Mingəçevirin yeni cah-cəlalı göz oxşayır

... Günlər, aylar, illər necə də sürətlə keçir, İlahi! Elə bil dünən, uzaqbaşı bir həftə əvvəl olmuş hadisələr idi. Əslində isə bir  ildən də artıq vaxt keçib. Ötən ilin bu günlərində Mingəçevirdən tez-tez söz açırdıq. May ayında ilk Avropa Oyunlarının məşəlinin Azərbaycanın “Nur şəhərində” alovlandırıldığından xəbər hazırlamışdıq, iyunun ortalarında adıçəkilən oyunların  kayak və kanoye növləri üzrə yarışlarının bu şəhərdə böyük maraq və həyəcanla qarşılandığını yazmışdıq, iyulda isə  “Mingəçevir: Avropanın gözəl şəhərlərindən biri...” adlı geniş materialla oxucuların görüşünə gəlmişdik. İlk cümləmiz də belə idi: “Dünya bildi ki, “Kür” Olimpiya Tədris İdman Mərkəzi Avropada və MDB-də analoqu olmayan avarçəkmə bazasıdır". Bir sözlə, bu sətirlərin qələmə alınması prosesində həqiqətən söz vaxtına çəkdi.

Amma istinad edilməli, xüsusilə yada salınmalı başqa bir məqam da var. “Bakı -2015” ilk Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək yarışlara  hazırlıq prosesi barədə  təəssüratlarımızı da  Kürün sahilində qələmə almışdıq, bu yazının əsas məqamlarını da orada yazdıq. Fərq onda  idi ki, zaman da, həmsöhbət də, Mingəçevirin  gözəlliyi də dəyişilmişdi. Üstəlik, paytaxtımız  bu ilin iyununda da dünya idmansevərlərinin diqqət mərkəzinə çevrildi. Bakıda keçirilən “Formula -1” yarışlarının iştirakçıları Mingəçevirə gəlməsələr də, həmin tədbirdə tamaşaçı kimi iştirak etmək üçün gələn əcnəbi turistlərin bir çoxunun Mingəçevirə də gələcəyi artıq çoxdan məlum idi.

İndiki həmsöhbətimiz  - şəhər icra hakimiyyəti başçısının müavini Hikmət Kərimov  dedi  ki, bu gün Mingəçevirdə istənilən sayda qonağın yüksək səviyyədə qəbul edilməsi üçün normal şərait mövcuddur: “ Belə ki, şəhərimizdə  turistlərin maraq göstərəcəyi ünvanlar kifayət qədərdir. Beynəlxalq yarışların məkanı olan “Kür” Olimpiya Tədris İdman Mərkəzi əsaslı surətdə yenidən qurulub. “River Side”, “Ağsaray”, “Kür”, “Səməni” otelləri tikilib və şəhərdə turizm sahəsi inkişaf etdirilib.  Şəhərdə 1 universitet, 2 kollec – Turizm və Tibb kollecləri – 1 peşə, 22 orta ümumtəhsil məktəbi, 21 dövlət və 1 özəl uşaq bağçası fəaliyyət göstərir. Yəni, Mingəçevirə bir il əvvəl gəlmiş qonaqlar bu şəhəri növbəti ildə görəndə öz heyrətlərini gizlətmirlər”.

Həmsöhbətim qeyd etdi ki, bu il may ayının 12-də Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Mingəçevir şəhərinin qonağı olub. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdən sonra  Mingəçevir Tarix Muzeyində olan səfir şəhərimizin tarixinin zənginliyinə, bu gününün isə gözəlliyinə heyran olduğunu dilə gətirib. Mingəçevir Dövlət Universitetindəki görüş zamanı  Meksikanın turizm sahəsindəki geniş imkanlarından danışan səfir öz ölkəsinin  ali məktəbləri ilə Mingəçevir Dövlət Universiteti arasında əlaqələr qurulmasının mümkünlüyünü söyləyib. Mingəçevir Turizm Kollecinin beynəlxalq əməkdaşlıq sahəsindəki  uğurları isə artıq hamıya məlumdur. Bu isə o deməkdir ki, indi artıq şəhərimizin işıqları dünyanın hər yerində diqqət çəkir”. 

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla söhbətimizin mövzusu da sosial-iqtisadi inkişaf, insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər idi. Ancaq Niyazi müəllim söhbətə təkcə Mingəçevir prizmasından yanaşmaq istəmədi. Bildirdi  ki,  “Azərbaycanın regionlarında müşahidə olunan dinamik inkişaf, bölgələrə göstərilən dövlət qayğısı, şəhərimizin timsalında aydın görünməkdədir. Yeni istehsal sahələri yaradılır, mövcud müəssisələrdə yenidənqurma işləri aparılır, sosial təyinatlı obyektlər inşa edilir, xidmət sahələrinin müasirləşməsinə xüsusi diqqət verilir. Başa vurduğumuz layihələrin nəticəsi göstərir  ki, şəhərimizdə son illər aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri cari ilin yanvar-may aylarında eyni sürətlə davam etdirilib.

Məsələn, şəhər iqtisadiyyatının əsas sahələri üzrə ümumi məhsul istehsalı 94,7 milyon manat təşkil edib, o cümlədən, sənaye məhsulunun istehsalı 51,8 milyon, tikinti-quraşdırma işləri 1,1 milyon manat olub. Şəhər ərazisində nəqliyyat vasitələrilə 977 min manatlıq xidmət göstərilib, 182,5 min ton yük, 7872 min nəfər sərnişin daşınıb. Rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi 324 min manat olub. Bütün bunlarla yanaşı qısa müddətdə şəhərimizdə  738 daimi iş yeri yaradılıb ki, bu da cənab Prezidentin qarşımızda qoyduğu əsas vəzifələrdən biridir".  Yeri gəlmişkən,  şəhərdə olarkən öyrəndik ki, Mingəçevir  Məşğulluq Mərkəzinə  müraciət edənlərdən  552 nəfəri peşəsinə və ixtisasına uyğun işlə təmin olunub.

Qonşu ölkələrin bütün enerji daşıyıcıları, xüsusən, elektrik enerjisi ilə təminat məsələsində dərin böhran yaşadığı günlərdə Azərbaycanda həmin sahədə heç bir problem yoxdur. Həm elektrik enerjisinin istehsalında, həm də bu enerjinin xalqa, istehlakçıya çatdırılmasında iş elə qurulub ki, kiminsə, hansısa problemlə üzləşməsi qətiyyən mümkün deyil. Biz bunu Mingəçevirin timsalında qətiyyətlə deyə bilirik.  Çünki, “Mərkəzi Aran” Regional İdarəsinin Şəhər Elektrik Şəbəkəsi tərəfindən şəhər üzrə 8  yeni transformator quraşdırılıb, hava xətlərində 1000 metr zədəli naqil yenilənib, 8 ədəd yeni beton dayaqlar basdırılıb və digər zəruri texniki xidmət işləri görülüb. Əhalinin istehlak etdiyi elektrik enerjisinin haqqı tam ödənilir.

Digər xidmət sahələrində də vəziyyət elədir. Məsələn, Su kanal idarəsi tərəfindən  su və kanalizasiya şəbəkələrində baş vermiş qəzalar aradan qaldırılır, müxtəlif  diametrli 177  metr su xətti və 4 ədəd siyirtmə yenilənib, 2 min metr su xətti, 6 ədəd siyirtmə və 1 ədəd elektrik mühərriki təmir olunub, abonentlərə 66 ədəd su sayğacı quraşdırılıb. Şəhər əhalisinin təbii qazla təminatı da dövlətin tələb etdiyi səviyyədə ödənilir. Qaz İstismar Xidməti tərəfindən  cəmi üç ayda   müxtəlif diametrli 286  metr yeraltı, 1224  metr yerüstü qaz xətti çəkilərək 6 ədəd yeni tənzimləyici məntəqə, 2 ədəd yeni siyirtmə quraşdırılıb. 2026 ədəd qaz sayğacı yenilənib.

Əlbəttə, Mingəçevir barədə danışanda ilk növbədə yada düşən sahil boyu qatarlanan çinarlar, şəhərin bütün park və bağlarını bəzəyən yaşıllıq zonaları olur. Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi  bu məsələni daim diqqət mərkəzində saxlayır. Cəmi üç-dörd ayda  2650 ədəd müxtəlif növ ağac tingləri, 250 ədəd müxtəlif növ mövsumi çiçək əkilib. Ancaq müasir şəhərin hüsnünü təkcə yaşıllıqla gözəlləşdirmək mümkün deyil. Bu işdə təmizliyin də rolu az deyil. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin sel sularından əsas və köməkçi mühafizə kanallarında təmizlik işləri aparılır, Samux küçəsində şəhərin müxtəlif küçələrində yeni sel-su xətləri çəkilib, 22 yağış suyu axıdan quyu yolun asfalt səviyyəsinə qaldırılaraq  bərpa edilib.

Qonaqların və şəhər sakinlərinin gecə gəzintisinə marağını artırmaq üçün kifayət qədər tədbirlər həyata keçirilir. Ümumiyyətlə, müasirliyin əsas göstəricilərindən olan yeni işıqlandırma sistemlərinin yaradılması daim diqqət mərkəzindədir."İşıqlanma" idarəsi tərəfindən  bu ilin ilk aylarından bəri  600 ədəd yeni işıqlandırma nöqtəsi bərpa edilib, 2150 metr kabel dəyişdirilib və sistemin işi təmin edilib.  Xətai və Nəsimi küçələrində ümumilikdə 55 ədəd müasir işıq dayaqları quraşdırılmaqla yeni işıqlanma sistemi yaradılıb.  İstilik Sistemlərinin İstismar Sahəsi də Mingəçevirin adına layiq fəaliyyət göstərir.  Qısa müddətdə  6 qazanxana vasitəsilə təhsil, səhiyyə və digər sosial obyektlərə və yaşayış binalarına qrafikə uyğun istilik enerjisi verilib, o cümlədən məcburi köçkün şəhərciyində 1098 mənzilin və digər sosial obyektlərin istiliklə və isti su ilə təchizatı təmin edilib.

Niyazi müəllimlə söhbətimizə qayıdaraq qeyd edək ki,   şəhər icra hakimiyyəti  digər sahələrlə yanaşı təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin işini də daim diqqət mərkəzində saxlayır, yaranan problemlərin həllində lazimi köməklik göstərir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2016-ci il fevral ayının 15-dən may ayının 2-dək əhalinin tibbi müayinədən keçirilməsi haqqında şəhər icra hakimiyyəti başçısının  sərəncamı ilə komissiya yaradılıb, şəhər üzrə əhalinin tibbi müayinədən keçirilməsi üçün qrafik müəyyənləşdirilib, 3 tibbi məntəqədə qrafikə uyğun tibbi müayinə keçirilib.  Şəhər təhsil şöbəsinin 1, 7, 9 saylı ümumtəhsil məktəblərində əsaslı təmir işləri davam etdirilir.

Sadalanan bu faktlar  göstərir ki, şəhərdə aparılan abadlıq, quruculuq və yenidənqurma işləri, əhalinin məişət problemlərinin həlli, kiçik və orta sahibkarlığın genişləndirilməsi istiqamətlərində görülən tədbirlər uğurla davam etdirilir. Ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Mingəçevir şəhərində mühüm işlər həyata keçirilir. 2015-ci il fevralın 24-də Mingəçevirə səfəri zamanı aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olan möhtərəm prezidentimiz şəhərdə görülən işlərdən razılığını bildirmiş, bir sıra tövsiyə və tapşırıqlarını vermişdir. Elə həmin il fevral ayının 27-də “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” Sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq müəyyən edilir ki, Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurğuları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Eyni zamanda, sərəncamda parkın fəaliyyəti üçün konkret sahələr də müəyyənləşdirilib. “Mingəçevir-Toxucu” Açıq Səhmdar Cəmiyyətinə məxsus 14,8 hektar torpaq sahəsi icarə hüququ ilə yeni yaradılmış Cəmiyyətin ixtiyarına verilib. Həmin müddətdən keçən dövr ərzində burada xeyli iş görülüb, ərazidə söküntü işləri aparılaraq yeni layihə smeta sənədlərinə müvafiq torpaq sahəsində sənaye parklarının yaradılması müəyyənləşdirilib. Şəhərin inkişafında mühüm rol oynayacaq Yüksək Texnologiyalar Parkının yaradılması artıq reallaşıb. Kür-Elektron Avadanlıqları İstehsalı zavodunun yaxınlığında ayrılmış 3 hektar torpaq sahəsi işin səmərəli təşkilinə imkan yaradacaqdır. Bu istiqamətdə əməli işlər görülür. Yəni bu gün Mingəçevirin hansı küçəsinə, prospektinə, park və ya xiyabanına baxsan, inkişafın, tərəqqinin  şahidinə çevrilərsən.

... Demək istəyirdim ki, bu yeniləşməni, gündən-günə artan  müasirləşməni şəhərin qonaqları daha yaxşı hiss edirlər, həmkarım, “Mingəçevir” qəzetinin baş redaktoru  Mirsədi Daşdəmirovun  qələmə aldığı sətirlər yadıma düşdü: “Bunlar əhalinin maddi-rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması istiqamətində irəli atılan mühüm addımlardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Məhz cənab Prezidentin bilavasitə tapşırığı ilə həyata keçirilən bu layihələr əhalidə ruh yüksəkliyi yaradır, şəhərin sosial-iqtisadi yüksəlişinə öz töhfəsini verir. Həyata nikbin baxaraq fəxrlə deyə bilərik ki, Mingəçevir yeni inkişaf mərhələsindədir. Qarşıda bizi hələ neçə-neçə belə mühüm layihələrin reallaşması gözləyir. Tam əminliklə qeyd edirəm ki, möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində yaxın gələcəkdə biz bu yüksəlişlərin şahidi olacağıq”.

Həmkarım tamamilə haqlıdır. Mingəçevir başdan-başa gözəlliklə əhatə olunub. Geniş prospektlər, küçələr göz oxşayır. Gəzdikcə gəzmək, bu gözəlliyi yaradanlara əhsən demək istəyirsən. Mən  əminəm ki, gələn il - ölkəmizdə İslam Həmrəylik Oyunlarının keçirildiyi günlər Mingəçevirdən hazırlayacağım yazıda yenə də qeyd edəcəyəm: “Elə bil dünən, uzaqbaşı bir həftə əvvəl olmuş hadisələr idi. Əslində isə bir  ildən də artıq vaxt keçib”. Təbii ki, o zaman da söz vaxtına çəkəcək. Ancaq Mingəçevirin inkişafın hansı mərhələsinə çatacağını indidən söyləmək o qədər də asan deyil.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında