“Formula-1” in əfsanəvi pilotları: Şumaxer və Sennanın həyat hekayəsi

Bakıda keçirilmiş “Formula-1" üzrə Avropa Qran-prisində ilk iki yeri tutan pilotların alman olması bir daha sübut edir ki, bu yarışda Almaniyanın böyük təcrübə və ənənələri var. Təkcə əfsanəvi pilota “qırmızı baron” Şumaxerin adını çəkmək kifayət edir.

“Formula-1" yarışı sürət və adrenalin həvəskarları üçün əyləncəli idman növü olsa da, əslində, onun təhlükəli məqamları da az deyil. Təcrübə göstərir ki, peşəkar pilot olsan da, qəzalar qaçılmazdır. “Formula-1” yarışının tarixində hətta ən təcrübəli peşəkar, əfsanəvi pilotları olan braziliyalı pilot Senna və alman pilot Mixael Şumaxerin qəzaya düşməsini yarış tarixinin ən üzücü hadisələrindən saymaq olar. Hər iki pilotun  karyerası azarkeşlər və gənc pilotlar üçün örnək sayılır.

Şumaxeri  “Formula-1" yarışlarının əfsanəvi pilotlarından hesab edirlər. Uşaqlıqdan kartinqə və sürətə olan marağı və həvəsi Şumaxer soyadını əfsanələşdirə bilib. Dörd yaşında atası Rolfun düzəltdiyi kartın sükanına oturan balaca Mixael  beş yaşında kartinqdə yürüşdə uğurla iştirak edirdi. Digər idman növləri ilə, xüsusilə cüdo ilə məşğul olan Mixael öz həyat tərzini və sevgisini məhz kartinqdə tapır. On dörd yaşından lisenziya alaraq rəsmi yarışlara qatılan pilot 1984-87-cillərdə kartinq üzrə bir sıra Almaniya və Avropa çempionatlarında qələbə qazanır. 1990-cı ildə alman ”Formula-3"də çempion titulu qazanan Şumaxer bir il sonra Yaponiyada keçirilən “Formula-3000" yarışına qatılır.

Onu “Formula-1" yarışlarının çoxsaylı rekordçusu da adlandırırlar. Qələbə sayına görə (91), podyuma görə (155), bir mövsümdə qələbəyə görə (13), sürətli dairələr üzrə (77) göstəricilərlə Şumaxer tarixə düşüb.  Yeddiqat dünya çempionu, ikiqat dünya vitse-çempionu və üç dəfə bürünc mükafatçısı kimi titullar təkcə onun karyerasında qazandığı uğurların ən əsasıdır. Onu ”Günəşli oğlan", “Şumi”, eləcə də I Dünya müharibəsində tanınan alman baron manfred fon Rixtqofenin adına və bolidinin və geyiminin rənginə görə “qırmızı baron” da adlandırırlar.

1991-ci ildə Şumaxer “Cordon” komandasından Belçika Qran-prisində iştirak etmək üçün təklif alır. Pilotun meneceri əmin edir ki, Şumaxerin istedad və bacarığına söz ola bilməz. Üstəlik o, Almaniyada yaşadığına görə, trasa daha yaxşı bələddir. Həqiqətən də Şumaxer bu yarışda özünü doğruldur.

1992-ci ildə Belçika Qran-prisində üçüncü yer, 1993-cü ildə Portuqaliyada keçirilmiş yarışda dördüncü yerə çıxır. 1994-cü ildə ilk dəfə olaraq “Benetton” komandası üçün çempionatı qazanan Şumaxer 1996-cı ildə “Ferrari” ilə müqavilə bağlamalı olur.

1999-cu ildə Böyük Britaniyada keçirilən Qran-pridə qəza keçirən pilot ayağını sındırır. Faciəvi qəza ona üçüncü dəfə çempion olmağa mane olur.

Ancaq bir müddət fasilədən sonra 2000-ci ildə Yaponiya Qran-prisində üçüncü çempionluq titulu qazanır, Bu qələbə, əslində, pilotun təmsil etdiyi “Ferrari” komandasının 21 il gözlədiyi uğur idi. Bir il sonra pilot özünün dördüncü çempionluğunu qazanaraq, udulmuş Qran-pri sayına görə Alen Prostun rekordunu üstələyir. Bir-birinin ardınca çempion olan Şumaxer 2004-cü ildə yeddinci çempionluğunu yaşayır ki, bu da “Formula-1" tarixi üçün rekord göstəricidir.

2005-ci ildə  “Ferrari” və onun pilotu Şumaxer üstünlüyü əldən verir. Çempionatda “Reno” liderlik edir. 2006-cı ildə “Skuderiya”-"Reno" mübarizəsi Şumaxer və Alonso arasında çempionluq mübarizəsinə çevrilir. Ancaq Şumaxer Fernando Alonsoya güzəştə gedir, 2006-cı il sentyabrın 10-da məlum olur ki, “Formula-1" üzrə yeddiqat dünya çempionu idmanı tərk edir. Pilotluq fəaliyyətinə son qoyan Şumaxer karyerasını  ”Ferrari" komandasında ekspert və məsləhətçi kimi davam etdirir. Onun əsas işi bolidləri sınaqdan keçirməkdən ibarət idi.  2009-cu ilin 29 iyulda “Ferrari” Şumaxerin geri dönüşünü elan edir: belə ki, əfsanəvi pilot həmin il Avropa Qran-prisində iştirak etməli, travma almış Felipe Massanın əvəzinə trasa çıxmalı idi.

İyulun 31-i Şumaxer Mucelloda ilk dəfə olaraq  avtodromda test edərək Avropa Qran-prisinə (2009) hazırlaşırdı. Lakin əvvəllər sınaq yürüşü zamanı motoskldan yıxılması nəticəsində boynundan aldığı zədələrin təsirindən onun bu arzusu yarımçıq qalır. “Qırmızı baron”un “Formula-1"-ə qayıdışı 2010-cu ildə gerçəkləşir.  

2011-ci ildə keçirdiyi mətbuat konfransında artıq karyerasına son qoyduğunu bəyan edir və yeddiqat çempion digər pilotlara da örnək olacaq fikirlər səsləndirir: “ ...Son altı ildə çox şey öyrəndim. Məsələn: qarşıya çıxan açıqlıqdan konsentrasiyanı itirmədən istifadə etmək. Buna görə təşəkkür edirəm. Məğlubiyyət insana qələbədən daha  çox şey öyrədə bilir, mən bunu karyeramın ilk mərhələsində bilmirdim. Nəyi sevirsənsə, onun dəyərini bilməlisən, mən hər şeyə əvvəlkindən daha geniş baxa bilirəm.”

2011-ci ildə Sinqapur Qran-prisi  pilotun azarkeşlərini məyus edir. “əfsanəvi pilot 29-cu dövrəyə başlananda qəzaya uğrayır. Onun “Mersedes”i parça-parça olur. Maşının qalıqlarını yoldan təmizləmək üçün yarış belə müvəqqəti dayandırılır. Avtomobildən özü çıxan pilot “hər şeyin qaydasında olduğunu” deyir. Dəfələrlə yarışlarda bu cür qəzalara adət etmiş və sağ-salamat qurtarmış Şumaxer onu gözləyən daha böyük qəzadan xəbərsiz idi.

2013-cü il dekabrın 29-u Şumaxer oğlu və onun dostları ilə  Alp dağlarında Meribel kurortunun dağ xizəyi trassındakı istirahət zamanı qəzaya düşməsi onun sağlamlığını təhlükəyə salır. Ciddi zədə alan pilot vertolyotla Mutyedəki hospitala aparılır. Daha sonra onun müalicəsi Qrenobldakı klinikada davam etdirir.

Həyatı təhlükədə olan pilot iki dəfə neyrocərrahiyyə əməliyyatı edilir və onu süni komaya salırlar. Həkimlər deyir ki, şlem onun həyatda qalmasına kömək edib. Bir müddət sonra komadan çıxan pilot xəstəxanadan ayrılaraq, reabilitasiya kursu keçir, ictimaiyyətdən uzaq qalmağa çalışır.

Şumaxer Korinna Betçlə ailə qurub. Cütlüyün Cina Mariya adlı qızı, Mik adlı oğlu var.

Əfsanəvi pilotun oğlu da gənc avtoyürüşçü kimi komanda yarışlarında iştirak edir, ancaq diqqətdən yayınmaq üçün anasının soyadından istifadə edir.

Bir çox ölkələrdə Şumaxerin soyadı ümumişlək sözə çevrilib. Virtuoz və yaxud risk etməyi sevən sürücüləri “Şumaxer” adlandırırlar.

 

Ayrton Senna da Silva

 

“Formula-1" yarışlarının digər əfsanəvi qəhrəmanlarından biri də hətta Pele ilə müqayisə edilən Ayrton Senna da Silvanın həyatı və ölümü “Formula-1” tarixinin qürurverici və üzücü səhifələrindəndir.

1960-cı il martın 21-də anadan olmuş əfsanəvi pilot 1988, 1990 və 1991-ci ildə “McLaren” komandasının üzvü kimi “Formula-1" çempionatının qalibi olub. Lakin 1994-cü ildə  San Marinoda keçirilmiş  Qran-pri yarışında əfsanəvi pilot həyatını itirsə də, bu gün də onun adı fəxrlə çəkilir.

Varlı torpaq sahibinin ailəsində dünyaya göz açan Sennanın kartinqə marağını məhz atası kəşf edir. Dörd yaşında oğlunu sükan arxasında oturtmaqla, onun sanki sonrakı taleyini müəyyən edir. Ancaq 30 yaşında ilk dəfə olaraq “Formula-1"-ə qatılır.

Böyük Britaniyanın “Autosport” həftəlik nəşrinin keçirdiyi sorğuya əsasən, keçmiş və o dövrkü “Formula-1" çempionat iştirakçıları arasında Senna yarış tarixində ən yaxşı yürüşçü seçildi.

Belə ki, 10 illik karyerasında o, 41 yürüşü qələbə ilə başa vurub və 65 poul-pozişn əldə edib. Onun istedadına görə, mətbuat Sennaya “Sehrbaz” ləqəbi vermişdi.

Sennanın karyerasında ən maraqlı anlar 1980-ci illərin sonlarında  onun Alen Prostla rəqabəti hesab edilir.

O, özünün ilk dəfə kartinq yarışlarında iştirakını sənədli oçerkində ətraflı  təsvir etmişdi.

Buna baxmayaraq, 1977-ci ildə Senna kartinq üzrə Cənubi Amerikanın çempionu olur. Daha sonra dünya çempionatına qatılan pilot ikinci yeri tutur.

1981-ci ildə xanım dostu Lilian Vaşkonseluş da Souzla ailə həyatı qursa da, bu axıra kimi davam etmir.

1978-ci ildə Avropaya yollanan pilot “Formula-Ford 1600" klassı üzrə Britaniya çempionatında  qalib olur. 1982-ci ildən etibarən Ayrton anasının soyadı olan Senna soyadı ilə yarışlara çıxmağa başlayır.

Yağışlı hava ona uğur gətirirdi.  Bu yarışın keçirilməsini çətinləşdirsə də, əksər hallarda Sena rəqiblərini geridə qoyaraq yaxşı nəticələr göstərirdi.

Bu səbəbdən də jurnalistlər və azarkeşlər onu “Yağış adamı” adlandırırdı.

1994-cü ildə “Williams-Renault” komandasından “McLaren”ə keçən Senna 1994-cü ildə San-Marino Qran-prisində qələbə qazanır. Lakin bu qələbə onun ölümü hesabına başa gəlir. Yarışda qəzaya düşən əfsanəvi pilot  həyatla vidalaşır.

Ölümündən bir müddət əvvəl Ayrton Senna xeyriyyə məqsədi ilə Braziliya və digər ölkələrdə yoxsul gənc insanlara kömək etmək üçün Ayrton Senna Fondu yaratmışdı. Sennanın ölümündən sonra onun vəsiyyətinə uyğun olaraq, fonda o zaman artıq  400  milyon dollar məbləğ bağışlanılmışdır. Buna görə, Senna adı təkcə əfsanəvi pilot yox, dünyada milyonlarla insan üçün bu gün “daha yaxşı həyata ümid” hesab edilməkdədir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında