzvü kimi də səmərəli fəaliyyət göstərmişdir.
Rafiq müəllim 100-dən çox elmi məqalə, dərslik və dərs vəsaitinin müəllifidir. Bakı, Moskva, Kiyev, Ternopol və s. şəhərlərdə keçirilmiş elmi konfranslarda etdiyi aktual məruzələri ona elmi nüfuz və xeyli dost qazandırmışdır. O, uzun müddət “İdarəetmənin maliyyə-kredit mexanizmi” mövzusu üzərində işləmiş, əldə etdiyi nəticələr haqqında mətbuatda və mötəbər elmi məclislərdə çıxış etmişdir. Həmin mövzuda apardığı silsilə araşdırmalar Rusiya alimlərinin də marağına səbəb olmuşdur. SSRİ Elmlər Akademiyasının “Xəbərlər” məcmuəsində (1987, №2) “Təsərrüfat idarəçiliyinin maliyyə-kredit alətləri haqqında” məqaləsi bunun məntiqi nəticəsi kimi işıq üzü görmüş və geniş rezonans doğurmuşdu.
“SSRİ-də maliyyə və kredit” (1973), “Müəssisələrin və xalq təsərrüfatı sahələrinin maliyyəsi” (1976), “Kreditin təşkili və planlaşdırılması” (1981, şərikli), “Bank işi” (2007) adlı dərsliklərin və dərs vəsaitlərinin tədrisin təşkilinə, səmərəliliyinə, milli iqtisadçılar, gənc tədqiqatçılar nəslinin yetişməsinə təkanverici rolu danılmazdır. Bank işi üzrə interaktiv dərs vəsaiti (2014) ilə yanaşı “Bank işləri” adlı 20 çap vərəqi həcmində dərslik hazırlayıb, Universitet Elmi Şurasının təsdiqindən keçirmək və nəşr etdirmək (2015) şərəfi də onun adı ilə bağlıdır. Bank işi kafedrasının müdiri vəzifəsində çalışdığı illərdə Rafiq Bəşirovun rəhbərliyi və iştirakı ilə 29,5 çap vərəqi həcmində “Pul və banklar” dərsliyinin işıq üzü görməsi (2012) təkcə kafedranın yox, universitetin də mədəni həyatında əlamətdar hadisə kimi qarşılanmışdır. “Bank işi” fənni üzrə Azərbaycan və rus dillərində hazırladığı (2015) 1200 test də onun bilik və bacarığının əhatə dairəsinin genişliyindən xəbər verir.
Magistrlərin dissertasiya işlərinə, Tələbə Elmi Cəmiyyəti fəallarının elmi-tədqiqat işlərinə Rafiq Bəşirovun ardıcıl rəhbərliyi də səmərəli bəhrə vermişdir. Tələbə Elmi Cəmiyyəti üzvlərinin dəfələrlə diplom və mükafatlara layiq görülməsi tələbə əməyinin nailiyyəti ilə yanaşı, yorulmaz alim əməyinin də mükafatı sayıla bilər.
Rafiq Bəşirovun tələbəsi olmuş parlaq istedad sahiblərinin bir çoxu Azərbaycanın müxtəlif bölgələrində çalışırlar. Onlardan bəziləri fəaliyyətlərini Maliyyə Nazirliyində, Vergilər Nazirliyində, Mərkəzi Bankda, kommersiya banklarında, respublika rayonlarının maliyyə-bank sistemlərində davam etdirirlər. Bitirdikləri universitetə, sevimli müəllimlərinə və işlədikləri kollektivə başucalığı qazandırmaq missiyasını ləyaqətlə yerinə yetirirlər.
75 yaşını qeyd edən alim 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Onun tələbə, müəllim-professor heyəti ilə pedaqoji-elmi münasibətləri və yaradıcılıq əlaqələri çox müasirlərinə örnəkdir. Sözü, əməyi, əməli, əqidəsi şəffaf, yolu düzdür. Bu kimi çoxsaylı məziyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2011-ci il tarixli sərəncamı ilə Rafiq Alim oğlu Bəşirov “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Bu yüksək mükafat Rafiq müəllimin uzun müddətli qüsursuz müəllimlik, alimlik və təşkilatçılıq bacarığına verilən ən şərəfli mükafatdır.
Halal zəhmət, tükənməz istedad və səmərəli fəaliyyət hesabına qazandığı elmi uğurlar Rafiq müəllimin ömür yolunu nurlandırır. Bu nuru o, heç kəsdən əsirgəmir: ona sarı yaxınlaşanların yoluna işıq salır, ağlını, elmini, düşüncəsini barlandırır. Bu dəyərlər olmasa, insanın ömür zəmisi də tədricən susuz əkin yeri kimi quruya bilər. Bu meyar əsrlərin sınağından çıxmış həqiqətdir.
Böyük Vətən müharibəsində şəhid olmuş Alim Bəşirov nəvə görməsə də, zamanın sərt sınaqlarından və çətinliklərindən üzüağ çıxmış yeganə yadigarı Rafiq Bəşirov üç övlad (Alim, Elman, Məlahət) atası və 7 nəvə babasıdır. Bu gün Rafiq müəllimin ailəsində Alim adlı iqtisadçı oğlu da yaşayır və babasının adını ləyaqətlə daşıyır.
Ömrünün səkkizinci onilliyinin zirvəsinə doğru inamla irəliləyən Rafiq Bəşirov ildən-ilə püxtələşdikcə müəllimlik fəaliyyətini də eyni şövqlə və sevgi ilə davam etdirir. Yaxşı bilir ki, elm ömür qatarının lokomotividir. Onu qüsursuz idarə etmək üçün böyük zəhmət tələb olunur. Zəhmətsiz isə nə inkişaf var, nə də yüksəliş.
İmaməddin ZƏKİYEV,
filologiya elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.