Gözoxşayan yol kənarı, abad qəsəbə, memarlıq əsəri olan binalar...

...Bakı metrosunun “Koroğlu” stansiyasının qarşısından Heydər Əliyev Beynəlxalq Aeroportuna və Xəzər rayonunun içərilərinə doğru hərəkət etdikcə yüksək sürətli magistral yolun rahatlığı ilə yanaşı, yol boyu həyata keçirilmiş abadlıq işləri, yaradılmış gözəlliklər də göz oxşayır, könül sevindirir. Təkcə paytaxtətrafı qəsəbələrin sakinlərinə, Abşeron bağlarında və Xəzərin qumlu sahillərində dincəlmək istəyənlərə deyil, həm də ölkəmizə şəhərin “hava qapısı”ndan keçib-gələn çoxsaylı qonaqlara xidmət edən bu yolun əsrarəngiz mənzərəsini müasir Azərbaycanın yüksəliş və inkişafının təcəssümü kimi dəyərləndirmək olar.

Bir vaxtlar cürbəcür yöndəmsiz tikililərin çiyin-çiyinə verdiyi, neft qoxuyan toz-torpağı küləyin göyə sovurduğu bu yerlərə indi sanki yaşıl örpək salınıb, dağların, bağların, düzlərin kiçik bir parçası köçürülüb, çoxlu dekorativ ağaclar və bitkilər əkilib. Üstəlik, bu yaşıllıqlar tarixi memarlıq ənənlərimizin müxtəlif elementləri ilə bəzədilmiş orijinal quruluşlu hasarların ağuşuna sığınıb. Müasir işıqlandırma texnologiyasının tətbiq edildiyi yolətrafı yaşıl məkanlar gecələr xüsusilə sehrli bi aləmə dönür.

Bu mənzərəyə baxdıqca onun hər qarışında zəhməti olan insanlara – layihəçilərə, mühəndislərə, inşaatçılara, lanşaft dizaynerlərinə, ümumən, bu gözəlliyi yaratmağı bacaran hər kəsə “əhsən, əllərinizə sağlıq” deməyi özünə borc bilirsən. Müasir inşaat texnologiyalarını mükəmməl bilən və onu milli memarlığımızla təbii bir şəkildə uzlaşdıran belə bacarıqlı mütəxəssislərə malik “Azİmport” MMC Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Aeroport yolunun ətrafı ilə yanaşı, Buzovna qəsəbəsində də yenidənqurma və abadlıq işlərini müəyyən edilmiş müddətdə yüksək keyfiyyətlə yerinə yetirib.

...Geniş yol Mərdəkan körpüsünün yanından sola burulub Buzovnaya istiqamət alır. Yolun solunda hər bir hissəsi fərqli və maraqlı arxitektura həlli ilə diqqəti cəlb edən, mərmər və travertin üzlüklü daş hasar uzanıb gedir. Hasarın hər hissəsi bir sənət əsəridir - desək, yanılmarıq. Bir azdan isə sağ tərəfdə qəsəbənin müasirliyi və yaraşığı ilə, həqiqətən, adamı heyran qoyan mənzərəsi açılır.

Burada təmir-tikinti və abadlaşdırma işlərinə 2009-cu ildə başlanılıb. Xəzər Rayon İcra Hakimiyyəti ilə bağlanmış müqavilələr əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən “Azİmport” MMC də qəsəbənin yeni memarlıq simasının yaradılmasında fəal iştirak edib. Əvvəllər plansız, necə gəldi tikilmiş köşk və obyektlərin söküldüyü ərazilərdə işə başlayan təmir-inşaat briqadaları, ilk növbədə, mövcud istirahət parkını yeni salınmış magistral yol boyunca xeyli genişləndiriblər. Qısa müddətdə bura səliqə-sahmanlı, zövqlə döşənmiş və abadlaşdırılmış, sakinlər üçün lazımi şərait yaradılmış, oturacaqlarla və işıqlandırma sistemi ilə təchiz edilmiş, yaşıllığı bol olan istirahət məkanına çevrilmişdir. Ətrafdakı binalar qanunsuz artırmalardan təmizlənib, aqlay daşlarla üzlənib, hər birinin memarlıq elementləri bərpa edilib, balkonları və blok girişləri vahid görkəmdə yenidən qurulub, dam örtükləri, pəncərə sistemləri təzələnib, lüzumsuz və qanunsuz tikililəri ləğv edilən həyətlər genişləndirilib və abadlaşdırılıb. İndi qəsəbəyə yolu düşənlər buranı Avropanın inkişaf etmiş şəhərlərinin bir guşəsi hesab edirlər. Əslində, günbəgün gözəlləşən Bakımıza da məhz belə qəsəbələr yaraşır...

Onu da qeyd edək ki, həmin dövrdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Buzovnada təmir-tikinti işlərinin vəziyyəti ilə şəxsən tanış olub, inşaatçıların əməyini yüksək qiymətləndirib, görkəmi tamamilə dəyişmiş yaşayış binalarını memarlıq əsəri, gözəllik nümunəsi adlandırıb.

Dövlətimizin başçısı qəsəbədəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirak edib. Yuxarıda adı çəkilən MMC məktəbdə əsaslı təmir işləri aparmaqla yanaşı, 40 sinif otağından ibarət yeni, ən müasir texniki vasitələrlə təchiz edilmiş yeni korpus inşa edib və həyətyanı sahəni yüksək səviyyədə abadlaşdırıb.

...“Azİmport” MMC-nin inşaat briqadaları bu günlərdə yenidən Buzovnadadırlar, qəsəbədəki M.Sübhi və R.İmanov küçələrində bəzi binaların təhlükəsiz inşaat materialı ilə üzlənməsi işlərini davam etdirirlər. Belə ki, əvvəllər həmin binalara “Global Construction” şirkəti tərəfindən poliuretan üzlüklər vurulub, Bakının Binəqədi rayonunda baş vermiş məlum yanğın hadisəsindən sonra isə həmin üzlüklərin təcili şəkildə sökülərək, yeni üzlüklərlə əvəzlənməsi qərara alınıb. Üzlüklərin sökülməsini də, yeniləri ilə əvəzlənməsini də Buzovnada etibarlı fəaliyyəti ilə sakinlərin rəğbətini qazanmış “Azİmport” MMC öhdəsinə götürüb və bu işləri öz vəsaiti hesabına icra edir. Divar üzlükləri dəyişdiriləcək 9 binadan 4-də iş xeyli müddət əvvəl başa çatdırılıb, 5-də isə işlər yaxın vaxtlarda yekunlaşdırılacaqdır. Bundan başqa, “Azİmport”un rəhbərliyi, sakinlərin müraciətini nəzərə alaraq, həmin binaların bəzilərinin dam örtüyündə əvvəllər başqa bir şirkət tərəfindən aparılan keyfiyyətsiz iş nəticəsində yaranmış fəsadları aradan qaldırmağı da vəd edib.

...Buzovnanın tam yeni görkəm almış binalarından birinin divarında inşaatçılar böyük bir saat da quraşdırıblar. Magistral yoldan keçənlərin, qəsəbəyə yolu düşənlərin dərhal diqqətini cəlb edən saat sanki paytaxtın bu qədim, şanlı-şöhrətli yaşayış məntəqəsinin həyatında yeni bir zamanın, dövrün başlanmasının rəmzidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında