2011-ci ilin sonunda imzaladığım müvafiq sərəncam əsasında 20 il ərzində hərbi xidmətdə qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət tərəfindən dövlət vəsaiti hesabına tikilmiş mənzillər verilir. Bu proqram çərçivəsində artıq 900-ə yaxın hərbçi mənzillə təmin edilib, yüzlərlə hərbçinin mənzil-məişət problemləri yaxın zamanlarda öz həllini tapacaq. Bu proqramın icrası üçün bu günə qədər dövlət büdcəsindən 100 milyon manatdan çox vəsait ayrılmışdır. Yəni, biz həm ordumuzu gücləndiririk, ordunun maddi-texniki bazasını möhkəmləndiririk, bununla bərabər, hərbçilərin məişət problemləri öz həllini tapır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyun 2016-cı il
Bu gün Azərbaycanda cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, orada çalışan insanların sosial- rifah halının yaxşılaşdırılması dövlətin diqqət mərkəzində olmasın. İstənilən sahə təmsilçilərinin peşə bayramı dövlət səviyyəsində qeyd edilir və xidmətdə fərqlənənlər fəxri adlara layiq görülür, orden-medallarla təltif olunur və ya onlara yeni mənzillərin açarları verilir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, son 13-ildə isə daha geniş miqyasda davam etdirilən bu ənənədən bəhrələnməyən heç bir sahə yoxdur. Ancaq ölkənin bütün sakinlərinin yekdil rəyi belədir ki, dövlət qayğısından ən çox Silahlı Qüvvələrimizin təmsilçiləri bəhrələnməlidir. Təbii ki, bunun səbəbinin izah edilməsinə ehtiyac yoxdur. Ancaq onu deməyə ehtiyac var ki, bu gün Azərbaycanda hərbçilər qədər dövlət qayğısı görən ikinci bir zümrə yoxdur. Dövlət büdcəsindən ən çox vəsait ayrılan sahə də elə ordu quruculuğudur. Bunu Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbçilərin peşəkarlığının artırılması tələb edir. Faktlar, rəqəmlər və son ayların hadisələri sübut edir ki, Azərbaycan dövlətinin bu istiqamətdəki addımları yüksək səviyyədə öz müsbət nəticələrini verməkdədir.
Dövlət başçımızın 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində imzaladığı sərəncamlarla xidmətdə fərqlənən hərbçilərimizin böyük bir heyəti müxtəlif orden və medallarla təltif edilmiş, fəxri adlara layiq görülmüş və ali hərbi rütbə almışdır. Ancaq bayram ərəfəsində Silahlı Qüvvələrimizin təmsilçilərinə verilən ən böyük hədiyyə onlarla hərbçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur. Xatırladaq ki, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncama uyğun olaraq, tikilən növbəti yaşayış binası bayramdan əvvəlki gün – iyunun 25-də öz sahiblərinə təqdim edilmişdir.
Qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan həqiqi hərbi xidmət qulluqçuları üçün Bakı şəhərində yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədi ilə 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılıb. Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u ikiotaqlı, 26-sı isə üçotaqlıdır. İkiotaqlı mənzillərin sahəsi 91, üçotaqlı mənzillərin sahəsi isə 100 kvadratmetrdir. Binada sərnişin və yük liftləri quraşdırılıb. Binanın açılışında iştirak etmiş həmkarlarımız yazırlar ki, domofon, yanğınsöndürmə, siqnalizasiya, havalandırma və kombi sistemləri ilə təmin olunan mənzillərə telefon, internet, televiziya xətləri çəkilib. Təbii qazla təchiz olunan binanın həyətində yanğın və içməli su anbarları inşa edilib, idman avadanlıqları qoyulub, yaşıllıq zolağı salınıb, işıqlandırma sistemi quraşdırılıb. Binanı daimi su ilə təchiz edən nasos stansiyası və zirzəmidə müasir avtomobil dayanacağı yaradılıb.
Bəs bütün bu qayğı və diqqətin qarşılığı olaraq hərbçilərimiz hansı uğurlara imza atırlar? Təbii ki, bu sualın cavabını ən mötəbər mənbədən almaq imkanımız var. Yuxarıda adını çəkdiyimiz yaşayış binasının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qeyd etdi ki, ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur: “Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır. Döyüş qabiliyyəti artır, orduda mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam-intizam yüksək səviyyədədir. Əlbəttə, bütün bu amillər bizim hərbi gücümüzü daha da artırır. Mən son illər ərzində dəfələrlə qeyd etmişəm ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi. Bütün dünyaya sübut etdi ki, bu gün Azərbaycanla hesablaşmaq lazımdır”.
Hərbçilərin yaşayış şəraiti ilə yanaşı, xidmət şəraiti də yaxşılaşır, – deyən dövlət başçımız xatırladır ki, bu gün Azərbaycanın müxtəlif ərazilərində yerləşən hərbi hissələrdə, hərbi şəhərciklərdə müvafiq göstərişlər əsasında təmir-bərpa işləri aparılır, yeni hərbi bazalar tikilir: “Keçən il biz Silahlı Qüvvələr Günü ərəfəsində Hərbi Dəniz Qüvvələrinin Bakıda, Xəzər sahilində tikilmiş bazasının açılışını qeyd etmişdik. Bu baza Xəzərdə ən böyük hərbi obyektlərdən biridir və orada bütün şərait yaradılıbdır. Eyni zamanda, bütün digər hərbi hissələrdə təmir-bərpa işləri aparılır və qarşıya vəzifə qoymuşam ki, bir dənə də təmirsiz hərbi hissə olmasın. Hərbçilərin yaşayış və xidmət şəraiti yaxşı olmalıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda ordu quruculuğu prosesinə çox böyük diqqət göstərilir, bu da təbiidir. Hər bir ölkə bunu etməlidir, xüsusilə müharibə şəraitində yaşayan bir ölkə”.
“Müharibə şəraitində yaşayan ölkə” – ifadəsi yada düşmüşkən qeyd edək ki, dövlət başçımız Ermənistan rəhbərliyinin hərbi təxribatına cavab olaraq başlanmış aprel hadisələrini böyük bir qürurverici fakt kimi yada salır: “ Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün aprel ayında bizə qarşı silahlı təxribata əl atdı. Bizim mövqelərimiz atəş altına düşdü. Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi və 6 mülki şəxs erməni təxribatı nəticəsində həlak oldu. Hərbçilərimiz həlak oldular, yaralandılar. Təbii ki, Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri, – mən bunu artıq demişəm, – tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaqdır. Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərib, işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıbdır”.
Həm qaniçən Ermənistan rəhbərliyinin, həm də onların riyakar, ikiüzlü himayədarlarının sülh danışıqlarını sonsuz proses kimi görmək, status-kvonu saxlamaq istəyinin baş tutmayacağını xatırladan dövlət başçımız əsl həqiqətin harada olduğunu söyləyir: “Görəndə ki, onlara qarşı beynəlxalq vasitəçilər tərəfindən təzyiq artır, müxtəlif təxribatlara əl atırlar. Məsələn, 2014-cü ilin noyabrında bizə qarşı silahlı təxribat törətdilər və biz layiqli cavab verəndən sonra bundan istifadə edərək, bunu bəhanə gətirərək Ermənistan danışıqları, demək olar ki, dondurmuşdu. 2014-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər demək olar ki, heç bir danışıq aparılmırdı. 2015-ci ilin dekabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü formal xarakter daşıyırdı. Görəndə ki, bu il onlara vasitəçilər tərəfindən siyasi təzyiq artır, növbəti silahlı təxribata əl atdılar. Amma əminəm ki, indi bunun acısını çəkirlər”.
Prezident İlham Əliyevin qətiyyəti bundan ibarətdir ki, heç vaxt Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və bu, danışıqlar mövzusu deyil, heç vaxt olmamışdır. Dövlət başçımız bir daha, Azərbaycan Ordusunun qarşısında, fəqət, bütün dünyanın eşidə biləcəyi tərzdə deyir: “Məsələ mərhələli yolla öz həllini tapa bilər və əminəm ki, biz məsələni bu yolla həll edə bilərik. Ancaq, əlbəttə ki, burada işğalçı Ermənistana beynəlxalq vasitəçilər və geniş mənada beynəlxalq birlik tərəfindən daha da ciddi təzyiq göstərilməlidir”.
Aprel hadisələrindən sonra Ermənistan rəhbərliyinin danışıqları davam etdirmək üçün irəli sürdüyü şərtlərin tamamilə qəbuledilməz olduğunu söyləyən Azərbaycan Prezidenti şərt irəli sürənlərə başa salır ki, bizə heç kim şərt qoya bilməz: “ Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir. Ona görə, təbii ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulmuşdur. Vyana görüşü Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə keçirilmişdir. Hesab edirəm ki, Vyana görüşünün müsbət nəticələri olmuşdur. Yəni, Ermənistan tərəfinin qoyduğu şərtlər qəbul edilmədi. Azərbaycan tərəfi Vyanada hər hansı bir sənədə imza atmadı. Sadəcə olaraq, həmsədr ölkələr öz bəyanatını verdilər, bu, onların bəyanatıdır”.
Ermənilərin aprel təxribatından ciddi şəkildə narahat olan Minsk qrupunun digər həmsədrinin – Rusiya tərəfinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində keçirilən növbəti görüşü uğurlu adlandıran dövlət başçımız mən öz tərəfimdən qeyd etmək istəyirəm və hesab edirəm ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var – deyərək, prosesin ümidverici məcraya yönəldiyini xatırladır: “Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamə qəbul edilmişdir. O da ictimaiyyət üçün təqdim edildi. O bəyannamədə hər şey, xüsusilə, məsələnin həlli yolları göstərilir. Bununla bərabər, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işçilərinin say tərkibinin artırılması məsələsi də müzakirə edilmişdir. Düzdür, orada say göstərilmir. Ancaq mən deyə bilərəm ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə, bu, maksimum 2 dəfə, 2,5 dəfə artırıla bilər. Yəni, burada böyük missiyadan söhbət getmir. Nəzərə alsaq ki, təmas xətti on kilometrlərlə ölçülür, bu işlərin başqa mənasını axtarmaq lazım deyil. Ofisin mandatı da yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfərin əvəzinə 12, ya 13, ya 14 nəfər olacaqdır, vəssalam”.
Bax belə, Azərbaycan dövlətinin məsələnin həlli ilə bağlı prinsipial mövqeyi ortadadır. Dövlət başçımız tam qətiyyətlə bəyan edir ki, bu mövqedə heç bir dəyişiklik olmamışdır və olmayacaqdır: “Bir daha qeyd etmək istəyirəm ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaranmayacaq”.
Prezidentin daha bir qətiyyəti isə ölkədə sürətlə davam etdirilən ordu quruculuğu prosesi barədədir. Siahlı Qüvvələrimizin bayramına sözardı kimi qələmə aldığımız bu sətirləri də məhz Ali Baş Komandanın həmin qətiyyəti ilə yekunlaşdırırıq: “Biz ordu quruculuğuna bundan sonra da ciddi diqqət yetirəcəyik. Bu məsələ - ordu quruculuğu prosesi həmişə prioritet olaraq qalacaq. Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Ordu quruculuğunun ölkəmizin müstəqillik illərində belə sürətlə inkişafı, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını sevindirir”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.