Birinci Qarabağ savaşının ən ağır və üzücü yükünu daşımış, ərazisinin 77 faizi işğal edilmiş Ağdama, indi rayon mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsinə yola çıxırıq. Həmkarım Ziyəddin Sultanovun qaşları düyünlənib, baxışlarında yenə hüzn dolu bir həsrətin sıxıntıları aydın görünür. Gözləri qarşı tərəfdən boy verən Şahbulaq dağlarına tuşlanıb. Sanki, son dəfə 23 il əvvəl – 1993-cü ilin iyununda güllə, mərmi yağışı altında tərk etdiyi doğma Mollalar kəndini, bu kənddəki Xaçın gölünün səfalı guşəsində qərar tutmuş doğma evlərini arayıb-axtarır. Sonra aram-aram maşının arxa salonunun pəncərəsini endirib o dağlardan axıb gələn sərin havanı ciyərlərinə çəkirmiş kimi dərindən ah çəkir...
Ağdama çəkilən dağlara, başına açılan müsibətlərə tab gətirməyib ağlamaqdan, sanki, gözü tutulmuş, əslində, vandal erməni işğalçılarının axarını çoxdan suya həsrət qoyduqları Xaçın çayının üzərindəki körpünü keçib cəbhə xəttinə istiqamət götürürük. Avtomobil Quzanlıya aparan magistral yola çıxanda, sanki, daim atəş zolağında olan bölgəyə yox, birbaşa, dünyanın düz vaxtlarında Qarabagın bəxtəvər şəhəri adını almış abad Ağdam şəhərinə gedirdik. Yolun kənarında, bir vaxtlar Ağdamın tən ortasındakı hind-çin üslubunda tikilmış Çay evinin eynisini görəndə nastolji hisslər bizi lap çaş-baş saldı. Dəfələrlə qızılgül ətri dadan nabatla pürrəngi çay içdiyimiz elə həmin Çay eviydi. Yenicə asfalt döşənmiş abad yol da cəbhəyə gedən yola bənzəmirdi.
Yolboyu səliqə ilə mərzlənmiş əkin sahələrinə, taxıl zəmilərinə baxdıqca Ağdamın Azərbaycan iqtisadiyyatında, xüsusilə, kənd təsərrüfatındakı potensialını yada salırıq. O bəxtəvər günlərdə ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda 40 min hektar əkin sahəsi var idisə, indi vur-tut 17 min hektar sahədə əkin aparılır. 185 mindən artıq əhalisinin 145 minə yaxını məcburi köçkün həyatı yaşayır. Rayonda yaşayan 90 min nəfər əhalinin 37 mini yerli, 53 mini məcburi köçkündür. Ölkədə məcburi köçkünlər üçün tikilmiş 82 qəsəbənin 18-i məhz Ağdamda inşa olunub. Bu faktları öz aramızda təhlil edib yolun ömürdən aldığı vaxtın hesabını aparmamağa çalışırıq.
Bir şəhəri və 83 kəndi işğal altında olsa da, rayon iki ay əvvəl düşmənin aramsız hücumlarına yaralı aslan kimi sinə gərib, bu ağır döyüşlərdən ilk dəfə hərb meydanında qalibiyyətin şirinliyini və sevincini dadmışdı. Həmin günlərdə, hətta aprelin 27-dən 28-nə keçən gecə belə Ermənistan silahlı birləşmələri itirdikləri məntəqələri və strateji mövqeləri geri qaytarmaq üçün bu rayonda mülki əhalinin sıx yerləşdiyi ərazilərə ən ağır silahlardan atəş açmış və kəndlərdəki fərdi evlərə, təsərrüfatlara çox ciddi ziyan vurmuşdular. Əslində, indi Ağdamın Quzanlı qəsəbəsi ilə yanaşı, daha 10 kəndində yaşayan 90 mindən çox sakinin hansından soruşsan, bu yerlərdə atəş səslərinin eşidilmədiyi günləri çətin sadalaya bilsinlər. Elə bu yazımızı çapa hazırlayarkən Müdafiə Nazirliyinin verdiyi məlumatda göstərilirdi ki, Ağdam rayonunun Yusifcanlı, Mərzili kəndləri yenə də erməni silahlı birləşmələri tərəfindən atəşə məruz qalıb.
Doğrudur, aprel hadisələri zamanı milli ordumuzun əks həmləsi nəticəsində Ermənistan silahlı birləşmələri böyük itkilər verərək işğal etdikləri bir neçə strateji məntəqələrimizi əldən verdikdən dərhal sonra , beynəlxalq aləmdən aman diləyib atəşkəsin əldə olunması ilə məğlubiyyətlərini önləyə bildilər. Lakin nə sülh, nə də müharibə olan bu razılaşma onları çirkin niyyətlərindən döndərmədi. Hətta aprel döyüşlərindən sonra bölgəyə beynəlxalq təşkilatların nümayəndələrinin çoxsaylı səfərləri belə bu nankor qonşularımızı cəbhəyanı ərazilərimizi ağır artileriyadan və iriçaplı silahlardan atəşə tutmaqdan çəkindirə bilmədi.
Quzanlıda olarkən bizə məlumat verdilər ki, təkcə may ayında Azərbaycanda akreditə olunmuş 60-a qədər ölkənin diplomatları, xarici KİV nümayəndələri Ağdama səfər etmiş, cəbhəyanı kəndlərdə – Sarıcalı, Çəmənli, Zəngişalı, Mahrızlı, Qaradağlı və Əfətli kəndlərində vəziyyətlə maraqlanmış, ermənilərin aramsız atəşə tutduqları bu dinc yaşayış məntəqələrində dağılmış evlərə baxmış və sakinlərlə görüşlər keçirmişlər. Qonaqlar özləri şahid olmuşlar ki, Ermənistan silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində rayon ərazisində salınan Baharlı qəsəbəsində mərmilər hətta evlərin həyətlərinə düşüb, güclü dağıntılara səbəb olub. Təkcə son hadisələr zamanı 17 məcburi köçkün həlak olmuşdur...
İcra hakimiyyətinin qarşısında qayğılı-qayğılı var-gəl edən bir sakinə yaxınlaşıb görüşürük. Qısa söhbətdən məlum olur ki, Mahrızlı kəndindən olan Əliş Hüseynovun aprel döyüşləri zamanı artilleriya atəşi nəticəsində evi yanıb külə dönmüşdür. Quzanlıya icra hakimiyyətinə də evi ilə bağlı məsələni yoluna qoymaq üçün dəvət ediblər. Əliş kişi təmkinini pozmasa da qəzəb hissinin sinəsini diddiyi aydın sezilird:
– 23 ildir ki, dünyanın bütün ölkələrindən, beynəlxalq təşkilatlarından gəlib baxıb, bizi sakitləşdirib gedirlər. Amma heç nə dəyişmir. Bir gün ordumuzun igid əsgərlərinin ermənilərin burnunu əzib sıralarını seyrəltməsi bu saysiz-hesabsız səfərlərdən daha səmərəli oldu. Bütün dünya dərhal ayağa qalxdı ki, dayanın, məsələni sülh yolu ilə həll edək.Yəni bu beynəlxalq təşkilatlar bu qədər vaxtda görmürlər ki, ermənilər onları eşitmirlər? Bu məlun işğalçılar BMT kimi bir qurumun 5 qətnaməsini 23 ildir ki, qulaqardına vururlar, beynəlxalq aləm də susur...
Dərdli deyingən olar, deyiblər. Amma bu dərd o dərddən deyil. Bu insan haqlarını əlində dəstəvuz edib bir çox dövlətləri viran qoyan dövlətlərin xalqımızın tapdalanmış hüquqlarına, bir milyona yaxın qaçqının öz Vətənində yaşamaq haqqından məhrum olması faktına bilərəkdən göz yumması kimi bir ədalətsizlikdir. Əliş kişini başa düşmək çətin deyil. Cəbhə xəttində yaşayan Əliş kişi kimi minlərlə insan neçə illərdir ki, atəş səslərindən nə gecələr evlərində rahat yata bilir, nə də gündüzlər həyət-bacada işləyə.
Açığını deyək ki, onların bu vəziyyətdə belə dəyanət, təmkin göstərmələri adamda böyük fəxarət hissi doğursa da, heysiyyatına toxunmaya bilmir. Bunun nədən irəli gəldiyini öyrənmək üçün səfər boyu belə vəziyyətdə yaşayanlara bəzən sual verirdik ki, bu yerlərdən köçmək barədə heç düşünmüsünüzmü? Cavablar təxminən bir-birinin eyni olurdu: “Aprel döyüşlərinə qədər, bəzən ciddi bir problemlə qarşılaşanda bəlkə də ağlımıza belə fikirlər gəlirdi. Amma ordumuzun gücünü, qələbə əzmini görəndən sonra, bu fikri yaxın belə buraxmırıq. Adam öz ocağından, yurd yerindən hara gedər?”.
Sorgumuz həm də ondan irəli gəlirdi ki, cəbhə xəttində atəşkəs rejiminin tez-tez pozulması səbəbindən bu bölgədə yaşayan dinc sakinlər arasında da ara-sıra itkilər olur. Məsələn, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsindən son döyüşlər zamanı dinc sakinlər arasında nə qədər itkilərin olduğunu soruşanda məlumat verdi ki, aprelin 2-də Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində müxtəlif kəndlərdə 8 dinc sakinimiz yaralanıb, biri isə həlak olub. Aprelin 27-də baş vermiş aramsız atəşlər nəticəsində isə 2 nəfər həlak olub, 7 nəfər yaralanıb... Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində müalicə olunarkən Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva başqa yaralılarımızla yanaşı, onlara da baş çəkmişlər.
Bu məlumatların yaratdığı təəssüratla Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşürük. İş gününün ilk dəqiqələri olsa da qəbula gələnlər çoxdur. Vəziyyətlə maraqlanırıq:
– İndi nisbətən sakitlikdir. Silahlı qüvvələrimiz aprel döyüşlərində onları necə əzmişdirsə, aprelin sonuna qədər bütün iyrənc vasitələrlə onun hayfını çıxmağa çalışırdılar. Kəndlərimiz atəş xəttinə yaxın olduğundan, əsasən, dinc sakinlərin yaşadıqları əraziləri atəşə tuturdular. Dövlət başçıları səviyyəsində atəşkəs əldə olunduqdan sonra cəbhə kəndlərində dinc sakinlər arasındakı gərginlik xeyli səngimişdir. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin birinci xanımı Mehriban Əliyeva ilə cəbhə bölgəsinə gəlməsi, burada yaşayan insanlarla görüşməsi əhali arasında çox böyük ruh yüksəkliyinə səbəb oldu.
Prezident İlham Əliyev qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndinə gəlib burada Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olduqdan sonra sakinlərlə görüşdü və üzünü onlara tutub bildirdi ki, siz burada, düşmən atəşi altında böyük cəsarət və fədakarlıq nümayiş etdirirsiniz. Bunun əsl vətəndaşlıq nümunəsi olduğunu vurğulayan dövlət başçısı sakinləri əmin etdi ki, dağılmış evlər, sosial obyektlər tezliklə bərpa olunacaq.
Dövlət başçısının bu səfərindən sonra evləri artilleriya atəşinə məruz qalan əhalinin digər qismi də geri qayıtmağa, insanlar yenə əvvəlki qaydada öz təsərrüfatlarında çalışmağa, gündəlik qayğıları ilə məşğul olmağa başladılar. Təmas xəttinə yaxın ərazilərdə işləmək yenə də təhlükəlidir. Çünki düşmən tərəfi təmas xəttinə yaxın ərazilərdəki əkin sahələrində işləyən insanları atəşə tutmaqdan çəkinmir.
Düşmənin niyə bu bölgəni daim gərginlikdə saxlamağa çalışması bəllidir. Hələ tarixdən düşmənə bəllidir ki, bu ərazilər strateji baxımdan çox mühüm əhəmiyyət daşıyır. Amma onları narahat edən odur ki, əhali bu yerlərdən bir addım belə geri qoymur. Əksinə, birinci Qarabağ savaşı zamanı bu yerlərdən baş götürüb gedənlər də indi yavaş-yavaş geri qayıdırlar. Bu da ondan irəli gəlir ki, dövlət başçısı son 10 ildə cəbhə xəttində yerləşən rayonların, o cümlədən Ağdamın sosial-iqtisadi həyatına, insanların yaşayışına diqqət və qayğısını daha da artırıb. Ən əsas məsələ isə ondan ibarətdir ki, cəbhənin bir addımlığında olan bu rayonun sakinləri Prezidentin gərgin fəaliyyəti sayəsində Milli Ordumuzun bu illər ərzində necə gücləndiyini, ən müasir silahlarla təchiz olunduğunu və düşmən qüvvələrini bu sahədə də bir necə dəfə üstələdiyini əyani şəkildə görürlər.
Dağıntılar barədə aldığımız məlumatlardan da aydın görünürdü ki, rayonun Qaradağlı, Əfətli, Çəmənli, Zəngişalı, Mahrızlı, Qərvənd və Sarıcalı kəndlərində sakinlərin evlərinə ciddi ziyan dəyib, bir çox evlər tamam dağılıb, onlarla evin dam örtükləri sıradan çıxıb. Təkcə aprelin 27-dən 28-nə keçən gecə başlayan ağır artilleriya zərbələri nəticəsində rayonun yaşayış məntəqələrinə 100-dən artıq mərmi düşüb. Ən çox ziyan dəyən Qaradağlı kəndində 6 ev dağılıb, 47 evin dam örtüyünə, qapı-pəncərəsinə, yardımçı binalara, əhalinin mülkiyyətinə və təsərrüfatlarına müxtəlif dərəcədə ziyan dəyib. Ümumilikdə, rayon ərazisində 14 ev tam, 35 ev qismən dağılıb, 1ev yanıb, 144 evə müxtəlif dərəcədə ziyan dəyib. Dinc sakinlərdən 7 nəfər yaralanıb, 2 nəfər həlak olub.
Raqub müəllim, aparatın digər əməkdaşları, kənd sakinləri də bildirdilər ki, təmas xəttinə yaxın ərazilərdə yerləşən torpaq sahələrində bu gün əkin aparmaq çox risklidir və ona görə də məqbul hesab olunmur. Hətta son döyüşlərə qədər əkilmiş sahələri düşmən hərbçiləri müşahidə edə bildiklərindən sakinlərin orada işləməsi çox təhlükəlidir. Buna görə də həmin ərazilərdə əkilmiş bitkiləri alaqlardan təmizləmək, suvarmaq və aqrotexniki xidmət göstərmək mümkün olmadığına görə məhsul tələf olur. Neyləmək olar, bu da Ermənistan silahlı birləşmələrinin bizim torpaqlarda bizə qarşı apardıqları açıq – gizli müharibənin acı bir reallığıdır.
Lakin bütün bu çətinliklərə baxmayaraq, rayonun sosial-iqtisadi inkişafı davam etməkdədir. Rayon icra hakimiyyətindən aldığımız məlumatlarda qeyd olunur ki, ilin birinci rübündə rayon üzrə ümumi məhsul istehsalının həcmi 16,6 milyon manat olub. Bu dövrdə 2 milyon manatlıq sənaye, 8,7 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Kənd təsərrüfatı sahəsində mövsümi işlərlə əlaqədar 1722 hektarda tərəvəz, 452 hektarda kartof, 250 hektardan artıq çuğundur, 1500 hektardan çox soğan, 1999 hektarda yonca əkilib.
Pambıqçılığı inkişaf etdirmək və bu sahənin əvvəlki şöhrətini özünə qaytarmaq məqsədilə də müvafiq tədbirlər görülür və artıq rayonda 550 hektardan artıq pambıq əkilmişdir.
Son illərdə heyvandarlığın inkişaf etdirilməsi istiqamətində də yüksək nailiyyətlər əldə edilmişdir. 2016-cı ilin birinci rübünə olan məlumata görə iri malın sayı 39 min 446 başa, xırda heyvanların sayı 105 min 569 başa çatdırılmışdır. Bu sahənin inkişafı heyvandarlıq məhsullarının istehsalına da öz təsirini göstərmiş və 1028 ton ət, 8 min 395 ton süd istehsal olunmuşdur.
Bu gün bölgədə kənd təsərrüfatının inkişafına əngəl olan ən ciddi problemlərdən biri su qıtlığıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, su mənbələrinin bir çoxu, xüsusilə də Sərsəng su anbarı erməni işğalı altında olduğu üçün, yerli sakinlərin suvarma suyuna böyük ehtiyacı var. Üstəlik, son hadisələr zamanı da Ağdam rayonunun suvarma sisteminə xeyli ziyan dəyib. Ermənistan silahlı birləşmələrinin yaşayış məntəqələrinə və əkin sahələrinə atdığı mərmilər nəticəsində suvarma sisteminə xidmət göstərən 34 subartezian quyusuna ziyan dəyib. Eyni zamanda, artezian quyularının işləməsində ən vacib rol oynayan elektrik təsərrüffatı da ziyansız ötüşməyib.
Raqub Məmmədov söhbətimizin sonunda qeyd etdi ki, aprel ayında Ermənistanın silahlı birləşmələrinin atəşləri və artilleriya zərbələri nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində çox ciddi işlər görülür: “Prezidentimiz cəbhə bölgəsinə səfərindən dərhal sonra hökumətə və müvafiq dövlət qurumlarına lazımı tapşırıqlar verdi və eyni zamanda, bərpa və tikinti işlərinə yetərincə vəsait də ayırdı. Bundan sonra müxtəlif nazirliklərin, komitələrin rəhbərləri və məsul əməkdaşları dərhal öz üzərlərinə düşən vəzifələrin icrasına başladılar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov son hadisələrdən sonra bizim rayona daha tez-tez gəlir və işlərin gedişi ilə yaxından maraqlanır”.
Əlbəttə, bütün bunlar cəbhə bölgəsində yaşayan insanların psixoloji durumuna və əhval-ruhiyyəsinə öz müsbət təsirini göstərir. Xalq görür ki, dövlət 1992-93-cü illərdəki kimi onları taleyin ixtiyarına buraxmayıb, əksinə, həyatın normal axara düşməsi, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, rifahlarının yüksəlməsi və təhlükəsizliklərinin təminatı sahəsində ciddi işlər görür və ən əsası, bütün bu məsələlərə məsuliyyətlə yanaşır.
Mahrızlı kəndində olarkən xoş bir təsadüfdən dövlət başçısının görüşündə iştirak etmiş və ürək sözlərini söyləmiş kənd müəllimi Südeyif Məhərrəmovla rastlaşdıq. Ona elə bil dünyanı bağışlamışdılar. Təəssüratını bizimlə bölüşüb deyir:
– Odun-alovun içində olasan və bundan dərhal sonra dövlətinin başçısı sənin vəziyyətinlə maraqlanmaq üçün düz qapına gələ. Bu adama necə təsir etməsin? Biz Prezidentimizin dəyanətinə, qətiyyətinə bələd idik. Amma onun bu ağır məqamlarda, həm də xanımı ilə dərhal cəbhə xəttinə gəlməsi, orduda əsgər və zabitlərin, kəndlərdə insanların vəziyyəti ilə şəxsən maraqlanması, müvafiq qurumlara tapşırıqlar verməsi bizə çox böyük qürur və fərəh yaşatdı. Belə Ali Baş Komandanla erməni nə karədi ki, bizə bata...
Cəbhə xətti boyu yaşayan əhalinin dəyanətini, təmkin və səbrini gördük, düşmənin namərdliyinə baxmayaraq, insanların öz yurd yerlərində, bir addım öndəki əsgərlərimizin arxasında mətin dayandıqlarının şahidi olduq və bu bizi çox məmnun etdi. Çünki, erməninin xisləti bəlli olduğu üçün onun bəd əməllərindən gələn ziyan da başa düşüləndır və bütün vasitələrlə aradan qaldırılır. Amma mayın 23-də rayonun bir çox kəndlərinə yağan dolunun vurduğu ziyan, ümidini bu yazın əkinindən götürəcəyi məhsula bağlamış insanları çox mütəəssir edib, kövrəldib. Zarafat deyil, təqribən, bir saatın içində yağan dolu 2875 hektar əkin sahəsinə çox böyük ziyan vurub. 987 hektar buğda, 557 hektar arpa, 785 hektar tərəvəz, 32 hektar pambıq və sair məhsul, demək olar ki, məhv olub. İndi necə olsun? Neçə-neçə ailə gözünü bu məhsula dikmişdi, o da belə əldən getdi. “Neynəmək olar, bu da bir Tanrı sınağıdır. Təki sağlıq olsun, Vətən sağ olsun. Yəqin, dövlət bir tədbir görər”, – deyə məlumatı bizə çatdıran icra hakimiyyətinin əməkdaşına təsəlli və ümid verməkdən savayı, əlimizdən bir iş gəlmirdi. Bilmədik, bəlkə, elə dövlətin dəstəyi ilə bağlı verdiyimiz ümid onların da ürəyində göyərib. Amma inanclarımıza rəgmən, ikimiz də eyni vaxtda dedik: “Təki ümidləri daşa dəyməsin”...
İki gündən artıq sərnişini olduğumuz avtomobil Quzanlıdan Bərdəyə istiqamət götürür. Təbiətin şıltaqlığından çox Tanrının sınağı hesab etdiyimiz dolunun bu yurdun sakinlərinə gətirdiyi kefsizlik bizim əhvalımızı da dəyişmişdi. Soltanbud təpəsinin ətəyindən keçəndə, baxışlarımızla bu yüksəklikdəki Bayraq kompleksini nəzərdən keçirib cəbhə bölgəsiylə sağollaşırdıq. Zirvədəki hündür dirəyin başında yırğalanan üçrəngli bayrağa baxdıq. Xaçın, Kolanı dağlarına, əsirlikdə düşmən tapdağında inləyən Ağdam, Şuşa, Xocalı şəhərinə, böyük Qarabağa üz tutub yırğalanır və sanki, cəsur ordu komandanı kimi bu gün müsəlləh əsgər ruhu yaşayan xalqımızı müzəffər yürüşə, azadlıq həsrətində olan ellərimizi xilas etmək üçün son döyüşə çağırırdı bayrağımız.
Biz də hər bir azərbaycanlının bu azadlıq cağırışına səs vermək borcunu yurdun dörd bir yanına çatdırmaq vədi ilə Ağdama “hələlik” deyib, paytaxt Bakıya qayıtdıq...
İlqar RÜSTƏMOV,
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”
Bakı-Quzanlı-Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.