Müsahibim Asif Mərdanov ömrünün ahıl çağını yaşayır. Deyir ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Ümummilli liderin müdrik rəhbərliyi sayəsində ölkənin ictimai-siyasi həyatında ağsaqqalların fəal iştirakı təmin olundu. Təsadüfi deyil ki, dahi şəxsiyyət ağsaqqallara daim böyük ehtiramla yanaşır, ağsaqqal sözünə yüksək qiymət verir, onları cəmiyyətin fəxri üzvləri kimi qəbul edirdi. Ulu öndər Heydər Əliyevin “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” - deməsi də onun yaşlı nəslə nə qədər dərin hörmət və məhəbbət bəslədiyindən xəbər verirdi.
Asif Mərdanov daha sonra qeyd edir ki, Azərbaycan xalqının unudulmaz rəhbəri, ağsaqqalı olmuş Heydər Əliyev ömrü boyu gənclərin yaşlı nəslə, böyüklərə, valideynlərə sevgi, ehtiram ruhunda tərbiyə olunmalarına diqqətlə yanaşmış, cəmiyyətdə onların düzgün yol tutmalarını ən ümdə vəzifə saymışdır. Böyüyə, ağsaqqala hörmətsizlik edənlər Heydər Əliyev tərəfindən həmişə kəskin tənqid olunmuşdur.
Müsahibim söhbət əsnasında ulu öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışarkən dedi: - Hər bir ölkənin tarixində ağır, çətin dövrlər olur. Məhz belə vaxtlarda xalqın xilaskarı ortaya çıxıb müdrik qərar qəbul edirsə, həm millətin, həm də dövlətin gələcəyi müəyyənləşir, fəlakətlərin, faciələrin qarşısı alınır, məhrumiyyətlərə son qoyulur.
1993-cü ilin may-iyun aylarında Azərbaycan da belə bir şəraitlə üzləşmişdi. Hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Xalqımız çıxış, nicat yolunu dahi Heydər Əliyevin hakimiyyətə gətirilməsində görürdü. Elə bu tələblə də ayağa qalxdı. O vaxtkı ölkə rəhbərliyi Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldu. Ulu öndər 1993-cü il iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də işə Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabr ayının 3-də isə Azərbaycan Respublikası Prezidenti seçildi.
Ümummilli liderin respublika rəhbərliyinə bu qayıdışı siyasi-iqtisadi böhran içində boğulan, erməni işğalı ilə üzləşən Azərbaycanı böyük fəlakətlərdən, faciələrdən xilas etdi. Müdrik rəhbərin qısa zaman kəsiyində reallaşdırdığı tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bununla da respublika ərazisində sabit, normal həyat bərqərar oldu...
Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olan siyasətçilər ulu öndər barədə fikir yürüdərkən çox zaman onun adını XX əsrin Şarl de Qoll, Corc Vaşinqton, Uinston Çörçill, Konrad Adenauer kimi şəxsiyyətlərlə bir sırada çəkirlər. Həm də haqlı yerə qeyd edirlər ki, indiyədək Azərbaycanın heç bir siyasi xadimi xalqın tarixində öz ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi ilə yaratdığı dövlətin həyatında bu cür əvəzedilməz rola malik olmamışdır. Belə xoşbəxtlik ancaq müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin taleyinə yazılmışdır. İllər, əsrlər keçsə də onun ucaldığı zirvəyə çatmaq bir kimsəyə nəsib olmayacaqdır.
Ulu öndərin dahiliyi həm də onda idi ki, özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin davam etdirəcəyini müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, cənab İlham Əliyev artıq 13 ildir ki, Azərbaycan Prezidenti kimi uğurla fəaliyyət göstərir. Ötən dövr ərzində dövlət başçısı əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanmış və ulu öndər tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.
Hazırda Azərbaycan dünya miqyasında səciyyələndirilərkən ilk növbədə sabitlik, dinamik inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə edilir. Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, ölkəmizin mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar bir daha respublikamızda həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir. Ötən illər ərzində Prezident İlham Əliyev Azərbaycanın dünya arenasında nüfuzunu daha da yüksəklərə qaldırmış, xalqın dərin məhəbbətini qazanmışdır.
Cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda iqtisadiyyatın diversifikasiyası siyasəti uğurla davam etdirilir və qeyri-neft sektorunun inkişafına mühüm önəm verilir. Qeyri-neft sektorunun sürətli yüksəlişi isə daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini vermişdir. Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların “online” rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını almışdır.
Hazırda Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. İstehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tədbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.
Bu gün neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Məhz elə buna görə də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti cənab İlham Əliyevin siyasətini dəstəkləyir, onun arxasında dayanır.
Yenidən söhbətimin əvvəlinə qayıdıram. Başlanğıcda xatırlatdım ki, hansısa bir ölkə nə vaxtsa çətinliklə üzləşsə, onu bu ağır durumdan müdrik, dahi siyasətçisi çıxara bilər. Belə siyasi xadim yoxdursa... hər şey taleyin ümidinə buraxılır, son nəticə isə hamımıza yaxşı məlumdur. Biz elə bu gün dünyanın neçə-neçə ən narahat, qaynar dövlətlərinin timsalında bunu aydın görürük.
Bəli, dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini dərindən bilən dahi Heydər Əliyev və onun siyasi kursunu uğurla reallaşdıran cənab İlham Əliyev hakimiyyətə gəlməsəydi, xalqımızın aqibəti necə olardı?!. Bunu təsəvvür etmək dəhşətlidir...
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.